• şənbə, 20 Aprel, 18:12
  • Baku Bakı 24°C

“Tanınmağımda saçlarımın da rolu az olmadı”

07.09.18 10:00 2274
“Tanınmağımda saçlarımın da rolu az olmadı”
Hələ məktəbdə oxuyarkən foto sahəsinə marağı yaranıb, amma ailəsində heç də hər kəs onun bu sahəyə gəlməyini dəstəkləməyib. Lakin o, inadkarlıq göstərərək sevdiyi sahəyə yönəlib. Bu məqsədlə 9-cu sinfi bitirəndən sonra peşə məktəbində fotoqrafiya üzrə təhsil almaq istəyir, lakin işlər elə gətirir ki, video-operatorluq oxuyur. Amma bu gün foto sahəsindədir, gələcəkdə də özünü bu sahədə görür. Müsahibimiz 17 yaşlı fotoqraf Elgün Əlidir.

- İş prosesini izləyəndə görünür ki, çox həvəs göstərdiyiniz sahədir. Bəs, bu maraq, həvəs nə vaxtdan yaranıb?
- Bu həvəs məndə uşaqlıqdan yaranıb. Atam da o vaxtlar fotoqraf olub. 3-4 il çalışıb, amma sonra bu sahədən uzaqlaşıb. Lakin buna tam olaraq atadan keçmə bir sənət də demək olmaz. O, bu sahədən çoxdan uzaqlaşıb. Sadəcə, bu maraq özümdə yarandı. Fotoqrafiyaya olan marağım məni bu sahəyə gətirdi. İlk vaxtlar telefonla çəkirdim, sonra artıq bu işə başladığımda fotoaparat aldım.


- Maraqla yanaşı, bu işi peşəkar görmək üçün həm də yaxşı öyrənmək lazımdır. Öyrənmə prosesi necə keçdi?
- Mən özümə peşəkar fotoqraf deyə bilmərəm, bunun üçün hələ tezdir. Həvəskar fotoqrafam. Həvəsim olduğu üçün oxudum, master-klasslara qatıldım. Hələ də öyrənməyə davam edirəm. İlk vaxtlar bu sənəti fotoqraf Məhəmməd Türkmәndən, sonralar Emin Әlizadә, Raj Stiven vә başqa savadlı fotoqraflardan öyrəndim. Sonralar peşә mәktәbindә video-operator üzrә oxudum. Mən əslində? fotoqrafiya üzrə oxumaq istəyirdim, amma bəxtimdən həmin il müəllim çıxmışdı deyə, video operatorluq oxudum, onu da öyrənmiş oldum.

- Belə bir şey var ki, çalışdığın sahə sənə uyğun olmalıdır. Bu uyğunluğu nədə gördünüz?
- Məndə bəlkə də bir az əksinə oldu. "Mən sənətə uyğunlaşdım” deyərdim. İçimdən bir hiss gəlirdi ki, fotoqrafiya sənlikdir. Bu hissin, arzularımın arxasınca getməyə qərar verdim. Heç də peşman olmadım.


- Ətrafınızda fotoqraf tanışlar var idi? Adətən, ətrafımızda hansısa sahənin adamları olanda bu, marağın yaranmasına gətirib çıxarır?
- Demək olar ki, yox idi. Ona görə kiməsə baxıb həvəsləndiyimi deyə bilmərəm. Çəkə-çəkə gəldim. Əvvəl telefonla çəkirdim, sonra balaca aparata keçdim. 2016-cı ildə ilk aparatımı aldım, sonra yavaş-yavaş aparatları dəyişib, daha böyüyünü alırdım. Sadәcә, oxudum, tәlimlәr aldım.

- 2016-da neçə yaşınız var idi?
- 15.

- Bu yaş elədir ki, ixtisas seçiminə valideynlər də qarışır. Sizin seçimi dəstəkləyirdilərmi?
- İlk vaxtlar anamdan başqa evdə hər kəs mənim bu sahəyə gəlməyimə razı deyildi. Səbəbini bilmirəm, amma narazı idilər. Sevdiyim, maraq göstərdiyim sahə olduğu üçün inadkarlıq göstərdim, indi artıq razıdırlar. Bilirsiniz, mənə görə insan bu kimi məqamlarda sözü ilə yox, uğuru ilə danışmalıdır. Uğuru onun sözü olmalıdır. Mən sözlə fotoqraf olmaq istədiyimi deyə bilərəm, amma gördüyüm iş yoxdursa, yaxud edirəmsə, lakin ortada bir nəticə olmursa, burda danışmağın mənası yoxdur. Ortada müəyyən nəticə olduğu üçün sonra artıq mənim işimlə bağlı narazılıqları olmadı.


- Fotoqrafiya necə bir sahədir? Bir fotoqraf olaraq bu sahə insandan hansı bacarıqları tələb edir?
- Fotoqrafiya sadə şəkil çəkmək deyil. Bir elmdir, dəryadır. Bu sahəni seçdiyimə görə heç peşman deyiləm, əksinə "yaxşı ki gəlmişəm” deyirəm.

Fotoqraf olmaq üçün məncə, göz və beyin fərqliliyi olmalıdır. Bəzən sözlə ifadə edə bilmədiyini fotolarla demək istəyərsən. Foto – saniyəni dondurub tarixə yazmaq deməkdir. Biz çəkdiyimiz hər kadrda saniyəni dondurub tarixə yazırıq. Hər ötən zaman isə artıq insan üçün bir tarixdir. Fotoaparat təbii ki həmişə yanımızda olmur, amma mən bu anlarda telefonla çəkirəm.

- Müştəriləri razı salmaq heç də asan deyil. Kaprizli adamlar da ki həmişə olur. İşinizdən narazı qalanda necə reaksiya verirsiniz?

- Çalışıram ki, narazı qalmasınlar. Əgər belə olarsa, ikinci dəfə edirəm. Öz istədiyim qatqıları da əlavə edə bilirəm, çərçivə içində deyiləm.

- Bu gün fotoqrafların bir çoxu toy sahəsindədir. Siz bu sahəyə meyillənmək fikrində deyilsiniz?
- Əslində, toy çəkməkdən çox da xoşum gəlmir. Əlavə gəlir kimi edirəm, amma davamlı olaraq bu işə yönəlmək fikrim yoxdur. Çünki zövq aldığım istiqamət deyil.


- Bu gün foto ilə yanaşı, video işlərinə də tələb var. Siz ikisini də bacarırsınız. Gələcəkdə video sahəsinə keçmək fikriniz varmı?
- Bir şey var ki, mən tələblərə görə hərəkət etmirəm. Seçimimi tam olaraq bunun üzərində qurmuram. Mənim öz dünyam var. Video tərəfə istiqamətlənməyi düşünmürəm, foto sahəsində davam edəcəm. Video işini bacarmağım bu sahədə mənə üstünlük gətirir. Ehtiyac olanda onu da edə bilirəm.

- "Fotoqraf Elgün” deyəndə "qıvırcıq saçlı oğlan?” sualını mütləq verirlər. Ona görə, saçınızdan danışmasaq olmaz...
- İlk vaxtlar anamdan başqa bütün nəsil mənim saçlarımın uzadılıb bu formada olmasına qarşı çıxırdı. Hətta buna çox qarışırdılar, normal qarşılaya bilmirdilər. Amma saçıma görə çox tanındım. Tanınmağımda saçlarımın da rolu az olmadı. İndi artıq hər şey əladır, heç kim qarışmır. Yəqin ki, bu müsahibədən sonra ümumiyyətlə, heç nə deməzlər (Gülür).

- Adətən işin zövqlü tərəfləri ilə yanaşı, çətinlikləri də olur. Bu sahədə qarşılaşdığınız çətinliklər nələrdir?
- Həvəsim olandan sonra mənim üçün işin elə bir çətinliyi yoxdur. Elə vaxt olub 32 saat yatmadan çəkiliş edib şəkilləri işləmişik. Bu cür iş rejimi yorğunluq gətirsə də, mən bu işlərdən zövq alıram.
Aygün Asimqızı








banner

Oxşar Xəbərlər