• cümə axşamı, 28 mart, 10:35
  • Baku Bakı 4°C

9 yaşlı qızımla da məsləhətləşirəm – Gör-götür

23.05.15 06:36 1676
9 yaşlı qızımla da məsləhətləşirəm – Gör-götür
Onu daha çox vaxtilə telekanallarımızdan birində yayımlanan “Zorxana” verilişi ilə tanıyıb sevmişik. O, bir çox filmlərin ssenaristi, redaktoru, rejissoru olub. Müxtəlif dövrlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına, Dövlət kino komitəsinə, AzərTelefilmə, “Günay” qəzetinə rəhbərlik edib. Dövlətlərarası MİR Teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və ANS teleşirkətinin baş icmalçısı olub. Hazırda Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, ATV telekanalının aparıcısıdır. Yeddi bədii nəsr, üç publisistik kitabın müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. Müsahibimiz yazıçı, ssenarist, rejissor, jurnalist, “Salnamə” studiyasının baş redaktoru Orxan Fikrətoğludur.
- Müsahibə almaq istəyəndə ilk olaraq müsahiblərimi sosial şəbəkələrdə axtarıram. Sizi facebookda tapsam da, səhifənizi çox gec-gec yenilədiyinizi gördüm. Deyəsən, sosial şəbəkələrlə aranız yoxdur...
- Mən sosial şəbəkədə yoxam. Bildiyimə görə, bir neçə adam facebookda mənim adıma səhifə də açıb. Bu adamların heç biri əslində mən deyiləm və bu haqsızlığı illərdir aradan da qaldıra bilmirəm. Sosial şəbəkələrdən istifadə edənlərə hörmətim var, bu, onların hüququdur. Amma o məkan mənim üçün maraqlı deyil. Çünki mən sözümü efir, ədəbiyyat, kino vasitəsilə deyirəm.
- Nədənsə mənə elə gəlir, siz Azərbaycan telekanallarına sığışacaq birisi deyilsiniz...
- Mənə də elə gəlir. Amma televiziyada işləmək vətəndaşlıq görəvimdir. Moskvada Dünya Ədəbiyyatı İnstitutunu bitirəndə düşünürdüm ki, asket həyat tərzi sürəcəm. Kütləvi insan deyiləm. Tənhalığı, oturub nəsrimi yazmağı daha çox sevirəm. Televiziyaya gəldiyim illər elə bir dövr idi ki, gərək tribunaya qalxıb vətəndaşlıq mövqeyini bildirəydin. Çünki xalq seçim dönəmində idi. Mən də bir-iki kitab yazıb, bir-iki kitab oxumuş insan kimi düşündüm ki, telekanallar vasitəsilə müəyyən bir intellektual zümrənin dəyərlərini müəyyən etməyə qadirəm və bunu missiya kimi loru, sadə dildə insanlara çatdırmağa çalışdım. Televiziya amorf bir mexanizmdir və bu mexanizmin öz tarixçəsi var. O tarixçə heç də Orxan Fikrətoğlunun istədiyi kimi yazılmır. Zaman keçdikcə telekanallarımız daha çox kütləviləşdi, öz dəyərlərini formalaşdırdı. Bu kütləvilikdə, düşüncədən bir qədər kənarda, daha çox hissi məqamda olan, açar deşiyindən insanların taleyinə baxıb onları güldürən və ağladan jurnalistika mənə yaddır. Çünki mən maarifçilik üzərində köklənmiş, başqa dəyərlərlə formalaşmış ənənədən müasirliyə qədər olan yolun üstündəyəm. Bu imkanı mənə verdiyi üçün ATV rəhbərliyinə minnətdaram.
- Orxan bəy, 20 ildən çox müddət ərzində televiziyada siyasi mövzulu verilişlər aparmısınız. Necə oldu ki, kino sahəsinə transfer etdiniz?
- Əslində mən həmişə kino sahəsində işləmişəm. Televiziya mənim hobbim olub. Televiziyada heç vaxt ştatda olmamışam, layihələrimi həyata keçirmişəm. Kino həmişə mənə doğma olub. Kino layihəsini televiziyada canlandırmağım içimdən gələn bir istəkdir. Düşünürəm ki, bu gün cəmiyyətin gözü kinoya da yadırğayıb. Füzulini, Bakuvini yaratmış azərbaycanlılar elə bir yönə, baxışa yönəldilib ki, bu insanların ağa ağ, qaraya qara deməməyi mənə dəyir. Bu filmlərlə kütlənin baxışını dəyişmək istəyirəm. Rejissor kimi iki kino çəkmişəm. Sonra televiziya, ədəbiyyat başımı qatdı. Amma özüm çəkməsəm də, istədiyim, zövqümə uyğun dünya çaplı filmləri tamaşaçılara təqdim edirəm ki, aktyorun əslində necə oynadığını, rejissorun, kinonun nə olduğunu görsünlər.
- Özünüz yəqin maliyyə problemi ilə bağlı rejissorluq etmirsiniz...
- Burada bir çox problemlər var. İndi kino istehsalı mərkəzləşdirilib. Sifarişlər Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə qəbul olunur və çəkilir. “Salnamə” studiyasının baş redaktoru ola-ola filmlərimi burada çəkməyim düzgün deyil, əxlaqsızlıqdır. Mənim filmlərim Türkiyədə çəkilir. “Müjdə” filmim hazırda Türkiyədə lentə alınır. Azərbaycan müharibəsi haqqında olan bir filmimi də türklər aldı. Bir ssenarimi də İran və türk kinomatoqrafçıları çəkmək istəyir. Bununla bağlı Azərbaycana da müraciət olundu. Azərbaycan tərəf maraq göstərmədi. Kitabımı da, filmimi də artıq daha böyük müstəviyə, başqa ölkələrə çıxarmaq fikrindəyəm. Mənə elə gəlir, ora daha adekvatdır, yanaşmalar daha düzgündür. Demirəm, Azərbaycanda heç nə başa düşmürlər. Azərbaycanda hər şeyi başa düşürlər. Ancaq bizdə çox qəribə mühit formalaşıb. Hərə özünü daha yaxşı başa düşür. Məsələn, Yazıçılar Birliyinin ətrafında müəyyən insanlar var ki, onlar ancaq orada çap olunub orada təriflənir və irəli çəkilirlər. Başqa qruplar da ancaq özününküləri tərifləyir. Mən də heç vaxt heç bir dəstəyə girməyən insanam. Kütləviliyi, hansısa təşkilata qoşulmağı sevmirəm. Buna görə burada məni heç kim tərifləmir və oxumur. Təbii ki, ciddi oxucu kütləsi oxuyur.
- Əsərlərinizin ilk oxucusu kimdir?
- Bu barədə bəxtim gətirib. Anam xarici ədəbiyyat mütəxəssisidir. Kitab seçimini anamın məsləhəti ilə edir, onun dediyi kitabları oxuyurdum. Kafkanı, Sartrı, Kamyunu orta məktəbin yuxarı siniflərində mütaliə etdiyimdən beynim də, nəsrim də Avropa nəsri üzərində formalaşıb. Buna görə Azərbaycana adaptə olunanda ilk sürrealist, absurd, fantosmaqorik yazıları qələmə alanda bu yazılar oxunmurdu, yazılmırdı, bilinmirdi və qəbul edilmirdi. Məsələn, atam ilk dəfə hekayələrimi oxuyanda deyirdi ki, “a bala bu nədir yazırsan”. İndiki gənclərə minnətdaram ki, bu sahəyə müəyyən abı-hava gətirdilər, müxtəlif cərəyanları kütləviləşdirdilər.
Onu da qeyd edim ki, anamla məsləhətləşsəm də, ilk oxucum özüməm. Bu barədə çox tərsəm. Atam mənim üçün avtoritetdir. Həyat yoldaşım iki kitabımın redaktoru olub. 9 yaşlı qızımla da məsləhətləşirəm. “Tək” romanımda azad bir jurnalist obrazının adını qızımın qoymasını təklif etdim. Düşünüb sabahısı adını Edvard Milton qoyduğunu dedi. Onun fikrincə, azad jurnalist mütləq Edvard adlı birisi olmalıdır. Sözügedən romanda bir uşaq bir terrorçuya əl açıb, pul istəyir. Əsərin birinci variantında terror qruplarına qoşulmuş terrorçunun çox qəddar olduğunu göstərmək üçün uşağı öldürtdürürdüm. Özüm də bilirdim ki, dramaturji xəttə görə, terrorçu təmizlənib uşağı xilas etməli, sonra özünü öldürməlidir. 9 yaşlı qızım xahiş etdi ki, o uşağı xilas edim. Uşağı xilas etdim. Kitabım Türkiyədə müzakirə olunanda mənə dedilər ki, əsərin ən gözəl yeri o uşağın xilasıdır.
- Övladınızı necə tərbiyə edirsiniz?
- Qızımı çox istəyirəm. Bu, bəlkə də mənim zəif yerimdir. Çünki dünyaya gec gəlib. Hesab edirəm ki, möcüzə uşaqdır. O uşağın olması ilə bağlı müəyyən mənada problemlər yaşanıb. Mən Məkkəyə getdim və övladımı oradan istədim. Çox qəribədir ki, qayıdanda xoş xəbərlə qarşılaşdım. Buna görə qızımı Allahın göndərdiyi hədiyyə kimi qəbul edirəm. Müəyyən mənada ona olan hədsiz sevgim tərbiyəsində mənfi rol oynaya bilər. Amma bilirəm ki, anası ona qarşı çox qəddardır. Qızımın da ruhani kökü var. Onun da mənim kimi cəmiyyətdə intellektual yük daşımasını istəmirəm. Mən həmişə efirdə də, ədəbiyyatda da, publisistikada da sözün düzünü demişəm və qoruduğum xalqın içindən çıxan insanların müəyyən miqdarda pulun müqabilində bir gün məni hardasa öldürəcəyini də bilirəm. Yəni yuxulu adam deyiləm. Amma məsuliyyət hissi, bu millətin yükünü çiynində daşımaq, ziyalılıq təmənnasız xidmət deməkdir. İstəmərəm o yükü qızım da daşısın, çünki gücü çatmaz. İstəyərəm qızım Azərbaycanı qoruyacaq intellektual bir vətəndaş olsun. İşim-gücüm o uşağa təhsil vermək, çox intellektual və ənənəvi azərbaycanlı kimi yetişdirməkdir. Dünya ədəbiyyatını, siyasətini bilən bir insan olsun ki, bu məkrli dünyada onu aldatmasınlar.
- “100 ilin kitabı”nda sizin və Mirzə Cəlilin əsərləri toplanıb. Bu 100 il ərzində çoxmu şey dəyişib Azərbaycanda? Beyinlərmi, yoxsa geyimlərmi dəyişib?
- O kitabı Rusiyada yaşayan bir azərbaycanlı çap etdirib. O mənə dedi ki, 1998-2010-cu illər ərzində efirdə apardığım bütün verilişlərimi toplayıb və kitab halında buraxdırmaq istəyir. O, 100 il ərzində Azərbaycanda heç nəyin dəyişmədiyini, Mirzə Cəlil nəyi deyirdisə, mənim də onu dediyimi bildirdi. Doğurdan da 100 il ərzində yalnız forma, texniki nailiyyətlər dəyişib. Amma iç olaraq o vaxt poçt qutusunun qarşısında duran adam bu gün kompyuterin qarşısında dayanmış birisidir. Yenə başqasının malına göz dikən xudayar bəylər var. Yəni keyfiyyət olaraq bu gün bütün Mirzə Cəlil personajları diridir. Cismani baxımdan çox şey dəyişib, amma ruhani baxımdan heç nə dəyişməyib. Məsələn, bir tərəfdə 10 manat, digər tərəfdə vətən var. 10 faiz ziyalı vətənin qeyrətini, 90 faiz isə 100 il əvvəldəki kimi yenə pulu götürəcək.
- Orxan bəy, Xeybər deyəsən, həyatdan götürülmüş canlı personajdır.
- Elədir. Qulp Mübarizlə Yevlaxdan gəlirdik. Xeybər adlı bir nəfər bizə yaxınlaşıb pul istədi. Ona xaş yeməyi təklif etdik. Xeybər özü barədə yalan danışmağa başladı. Özü də baməzə adam idi. Başa düşdük ki, bu adam bizlikdir. Onu Bakıda, AzTv-yə gətirdik. Üç gün Bakıda qaldı, sonra getdi. Beləliklə, mən onun adını “Zorxana”da efirə gətirdim.

- Slavyan Universitetində jurnalistika fakültəsində dərs deyirsiniz. Sentyabrdan da “Sabah” qruplarında dərs deyəcəksiniz. Bugünkü Azərbaycan gənci nə istəyir?

- Gənclərlə işləməkdən zövq alıram, onların enerjisindən, nə etmək istədiklərindən özüm də bəhrələnirəm. Bugünkü gənclər çox informativdir, dünyaya açıqdır, dünyanı görüblər. Amma çox təəssüf ki, Azərbaycandan dünyaya çıxmaq istəyirlər. Bu, gəncliyimizin mənfi tərəfidir. Kiçik təfəkkürlə, kiçik düşüncə ilə yaşayırlar. İkincisi, gənclik ənənəni bilmir. Məsələn, Səməd Vurğunun 3 şeirini əzbər soruşsanız, bilməyəcəklər. Ümumiyyətlə, modernizm ənənənin üstündə bitir. Salvador Dali əvvəlcə akademist, sonra sürrealist rəssam olub. Ənənəni, akademizmi bilmədən heç vaxt yeni şey əldə edə bilməzsən.
Bundan başqa, hesab edirəm ki, hər bir gənc öz sahəsində kiçik inqilablar etməlidir. Özündən qabaqkı oturuşmuş, Azərbaycanı geriyə aparan dəyərlərlə yaşayan insanları dəyişməyin zamanıdır. Bir də istəyirəm gənclərimizin hamısı döyüşçü olsun, Qarabağı unutmasınlar. Çünki məğlub xalq heç vaxt intibahını məğlubiyyət üzərində qura bilməz. Biz gec-tez torpaqlarımızı geri almalıylq. Müharibəyə ən çox müraciət edən müəlliflərdənəm. Mənim üçün çox vacibdir ki, dünyaya çıxanda başıaşağı gəzməyək. Çünki biz tarixi qaliblik ənənəsi olan böyük türk qoluyuq. Bu xalq heç vaxt məğlub ola bilməz. Bu da gənclərin boynundadır. Bunu unutmasınlar. Gözəl geyinib, keçmişi inkar edib gəzmək hələ bizi Qarabağı uduzmuş xalqın oğlu olmaqdan xilas etmir. O yamaq həmişə gənclərimizin üstündədir. Mən bu yaşa qədər o yüklə yaşayıram, öz məğlubiyyətim kimi içimdədir.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər