• cümə, 29 Mart, 11:18
  • Baku Bakı 5°C

95 yaşlı BDU-nun 15 yaşlı şöbəsi

01.05.15 13:49 1117
95 yaşlı BDU-nun 15 yaşlı şöbəsi
“Ali təhsil ocağındakı hansısa fakültə, yaxud da şöbə hesabat verməyə hazırdırsa, onun yubileyini keçirmək mümkün olur. Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsi də ötən 15 illik fəaliyyəti, gördüyü işlər barədə hesabat verməyə tam hazır olduğu üçün yubiley tədbiri keçirmək qərarına gəldik. Ona görə də bu gün özünəməxsus tarixi bir gündür. Həm şöbənin fəaliyyətinin 15 ili tamam olur, həm də burada 15 il ərzində görülən işləri özündə əks etdirən sanballı bir vəsaitin - “BDU 15 il mətbuat aynasında” kitabının təqdimat mərasimidir. Bu kitab Azərbaycan, rus və ingilis dillərindədir. Maraqlı bölmələrdən ibarət olan topluda ümummilli lider Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin universitetlə bağlı fərman və sərəncamları, rəsmi görüş və tədbirləri barədə məlumatlar, “BDU-nun Fəxri doktoru” adı verilmiş görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri haqqında məlumatlar da oxuculara təqdim olunub”.
Bu barədə BDU-da təşkil olunan tədbirdə universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov bildirib. Medianın 4-cü hakimiyyət olduğunu bir daha diqqətə çatdıran universitet rəhbəri vətəndaş cəmiyyətinin qurulmasında informasiya mənbələrinin, kütləvi informasiya vasitələrinin (KİV) xüsusi rola malik olduğunu vurğulayıb. Qeyd edib ki, yazılı və elektron media, həmçinin sosial şəbəkələr cəmiyyətdə qlobal düşüncənin formalaşmasına xidmət edir. Bununla yanaşı, milli düşüncənin, milli ideologiyanın formalaşmasında da sadalanan strukturlar mühüm rol oynayır. BDU-nun tarixindən söhbət açan rektor deyib ki, Azərbaycan xalqının tarixində ali təhsil ocağının özünəməxsus yeri var. O, ümummilli lider Heydər Əliyevin universitet barədə səsləndirdiyi fikirləri dilə gətirərək, BDU-nu Azərbaycan xalqının milli sərvəti kimi təqdim edib: “Bu milli sərvət 1919-cu ildə yaradılarkən milli hökumət düşünüb ki, ölkədə savadsızlığı aradan qaldırsın, səhiyyəni gücləndirsin. Ona görə də BDU-da ilk olaraq fizika, riyaziyyat, tarix və tibb fakültələri yaradılıb. Universitet inkişaf etdikcə milli kadrlarımız yetişib, milli özünüdərk də formalaşıb. Hətta ötən əsrin 30-cu illərində milli özünüdərk, milli təəssübkeşlik o səviyyədə olub ki, imperiya bundan ehtiyat edərək universiteti bir müddət bağlayıb. Lakin təəssübkeş ziyalılarımız, rəhbərlik sonradan universitetin fəaliyyətinin bərpa edilməsinə nail olublar. Dövlətçilik, milli ideologiyanın formalaşmasında da BDU-nun rolu danılmazdır. Məhz bu universitetin bazasında Elmlər Akademiyası yaradılıb. BDU elmi, maarifçiliyi formalaşdıran mərkəz olub. Müstəqilliyimizin ikinci dəfə bərpasından sonra isə BDU dövlətimizin ən müxtəlif sahələrində çalışan milli kadrların yetişdirilməsinə, dövlətə və dövlətçiliyə, Azərbaycan elminin inkişafına xidmət edib. Bütün bunların Azərbaycan cəmiyyətinə, eləcə də dünyaya çatdırılması istiqamətində Mətbuat və informasiya şöbəsinin, eləcə də Azərbaycan KİV-lərinin əməyi böyükdür. Bu, bizim ümumi işimizdir”.
Universitet rektorunun çıxışından sonra BDU haqqında qısametrajlı sənədli film nümayiş olunub. Ardınca Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “15 illik şərəfli yol” adlı təqdimat edib. O, şöbənin fəaliyyət istiqamətlərindən, əməkdaşlıq etdikləri media qurumları ilə münasibətlərdən, Facebook, Twitter və Youtube kanalındakı fəaliyyətlərindən, universitetin, fakültə, struktur, mərkəz və şöbənin saytlarından, onların idarə olunmasından söhbət açıb. Bildirib ki, KİV ötən müddət ərzində BDU-nun həyatında baş verən hadisələri, ictimai maraq kəsb edən hər bir faktı diqqət mərkəzində saxlayıb, ictimaiyyətə çatdırıb.
Tədbirdə BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, kafedra müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Təhsil Nazirliyinin əməkdaşı Cəsarət Valehov, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı və başqaları da çıxış edərək, BDU-KİV münasibətlərindən danışıblar.
Sonda bir qrup KİV rəhbəri “BDU-ya informasiya dəstəyi”, “Universitetin dostu” mükafatlarına, universitetlə əməkdaşlıq edən jurnalistlər isə xüsusi mükafatlara layiq görülüblər. Universitetin rektoru A.Məhərrəmov isə “BDU-nun Mətbuat və informasiya şöbəsinin fəxri üzvü” xatirə mükafatı ilə təltif olunub.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər