• çərşənbə, 24 Aprel, 04:24
  • Baku Bakı 14°C

Abidəni “Məhsul” stadionu ilə səhv salan radikal müxalifət

31.05.19 20:00 682
Abidəni “Məhsul” stadionu ilə səhv salan radikal müxalifət
Radikal müxalifət düşərgəsi parçalandıqca, elektoratını itirdikcə, özünün "düşmənçilik” prinsiplərini daha çirkin və qəbuledilməz formada cəmiyyətə "demokratiya”, "söz azadlığı” adı ilə sırımağa çalışır. Xüsusilə, radikal müxalif düşərgə sosial şəbəkə üzərindən qurduğu bu çirkin oyuna nəticə etibarı ilə özü hədəf olur. Necə ki, zaman-zaman onların bu addımlarının şahidi olmuşuq.
Azərbaycanda xüsusi əlamətdar günlərdə özünü "ana müxalifət” adlandıran bu siyasi tükənmiş düşərgə yeri gəldi-gəlmədi, mövcud situasiyadan istifadə etməyə çalışır, aksiyaya cəhd edir, təxribatlar törədir. AXCP-Milli Şura cütlüyü və Müsavat partiyasının son addımı isə həqiqətən heç bir etik çərçivəyə və siyasi mədəniyyətə sığmayan bir addım kimi yaddaşda qaldı. Belə ki, may ayının 28-də Respublika Gününün qeyd edildiyi bir vaxtda Məhəmməd Əmin Rəsulzadənin Novxanıda ucaldılan abidəsini ziyarət adı ilə göstərdikləri "siyasi şou” öz əndazəsini aşdı. Radikal müxalif düşərgə bu dəfə tək cümhuriyyət qurucularının ruhunu təhqir etmədi, eləcə də "erməni təəssübkeşliyi”ni ortaya qoymuş oldu. Hətta bundan "ruhlanan” AXCP, Milli Şura və Müsavat rüsvayçılıqla nəticələnən aksiyalarında təxribatlar törədilməsinə cəhdlər etdilər. Radikal müxalifət nümayəndələri abidənin qarşısını "Məhsul” stadionu ilə səhv salaraq, yenə də öz şəxsi mənafelərindən danışmağa başladılar. Əli Kərimli və digərləri bilərəkdən bu təxribatçı addımı ataraq öz məqsədlərini əsas tutdular. Lakin bir daha hüquq-mühafizə orqanları səbir və təmkinlə təxribatın qarşısını alaraq dağıdıcı müxalif ünsürlərin ümidini "suya salmış” oldu. Təbii ki, bütün bu təxribatların, sosial şəbəkə vasitəsilə şər və böhtan yağdırmaların məqsədi öz xarici emissarlarına yarınmaqdan başqa bir şey deyil. Amma artıq hətta radikal müxalif düşərgədə olan insanlar da bu "lider”lərin oyun oynadığını, öz şəxsi mənafeləri naminə onların inam və etibarından istifadə etdiyini anlamağa başlayıb.
Məsələyə münasibət bildirən millət vəkili Elşən Musayev qeyd etdi ki, tarix boyu Ə.Kərimli kimi ambisioz, qeyri-səmimi, dələduz siyasətçi doğulmayıb: "Nə mənfi komponent varsa, bu adam ona sahibdir. Meydanda hər zaman dostlarını tək qoyan da, arada nifaq salan da, insanları müxalifətçilikdən küsdürən də, iyrəndirən də, liderini və tərəfdaşlarını öz maraqları naminə satan da Ə.Kərimli olub. Hamının bu və ya digər şəkildə mənfi və müsbət tərəfləri ola bilər. Amma Kərimlinin bütün tərəfləri mənfidir. Təbii, son mitinqdə də bu adam sırf öz maraqlarını güdürdü, özünü qaldırmağa və hamını aşağılamağa çalışırdı. Bacardığı qədər də bunu elədi. Odur ki, ətrafındakılar bu son nümunədən də dərs götürsünlər və bu buqələmunun kim olması, necə olması ilə bağlı yenidən düşünsünlər”.
Ekspert İlqar Orucov bildirdi ki, məram və məqsədlərini anlamayan bəzi gənclərin anlaqsız durumlarından istifadə etmək Əli Kərimli və onunla eyni mövqedə olan radikal müxalifətin planının tərkib hissəsinə çevrilib. Onun sözlərinə görə, maraqlı məqam odur ki, ümumxalq tədbirlərinin gur olduğu anlarda dağıdıcı müxalif ünsürlər 10-15 nəfərlə ortada peyda olurlar və radikal çağırışlar etməklə əslində ziyarətçilərin və ətrafda olan insanların rahatlıqlarını pozmağa çalışırlar: "Bütün bu şoularını da videoya çəkərək özlərini qəhrəman obrazında, guya xalqdan dəstək alan qüvvələr kimi təqdim edirlər. Təbii ki, ziyarətə gələn insanların təhlükəsizliyini təmin etmək Azərbaycanın hüquq mühafizə orqanlarının işidir. Bu səbəbdən də elə ziyarətə gələn insanların özlərinin müraciətləri əsasında Əli Kərimli və ətrafının qarışıqlıq salmaq istəklərinin qarşısı alınıb. Polis sakit şəkildə, heç bir güc tətbiq etmədən onlardan asayişi təmin etməyi xahiş edib. Çünki o abidənin önü Əli Kərimlinin şəxsi torpağı deyil ki, istədiyi qədər orada dayanıb monoloq desin və ya nağıl danışsın”.
İ.Orucov əlavə etdi ki, Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarətə gələnlər radikal müxalif düşərgənin hansısa rəhbərinin nağıllarına qulaq asmağa məcbur və məhkum deyillər: "Ona görə də polis haqlı olaraq vətəndaşların müraciəti əsasında bu "qəhrəmanlar”a meydanı tərk etməyi, insanların normal ziyarət etmələrinə mane olmamağı tövsiyə edir, bu istək təmin olunmayanda və qarşı tərəf hörmətsizlik, inadkarlıq göstərəndə, polis nə etməlidir? Sən aksiya keçirmək istəyirsənsə, müvafiq qurumlara müraciət elə, həmin abidəni ziyarətə gələnlər olmayan adi bir gündə aksiyanı keçir. Bu onlara, əlbəttə sərf etmir, çünki bunların çağırışına 10-15 nəfər gələcək ki, onların da dördü-beşi 26 ildir heç bir yerdə işləməyən, gəlirinin mənbəyi gizli qalan Əli Kərimlinin şəxsi mühafizəçilərindən ibarətdir”.

AZAD
banner

Oxşar Xəbərlər