• çərşənbə axşamı, 23 aprel, 18:50
  • Baku Bakı 20°C

Abidələr dağıdılır, korlanır, zibillənir...

31.07.13 09:36 2235
Abidələr dağıdılır, korlanır, zibillənir...
“Yerlərdə mədəni irs abidələrimizin əhəmiyyəti hələ ki, yetərincə başa düşülmür. Dövlət tərəfindən mühafizə olunmalarına rəğmən dağıdılır, korlanır, zibillənir. Bələdiyyələr torpağı yerli sakinlərə satır, torpaqlar özəlləşdirilir. İnsanlar da öz həyətlərində abidələri dağıdırlar”. Bu fikirlər MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin «Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr» layihəsinin yekununa həsr etdiyi mətbuat konfransında səslənib. İB-nin sədri Fariz Xəlilli əhalinin mədəni irsinə münasibətini öyrənmək üçün start verdikləri layihənin Azərbaycanın iki bölgəsini – Şirvan və Gəncə-Qazax bölgələrini əhatə etdiyini diqqətə çatdırıb. Layihə çərçivəsində tədqiqatlar Ağsu, Gəncə, Qazax, Şamaxı, İsmayıllı və Şəmkir rayonlarında həyata keçirilib. Belə ki, araşdırmalar mütəxəssislərin seçimi əsasında müəyyən edilən hər bölgənin üç mədəni irs abidəsində – ümumilikdə 6 abidədə aparılıb. Həmin abidələr haqqında yerli əhalinin tarixi bilgilərindən başlayaraq qorunmasına, ictimai məsuliyyətin sorğulanmasına qədər araşdırılıb. Tədqiqatlar Qazax şəhərinin qərb qurtaracağında yerləşən Sarıtəpə qədim yaşayış məskəni, Orta Əsr Şəmkir şəhəri, Gəncə şəhəri, İsmayıllı rayonundakı Cavanşir qalası, Şamaxı şəhərindəki Xınışlı yaşayış yeri və Ağsu şəhərindəki abidələr olub. İB sədri monitorinqin nəticələrinin ürəkaçan olmadığını qeyd edib. Belə ki, əksər yerlərdə tarix və mədəniyyət abidələrinin mühafizəsinin arzuolunan səviyyədə olmaması üzə çıxıb: «Bu səbəbdən də bir çox abidələr, təbiət təsirləri və antropogen təsirlər nəticəsində davamlı olaraq aşınma, dağılma və məhv olma taleyi yaşamaqdadır. Demək olar ki, əksər yerlərdə «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» qanundan irəli gələn vəzifələrə biganə münasibət var». F.Xəlilli mədəni irsə münasibət məsələsində cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac olduğunu qeyd edib.
Bütün abidələrin özünəməxsus dəyərinin olduğunu bildirən layihənin eksperti, professor Qafar Cəbiyev Azərbaycanın dünyada təkcə neft ölkəsi kimi deyil, həm də qədim abidələr, tarixin bütün mərhələlərini özündə yaşadan tarixi yadigarlar ölkəsi kimi tanındığını qeyd edib. Son illər ölkədə geniş miqyaslı arxeoloji ekspedisiyaların həyata keçirildiyini diqqətə çatdıran ekspert tapılan abidələrdə tədqiqat işlərinin həyata keçirilməməsini təəssüflə dilə gətirib: «Mənə elə bir abidə göstərin ki, arxeoloqlar tapıb üzə çıxarandan sonra 50 ildir ki, orada tədqiqat işləri aparılır. Təəssüf ki, belə abidə yoxdur. Arxeoloqlar tapır, amma sonra həmin abidələr zibilliyə çevrilir. İnsanlar dağıtmasa da, təbiət dağıdır». Ekspertin sözlərinə görə, tarix və mədəniyyət abidələrinin təbliği də arzuolunan vəziyyətdə deyil. Belə ki, bunun üçün ilk növbədə abidələrə gedən yollar qaydaya salınmalı, zəruri yerlərdə göstərici nişanlar qoyulmalı, ən azı bir-iki yerdə abidənin pasporta və ya dövlət tərəfindən mühafizə olunduğunu bildirən lövhələr vurulmalıdır:
«Abidələrin tətbiqi bu gün hər zaman olduğundan daha aktualdır. Bütün abidələrin konservasiyaya ehtiyacı var. Bu sahədə də vəziyyət ürəkaçan deyil». Ekspertin sözlərinə görə, abidələrin siyahısının dəqiqləşdirilməməsi və dövlət tərəfindən mühafizə olunmaması da başlıca problemdir. Belə ki, siyahıda olmayan yüzlərlə abidələr var. «Torpaq islahatı gedəndə həmin torpaqlar vətəndaşlara torpaq sahəsi, pay torpağı kimi verilib. İnsanlar da orada öz istədikləri kimi davranırlar. Nəticədə tarix və mədəniyyət abidələri ilə bağlı qanunvericiliyin tələbləri pozulur».
Layihənin koordinatoru Arzu Soltan da çıxışında yerli sakinlərin öz bölgələrində yerləşən abidələrdən xəbərsiz olduğunu təəssüflə qeyd edib: «Bizim məqsədimiz ictimaiyyətin abidələrə münasibətini üzə çıxarmaq idi. Təəssüf ki, insanlar bir addımlıqlarında tarixi abidənin olduğundan xəbərsizdirlər, nəticədə onların üzərinə zibillər tökürlər. Belə olarsa, biz öz tariximiz haqda necə məlumat əldə edə bilərik?». Layihə koordinatoru hesab edir ki, tarixi və mədəni abidələrin öyrənilməsi, təbliği ölkədə turizmin inkişafına da kömək edər: «Bu abidələrin turizm marşrutlarına daxil edilməsi ölkənin tanınmasına xidmət edə bilər».
Konfransda ümumiyyətlə, ölkədəki abidələrin əksəriyyətində bu cür dağınıqlıqlara rast gəlindiyi qeyd edilib: «Təbii ki, bu qədər abidələri mühafizə etmək çətindir. Ancaq əhalini maarifləndirməklə təbliğat aparmaqla abidələri qorumaq olar». Həmçinin digər şəhər və rayonlarda da vəziyyəti öyrənmək naminə analoji tədbirlərin keçirilməsinin vacib olduğu vurğulanıb.
Tədbirdə “Mədəni irsimizə ictimai münasibət” adlı ictimai xarakterli videoçarxın təqdimatı da keçirilib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər