• cümə, 19 Aprel, 15:00
  • Baku Bakı 25°C

“Ağ ölüm - narkomaniya öldürür” adlı sosial çarxın təqdimatı keçirilib

24.07.17 14:54 1178
“Ağ ölüm - narkomaniya öldürür” adlı sosial çarxın təqdimatı keçirilib
Azərbaycanda gənclər arasında narkotik vasitələrə aludəçiliyə qarşı mübarizə aparmaq üçün yeni maarifləndirici layihəyə yekun vurulub.
APA-nın məlumatına görə, "Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihəsi çərçivəsində "Ağ ölüm - narkomaniya öldürür” adlı sosial çarx çəkib. Sosial çarxda gənclərin narkotik vasitələrdən əl çəkməsi üçün düşündürücü və maarifləndirici süjet yer alıb.
Tədbirdə çıxış edən geoasiyasi və təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev bildirib ki, narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaradır: "Əgər bir pis vərdiş insanın məhvinə yönəlirsə demək o da cinayətkardır. Onları bu vərdişlərdən yayındırmaq üçün maarifləndirici tədbirlərə ehtiyac var”.
A.Nağıyev deyib ki, əgər 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar olmayıbsa, 2015-ci ildən uşaqlar arasında narkotik istifadəçilərin sayı artmaqdadır. Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 5, 18-24 yaşlı 1447, 25-29 yaşlı 4076, 30-34 yaşlı 4239 narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb: "Düşünürəm ki, bu cür sosial çarxların ictimailəşdirilməsi uşaq və gənclər arasında pis vərdişlərin yayılmasının qarşısını alar”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə çıxışında qeyd edib ki, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Onun sözlərinə görə, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Ona görə də ictimai qurumlar tərəfindən bu cür layihələrin həyata keçirilməsi önəmlidir.
Qeyd edək ki, sosial çarxın rejissoru və ideya müəllifi Nicat Cəlilov, ssenari müəllifi Samir Qulamov, aktyorlar Rüfət Quliyev, Orxan Hüseynov, Azər Nəsimzadə, Yasin Ömər, Mahmud Məmmədovdur.
banner

Oxşar Xəbərlər