• cümə, 19 Aprel, 04:57
  • Baku Bakı 18°C

Abbas Abbasovu danışdırırlar- müsahibə

14.06.13 10:08 2105
Abbas Abbasovu danışdırırlar- müsahibə
Kinorejissor Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şura, müxalifətin vahid namizəd problemi, baş nazirin sabiq müavini Abbas Abbasovun mətbuata son açıqlamaları və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.
- Fəzail müəllim, iyun ayının ilk ongünlüyündə seçkiyə hazırlıq prosesi yaşayan müxalifət və iqtidar düşərgələrində maraqlı hadisələr yaşandı. Yeni Azərbaycan Partiyası V Qurultayını keçirdi, bir sıra mühüm qərarlar qəbul olundu, özlərini demokratik qüvvələr kimi qələmə verən müxalifət təmsilçiləri isə əvvəlcə Milli Şurada bir araya gələnlərin siyahısını yaydılar, ardınca da iqtidar partiyası ilə eyni gündə ilk yığıncaqlarını keçirdilər. Sizin bu hadisələrlə bağlı münasibətinizi öyrənmək maraqlı olardı.
- İyulun 7-də YAP-ın qurultayı ilə eyni gündə müxalifətin toplaşdığı Milli Şura da tələm-tələsik yığıncağını keçirdi. Lakin birmənalı şəkildə qeyd etmək lazımdır ki, onlar bu yığıncaqda nə təşkilati məsələləri, nə də vahid namizədi müəyyənləşdirməyi lazımınca yerinə yetirə bilmədilər. Milli Şuranın bu yığıncağının Azərbaycanın ictimai rəyinə heç bir təsir imkanı olmadı, olmayacaq da. Hər hansı ciddi situasiya müşahidə olunmadı. YAP-ın qurultayı isə Azərbaycan cəmiyyətində kifayət qədər rezonans doğurdu. Həm ölkə gündəminin, həm də beynəlxalq aləmin diqqətini özünə cəlb edən hadisələrdən biri oldu. Hazırkı dövlət başçısı yenidən YAP-ın sədri seçildi, onun müavinləri, təşkilatın İdarə Heyəti, Siyasi Şura üzvləri seçildi. Bununla yanaşı, qarşıdan gələn prezident seçkilərində YAP prezident İlham Əliyevin namizədliyini irəli sürdü. Bütün bunlar çox ciddi hadisələrdir. Amma Milli Şuranın birinci iclasında elə ilk vaxtlardan ziddiyyətlər müşahidə olundu. Yalnız orada təmsil olunan şəxslərə yaxınlığı ilə seçilən mətbuat qurumları şuranın bu toplantısına geniş yer ayırdılar, müsbət mənada mövzunu gündəmdə saxlamağa çalışdılar ki, bu da alınmadı. Leyla Yunus Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürsə də, orada təmsil olunan partiya liderləri bunun əleyhinə qəti mövqe nümayiş etdirdilər. Bəziləri bunu üstüörtülü, diplomatik yolla, bəziləri isə açıq şəkildə etdilər. Arqumentləri də bu oldu ki, vahid namizəd məsələsi əvvəlcə hər bir partiyada müzakirə edilməli, daha sonra Milli Şuranın gündəminə çıxarılmalıdır. Belə bəhanələrlə Rüstəm İbrahimbəyovun namizədliyinin əleyhinə olduqlarını ortaya qoydular. Təbii ki, bu vəziyyət Milli Şuradakı ziddiyyətlərin, fikir ayrılığının göstəricisidir. Orada maraqları toqquşan partiyalar, şəxslər ictimai rəy yaratmaq xətrinə bir araya gəliblər. Bu qüvvələrin maraqlarını uzlaşdırmaq, onları eyni fikir ətrafında cəmləşdirmək problemli məsələdir və bu, baş tutmayacaq. Ona görə də Milli Şuranın iyulun 7-də keçirilən ilk toplantısı ciddi hadisə kimi yadda qalmadı. Necə ki, bu qurumun özü də ciddi qəbul olunmamışdı. Əslində Milli Şura antimilli xarakter daşıyan bir qurumdur. Hətta bu qurumun ideoloqları ermənipərəst mövqe sərgiləməkdən də çəkinmirlər. Əgər xaricdə yaşayan soydaşlarımızın cəmləşdiyi təşkilatlar, diasporumuz arasında Milli Şuranın onlara alternativ şöbələri yaradılırsa, bu, mahiyyət etibarıilə xaricdəki azərbaycanlıların parçalanmasına xidmət edən hadisədir. Belə vəziyyət isə ermənilər üçün göydən düşmədir. Çünki Türk və Azərbaycan diasporunun birgə fəaliyyəti xeyli vaxtdır ki, erməniləri, onların lobbilərini iflic vəziyyətinə salıb. Milli Şura təmsilçiləri Azərbaycan diasporu arasında parçalanma yaratmaqla, əslində ermənilərin dəyirmanına su tökmüş olurlar. Bax, bu amala xidmət edir Milli Şura. Təkzib olunmağına baxmayaraq, Milli Şura bilavasitə xarici qüvvələrin maraqlarını müdafiə edən təşkilatdır.
- Ehtimal etmək olarmı ki, əvvəlki birliklərdə olduğu kimi, Milli Şurada da vahid namizəd məsələsində müxalifət təmsilçiləri yekdil fikrə gələ bilməsinlər və bu qurum da dağıslın?
- Radikal müxalifətin, xüsusən də Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının liderləri arasında kəskin ziddiyyətlər var. Biz bunu 20 ildir ki, müşahidə edirik. Onlar ayrı-ayrılıqda hər biri prezidentliyə, hakimiyyətə iddialıdırlar. Bu yolda heç kimə də güzəştə getməzlər. Xatırlayırsınızsa, Milli Şuradan əvvəl də müxtəlif birliklər, hərəkatlar və sair yaradılmışdı. Hətta son olaraq İctimai palata da təsis olunmuş, orada da vahid namizədin müəyyənləşdirilməsi qarşıya məqsəd qoyulmuşdu. Lakin nəticə nə oldu? Müsavat başqanı İsa Qəmbər İctimai palatanın Əli Kərimlini vahid namizəd elan edəcəyindən ehtiyat edib, Müsavat Partiyasının divanı vasitəsilə tələm-tələsik öz namizədliyini elan etdi. Bu barışmazlıq, bu ambisiyalar indi də onların içində yaşanır. AXCP və Müsavat arasında istənilən məsələ ilə bağlı ziddiyyətlər olub, olur, gələcəkdə də olacaqdır. Onların ortaq mövqeyə gəlməsi qeyri-mümkündür. Müsavat hər zaman çalışıb ki, müxtəlif yollarla AXCP-nin kənarda qalan, nisbətən zəif elektoratını öz tərəfinə çəksin, müxalifətin alternativsiz lideri olduğunu ortaya qoysun. Bax, buna görə İctimai Palatada da fikir ayrılığı, parçalanma yaşandı. Həmin aqibəti indi də Milli Şura yaşamaqdadır. Ola bilsin ki, ictimai rəyin təsiri altında müəyyən mənada bir-birinə güzəştə getsinlər. Məsələn, Əli Kərimli elan edib ki, öz namizədliyini irəli sürməyəcək, ACP lideri Rəsul Quliyevin mövqeyi bəlli deyil, Eldar Namazov Rüstəm İbrahimbəyovun namizədliyini qəbul edir və sair. Lakin İsa Qəmbərlə Milli Şuranın namizəd kimi görmək istədiyi Rüstəm İbrahimbəyov arasında qarşıdurma, fikir ayrılığı var. Əgər Müsavat başqanı kinorejissorun xeyrinə öz namizədliyindən imtina etsə, o, özünü tamamilə nüfuzdan salmış olacaq. Cəmiyyət düşünəcək ki, necə olur uzun illərdən bəri siyasətlə məşğul olan, özünü müxalifətin ən şanslı lideri kimi görən İsa Qəmbər siyasətdə ilk addımlarını atan, populist çıxışlarla yadda qalan Rüstəm İbrahimbəyova güzəştə getdi? Bu, kifayət qədər düşündürücü sualdır. Mən bildiyim qədər, Rüstəm İbrahimbəyov heç zaman Müsavat başqanına güzəştə getməyəcək. O, çalışacaq ki, müxalifətin vahid namizədi özü olsun. Bütün bu ziddiyyətlər, ambisiyalar, rəqabətlər sonda Milli Şuranı da iflasa uğradacaq.
- Rüstəm İbrahimbəyov, yaxud da tamamilə başqa bir şəxs vahid namizəd kimi müəyyənləşsə və bütün müxalifət təmsilçilərinin dəstəyini alsa, həmin adam hakim partiyanın namizədinə qarşı ciddi rəqibə çevrilə bilərmi?
- Mən dəfələrlə söyləmişəm ki, Milli Şuranın niyyəti Rüstəm İbrahimbəyovu və ya Eldar Namazovu qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməkdir. Yəni, Milli Şuranın məqsədi qarşıdan gələn prezident seçkilərində heç də İsa Qəmbəri, Əli Kərimlini, yaxud da digər siyasi partiyaların namizədini müdafiə etmək, onu dəstəkləmək, prezident seçmək deyil. Belə olan halda sual yaranır ki, onlar bunları bilə-bilə nə üçün Milli Şuraya qoşulublar? Milli Şuranın Azərbaycanın milli maraqlarına xidmət etmədiyi bəllidir. Azərbaycanın strateji xəttinə, Avrointeqrasiya siyasətinə zidd olan bir qurumdur Milli Şura. Bu quruma özlərini demokrat adlandıranların qoşulması da kifayət qədər ziddiyyətlidir. Tutalım, Milli Şurada nəzəri cəhətdən Rüstəm İbrahimbəyov vahid namizəd oldu. Dəfələrlə mən bu fikri söyləmişəm, indi də təkrar edirəm ki, kifayət qədər araşdırmalar aparmağım, müşahidələr etməyim onu deməyə əsas verir ki, ümumilikdə müxalifətin vahid namizədi cənab İlham Əliyevin üçün ciddi rəqib ola bilməyəcək. Azərbaycanda seçki hüququna malik cəmi 20-35 faiz insan tapmaq olar ki, bütövlükdə proseslərdən narazıdır. Əgər həmin adamlar səsverməyə getsə, halbuki, onların da bir neçə faizi aktiv şəkildə seçkidə iştirak edəcək, ümumilikdə müxalifət az sayda səs toplaya biləcək. Axı, yerdə qalan 70-80 faiz seçicilər, Azərbaycan xalqı cənab İlham Əliyevi dəstəkləyir. İnanıram ki, bu seçkidə də xalq öz sözünü deyəcək. Çünki cənab İlham Əliyevin Azərbaycan xalqı qarşısında göstərmiş olduğu xidmətlər, nəinki ölkəmizin, eləcə də beynəlxalq aləmin diqqətindən yayınmır. Azərbaycan dünyanın ən sabit ölkələrindən biri kimi diqqəti cəlb etməkdədir. İstənilən halda, Azərbaycan seçicisi ölkəmizdəki bu inkişafa, tərəqqiyə, uğura heç zaman arxa çevirməz və çevirməyəcək də. Azərbaycan xalqı indiki müxalifəti də yaxşı tanıyır. Onların hakimiyyətdə olarkən hansı yanlışlıqlara yol verdiklərini, xalqın başına gətirdikləri müsibətləri, vəzifə uğrunda hətta vətəndaş müharibəsinə belə getdiklərini heç kim unutmayıb. O ki, qaldı Rüstəm İbrahimbəyova, bu adam 20 Yanvar hadisəsi, torpaqlarımıza təcavüz, Xocalı soyqırımı baş verəndə Azərbaycan xalqının yanında deyil, ermənilərin yanında idi. İndi də ermənipərəst mövqe nümayiş etdirməklə, öz adətinə sadiq olduğunu nümayiş etdirir. Azərbaycan xalqının yanında olmayan bir insan hansı haqla ölkə prezidentliyinə, rəhbərliyinə iddia irəli sürə bilər? Azərbaycan xalqı birmənalı olaraq Rüstəm İbrahimbəyova etimad göstərməyəcək və hamılıqla ona “yox” deyəcək.
- Rüstəm İbrahimbəyov mətbuata açıqlamalarının birində qeyd edib ki, vahid namizəd üçün özünün və Azərbaycan cəmiyyətinin də çox böyük hörmət göstərdiyi, inandığı bir nəfərin adını çəkəcək. Müxalifət mətbuatı ehtimal edir ki, kinorejissorun nəzərində tutduğu adam “Milyarderlər ittifaqı”nın sədri, baş nazirin sabiq müavini Abbas Abbasovdur. Sizcə, A.Abbasov Milli Şuranın vahid namizədi ola bilərmi?
- Bu istisna olunmur, bəlkə də ola bilər. Amma görək Abbas Abbasov buna gedəcəkmi? Əgər gedəcəksə, bu təəssüf doğuracaq. Amma mən bildiyim qədər Abbas Abbasovun özünün də açıqlaması var və o, bildirib ki, - “Mən ömrümün böyük bir hissəsini indiki iqtidarla işləmişəm. Heç zaman, heç bir şəkildə bu amala, bu xəttə, siyasətə qarşı çıxmaram. Azərbaycan prezidentinə xəyanət etməmişəm, etməyəcəm də”. Əgər söylədiklərinə uyğun olaraq, Heydər Əliyev siyasi kursuna sadiq bir adam kimi seçkilərə qatılırsa, Azərbaycan xalqı düşünəcək ki, cənab İlham Əliyev ola-ola sən burda nə edirsən? Yox, əgər müxalifət mövqeyində duraraq, seçkilərə qoşulacaqsa, Azərbaycan seçiciləri ona da “yox” deyəcəklər. Abbas Abbasov uzun illər Azərbaycan hakimiyyətində təmsil olunub, idarəçilik sistemində işləyib, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkənin baş nazirinin müavini postunda çalışıb. Mən inanıram ki, Abbas Abbasov bundan sonra da əvvəllər söyləmiş olduğu sözlərin sahibi kimi çıxış edəcəkdir. İnanmıram ki, o, dediyi sözləri yesin, geri götürsün, cənab İlham Əliyevə qarşı çıxsın.
- A.Abbasov iki gün bundan öncə sərt açıqlamalar verib. Müxalifət təmsilçiləri ehtimal edirlər ki, sabiq baş nazir bu açıqlama ilə indiki hakimiyyəti hədəf seçib. Sizin bu məsələyə münasibətiniz necədir?
- Onun bu açıqlamasından da xəbərim var, mətbuatdan oxumuşam. Hesab edirəm ki, Abbas Abbasov kifayət qədər ziddiyyətli açıqlamalar verir. Bir tərəfdən ölkə prezidentinin siyasətini bəyənir, inkişafı dəstəkləyir, onu alqışlayır, o biri tərəfdən isə indiki iqtidarı ittiham edir. Görünən budur ki, Abbas Abbasovu danışdırırlar. O da danışmaq zorundadır. Baxaq görək, bundan sonrakı hadisələr necə inkişaf edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər