• cümə axşamı, 28 mart, 14:11
  • Baku Bakı 16°C

“Ağ atı” ilə zirvəyə tələsən istedad - Portret

16.02.15 06:18 3176
“Ağ atı” ilə zirvəyə tələsən istedad - Portret
“Şahmat həyatın kiçilmiş modelidir” deyirlər. Burada da hər addımını əvvəldən fikirləşməli, etdiyin səhvin sənə böyük zərər vurmaması üçün yetərincə düşünməlisən. Burada da həyatdakı kimi ağ və qara zolaqlar var, onlar xoş və pis günləri təcəssüm edir. Nəhayət, bu oyunun da bir sonu var. Onu qalib və ya məğlub başa vurmaq isə sənin özündən asılıdır. Bunun üçün böyük zəka, çalışqanlıq, əzmkarlıq, bir qədər də risk lazımdır. Min illər əvvəl döyüşlərdəki düzülüşlərin taxta üzərindəki inikası ilə yaranan, böyük mütəfəkkirlər, şahlar, xanlar, bütün təbəqələrdən olan insanlar üçün böyük maraq və fəlsəfi düşüncələr mənbəyi olan şahmat çox zaman “Ya qələbə, ya heç nə” sualında tərəf seçmək məcburiyyətində qoyur bizləri. Əslində isə, tərəf yoxdur. Ya qələbə qazanmalısan, ya da heç nə.
Risk və düşüncə gözəlliyi
Təbii ki, başıalovlu döyüşə qatılmaq, addımlarını hesablamadan mübarizə aparmağın sonu uğursuzluqdur. Müasir şahmatçıların heç də hamısı riski sevən kimi tanınmırlar. Onlar dəqiq hesablamalar, incə ehtimallar üzərində qurulan oyun tərzi ilə çempion olur, böyük zirvələri fəth edirlər. Ancaq yazımızın bugünkü qəhrəmanı üçün “ehmalca” yerimək məqbul durum deyil. Onun üçün şahmat özünüifadə, xarakterini ortaya qoymaq vasitəsidir. Düzdür, bu yolla böyük uğurlar qazanmaq çətindir. Ancaq şahmat təkcə nəticə yox, həm də düşüncə gözəlliyidir. Üstəlik, onu oynayan şəxs də gözəl bir qadındırsa… Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının daimi üzvü Nərgiz Umudovanı yaxından tanıyandan sonra, özünüz üçün bəzi həqiqətləri qəbul edəcəksiniz.
Təsadüf, yoxsa zərurət?
Dünyaya 1989-cu ildə iyunun 20-də Bakıda, ziyalı ailəsindən göz açan Nərgiz üçün şahmat bəlkə də bir alın yazısıdır. Atası - tanınmış musiqiçi, əməkdar incəsənət xadimi Məmmədağa Umudov ondan başqa könlünü bu oyuna vermiş daha iki qız böyüdüb. Ülkər Umudova Azərbaycan qadın şahmatında ilk beynəlxalq hakim statusunu alan şəxsdir, Günay Umudova isə hazırda 1 nömrəli Şahmat Məktəbində müəllimədir. Maraqlısı isə odur ki, Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz “ilk müəllimi”nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır. Zaman göstərir ki, bu seçim ən düzgünü imiş.
Tarixdə iz qoyan şahmatçı
Nəticələr özünü gözlətmir. İlk məktəbdə hamıdan üstün olan Nərgiz, daha sonra Bakı çempionatına qatılır. Paytaxtın ən yaxşılarından biri olan kimi isə ölkə səviyyəsində yarışlarda uğur qazanır. 2001-ci ildə Respublika birinciliyində 3-cü yer tutan Umudova, bir il sonra çempionluq kubokunu başı üzərinə qaldırır. Və bundan sonrakı ardıcıl 7 il bu titulu heç kimə vermir. Özü də qızıl medalları yalnız öz yaşıdları yox, həm də özündən böyüklər arasında da qazanması xüsusilə qeyd olunmalıdır. Bu zəfərləri onu Azərbaycanın qadınlardan ibarət yığmasının daimi üzvünə çevirir. Elə 2001-ci ildə 12 yaşlılar arasında Avropa çempionatında bürünc medala yiyələnməsi ona olan etimadın yersiz olmadığına işarə idi. 2006-cı ildə 18 yaşlıların dünya birinciliyində gümüş medal sabitlik və çalışqanlıqdan xəbər verirdi. 2009-cu ildə Azərbaycan qadın şahmatında baş verən tarixi hadisədə də Nərgizin izi var. Həmin il qadın yığmamız Avropa komandalar turnirində “ilk onluğ”a düşərək ilkə imza atır. Bu yığmada aparıcı qüvvələrdən olan Umudova, bir il sonra həmin milli komandanın heyətində dünya Olimpiadasında 5-ci yeri tutaraq möhtəşəm uğurun memarlarından biri olur.
Kişi kimi!
Onlarla müxtəlif turnirlərdəki mükafatları sadalamadan keçməyə məcburuq, çünki belələri çoxdur. Fərdi uğurlardan ən yaddaqalanları arasında 2013-cü ildə Vyanada keçirilən qadın-kişi qarışıq turnirindəki qələbəsini qeyd etmək olar. Məhz burada Umudovanın qarşısına qoyduğu əsas məqsədlərdən biri özünü göstərir. Qadın olaraq kişilər arasında beynəlxalq usta normativini doldurmaq, bunu etmiş az sayda zərif cins nümayəndələrindən biri olmaq üçün çalışan Nərgizin bu səyi alqışlanılmalıdır. Ötən ilin oktyabrında bunun üçün tələb olunan 3 normativdən birini dolduran şahmatçı, sona qədər mübarizə aparmaq fikrindədir. Fikri varsa, mütləq edəcək. Əmin ola bilərik.
“Ya qələbə, ya heç nə!”
Nərgiz şahmat taxtası arxasında da riskli biridir. Umudovanın qalib ruhu elə ilk gedişdən ortaya çıxır. Matçlarına “Siciliya müdafiəsi” ilə başlaması buna sübutdur. Dünyanın ən güclü şahmatçılarının debüt repertuarına daxil olan bu başlanğıcda əsas ideya asimmetrik pozisiyanın yaradılmasıdır. Bir çox variantlarda müxtəlif rokirovkalara gətirib çıxarır ki, bu da ciddi taktiki mübarizəyə rəvac verir. Adətən, bu, riskli addım sayılır. Yəni qələbə ehtimalı böyük olması ilə yanaşı, taxta arxasından məğlubiyyətlə ayrılmaq şansı da çoxdur. Nərgiz də “ya qələbə, ya heç nə” şüarı ilə mübarizəyə qoşulur. İndiyə qədər beynəlxalq turnirlərdə qara fiqurlarla oynadığı matçların statistikasına nəzər yetirin: 130 qələbə, 135 məğlubiyyət və cəmi 63 bərabərlik. Bilirik ki, şahmatda oyunlar əksər hallarda heç-heçə başa çatır. Ancaq bu “sülhə razılaşma” Umudovanın tərzi deyil. Onun üçün hər matç qələbə şansıdır. Uduzsa da, inadından dönmək istəmir. Qazandığı uğurlar göstərir ki, bu inad sadəcə kapriz yox, saatlarla çalışmaların məntiqi nəticəsidir.
İş qadını
Özünün də dediyinə görə, şahmatçının üslubu onun xasiyyəti ilə birbaşa əlaqəlidir. Nərgizin oyununu kənardan izləməklə, onun real həyatdakı prototipini görmək olar. İstədiyinə nail olana qədər irəliləyən, bu yolda bəzi şeyləri itirmək riskini anlayan biridir. Eyni zamanda, həyatını yalnız idmana bağlamamaq da niyyətindədir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistri olan Umudova beynəlxalq sertifikat alaraq təhsilini ölkə xaricində davam etdirmək istəyir. Bunun üçün 2014-cü ildə çox sayda beynəlxalq şahmat turnirində iştirakdan imtina edən Nərgiz, bununla da riskə getmiş olur. Ancaq risk onun bütün həyatı boyu yol yoldaşıdır. İkinci təhsil olaraq biznes və idarəçiliyə meylli olan Nərgiz, indidən bu istiqamətdə praktiki çalışmalara başlayıb. Bacısı Ülkər ilə birlikdə “Ağ At” şahmat klubunu yaradan Umudova burada həm iş qadını, həm də bir məşqçi kimi sevimli idmanının sirlərini kiçik vunderkindlərə öyrətmək imkanı əldə edir. Niyə “Ağ at”? Çünki bu fiqur şahmatın dəyişməz simvoludur, həm də murad anlamına gəlir.
Portreti
Rəssam onun portretində çox gözəl bir qadın təsvir etməlidir. O, həyatını dolu yaşayan, ondan maksimum zövq almağa, arzularının arxasınca sona qədər getməyə hazır, gülərüz, təbəssümünü əskik etməyən biridir. Şahmatı sevir, maraqlı oyun nümayiş etdirmək, sevimli idmanını başqalarına da sevdirmək istəyir. Nərgiz idmançı olmağın həyatdan qopmaq yox, onu istədiyin kimi yaşamaq olduğunu göstərməyi bacarıb. “Mənə görə hər bir insan hər şeyi bacara bilər” deyən bu zərif xanım, sözlərini bizə öz timsalında sübut edərək ondan öyrəniləcək çox şeyin olduğuna işarə edir.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər