Abidələşən ömür
Azərbaycan mədəniyyət tarixinə, kino sənətinə adı əbədi
həkk olunmuş İzzət Orucova görkəmli alim, məşhur kimyaçı və akademik idi. Amma
buna baxmayaraq, onu xatırlayanda kino sənətinin yaradıcıları sırasında şərafətli
yeri olan, cəsarəti ilə seçilən bir xanımın həyat yolu göz önündə canlanır. Əslində,
İzzət xanım qeyri-üzvi və fiziki kimya sahəsində böyük kəşfləri olan və uzun
illər Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri işləmişdir. O,
ixtisasca mühəndis idi. 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun texnoloji
fakültəsini bitirmişdi. İlk iş yeri də Elmi-Tədqiqat Neft Emalı İnstitutu
olmuşdur. Onun bir kimyaçı alim kimi elmə gətirdiyi yeniliklərin sayı çoxdur.
İzzət Orucovanın kəşfləri dünya alimlərinə də yaxşı məlumdur və onlar tərəfindən
yüksək qiymətləndirilmişdir. Texnika elmləri doktoru, professor, Azərbaycan
EA-nın akademiki, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi İzzət Orucova
xarici ölkələrdə keçirilən simpoziumlarda, konfranslarda elmi məruzələrlə çıxış
edirdi. O, həm də bu sahənin ilkinlərindən sayılırdı.
Maraqlısı odur ki, İzzət Orucovanın milli kinomuzun
inkişafında elə bir xidməti var ki, hər dəfə məmnunluqla xatırlanacaq,
ehtiramla yad ediləcək. O, bizim ilk kino aktrisamızdır. Tamamilə tərs mütənasib
olan bu sahələrin hər ikisində zirvələri fəth edə bilən İzzət Orucova sonralar
heç bir filmə çəkilməsə də, xidmətləri kino tarixində əbədi qaldı.
Ötənlərə boylandıqca heyrətlənməyə bilmirsən. İzzət
Orucova zülmətdə parlayan işıq ömrü yaşayıb. O, elə bir vaxtda cəsarətli addım
atdı ki, həmin dövrdə Bakıda qadınlar qara çarşablardan çox uzağa gedə
bilmirdilər. İzzəti kinoya dəvət edən, ondakı qabiliyyəti və istedadı üzə
çıxaran isə böyük dramaturq və rejissor Cəfər Cabbarlı idi.
Arxiv materiallarından bəllidir ki, Cəfər Cabbarlının
"Sevil" pyesinin ilk tamaşası 1928-ci ilin oktyabr ayında Azərbaycan
Dövlət Akademik Teatrında olmuşdur. Bu tamaşa teatr tarixinə unudulmayan və
möhtəşəm məqamları ilə daxil oldu. Səhnədə baş verənlər tamaşaçıları elə məftun
etdi ki, pərdə enməmiş qadınlar aldıqları emosional təsirdən ruhlanaraq
çarşablarını başlarından atdılar. Bu, qeyri-adi və görünməmiş bir iş idi. Bu,
unudulmaz Cəfər Cabbarlının bir ədib və rejissor kimi böyük uğuru oldu. Sevil həqiqətən
azadlıq carçısına çevrildi. Onun sədası Azərbaycanı deyil, Yaxın Şərqi də
bürümüşdü. Fanatiklikdən, cahillikdən, nadanlıqdan xilas olmağın yolunu təhsildə,
maariflənməkdə axtaran Cəfər Cabbarlı Azərbaycan qadınlarını firavan, azad,
qurub-yaradan, mübariz və sözün həqiqi mənasında geniş dünyagörüşünə malik şəxsiyyət
kimi görmək istəyirdi. Bu niyyətlə də "Sevil" tamaşasından başlayan
niyyətini indi kinoda həyata keçirmək arzusuna düşdü. Çətinlik onda idi ki, o
dövrdə teatrlarda qadın rollarını adətən kişilər, yaxud da yad millətdən olan
aktrisalar oynayırdılar. Həmkarları ona neçə yabançı aktrisa məsləhət görsələr
də, Cəfər Cabbarlı inadından dönmürdü. Fikri qəti idi. "Sevil elə bir fərdi
xarakterə malikdir ki, onu mütləq türk qızı oynamalıdır". O dövrdə belə
bir cəsarət sahibini necə tapmaq olardı? Müsəlman qızlarını filmə çəkilməyə
qoyardılarmı? Bu sahədə ilk addım atan aktyorlar belə qınağa çevrilər, hətta bəzən
həyatlarına qəsd edilərdi. Məşhur aktyor Hüseyn Ərəblinski məhz belə bir
nadanlığın qurbanı olmuşdu. Əlbəttə, ziddiyyətli bir zamanda filmə uyğun
aktrisa tapmaq çox müşkül idi. Cəfər Cabbarlı uzun müddət axtarışda oldu. Nəhayət,
günlərin birində öz axtardığını tapdı. Tələbə İzzət Orucova rəfiqəsi ilə
kinoteatrda səssiz xarici filmə baxarkən unudulmaz ədibin diqqətini çəkdi. İri,
cazibədar gözlərin simasında Sevil obrazını görən Cəfər Cabbarlı qət etdi ki,
bu qız ilk kino aktrisası olacaq və mütləq qadınların əl-qolunu bağlayan
xurafat zəncirlərini məhz o açacaq. Fikrini qızın ailəsinə bildirmək üçün seans
başa çatandan sonra rəfiqələrin arxasınca düz onların evlərinə qədər getdi.
İzzət xanımın atası Mirzağa kişi bağban olsa da, geniş
dünyagörüşü, mütaliəsi olan bir adam idi. Elmə, mədəniyyətə böyük həvəsi və
marağı var idi. Belə bir mühitdə böyüdüyü üçün də İzzət Orucova ali məktəbdə
oxuyurdu. Amma dövrün qanun-qaydaları, qohum-əqrəbanın fikirləri,
qonum-qonşunun münasibəti Mirzağa kişinin qarşısına ağır sədlər çəkirdi.
Teatrı, kinonu sevməsinə baxmayaraq, ata övladının aktrisa olmasını heç zaman qəbul
edə bilmirdi.
Cəfər Cabbarlı isə öz təkidində qalmışdı. Bir neçə dəfə
sənət dostları, dövrün tanınmış ziyalıları ilə Mirzağa kişini dilə tutmağa
çalışsa da, heç bir müsbət nəticə alınmırdı. Həmişə eyni sual, eyni cavab:
"Mən nə edim? Axı kino bizlik deyil". Nəhayət, inadkarlıqdan yorulmuş
Mirzağa kişi günlərin birində Cəfər Cabbarlını çox mehriban qarşıladı. Bu barədə
İzzət Orucova öz xatirələrində yazırdı: "Atam mənim kinoya çəkilməyimə bir
şərtlə icazə verdi ki, Cəfərin özü məni faytonla aparacaq və faytonla da geri
qaytaracaq. Mənimlə söhbətində də atam demişdi ki, bilirəm, məni danlayacaqlar,
amma neyləyim, bu kişinin sözündən çıxa bilmədim".
Beləliklə, "Sevil" filminin çəkilişinə
başlandı. Balaş rolunu da Ağasadıq Gəraybəyli oynayırdı. Hələ səsli filmlər
meydana çıxmamışdı. Bu səbəbdən İzzət Orucovanın çəkildiyi "Sevil"
filmi də səssiz oldu. Ona görə də belə bir filmdə mövzunun təsirli olması,
tamaşaçıya çatması baş rolun ifaçılarından çox asılıdır. Cəfər Cabbarlı bir
rejissor kimi (o, həmin filmdə ikinci rejissor idi) ekran üçün nəyin gərəkli
olduğunu dəqiq bilirdi və kino sənətinin imkanlarından məharətlə istifadə
edirdi. Ssenariyə bir sıra epizodlar, əlavə obrazlar salmışdı. Bütün bunların
da nəticəsində "Sevil" uğurlu ekran əsərinə çevrildi. Əsas odur ki, Cəfər
Cabbarlı istəyinə çatdı. Film öz tamaşaçısını tapdı. Ailə-məişət mövzusunda çəkilməyinə
baxmayaraq, "Sevil" Azərbaycan qadınının zəngin daxili aləmini,
mübarizliyini əks etdirə bilmişdir.
"Sevil"dən sonra İzzət Orucova
"Almaz" filminə çəkildi. Əlbəttə, bu filmlər məzmunca bir-birindən fərqli
olsa da, ideyaca çox yaxındır. Aktrisa bu obrazı C.Cabbarlının arzusunca yarada
bildi. Bu filmi çəkmək və görmək böyük ədibə qismət olmadı. Kinoşünas Aydın
Kazımov yazır ki, əslində, bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O,
hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa
çatdırmışdı. Lakin qəfil ölüm onun işini yarımçıq qoydu. Həmkarları, eləcə də
rejissor Ağarza Quliyev bu filmi Cəfər Cabbarlının işıqlı xatirəsinə ithaf
etdilər. "Almaz" kinomuzun sonuncu səssiz filmi oldu. Dialoqlar
yazılar vasitəsilə verilmişdi, filmdə hadisələri yalnız musiqi müşahidə edirdi.
Bəlkə də, Cəfər Cabbarlı yaşasaydı, İzzət Orucova aktrisalığa "əlvida"
deməzdi. Dramaturqun qəfil ölümü onu bərk sarsıtmışdı. Bu səbəbdən də bir daha
kinoya çəkilmədi. Amma onun çətinliklə saldığı cığırlarda kino sənətimizin
inkişafında böyük xidmətləri olacaq ardıcılları - Həqiqət Rzayeva, Hökumə
Qurbanova inamla addımlayırdılar.
İctimai Televiziyada
yayımlanan "Yadıgarlar” verilişinin bir sayını bu unudulmaz sənət və elm
fədaisinə həsr etdik. Həmsöhbətimiz, qocaman jurnalist həmkarımız, hörmətli Ülkər
Hüseynova maraqlı bir fakt söylədi ki, Bakımızdakı Azad Qadın heykəli məhz İzzət
Orucovanın prototipidir. Heykəltəraş Fuad Əbdürrəhmanov bu abidəni işləyərkən
İzzət Orucovanın yaratdığı Sevil obrazının cizgilərini əbədiləşdirərək ona belə
bir yaşamaq və düşündürmək səadəti bəxş edib. Əlbəttə, aktrisalar da, akademiklər
də nəsillər kimi bir-birini əvəz edəcək, amma ilkinlər həmişə yaşar və əvəz
edilməzdilər, bizim sevərək xatırladığımız İzzət Orucova kimi...
Flora Xəlilzadə