AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ağ və Qara” festivaldan uğurla döndü

“Ağ və Qara” festivaldan uğurla döndü

02 May 2016, 10:40 1329

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 15-19 aprel tarixlərində Rusiya Federasiyasının İvanovo şəhərində baş tutan XI Beynəlxalq "Muraveynik” kukla teatrları festivalından uğurla dönüblər. Biz də fürsətdən istifadə edib festivalda baş verənlər haqqında ətraflı öyrənmək üçün yolumuzu Kukla Teatrından saldıq. Müsahibim Teatrın baş rejissoru Qurban Məsimov suallarımızı maraqla cavablandırdı.

-Qurban müəllim, necə deyərlər, həmişə festivallarda...hansı təəssüratla qayıtmısınız?

-Çox sağ olun, bildiyiniz kimi, aprel ayının 13-20-si arası İvanovoda keçirilən XI Beynəlxalq "Muraveynik” kukla teatrları festivalına dəvət almışdıq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə iştirak etdiyimiz festivalda Kamran Şahmərdanın "Ağ və qara” tamaşasını və "Çanta Trio”dan "Şən gitaristlər”i oynadıq. Burada bir sıra MDB ölkələri iştirak etsələr də Rusiyadan qatılanlar daha çox idi. Bununla yanaşı Türkmənistan, Qazaxıstan, Dağıstan, hətta, mənfur düşmənlərimiz də festivalda yer almışdılar. Təşkilatçılar bizim bu festivala qatılmağımıza çox sevinirdilər və bizi böyük hörmətlə, sevinclə qarşıladılar.

-Festivalın özəlliyi nə idi?

-Digər festivallardan fərqli olaraq "Muraveynik” ("Qarışqa yuvası”) festivalında bizə dedilər ki, burada heç kəsə fərq qoyulmur, çünki teatr hamımın ümumi evidi, lap qarışqa yuvası kimi. Bu festivala hamı qatılır və hamı yaradıcı ailənin bir üzvi olur. Və festivalın ən əsas özəlliyi onda idi ki, burda hər kəs sanki ev sahibi idi. Hamı bir-birini çox yaxşı başa düşürdü. Baxmayaraq ki, beynəlxalq fevtival idi, çünki hamının ümumi danışıq dili vardı. İvanovoda yaşayan azərilər bizə çox dəstək oldular. Hətta festivalın sonunda bizi İvanovo Duması tərəfindən "Mədəniyyətin inkişafına görə” özəl diplomla mükafatlandırdılar. Bir sıra başqa festivallarda çıxış edən truppalarla burda görüşdük, illər sonra yenidən xatirə şəkilləri çəkdirdik, yeni truppalarla tanış olduq, aktyorlarımızın 15-dək tamaşa izləmək şansı oldu, yeni rejissor və aktyorlarla tanış oldular ki, bu da onların gələcək yaradıcılıqlarına müsbət təsirini göstərəcək.

-Maraqlıdır, nəyə görə "Ağ və qara” tamaşası..?

-Hər festivalın özünün müəyyən qaydaları olur. Bu tamaşa da bir qədər fərqli üslubdadır, baxmayaraq ki, kukla tamaşasıdır. Tamaşada bir balaca oğlan uşağının anadangəlmə kor olduğundan, sonradan anasını itirdiyindən, cəmiyyətin onu qəbul etmədiyinə görə, küləklə, durnayla dostlaşdığından, dəryaya atıldıqdan sonra burada onu himayəyə götürən balıqdan və ilbizin münasibətlərindən danışılır. Lakin tamaşanın əsasında bir məsələ var - uşağın işığı, günəşi görmə arzusu. Sonda bu arzu reallaşsa da günəşə yaxınlaşmaqla yenidən əbədi qaranlığa düçar olur. Yəni bir anlıq olsa da, o xoşbəxt anı yaşaya bilir. Yeri gəlmişkən qeyd edim ki, Kamran Şahmərdanın quruluş verdiyi tamaşada əsas rolları Rəhim Rəhimov, İqbal Əliyev, Cavid İbrahimov və Lina Məmmədova ifa edirdilər.

-Tamaşamız necə qarşılandı?

-Tamaşa o qədər dərin təəssürat oyatmışdı ki, tamaşadan sonra demək olar zalın yarısı göz yaşlarını saxlaya bilmirdi. Yeganə bizim tamaşa oldu ki, sonda hamı tərəfindən on beş dəqiqə ayaq üstə alqışlandı. Tamaşadan sonra gəlib bizimlə xatirə şəkilləri çəkdirir, kuklalarla tanış olmaq istəyirdilər. Həm də 16 teatr içərisində yeganə bizim tamaşa oldu ki, öz ana dilimizdə oynadıq. Baxmayaraq ki, rus dilində hazır mətnimiz də vardı. Sadəcə düşündük ki, bu beynəlxalq festivaldır və hər ölkə öz dilində oynamalıdır. Düzdür, əvvəlcədən tamaşa haqqında annotasiya da paylanmışdı. Amma demək olar ki, onsuz da tamaşada anlaşılmayacaq bir şey yox idi. Hamı hər kəlməni başa düşürdü. Bu tamaşanın ən maraqlı cəhətlərindən biri də o idi ki, biz aktyorları səhnədə görünməyən yeganə teatr idik. Tamaşa ancaq kuklalardan ibarət idi. Bir çox tamaşalarda aktyorlar səhnədə görünürdü və bu, fikri xeyli yayındırırdı. Hətta rus aktyorları bəzən elə dramatik oyun sərgiləyirdilər ki, fikirləşirdin kuklalar olmasa da onlar bu obrazı oynayarlar. Bizdə isə aktyorların hamısı qara geyinmişdi və kuklalar da ultrabənövşəyi lampalarla hazırlanmışdı. Rəssam da ultrabənövşəyi rənglərdən istifadə etdiyindən bu şüalar atlında yalnız kuklaların hərəkəti canlanırdı. Bu isə seyrçiləri heyrətə gətirirdi, bəzən onlara elə gəlirdi ki, kuklalar özləri hərəkət edirlər. Tamaşadan sonra çox böyük maraqla gəlib kuklalara əl vurub baxırdılar ki, belə elastik, yaxud ağır kuklalar bu cür necə canlı oynayırdılar.

-Mükafatlandırma necə oldu?

-Festivalda hər tamaşadan sonra teatrşünaslar tamaşaları müzəkirə edirdilər. Və əminliklə deyə bilərik ki, ən uğurlu tamaşa bizimki oldu. Bayaq da qeyd etdim ki, özəl diplomumuz oldu, hətta Ryazanov Teatrı bizim tamaşanı o qədər bəyəndi ki, hər il keçirilən "Ryazanskie smotrinı” festivalına heç bir seçimsiz dəvət etdilər. Təşkilatçılar dedilər ki, biz sizin bu tamaşanızı mütləq qızılla təltif edərdik, heyif ki, maddi durumumuz buna imkan vermir. Lakin bunun qarşılığında sizə qızıl görünüşlü şokolad veririk. Üzdən qızıla bənzəyən içi şokolad olan bu mükafat Azərbaycan teatrınındır. Biz isə iki teatrşünasa teatrımız tərəfindən hazırlanmış Cırtdan heykəli mükafatını verdik. Bir də belə qayda var idi ki, hansı teatrı bəyənirsənsə ona da mükafat verə bilərsən. Biz Dağıstan teatrının şən, emosional tamaşasına qiymət verdik və onları da həmin heykəllə qiymətləndirdik.

-Qarşıda hansı planlarınız var?

-Hazırda demək olar ki, bütün zallarımızda məşqlər gedir. Aprel ayının 27-si "Melodiya” və 28-i isə Rəhim Rəhimovun mono tamaşası olan "Zəng” adlı yeni tamaşalarımızın premyerası olacaq. Eyni zamanda Anar Məmmədovun quruluşunda "Gözəl və Bədheybət” və mənim quruluşumda "Qırmızı papaq” tamaşalarının qızğın məşqləri gedir. Xatırladım ki, bunlar böyüklər üçün nəzərdə tutulub. Bununla yanaşı, gələn ay yenə də xarici səfərimiz olacaq. Bu dəfə Yunanıstanın iki şəhərinə qastrol səfərlərinə gedəcəyik. Yunanıstan tamaşaçılarına "Ağ və qara”, "Çanta trio və şousu” və "Zəng” tamaşalarını göstərəcəyik.

Baş rejissorla müsahibədən sonra teatrın foyesində fürsət tapıb tamaşanın aktyorlarından Rəhim Rəhimov və İqbal Əliyevdən də festival təəssüratları barədə soruşduq.

Rəhim Rəhimov:

Çox sevinirik ki, ən yüksək qiyməti bizə verildi. Oradakı bütün dövlətlərin təmsilçilərini qane edə bildik. Tamaşadan sonra hamının bir-bir çıxıb bizimlə, kuklalarla tanış olmaq arzusu bizi duyğulandırırdı. Və ruslar hamısı bir ağızdan deyirdilər ki, çox cəlbedici, çox axıcı tamaşa idi. Nə yaxşı ki, öz dilinizdə oynadınız, heç bir tərcüməyə ehtiyac yoxdur. Sizin necə şirin, axıcı və melodik diliniz var. Biz çox şadıq ki, Azərbaycanı xarici səfərdə layiqincə təmsil edərək vətənə döndük. Obrazıma gəlincə baş rolu canlandırırdım. İnanın, məşqlərdən fərqli olaraq o qədər həyəcanlı idim ki, ellərim, ayaqlarım əsirdi. Rola o qədər daxil olmuşdum ki, onu yaşayırdım sanki.

İqbal Əliyev:

Çox yüksək səviyyədə qarşılandıq və tamaşamız o qədər sevildi ki, hər kəsdən fərqlənirdik. Hətta Rusiyanın xalq artsitləri var idi ki, bizi on beş dəqiqə ayaq üstə alqışladılar. Ancaq mənə ən xoş təsir bağışlayan o oldu ki, mənfur düşmənlərimizi tamaşamızı sona qədər izləməyə məcbur edə bildik. İnanin ki, bu tamaşanın özəlliyindən özləri də heyrətə gəlmişdilər. Tamaşa zalını da ən sonda onlar tərk etdilər. Tamaşada bir sıra xırda obrazlarla yanaşı dəryadakı balığı və küləyi oynayırdım. Elə bilirdim həqiqətən də uçuram. Tamaşanın musiqisi, rəssam işi, sözləri o qədər təsirli, güclüdür ki, təsirlənməmək mümkün deyildi. Yalnız bir söz deyə bilərəm ki, qürur duyuram və inanın hələ də festivalın təsirindən çıxmamışam.

Biz də öz növbəmizdə Azərbaycan Dövlət Kukla Teatrının kollektivini təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.

Nigar Pirimova

teatrşünas