• çərşənbə axşamı, 23 aprel, 18:17
  • Baku Bakı 20°C

“Abi, İnternetdə yerləşdirilənlər sadəcə reklamdır”

23.08.14 13:08 1369
“Abi, İnternetdə yerləşdirilənlər sadəcə reklamdır”
“Bütün il boyu işləyib Antalyada 5 günlük istirahət etməyə qərar verdim. Bunun üçün internetdə axtarış apardım və facebook sosial şəbəkəsi vasitəsilə “E&N” turizm şirkətinin əməkdaşından 5 günlük sərfəli turpaketin olduğunu öyrəndim. Şirkətin facebookdakı səhifəsi ilə tanış oldum və əməkdaşı ilə elə sosial şəbəkədə danışdım. Vergilər Nazirliyində “UNİTREVEL Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeydiyyatdan keçən şirkətə gedib turpaket üçün 1052 manat ödəyib çek aldım. Yol xərcləri, qalmaq və yemək pulu da daxil olmaqla beş gün üçün 1052 manat ödədim. Antalyaya gedəndə isə qalacağım hoteldə gördüklərimdən dəhşətə gəldim”. Bu sözləri bizimlə söhbətində müştəri kimi “E&N” şirkəti vasitəsilə Antalyada “istirahət edən” adının çəkilməsini istəməyən müsahibimiz bildirdi.
“Bura internetdə gördüyüm hotelə oxşamır”
Onun sözlərinə görə, Antalyanın Göynük kəndindəki “La-Mer Art” 5 ulduzlu hotelinə heç 1 ulduz da vermək olmazmış: “Qalacağım otaq üfunət iyi verirdi. Yayın cırhacırında otaqda kondisioner yox idi. Təklif etdikləri başqa otaqlar da eyni vəziyyətdə idi. Hotelin qəbul şöbəsinə narazılığımı bildirdim ki, axı, bura mənim internetdə gördüyüm hotelə oxşamır. Dedilər ki, “abi, İnternetdə yerləşdirilənlər sadəcə reklamdır. Sonda bildirdilər ki, yaxşı otaqda qalmaq istəyirəmsə, turpaketə ödədiyim puldan əlavə gününə 15 dollar ödəməliyəm. Razılaşmaqdan başqa çarəm qalmadı”.
Müsahibimizin sözlərinə görə, üstəlik, yeməklər də hər gün eyni çeşiddə və tam bişməmiş halda təqdim edilirmiş: “Hər gün tam bişməmiş toyuq budu və Azərbaycanda itə, pişiyə atdığımız skrumbiya balığı verirdilər. Buna görə, hoteldə qaldığım 5 gün müddətində demək olar ki, qarpız və almayla qidalanmalı oldum. Bu, azmış kimi, yağış yağında Bakıdakı kimi işıq kəsilir və İnternet işləmirdi. Çimərlik isə bizim Şıx çimərliyi kimi zibilin içində və daş-kəsəkli idi”.
Şikayətçinin sözlərinə görə, turizm şirkəti onunla heç bir müqavilə imzalamayıb, sadəcə, ödəniş edərkən ona sənəd kimi çek veriblər.
Müqaviləsiz səfərə çıxmayın
Qeyd edək ki, turizm şirkətləri tərəfindən aldadılan onlarla bu cür vətəndaş var. Azərbaycan Turizm Assosiasiyasının (ATA) icraçı direktoru Fərid Muqimzadə bizimlə söhbətində bildirdi ki, istirahət etmək üçün xidmətindən yararlanmaq istədiyin turizm şirkətinin ilk növbədə dövlət qeydiyyatının olub-olmamasını dəqiqləşdirmək lazımdır: “İkinci növbədə isə müştəri ilə şirkət arasında müqavilə bağlanmalı və müqavilənin şərtlərində bütün məsələlərə toxunulmalıdır, eyni zamanda, turizm xidmətlərinin göstərilməsi müqavilə əsasında olmalıdır. Müqavilə mütləq bağlanmalıdır ki, problem yarananda müştəri gəlib müqavilə əsasında şikayətini etsin. Üçüncü, turizm şirkətinin Azərbaycan Turizm Assosiasiyasının üzvü olub olmadığına fikir vermək lazımdır. Yaxşı olardı ki, xidmətindən istifadə etdiyiniz şirkət ATA-nın üzvü olsun. Biz təşkilatımızın üzvü olan şirkətlərə qarantiya dururuq. Çünki onların fəaliyyətini daim yoxlayır və izləyirik”.
Qanun nə deyir?
“Eforat Service Center” Hüquq Şirkətinin Hüquq Departamentinin müdiri Eldəniz İsmayılov bizimlə söhbətində turizm xidmətlərinin göstərilməsinin qanunvericiliklə tənzimləndiyini dedi: “Belə ki, turizm xidmətlərinin göstərilməsi müqavilə əsasında olmalıdır. Turizm xidmətləri göstərən təşkilatla vətəndaş arasında bağlanmış müqaviləyə əsasən, turizm xidmətinin təşkilatçısı bu xidmətdən istifadə edən vətəndaşa məcmu halda turist xidmətləri göstərməyi, yəni turistin səfərini təşkil etməyi öhdəsinə götürür, bu xidmətlərdən istifadə edən turist isə təşkilatçıya əvvəlcədən qarşılıqlı razılıqla müəyyənləşdirilmiş məbləği ödəməyə borcludur. Turizm xidmətlərinin göstərilməsi yalnız turistin daşınmasından ibarət olmamalıdır. Belə ki turizm xidməti göstərən təşkilat daşıma xidmətlərindən əlavə, qidalanma, mehmanxanada yerləşdirmə və səfər çərçivəsində turistin mədəni tədbirlərdə iştirakını da təmin etməlidir. Turist səfərlərinin təşkilatçısı səfərin keyfiyyətinə qarantiya verir və buna görə məsuliyyət daşıyır. Belə ki, təşkilatçı müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun gələn şəraiti yaratmalıdır. Əks halda, dəymiş ziyana görə öz əmlakı ilə turist qarşısında məsuliyyət daşıyır. Səyahət müddətində qüsurlar meydana çıxarsa, turist xidmətin təşkilatçısına məlumat verməlidir. Əgər təşkilatçı bu qüsurları dərhal aradan qaldırmazsa, turist xidmətin dəyərinin ağlabatan məbləğdə aşağı salınmasını tələb etmək və ya meydana çıxmış qüsurlar müqavilə şərtlərində göstərilmiş şəraitə açıq-aşkar uyğun deyilsə və turistin verdiyi vaxt müddətində təşkilatçı qüsuru aradan qaldıra bilməmişsə, ya da bundan imtina etmişsə, müqavilənin ləğv edilməsini tələb etmək hüququ var. Həmçinin ödənilmiş məbləğin geri qaytarılmasını, dəymiş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilər”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər