• çərşənbə, 24 Aprel, 01:09
  • Baku Bakı 14°C

Ağ xalatlı qız – Sadə peşə adamı

28.04.14 09:09 7797
Ağ xalatlı qız – Sadə peşə adamı
Hər birimiz dəfələrlə bu peşə sahiblərinə müraciət etmişik. Hətta əlində daim şpiris, iynə, dərman olan bu peşə sahibləri bir zamanlar uşaqlıq illərimizin qorxulu yuxusuna da çevrilib. Lakin istər uşaq, istər böyük olsun, hər birimizin bu sənət sahiblərinə işimiz düşüb. Dünyada elə bir insan tapmaq olmaz ki, o, bu peşə sahiblərinin yardımından istifadə etməsin.
Sağlamlığımızda cüzi bir problem yaranan kimi dərhal onlar yardımımıza çatır, bizim sağalmağımız üçün əllərindən gələni əsgirmirlər. Bəli, bu peşə sahibləri tibb bacılarıdır. Bu sənət tibb sektorunda həkimlik qədər önəmlidir. Çünki, tibb bacıları həkimlərin gördüyü işi tam mənası ilə reallaşdıra bilməsi üçün əhəmiyyətli rol oynayır. Belə şərəfli peşəni icra edən həmsöhbətimiz isə Arzu Mədətlidir.
“Atamın istəyi ilə bu sənətə gəldim”
22 yaşlı gənc müsahibimiz bir ildir ki, Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsində tibb bacısı kimi çalışır. Sənətinin vurğunu olan müsahibimiz deyir ki, bu sənətə atası istədiyi üçün yiyələnib: “Orta məktəblə yanaşı, Rauf Hacıyev adına 15 saylı musiqi məktəbinin 7 illik fortopiano şöbəsini bitirdim. Lakin atam məni hər zaman ağ xalatda, anam isə iqtisadiyyatda görmək istəyirdi. Atamın istəyi ilə Bakı şəhər 2 saylı Tibb Kollecinə daxil oldum və kolleci bitirdikdən sonra xəstəxanamızın gözəl kollektivinə qatıldım”. Həmsöhbətimizin sözlərinə görə, sənətə atasının istəyi ilə gəlməsinə baxmayaraq, özünü bu sahədə tapıb və peşəsini sevib: “Çətin vəziyyətdə olan insanlara kömək etmək, onların həyatını xilas etmək insana qəribə sevinc hissi bəxş edir. Düzdür, tibb bacısı olmaq göründüyü qədər asan deyil, əksinə əmək tələb edən peşədir. Bu peşənin çətinliyini faizlə göstərsək, 99 faizini çətin, 1 faizini asan kimi qiymətələndirərdim. Üstəlik, reanimasiya şöbəsində ağır xəstələrlə işləmək “nəfəs almağa” vaxt tapmamaq deməkdir. Lakin stressli işdən sonra insanların üzündəki minnətdarlıq, sevinc hissi yorğunluğumuzu bizə unutdurur”.
Göydə Allah - yerdə həkim
Sənətinin çətinliklərindən danışan həmsöhbətimiz deyir ki, tibb bacısı olmaq çox böyük məsuliyyət tələb edir: “Düşünürəm ki, hər kəs tibb bacısı ola bilməz. Çünki bu sənət insanlara kömək etməkdən zövq almağı, məsuliyyət duyğusunun yüksək olmasını, tez və doğru qərar verməyi, tədbirli, şəfqətli, mehriban olmağı tələb edir. Belə bir deyim var: “Göydə Allah, yerdə həkim”. Can şirindir. Hər bir insan canı ağrıyarkən və ya ağır vəziyyətdə olarkən ilk olaraq Allahından, sonra həkimindən kömək istəyir. Biz də tibb bacısı olaraq hər zaman onların yanında olur, həkimlərlə birlikdə xəstənin xəstəxanadan sağlam çıxması üçün əlimizdən gələni edirik”. Sənətinin ən gözəl tərəfinin insanlara kömək etmək olduğunu söyləyən müsahibimizin sözlərinə görə, bu sənətdə onu ən çox incidən maddi imkanı olmayan insanların tibbi müayinədən yararlana bilməməsidir: “Maddi imkansızlıq bəzən insan ömrünü qısaldır. Pul olmadığı üçün tibbi müayinədən yetərincə yararlana bilmirlər. Belə insanlara yardım edə bilməmək məni mənən çox incidir. Çünki bu sənətin gözəlliyi də çətin və çarəsiz vəziyyətdə olan insanlara kömək etmək, onlara işıqlı dünyanı bəxş etməkdir”.
“Sevincimdən yata bilmirdim”
Hər sənətdə ilklər yaşanır və onlar insanın həyatı boyunca yadından çıxmır. Arzu da ilk dəfə iynə vurduğu günü bu gün kimi xatırlayır. O deyir ki, ilk dəfə praktikada olarkən iynə vurub: “Tibb Kollecində 3-cü kursda oxuyarkən bizi təcrübəyə göndərmişdilər. İşin nəzəriyyəsini öyrəndikdən sonra artıq tətbiq etməyin zamanı gəlmişdi. Əslində o qədər də həyəcanlanmamışdım. Sanki illərdir bu işlə məşğul olmuşam. Xəstəyə iynə vurduqdan sonra o məndən razılıq etdi. Bu məni sənətimə daha da bağladı. Çünki əsas məqsədim sənətimin peşəkarı olmaq idi”.
Müsahibimiz reanimasiya şöbəsində çalışdığı üçün daim ağır xəstələrlə işləyir. O deyir ki, uzun müddət komada yatan xəstə oyandıqda o qədər sevinir ki, hətta gözünə yuxu belə getmir: “Reanimasiyada olduğumuz üçün işimizin çoxunu ayaq üstə keçiririk. Tibb bacısının orqanizmi də dözümlü olmalıdır. Bu müddət ərzində o tərəf, bu tərəfə qaçırıq. Amma üzərində sözün əsl mənasında can qoyduğum xəstə ayılanda, keçirdiyim hissi heç nə ilə ifadə edə bilmirəm. Hətta elə gün olub ki, ağır keçən 12 saatlıq iş növbəsindən sonra da, sevincimdən yata bilməmişəm”.
“İmtahan verdiyim gün səsim batmışdı”
Peşəsinin sirlərindən danışan həmsöhbətimizin sözlərinə görə, hər şeydən öncə mükəmməl təhsil almaq lazımdır: “Bu sənətdə təhsil çox önəmlidir. Çünki insan anatomiyasını bilmədən onu müalicə etmək mümkün deyil. Bundan əlavə, yaxşı tibb bacısı xəstəyə şəfqət dolu gözlərlə baxmağı bacarmalı və əllərinin sehirli olmasına, xəstəyə yardım edə biləcəyinə inanmalıdır. Təhsillə yanaşı, ən önəmli nüanslardan biri də səbrdir. Unutmaq lazım deyil ki, xəstə insanların, xüsusilə də ağır xəstələrin psixologiyaları da yerində olmur. Buna görə də onlara hər zaman gülərüz və sevgi ilə yanaşmaq lazımdır. Yaxşı tibb bacısı olmaq üçün ilk olaraq şüurunda bu sənəti qəbul etdirməlisən”. Bu yolda başına gələn maraqlı hadisələrdən danışan gənc müsahibimiz deyir ki, işə qəbul imtahanı günü onun səsi batıb: “6 ay təcrübə keçdikdən sonra işə qəbul olmaq üçün gecə-gündüz çalışırdım. Lakin həmin gün səsim batmışdı. Keçdiyim uzun marafondan sonra səsimin batması məni çox qorxutdu. Çünki, imtahandan keçə bilməyəcəyimə artıq inanmışdım. Lakin belə olmadı. Düşündüyümün tam əksinə, bu imtahanın da öhdəsindən gəldim və reanimasiya şöbəsində çalışmağa başladım. Bəzən düşünürəm ki, mən tibb sahəsində çalışmaq üçün dünyaya gəlmişəm. Həkimlərimizin mənə olan inamı, etimadı məni belə düşünməyə vadar edir. Sevinirəm ki, bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilirəm”.
Gələcəkdə tibb bacısı olmaq istəyənlərə məsləhət verən həmsöhbətimiz deyir ki, bu sənətə sırf işləmək və ya ağ xalat geyinmək üçün yox, özlərini fədakar tibb bacısı görmək istədikləri üçün gəlsinlər. Unutmasınlar ki, insan həyatı onlara bağlıdır. Gələcək planlarından danışan həmsöhbətimiz gələcəkdə tibbin iqtisadiyyatı kimi bir ixtisasın tədris olunmasını istəyir: “Mən də o ixtisas üzrə mütəxəssis olub aztəminatlı ailələrin tibbin bütün sahələrindən yararlana bilmələri üçün əlimdən gələni edərdim. Düzdür, səhiyyəmiz inkişaf edir, amma Azərbaycan səhiyyəsi Azərbaycan iqtisadiyyatı ilə eyni xətt üzrə inkişaf etsə, hər kəs tibbin nailiyyətilərindən yararlana bilər”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər