AZE | RUS | ENG |

Ağ qanadlı oğlan – Uğur hekayəsi

Ağ qanadlı oğlan – Uğur hekayəsi
Ötən həftənin insanı Elnur Hüseynov...


2008-ci ildə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən, sonra gündəmdə qalmağı “bacarmayan” və şou-biznesimizin “qanun”ları ilə razılaşmayan, nəhayət türklərin uzun müddətdir ki, axtardığı səs – Elnur Hüseynov...

Elnur 1987-ci ildə martın 3-də Aşqabadda hərbçi ailəsində doğulub. Anası musiqi nəzəriyyəçisidir. 1992-ci ildə konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub və fortepiano sinfi üzrə təhsil alıb. 1999-cu ildə Bakıya gəlib və 2000-ci ildə Tibb Məktəbinin diş texniki ixtisasına qəbul olunub. Ancaq nədənsə Elnur 2001-ci ildə oranı tərk edərək Asəf Zeynallı adına Musiqi Məktəbində oxumaq qərarı verib. Bir müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. 2004-cü ildə musiqi məktəbini bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənməyə həvəs göstərsə də, bu peşəni davam etdirməyin lüzumsuz olduğunu düşünüb. 2003-cü ildə “Lider” telekanalında “Sing Your Song” (Sən də mahnını oxu) layihəsində qalib olaraq “Qran-pri” mükafatına layiq görülüb. İlk uğuru qazandıqdan sonra bu, onda vərdiş halına çevrilməyə başlayıb.

Daha sonra Elnur Hüseynov bir müddət Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xor kapellasında, həmçinin kilsə xorunda fəaliyyət göstərməyə başlayıb. Sevda Məmmədova, Fidan Hacıyeva və Rəşad Haşımovdan dərs alaraq musiqi bildiklərini daha da təkmilləşdirib. 2005-ci ildə “Prestij” qrupu ilə birlikdə Eldar Mansurov tərəfindən yazılmış “Bəsdir” mahnısını yazdırıb. Sonradan həmin mahnıya klip çəkdirsə də bu ona heç də uğur gətirməyib.

Və nəhayət ki, 2008-ci ildə Elnur Hüseynov Azərbaycanı ilk dəfə olaraq “Eurovision” mahnı müsabiqəsində təmsil etmək üçün milli seçimlərdə iştirak etməyə qərar verib. 2 fevral tarixində keçirilən milli finalda o, əvvəlcə Eldar Mansurovun “İf You Never Back” mahnısını ifa edib. Daha sonra Samir Cavadzadə ilə duetdə “Day After Day” mahnısı ilə Azərbaycanı Avropa ölkələri arasında təmsil edib. Münsiflər heyətinin səsverməsindən sonra Elnur Samirlə birgə dueti qələbə qazanır.

Avropa əhəmiyyətli müsabiqənin ilk yarımfinalında duet 96 balla 6-cı yeri tutdu və finala çıxdı. Finalda təmsilçilərimiz 132 balla 8-ci oldular. Məhz bundan sonra “Day After Day” sinqli bir çox ölkələrdə tanındı. Mahnıya çəkilmiş klip isə uzun müddət Azərbaycan hitlərində birinci yerdə qərarlaşdı.

Elnur 2009-cu ilin əvvəlində Ukraynada musiqi karyerasını davam etdirəcəyini bildirmişdi. Buna baxmayaraq, bir neçə aydan sonra o, yenidən Azərbaycana qayıtdı. 2010-cu ilin aprel ayında Elnur “Maşın” realiti şousunun iştirakçısı olur, lakin elə yarışın ilk günündə yarışdan uzaqlaşdırılır. 2011-ci ildə yeni prodüser ilə çalışmağa başlayır və İsfar Sarabski, Diana Hacıyeva və digərləri ilə həmkarlıq edir.

Uzun müddət gündəmdə olmayan Elnur Hüseynov mətbuata açıqlamasında “Eurovision” mahnı müsabiqəsindən sonra Samirlə birgə heç də yaddaşlardan silinmədiklərini söyləyir: “Samirlə mən hərəmiz öz layihəmiz üzərində işləyirik. DJ Emillə 3-4 mahnı üzərində çalışırıq və bu insanların xoşuna gəlir. İstəyirik, başqa ölkələrdə Azərbaycanı təmsil edək. “Eurovision” müsabiqəsində bəzi şeylər xoşuma gəlmədi, bəzi şeylər düz olmadı, indi mən özüm gedib başqa ölkələrlə danışsam daha yaxşı olar. Hamısını özümüz etsək, heç bir problem yaranmaz”.

Hər zaman xarici mahnılar ifa edən Elnur Azərbaycan dilində oxumağın ona çətin gəldiyini, bir neçə dəfə cəhd etsə də onda milli mahnıların yaxşı alınmadığını etiraf edib. Onun ifa tərzində daha çox fransız və ingilis dili uyğun gəldiyini söyləyir. O, mətbuata açıqlamasında hələ də özünü axtardığını nə həyatda, nə də musiqidə görmək istədiyi Elnuru görə bilmədiyini deyib.

Gənc vokalçı özünü Azərbaycan şou-biznesində görmür, hətta ondan iyrəndiyini də dilə gətirməkdən çəkinmir. O, efirə çıxmaq üçün qalmaqal edən müğənniləri heç cür anmadığını, belə cılız hərəkətləri özünə yaraşdırmadığını bildirir. Tək istəyi isə Azərbaycanı xarici ölkədə səviyyəli şəkildə təmsil etməkdən ibarətdir. Etdi də...

Türkiyənin “TV 8” kanalında yayımlanan “O ses Türkiye” yarışmasına qatıldı. Özü də necə qatıldı. Həmin müsabiqədəki çıxışı ilə münsiflər heyətini və tamaşaçıları sözün həqiqi mənasında şoka saldı. Həm münsiflərin, həm də zaldakı tamaşaçıların israrları ilə Elnur daha bir neçə mahnı ifa etdi. İfaları o qədər peşəkar və təsirli oldu ki, münsiflər heyəti azərbaycanlı yarışmaçını ayaq üstə alqışladılar. Münsiflərin hər biri ayrılıqda bildirdilər ki, indiyədək belə ifaya, bu cür səsə rast gəlməyiblər. Həmin gün Elnur Türkiyənin qəzet və saytlarında adını manşetlərə yazdırdı. “Azərbaycanlı istedad O ses Türkiyədə” kimi xəbərlər tirajlandı.

Türkiyənin sevilən ifaçısı Ebru Gündeş Elnur haqda “İndiyədək Türkiyədə keçirilmiş bütün yarışmalarda belə səs və ifa olmayıb” kimi fikirlər səsləndirdi. Əslində bu Azərbaycan ifaçısı üçün böyük bir şərəf idi. Onun bu sözlərinə jüridəki həmkarları da dəstək oldular. Sonra sözün əsl mənasında münsiflər Elnur uğrunda mübarizəyə başladılar. Elnur ən sonda qərarını verərək “O səs Türkiye” yarışmasında Ebru Gündeşin komandasında təmsil olunmağı seçdi. E.Gündeş onun bu qərarını səhnəyə çıxaraq böyük sevinclə qarşıladı. Hətta dəfələrlə azərbaycanlı iştirakçını öpərək, bağrına basdı.

Beləcə, bir neçə gündə Elnur Hüseynov Azərbaycan və Türkiyə mətbuatında böyük səs-küyə səbəb olmağı bacardı. Elnur Türkiyə mətbuatının da qısqanclığına səbəb olub. Belə ki, artıq qonşu ölkənin mətbuatında Ebru Gündeşin azərbaycanlı həyat yoldaşı Rza Sarrafın Elnuru pul ilə tutduğunu, onu Ebru Gündəşə hədiyyə etdiyi yazılıb. Deyəsən, bu şayiələr Elnuru hələ çox addım-addım izləyəcək.

Sonda isə mən bir Azərbaycanlı olaraq Elnuru o səhnədə görməkdən böyük qürur duydum. Əhsən sənə Elnur Hüseynov. Bizim doğurdan da istedadlı, dünyanı lərzəyə gətirə biləcək gənclərimiz var.

Xəyalə RəisUğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973