AZE | RUS | ENG |

98 faiz Ərdoğanı dəstəkləyir

98 faiz Ərdoğanı dəstəkləyir
Türkiyə ölüm hökmünü bərpa edəcəkmi?

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sensasion açıqlaması ilə yenidən gündəmə gəlib. Baş nazir bəyan edib ki, Türkiyədə 10 il əvvəl ləğv olunmuş ölüm hökmü bərpa oluna bilər. O, İndoneziyanın Bali şəhərində keçirilən 5-ci Bali Demokratiya Forumunda etdiyi çıxışında bu hökmlə bağlı bir sıra məqamları açıqlayıb: “Norveçdə bir hadisə yaşandı. Bir özünü bilməz çıxdı, 77 nəfər Norveç vətəndaşını öldürdü. Amma ona 21 il həbs cəzası verildi. Əgər 77 adamı öldürən insan 21 il sonra çölə çıxa bilirsə, o zaman 77 insanın ailəsi necə rahatlıq tapa bilər? Onların çəkdiyi acını düşünmək lazımdır. Özümüzü təkrar ədalət tərəzisinə qoymalıyıq. Ona görə qoymalıyıq ki, insanlıq dinclik tapsın. Siyasi cinayətlərlə bağlı olmasa da terror törədənlər və ölümə şərait yaradanlarla bağlı edam qərarını müzakirə etmək, əlbəttə ki, mümkündür. Avropada ölüm hökmü ləğv edilib. Nəyə görə ABŞ, Yaponiya və Çində buna əməl edilmədi? Deməli, ölüm hökmünün ləğv edilməməsi üçün bu ölkələrin əsaslandırılmış səbəbləri var”.

Bu bəyanatdan dərhal sonra ekspertlər bunu PKK üsyançıları ilə türk ordusu arasında qarşıdurma nəticəsində artan qurbanlarla əlaqələndiriblər. Qeyd edək ki, 2002-ci ildə ölkənin Avropa İttifaqına üzvlüyünə hazırlıq işlərinə yönəlik islahatlar paketi çərçivəsində Türkiyə ölüm hökmünü ləğv edib. A.Öcalan barəsində çıxarılmış ölüm hökmü üç il sonra ömürlük həbs cəzası ilə əvəz olunub. Qərb ekspertləri vurğulayırlar ki, əgər ölüm hökmü bərpa olunsa, onsuz da yaxşı olmayan Ankara-Brüssel münasibətləri daha da gərginləşəcək. İctimai sorğular isə göstərir ki, türklərin əksər hissəsi ölüm hökmünün bərpa edilməsinin tərəfdarıdır. Keçirilən rəy sorğularının nəticələrinə görə, türk xalqının 98 faizi bu cəzanın geri qaytarılmasını istəyir.

Maraqlıdır ki, hökumət başçısının həbsdəki PKK lideri Abdullah Öcalanı nəzərdə tutaraq işlətdiyi ifadəyə Avropa Birliyi xarici siyasət və Təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton münasibət bildirib. Xanım siyasətçi qeyd edib ki, Ərdoğandan belə fikirlər eşitmək təəssüfləndiricidir. Onun sözlərinə görə, əgər Türkiyə həqiqətən ölüm hökmünü bərpa edərsə, birliyə üzvlüyü məsələsini bir qədər də yubatmış olacaq. Məsələyə daha bir münasibət isə kürdləri təmsil edən Barış və Demokratiya Partiyasının həmsədri Səlahəddin Demirtaşdan gəlib. O bildirib ki, ölüm hökmü bərpa edilsə belə, Öcalan bu qərardan kənarda qalacaq. Dəmirtaşın fikrincə, qanun özündən əvvəlkini ehtiva etmədiyindən PKK lideri də edam edilə bilməz.

Bəzi ekspertlər isə hesab edir ki, Türkiyədə ölüm cəzasının bərpası kifayət qədər gözləniləndir. Hətta bunun yaxınlarda reallaşmasını mümkün hesab edənlər də tapılıb. Çünki ölkədə xüsusilə PKK və onun əlaltıları ilə bağlı məsələlər var ki, onları yalnız edam cəzası tətbiq etməklə həyata keçirmək mümkündür. “Həm də edam cəzasının bərpası ilə yenidən vintləri bərkitmək mümkün olacaq. Bir məlumat da ondan ibarətdir ki, artıq Türkiyə Avropa Birliyinə daxil olmaq xəttindən imtina etdiyi üçün ölüm cəzasının bərpasına Avropanın sərt reaksiya verəcəyindən narahat deyil. Türkiyə artıq ölkədə qayda-qanun yaratmaq xəttini seçdiyi üçün belə riskə getmək istəyir. Bu mənada da qanunvericilikdə Avropa standartları ilə bağlı məsələlərin bəzilərində düzəlişlər aparacaq”- deyə türkiyəli ekspertlərdən biri vurğulayıb. Həqiqətənmi, ölüm hökmünün qaytarılması mümkündür? Bu sualı cavablandıran Ankara Strateji İnstitutunun direktoru Mehmet Özcan ona milli və beynəlxalq hüquq nöqteyi-nəzərindən, eləcə də bunun siyasi yolla həyata keçirməsinin mümkünlüyü prizmasından cavab axtarmağa çalışıb. Ekspert ilk növbədə bunu hüquqi prizmadan analiz edib. O hesab edir ki, Türkiyənin Avropa Birliyinin bir sıra sənədlərinə imza atıb: “Ölüm hökmünü qəbul etməklə Türkiyə onların hamısından imtina etməlidir”. “Bəs Türkiyə bu normalara baxmayaraq Konstitusiyanı dəyişib ölüm hökmünü qaytara bilərmi” sualının cavabında ekspert bunun hüquqi cəhətdən mümkün olduğunu deyib.

Lakin siyasi nöqteyi-nəzərindən bu məsələnin AB ilə çox ciddi problemlər yarada biləcəyini deyib: “Bu səbəbdən də Türkiyə çətin ki, belə bir qərar qəbul etsin. Belə olan halda AB müxtəlif sanksiyalar mexanizmi tətbiq edə bilər”. Ekspertin sonda gəldiyi nəticə bundan ibarətdir ki, əgər Türkiyə ölüm hökmünə qayıtsa, onda AB ilə onsuz da axsayan münasibətlər rəsmən dayandırılacaq. Belə ki, AB üçün ölüm hökmünə qayıtmaq - insan haqlarının çox ciddi şəkildə pozulması olacaq. AB ilə münasibətlər nəinki, siyasi, eləcə də çox ciddi mənfi iqtisadi nəticələrə gətirib çıxara bilər. Onun qənaətincə, Ərdoğanı ölüm hökmü ilə bağlı müzakirələr açmağa iki məsələ vadar edib:“Birincisi, Ərdoğan daxili siyasi gərginlikdə gündəmə yeni məsələ gətirməyə və cəmiyyətdə artan ictimai narazılığı müəyyən məcraya salmağa can atır. İkincisi, Ərdoğan Avropanın diqqətini BMT-nin daimi üzvü olan Çin, ABŞ və Rusiya kimi ölkələrdə ölüm hökmünün saxlanmasına yönəltməyə çalışır. Bununla da geniş diskussiyalar açmağa çalışır”.

Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219