• cümə, 29 Mart, 01:21
  • Baku Bakı 7°C

“Ağ qızıl”lı Muğan düzü

24.05.16 14:10 5424
“Ağ qızıl”lı Muğan düzü
Tarixi ənənələrə malik Muğan zonasında pambıqçılığın inkişafı ölkə iqtisadiyyatına mühüm töhfə ola bilər
Polad Bülbüloğlunun dillər əzbəri olan "Şən Azərbaycan” mahnısında ölkəmizin müxtəlif bölgələri tərənnüm edilir. Mahnıda bol bəhrəli Muğan düzünün şəninə də xoş sözlər deyilir. Təkcə elə bu sözlər barlı-bərəkətli Muğan torpağı haqqında kifayət qədər dolğun təsəvvür yaradır.
Biz isə bu yazıda bol bəhrəli Muğan düzünün pambığından danışacağıq. O pambıqdan ki, Azərbaycanda onun yetişdirilməsi ilə bağlı böyük ənənələr var və bu sahə həmişə ölkə iqtisadiyyatına mühüm töhfə verib. Müəyyən dövr ərzində unudulan pambıqçılıq haqqında bu gün yenidən perspektivli bir sahə olaraq danışılır. Çünki dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizdə də qısa zamanda yüksək gəlir əldə etməyə imkan verən qeyri-neft sahələrinin inkişafı zərurətini ortaya qoyub. Nəticədə 70-80-ci illərdə inkişaf etmiş, lakin son illər marağın kəskin şəkildə azaldığı, dünyada isə hələ də perspektivli sahə hesab olunan pambıqçılığın yenidən inkişaf etdirilməsi ilə bağlı ciddi işlərin görülməsinə başlanılıb.
18-ci əsrdə Muğan düzündə pambıq istehsalı
Azərbaycanda pambıqçılıq üçün əlverişli hesab edilən ərazilərdən biri də yuxarıda adını fəxrlə çəkdiyimiz Muğan düzüdür. Bunu tarixi təcrübəyə əsaslanaraq da demək olar. Belə ki, məlumatlara görə, 18-ci əsrdə Mil-Muğan və Şirvan düzlərində geniş pambıq sahələri olub. 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə, Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda kütləvi surətdə pambıq əkilib. Həmin vaxtlar ölkədə istehsal olunan pambığın 32,8%-i Muğan-Salyan zonasının payına düşürdü. Buradan da görünür ki, Muğan düzünün pambıq istehsalında payı həmişə yüksək olub. Bu isə regionun pambıqçılıq üçün əlverişli bir şəraitə malik olması ilə əlaqədardır.
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent İlkin Soltanlı qəzetimizə açıqlamasında bildirdi ki, tarixən olduğu kimi, bu gün də pambıq ölkəmizin 4-5 iqtisadi rayonunda, əsasən Muğan-Salyan, Mil-Qarabağ, Şirvan, Gəncə-Qazax zonasında yetişdirilir. Muğan düzü isə bu siyahıda özünəməxsusluğu ilə seçilərək öncül yerlərdən birini tutur. Çünki burada pambıq yetişdirilməsi üçün münbit şərait var: "Azərbaycanın ən böyük iqtisadi rayonu hesab olunan Aran regionu 15 inzibati rayon və 3 şəhərdən ibarətdir. Region ərazisinin mühüm hissəsi isə Kür-Araz çaylarının qovşağında yerləşən Muğan zonasının payına düşür. Ümumiyyətlə, həmin zona Kür- Araz ovalığının mühüm hissəsini təşkil edir”.
Geniş həcmdə istehsal, ilkin emal
Müsahibimizin sözlərinə görə, Kür-Araz ovalığı Kür və Araz çaylarının arasında yerləşir və dəniz səviyyəsindən aşağıdır: "Əvvəllər də burada çox münbit bir əkinçilik zonası olub. Çünki burada çayların gətirdiyi daşqınlar zamanı müxtəlif lillər ətraf ərazilərə tökülürdü. Bu isə pambıqçılıq üçün bir növ əlverişlidir. Tarixi baxımdan müşahidələr göstərir ki, Muğan zonasında əvvəllər də çoxsaylı pambıq əkin sahələri mövcud olub, bu məhsulun böyük və geniş həcmdə istehsalı, ilkin emalı həyata keçirilib”.
İ.Soltanlının sözlərinə görə, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada müəyyən məqsədlər üçün pambıq məhsullarından istifadə edilməsin. Məhz iqtisadiyyatda tutduğu yerə və strateji əhəmiyyətinə görə də pambıq xalq arasında "ağ qızıl” adlandırılır: "Təxmini hesablamalara görə, söyləmək olar ki, pambıqdan 150 - 200 adda məhsul əldə olunur. Əslində bu rəqəmi daha da genişləndirmək mümkündür. Araşdırmalar göstərir ki, kənd təsərrüfatında istehsal olunan hər ton pambıqdan 100-110 kq bitki yağı, 3 min metr parça, 10 kq sabun, 150-200 kq jımıx və s. alınır”.
Muğan zonasının ölkə iqtisadiyyatına böyük töhfəsi
İqtisadçı alim bildirir ki, son zamanlar ölkə rəhbərliyinin bilavasitə pambıqçılığa göstərdiyi diqqət, bu sahənin inkişafı ilə bağlı verdiyi qərar və göstərişlər, həyata keçirilən tədbirlər pambıqçılığın yaxın zamanda strateji sahə kimi inkişaf etdiriləcəyini deməyə əsas verir: "Sözsüz ki, pambıqçılığın dayanıqlı inkişafı təmin olunmalıdır. Bütövlükdə bu sahənin kompleks və klasterial inkişafı çox mühümdür. Çünki pambıq məhsulunun istehsalı, pambıqçılığın inkişafı əhalinin məşğulluğunun səmərəli təmini ilə yanaşı, geniş çeşidli və ən əsası, keyfiyyətli yerli məhsullar əldə etməyə imkan verə bilər”.
İ.Soltanlı deyir ki, Muğan zonasında pambıqçılığın inkişafı üçün konkret addımlar atılmalıdır. Bu addımlardan əsas olanı isə, yuxarıda söylədiyimiz kimi, məhz klasterial inkişafla bağlıdır: "Pambığın xammal şəklində istehsalı, emalı, ondan geniş çeşidli məhsulların hazırlanmasını təmin etmək çox zəruridir. Bu isə kompleks şəkildə bir – biri ilə bağlı olan müxtəlif sahələrin inkişafını nəzərdə tutur. Təbii ki, bu prosesdə dövlətin də böyük dəstəyi olmalıdır. Əgər pambıqçılığı tam dayanıqlı inkişaf etdirsək, o, yüngül sənayenin inkişafına mühüm təkan verəcək. Bu isə regionlarda iş yerlərinin artmasına böyük təkan olacaq. Klasetrial inkişaf təmin olunsa, biz pambığı xammal formasında deyil, emal edərək hazır məhsul formasında daha çox gəlir əldə edə bilərik”.
İ.Soltanlı deyir ki, Muğan zonasında pambıqla bağlı ənənələri qoruyub saxlamaqla, həmçinin çağdaş dövrün tələblərini nəzərə almaqla modern pambıqçılıq klasterləri təşkil etmək və ölkə iqtisadiyyatına böyük töhfə vermək mümkündür.
Hədəfin 30, maksimum 50 faizi...
İqtisadçı Nicat Hacızadənin sözlərinə görə, Muğan düzünün Azərbaycan iqtisadiyyatına verəcəyi əsas töhfəni pambıqla bağlamaq olar: "Sovet İttifaqı dövründə müttəfiq respublikalar içərisində Azərbaycan pambıqçılıq üzrə Özbəkistandan sonra ikinci yerdəydi. Belə olan halda da Azərbaycan yerli ittifaq büdcəsinə əsas pul göndərən ölkəyə çevrilmişdi. Bu siyahıda isə Muğan düzünün əhatəsinə aid olan bölgələrin də xüsusi bir payı var idi. Amma artıq müstəqillik dövründən sonra pambıqçılığın inkişafı bütün ölkədə ləngidi”.
N.Hacızadənin sözlərinə görə, ölkə prezidenti pambıqçılığın inkişafı və bunun ölkəyə xarici valyuta gətirməsi imkanları haqda tapşırıqlar verib. İqtisadçı deyir ki, Muğan düzünün potensialından bu mənada geniş istifadə etmək olar: "Birincisi, regionda inkişafı daha çox perspektivli hesab edilən sahələri diqqət mərkəzinə çəkmək lazımdır. Bunlardan biri də təbii ki, pambıqçılıqdır. Muğan düzünün pambıqçılıqla bağlı potensialı yüksəkdir. Qarşıdakı illərdə qarşıya məqsəd olaraq qoyulan pambıq istehsalında bu ərazinin payı da yüksək ola bilər. Əgər müəyyən işlər icra edilsə, Muğan düzü pambıq istehsalı ilə bağlı qarşıya qoyulan hədəfin 30, maksimum 50 faizini təmin etmək gücündədir. Suvarma sistemi tam qaydaya salınsa, pambıqçılığın inkişafı üçün tələb olunan işlər icra edilsə, mümkündür ki, gələcəkdə Muğan düzü pambıqçılıqda mühüm bir paya sahib olsun. Bunun üçün müəyyən zaman, strategiya lazımdır”.
"İstənilən məhsuldarlığı həmin ərazidən ala bilərik”
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Mil-Muğan ətrafı ərazilərdə həmişə pambıqçılıq inkişaf edib. Xüsusilə sovet dövründə həmin ərazidən yüksək keyfiyyətli məhsul götürülüb. Respublikada əldə edilən pambığın 10-15 faizi həmin ərazinin payına düşüb: "Bu yaxınlarda Muğan düzündə oldum, bir neçə icra başçısı ilə görüşdüm. Pambıqçılıq, baramaçılıq, tütünçülüklə bağlı məsələlərə toxundum. Əgər indi start götürdükləri kimi davam edilsə, biz pambıq istehsalını çox yüksək səviyyəyə qaldıra biləcəyik. Muğan zonasına daxil olan Saatlı, Salyan və digər regionlarda pambıq istehsalı yüksək səviyyədə olub. Bu regionlar həmişə diqqət mərkəzində olub. Azərbaycanın 1 milyon ton pambıq istehsal etdiyi vaxtlar olub. İndi də bu sahədə müəyyən işlər görülür ki, vəziyyət düzəlsin. Dövlət başçısının qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tapşırığının bir qolu da kənd təsərrüfatında pambıqçılıqdır. Pambıqçılığın inkişafı əvvəlki səviyyədə olmasa da, Mil-Muğan zonasında yüksək səviyyəyə gətirib çıxara bilərik. Yəni həmin ərazidən istənilən məhsuldarlığı ala bilərik”.
V.Əhmədov deyir ki, Muğan zonasının suvarma ilə bağlı problemi olmadığı üçün bu region pambıqçılığın inkişafı üçün perspektivli ərazilərdəndir. Onun sözlərinə görə, bəzi problemlər həll olunsa, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq olar: "Pambıqçılıqda ən ciddi problem suvarma sisteminin zəif olması və əmək haqları məsələsidir. Muğan düzündə isə suvarma ilə bağlı problem yoxdur. Ölkə başçısının sərəncamı ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu agentlik kənd təsərrüfatı məhsullarını tədarük edəcək. Problemlər bu səviyyədə həllini taparsa, biz Muğan düzündə ölkəmizdə istehsal olunan pambığın 25-30 faizini istehsal edə bilərik”.
"Ağ qızıl”ın şöhrətinin qaytarılması üçün iş gedir
Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə, ölkə başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı tapşırığından sonra Muğan düzündə pambıqçılığın inkişafı üçün işlərə başlanılıb. Belə ki, Saatlıda bu mövsümdə 8 min 21 hektar ərazidə pambıq becərilməsi nəzərdə tutulub. Hazırda iri fermerlərlə yanaşı, 3-4 hektar pay torpağı olan təsərrüfat sahibləri də "ağ qızıl” yetişdirməyə başlayıblar. Onlar müqavilə bağladıqları şirkətlər tərəfindən kənd təsərrüfatı texnikası, toxum, dərman preparatları və gübrələrlə təmin olunurlar. Pambıq yetişdirilməsi ilə bağlı fermerlərin gələcəkdə qarşılaşacaqları çətinlikləri aradan qaldırmaq məqsədilə rayonda təcrübəli aqronom və digər kənd təsərrüfatı mütəxəssislərindən ibarət qərargah da yaradılıb. Gələcəkdə rayonda pambıq sahələrinin 15 min hektara çatdırılması nəzərdə tutulub.
Biləsuvarda da bu sahənin yenidən dirçəldilməsi qarşıda duran vəzifələrdən biridir. Sovetlər dövründə rayonda 14 min hektar pambıq əkilib, 37 min tondan çox xam pambıq istehsal olunub. Pambıqçılığın inkişafı üçün rayonda əlverişli torpaq-iqlim şəraiti ilə yanaşı, əhalinin böyük təcrübəsi də var. Ötən mövsümdə rayonda 3 min 95 hektar sahədə pambıq əkilib. Bu mövsümdə isə 6-7 min hektarda pambıq becərilməsi nəzərdə tutulub.
Ötən il 1600 hektarda pambıq becərən Sabirabad zəhmətkeşləri isə bu il əkini 6 min hektarda aparıb. Növbəti illərdə əkin sahələrinin dəfələrlə artırılması hədəf olaraq götürülüb. Sabirabad vaxtilə ölkənin ən böyük pambıqçılıq rayonlarından biri olub. Vaxtilə Sabirabad rayonunda 35-40 min hektar ərazidə pambıq əkilib. Elə il olub ki, 112 min ton pambıq istehsal edilib. Rayonda fəaliyyəti dayanan 15 min tonluq pambıq qəbulu və emalı müəssisəsi də yenidən bərpa olunub. Digərlərinin isə yaxınlarda işə salınması gözlənilir. Ümumilikdə isə 400-ə yaxın fermerlə zavod arasında müqavilə bağlanıb.
Aygün Asimqızı
Yazı Azərbaycan Mətbuat Şurası və Saatlı Rayon İcra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
banner

Oxşar Xəbərlər