• cümə, 19 Aprel, 23:13
  • Baku Bakı 24°C

Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar

12.08.17 09:00 5899
Abadlaşan, gözəlləşən, inkişaf edən Qobustan - Fotolar
Qobustanrayonunun inzibati mərkəzi sayılan Qobustan şəhərini paytaxt Bakıdan cəmi 1 saatlıq məsafə ayırır. Şamaxı və digər rayonlar istiqamətində hərəkət edən Azərbaycan vətəndaşları, eləcə də qonaqlar tariximizin ilk daş səhifələrini min illərlə özündə yaşadan Qobustanın mərkəzində - Qobustan şəhərində mütləq ayaq saxlayar, buradakı quruculuq nişanələri, yaşayış məntəqəsinin tarixi, zəhmətsevər insanların güzəranı, həyat tərzi ilə maraqlanarlar. Biz də elə etdik. Son illər daha da abadlaşan, inkişaf edən, geniş tikinti-quruculuq meydançasını xatırladan Qobustan şəhərini bir neçə saatlıq gəzib dolaşdıq, müşahidələrimizi, qeydlərimizi apardıq.
Əvvəlcə onu qeyd edim ki, Qobustan rayonunun mərkəzi sayılan hazırkı ərazi 25 aprel 2008-ci il tarixinə qədər Mərəzə adlandırılıb. Sonralar Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilib və Azərbaycanın ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrindən çıxarılıb. Beləliklə də? ərazi baxımından genişlənən və əhali sayı artan Qobustan qəsəbəsi şəhər statusu alıb.
İnkişaf, yenilənmə dövrü
Yerli əhali ilə şəhərin tarixi barədə söhbət edərkən, onlar Mərəzə adına diqqət çəkərək bildirdilər ki, məşhur bir rəvayətə görə, bu yaşayış məntəqəsinin adı, yəni "mərəz” nüfuzlu şəxslərdən birinin sevimli həyat yoldaşı ilə əlaqədardır. Belə ki, həmin nüfuzlu şəxsin arvadı burada məskunlaşaraq sağaldığına görə, bura Mərəz – Mərəzə adlandırılıb. Bu rəvayətin həqiqət olub-olmadığını heç kəs dəqiqliklə sübut edə bilmir. Ancaq sakinlərin söylədiyinə görə, Mərəzə yaxınlığında mineral su bulağı var. Onun suyu şor və acı olmasına baxmayaraq, müəyyən mədə bağırsaq xəstəliklərini sağaldır.
Bununla yanaşı, məşhur Şıx düzü kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, yaşayış məntəqəsinin ətrafındakı XV əsrə aid Diri Baba türbəsi, eləcə də şəhərin lap mərkəzində yerləşən Şah Abbas Karvansarasının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövrlərdə insan məskənləri olub. Bundan başqa, dünyaca məşhur "Mərəzə”, "Çuxanlı”, "Çemcemli”, "Nabur” xalçalarının naxışları da Mərəzənin – indiki Qobustan şəhərinin lap qədim tarixindən, insanların ənənəvi məşğuliyyətindən xəbər verir.
Müasir dövrdə Qobustanın vəziyyətinə gəlincə, Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərovun bizə verdiyi məlumata görə, təkcə son bir neçə ay ərzində Qobustan şəhərində "Kapitalbank”ın filialı üçün inzibati bina, Cəmcəmli kəndində tibb məntəqəsi, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər üçün 50 yerlik sosial adaptasiya mərkəzi, 2 mərtəbəli 100 yerlik uşaq bağçası tikilib, 624 yerlik 3 mərtəbəli məktəb binasının, 50 çarpayılıq xəstəxana binasının tikintisi, həmçinin Heydər Əliyev Parkında təmir işləri isə davam edir. Eyni zamanda, 3 ədəd birmərtəbəli, 9 ədəd 2 mərtəbəli binaların təmiri işləri də görülüb.

İcra Hakimiyyəti başçısının müavini M.Ələkbərov 2017-ci ilin birinci yarısının Qobustan rayonunda inkişaf, yenilənmə dövrü kimi yadda qaldığını xatırladaraq, ümumi məhsul istehasalı ilə bağlı statistik göstəriciləri də diqqətə çatdırdı. Bildirdi ki, məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 66 milyon 210 min manat olub. Bununla da kənd təsərrüfatı məhsullarının həcmi 5,8, tikinti iş və xidmətlərinin cəmi 63,6, nəqliyyatda 3,1, rabitə və poçt xidmətlərində 23,6, ticarətdə 15,8 faiz artım olub. Rayonda sənaye məhsulunun həcmi də 15,3 faiz artıb: "Pərakəndə əmtəə dövriyyəsi 16,6, əhaliyə göstərilən pullu xidmətlər 12, iaşə xidmətləri 13,9 faiz artıb”.

M.Ələkbərov cari ilin ötən müddətində ümumilikdə rayonun fasiləsiz elektrik enerjisi ilə 100, təbii qazla 93 faiz təmin edildiyini də bildirdi. O, Qobustan rayonu, xüsusilə Qobustan şəhəri üçün uzun illər ən ağrılı, ən çətin problemlərdən birinin içməli su ilə təminat məsələsi olduğunu də söylədi. Bildirdi ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində rayon əhalisi üçün taleyüklü bu problem də həllini tapıb: "Bu sahədə həm iş baxımından, həm də dəyər baxımından çox böyük işlər görülüb. Son beş ildə bu sahəyə qoyulan vəsait 100 milyon manata yaxındır ki, bu da rayonun illik büdcəsindən 30 dəfə artıqdır. Həyata keçirilmiş layihələr nəticəsində təkcə son beş ildə rayon əhalisinin təxminən 46 faizinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Əhalinin sosial müdafiəsi gücləndirilir
İcra Hakimiyyəti başçısının müavini M.Ələkbərov Qobustan rayonunda əhalinin sosial müdafiəsinin, məşğulluq məsələlərinin də daim diqqət mərkəzində saxlanıldığını vurğuladı. Bildirdi ki, təkcə bu ilin birinci yarısında açılmış iş yerlərində 15-i qadın olmaqla, ümumilikdə 207 nəfər müvafiq işlə təmin edilib. O, qeyd etdi ki, 2017-ci ilin 6 ayı ərzində rayonda 457-si daimi olmaqla, bütövlükdə 1943 yeni iş yeri açılıb, daimi iş yerlərinin 99,5 faizi fiziki şəxslər tərəfindən yaradılıb. Qobustanın aqrar rayon olduğunu xatırladan icra hakimiyyəti rəsmisi onu da əlavə etdi ki, hazırda Qaracüzlü kəndi ərazisində 1000 ha sahədə Aqropark yaradılması istiqamətində işlər davam etdirilir.


Qeyd edək ki, bütün ölkə ərazisində əhalinin sağlamlığının qorunması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz buna görə də Azərbaycanın demək olar ki, bütün rayonlarında, şəhər və qəsəbələrində yeni, ən müasir standartlara cavab verən səhiyyə müəssisələri tikilir, əhalinin istifadəsinə verilir. Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmizin hər bir regionunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi aparılır. Ənənəvi olaraq Qobustan rayonunda, o cümlədən Qobustan şəhərində də bu ilin müvafiq dövründə əhali tibbi müayinədən keçirilib.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi, həkim-oftolmoloq Emin Hüseynin bizə söylədiyinə görə, cari ildə ümumilikdə 23054 nəfər tibbi müayinədən keçirilib, 3132 nəfər ambulator, 91 nəfər stasionar müalicəyə cəlb edilib, 11 nəfər pulsuz cərrahiyyə əməliyyatı olunub, 95 nəfər isə Bakı şəhərinə müayinə və müalicə üçün göndərilib. Baş həkimin sözlərinə görə, bütün bu diqqət və qayğı əhali tərəfindən minnətdarlıqla qarşılanır və çox mühüm əhəmiyyətə malikdir. O, Qobustan şəhərində hazırda tikintisi davam etdirilən 50 çarpayılıq xəstəxana binasının istifadəyə verilməsindən sonra rayon sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsinin daha da artacağını vurğuladı.

Onu da əlavə edək ki, aqrar rayon sayılan Qobustanda heyvandarlıq, quşçuluq da əhalinin məşğuliyyət sahələrindən biridir. İcra hakimiyyətindən əldə etdiyimiz məlumata görə, cari ilin ilk 6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 0,3 faiz artaraq 30592 başa, o cümlədən inək və camışların baş sayı 1 faiz artaraq 11510 başa çatıb. Qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 190714 baş olub. Quşların baş sayı 1 faiz artaraq 87982 başa çatıb. Bu ilin 6 ayında təkcə Qobustan şəhərində sahibkar tərəfindən 10 min başdan artıq quş saxlanılması təşkil edilib. Bütün bunlar sayəsində 2017-ci ilin 6 ayı ərzində ət istehsalı 1,5, süd istehsalı 1,4, yumurta və yun istehsalı 1,4 faiz artıb.
Sahibkarlara dəstək
Sadalanan bu faktlara əyani misal olaraq, qobustanlı sahibkar Həsən Zümürxanovun fəaliyyətini göstərmək olar. O, sahibkarlıq fəaliyyətinə 2001-ci ildən başlayıb. Hazırda özünün dinamik istehsal gücü ilə işləyən dəyirmanında 7 nəfər, digər istehsal sahələrində - məsələn, daş sexində 3 nəfər, əkinçilikdə 10 nəfər, heyvandarlıqda 8 nəfər çalışır. Eləcə də istehsal müəssisələrində işləyən texnikanın hamısını aqrolizinq yolu ilə alaraq, şəxsi təsərrüfatında istifadə edir. H.Zümürxanovun heyvandarlıq kompleksində olarkən o, ölkəmizdə sahibkarlığın inkişafı üçün hər bir şəraitin yaradıldığını vurğuladı. Bildirdi ki, bu əlverişli şəraitdən ruhlanaraq, əvvəlcə taxılçılıq təsərrüfatı yaradıb.
Hazırda 550 hektar əkin sahəsi, sutkada istehsal gücü 20 ton olan un dəyirmanı, 20 ədəd müxtəlif kənd təsərrüfatı texnikası var. Bu işləri görmək üçün Sahibkarlığa Kömək Milli Fondundan 2 dəfə güzəştli kredit götürüb. Gəlirləri artdıqca təsərrüfatını daha da inkişaf etdirməyi planlaşdırır. Rayon rəhbərliyinin sahibkarlara qayğısını vacib şərt kimi dəyərləndirən fermer H.Zümürxanov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun vaxtaşırı onlarla keçirdiyi görüşlərin əhəmiyyətindən də söhbət açdı. Bildirdi ki, nəinki özü, eləcə də digər sahibkarlar qarşılaşdıqları hər hansı bir problemin həllində rayon rəhbərliyinin dərhal həssaslığını, məsələnin müsbət yöndə həllinə köməklik göstərildiyini müşahidə edirlər.

Cəmi bir neçə saat ərzində Qobustan rayonunun inzibati mərkəzində apardığımız müşahidələr, həmsöhbətlərimizin dilə gətirdiyi faktlar tam əminliklə onu deməyə əsas yaradır ki, müasir qobustanlılar da öz dədə-babalarının yolu ilə gedərək, zəhmətə qatlaşır, yaşadıqları rayonun, şəhər və kəndlərin tarixi keçmişini, ənənəvi məşğulluğunu qoruyur, əldə etdikləri halal ruzi ilə yaşayış məntəqələrinin inkişafına töhfə verir, onu - əmanəti gələcək nəsillərə çatdırırlar.

R.İSMAYILOV





















banner

Oxşar Xəbərlər