• cümə, 19 Aprel, 07:56
  • Baku Bakı 13°C

A-TƏŞ KƏ-SİL-MƏ-Dİ!!!

01.08.14 15:46 1705
A-TƏŞ KƏ-SİL-MƏ-Dİ!!!
...bir duyğunun göz yaşlarını silməyə qalxmayan əllərimin qələmə sarılmağına bənzəyir üsyanım. Hər batanda yapışdığım saman çöpü kimi, hər çöküşümdə tutunduğum inam qırıntılarım kimi...
On biri də getdi dedilər. Bir gecədə on bir igid tabuta düzüldü dedilər.
Dedilər amma...
Yaddaşımın üzü qara olsun, buraxmır yaxamı. Beynimin içinə vura-vura bağırır üstümə: “Axı sən bilirsən ölənin on bir nəfər deyil, on bir ailə olduğunu. Anası da öldü o yetimlə, bacısı da, qardaşı da. Atası da...
Sevdiyi də...”
Bir şəhid xəbəri gələndə onun doğulduğu bütöv bir kənd, şəhər ölür. Toylar yarımçıq qalır, qırmızı geyinən kim varsa, kirimişcə evinə al girib qara çıxır. Hamı səssizcə o evə doğru axışır.
Heç kim heç nə danışmayacaq. Böyüklü-kiçikli hamı gedib o evdə günlərlə oturacaq: “mən də burdayam, yanınızdayam...”
Kəlmələr itkin düşəcək o evdən.
Bir millətin həmrəyliyini görmək istəyənlər üzünü şəhidlərin cənazəsinə tutsunlar!
Beləcə yazıq, yetim adamlar kimi susmaq istəmirəm, bağırmaq, əllərimi ölçə-ölçə qışqırmaq istəyirəm!
Adam axtarıram yaxasını dartıb cırmağa. “ATƏŞKƏS” rəzilliyini gözümüzə soxanların balalarını dişimlə-dırnağımla parçalamaq istəyirəm!
Kəsildisə hardandı bu meyitlər?!
Atəşi kəsmədilər! Bizim özümüzü inandırdığımız yalançı həqiqətdi, əsl olan bax bu gün gələn o cənazələrdi! Kəsmədilər atam-qardaşım, düşmən atəşi kəsmədi! Biz nəyə, niyə inandığımızın fərqindəyikmi?!
Qarşındakı hamilə qadının qarnını yarıb uşağın cinsiyyətini öyrənmək istəyən, qızına atasının gözü önündə təcavüz eləyən alçaq, iyrənc, əxlaqsız düşməndisə, nə sənin, nə də sənin vecinə olmadığın harın dünyanın qanunları onlar üçün keçərli deyil! Bunu iyirmi ildəki itkilərimiz bizə öyrətməliydi, amma biz israrla gözlərimizin səhv gördüyünə özümüzü inadırdıq. İndi o evlərdə nə baş verir, bilirsizmi?! Əminəm ki, heç biriniz şahid olmaq istəməzsiniz.
Üzlər cırılır, vay-şivən qulaq batırır. “Allahım məni də al” nalələri Allaha ucalır. Siz hardan biləsiniz ki, əsl müharibə - boyunu oxşadığı oğlunun meyiti gələndə başlayır onlar üçün. Hamıya savaş açır şəhid anası, Allahın özünə belə...
Bayrağa bükülmüş tabutu gətirəcəklər oğluna oxşayan hərbçilər. Əsgəri salamlar veriləcək, qürurla, şərəflə sanki yaxasına taxılan orden, medal kimi oğlunun meyitini təqdim edəcəklər Anasına. “Al”, deyəcəklər, “sənin oğlun Vətən uğrunda şəhid oldu”, deyəcəklər!
Sonra... Sonra qurbağa gölünə daş atacaqlar. Əsgərliyi boyunca oğlunun evə sağ-salamat qayıtması üçün əlləri göydə qalan Ana sakitləşəcək artıq. Gətirdi, basdırdı baş ucuna...
Və, lənətə gəlmiş o səssizlik! Bir evin təməli onda dağılır, həm də kökündən. Evdə sağ qalan kim varsa, masanın arxasındakı bir boş stulun, bir boş qabın, qapının dalındakı bir cüt nimdaş ayaqqabının yeri ürəyini göynədəcək. Və dözməyib o boşqabı masadan, o ayaqqabını qapı dalından qaldıracaqlar, bu səfər də Anasının gözü axtaracaq ”burdaydı axı, bura qoymuşdum...”
Sonra... sonra da aylar, günlər keçəcək beləcə. Atanın beli büküləcək, qardaşın qəddi əyiləcək, Ananın saçları ağaracaq. Qardaşı əsgərlikdən qayıtmamış ərə getmək istəməyən bacı başını götürüb birinə ər niyyətinə sarılacaq, sonra da məhv olan həyatının çiləsini çəkəcək.
Bax beləcə dağılacaq ailələr. Sonra süründürmələr başlayacaq. Hər seçki ərəfəsində millətə vəkil olmaq istəyən tribuna qəhrəmanları çalacaq qapını, yaralarına duz basdıqlarını bilə-bilə o evdən bir-iki şəkil çəkib “baxın, biz şəhid ailələrinə yardım gətirmişik” deyə utanmaz-utanmaz “bayraq sallayacaqlar” düşmənə. Bir az da onlar söndürəcək ocağı sönmüş o evləri.
Bu da sizə “şəhidlik zirvəsi!”
Atəş kəsilmədi, cənablar! Nə qədər ki, güclü dövlətlərin at oynatmağına səssiz qalan homoseksual dövlətlərdən namus borcumuzun qisasını gözləyirik, o atəş kəsilməyəcək!
Çünki...
...atəşi kəsməzlər cənablar, söndürərlər!
Və bizim söndürmədiyimiz o atəşin alovu “atəşkəs” hesab elədiyimiz hər gün, hər saniyə beləcə al qırmızı bayrağa bükülü şəhid cənazələrinə dönüb yaxar bizi! Yandırar!!!
A-TƏŞ KƏ-SİL-MƏ-Dİ!!!
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər