• şənbə, 20 Aprel, 14:00
  • Baku Bakı 23°C

"9 ölkə, 9 şəhər, bir festival”

13.10.19 10:52 733
"9 ölkə, 9 şəhər, bir festival”
Sənədli film bir ölkənin mədəniyyətini, tarixini təbliğ etmək üçün ən gözəl və effektiv vasitələrdən biridir. Məhz bu səbəbdəndir ki, beynəlxalq film festivalları keçirilir, bu festivallarda müxtəlif dövlətlər öz sayılıb-seçilən filmləri ilə iştirak edirlər. Onların arasında həvəskar, çox yüksək səviyyəli olmayan festivallar da yer alır. Bu sıradan, dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin Azərbaycandakı Mədəniyyət müşavirliyinin dəstəyi ilə Türk Dünyası IV Sənədli Filmlər Festivalı keçirildi.

Dörd ildir ki, keçirilən festivalda Universitetin rektoru Ceyran Mahmudova, xalq artisti Oqtay Mirqasımov çıxış etdilər. Onlar çıxışlarında sözügedən festivalın gəncləri bir amal ətrafında birləşdirməsinin müsbət nəticələrindən bəhs etdilər.
Bu dəfə "9 ölkə, 9 şəhər, bir festival” devizi ilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Macarıstan, Bosniya və Herseqovina, Şimali Kiprdən sənətsevərlərin bir araya toplandığı vurğulandı. Festivala təqdim olunan ən yaxşı filmlər, o cümlədən Azərbaycandan Aydın Nəcəfoğlunun "Yaşanan tarix” filmi təqdim edildi.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi bildirdi ki, Türk Dünyası IV Sənədli Filmlər Festivalı kino sahəsinə kifayət qədər həvəsi, marağı olan bir qrupun təşəbbüskarlığı ilə başlayan bir layihədir. Festivala Türkiyədən, Azərbaycandan, türk dünyasından kino insanları, müxtəlif qurumlar, ali məktəblər dəstək verir: "Festivalda iştirak edən filmlərdə türk dünyasının milli-mənəvi dəyərləri, mədəni sərvətimiz öz əksini tapıb. Belə ki, biz burda Tahir Salahovun, Emin Sabitoğlunun, Eldar Quliyevin, Əzizə Mustafazadənn irsinin davam etdiyinin şahidinə çevrilirik. Türk dünyası olaraq bütün qədim və çağdaş, modern dəyərləri bir arada olan çox zəngin bir mədəniyyətə sahibik. Sahib olduğumuz bu zənginliyin fərqinə varmaq, onlardan xəbərdar olmaq və bunu tarixə heç bir zərər gətirmədən dünyaya təbliğ etmək bizim qarşımıza qoyduğumuz əsas hədəfimizdir. Biz sahib olduğumuz dəyərlərimizi böyük və geniş imkanlarla təqdim etməliyik. Hesab edirəm ki, sözügedən festivalın artıq həvəskarlıqdan çıxaraq daha ciddi və professional şəkildə nümayiş olunmasının zamanıdır. Layihə böyük türk dünyasının sənədli film sənayesinin bir parçası olaraq yola başladı. Qazaxıstandan Dubaya, Azərbaycandan Makedoniyaya qədər türk dünyasında filmə həvəsi olan və bu sahədə təhsil alan tələbələri təşviq etdi. Belə festivalların keçirilməsi təqdirəlayiq haldır, ancaq həvəskar şəkildə davam etməsi yaxşı deyil. Bu işin daha da peşəkarlaşması və dünyaya açılması lazımdır”.

Festivalın təşkilat komitəsinin sədri, Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir bildirdi ki, türk dünyası geniş bir ailədir. Bu ailənin mədəniyyətini, sənətini, milli-mənəvi dəyərlərini məhz elə türkdilli dövlətlər vasitəsi ilə təbliğ etmək ən gözəl yoldur: "Təbliğatın yolu sənədli filmlərdən keçir. Bir neçə il bundan öncə Türk Dünyası Jurnalistlər Federasiyasının Tatarıstanın paytaxtı Kazanda ikinci şurası keçirilirdi və orada türkdilli ölkələr üçün sənədli film müsabiqəsi keçirmək qərarı müzakirə olundu. "Türk dünyasının media mənsubları olaraq türkdilli dövlətlərin mədəniyyətinə necə xidmət edə bilərik” - deyə fikirlər irəli sürdük. Belə bir festival təşkil etmək fikri ortaya çıxdı. Biz də türk dünyası sənədli film festivalı və müsabiqəsini yaratdıq. 2016-cı ildə iki universitet bizim layihəyə ortaqlıq etdi. Federasiyamıza bağlı olan cəmiyyətlərin dəstəyi ilə türk dünyasının hamısında sənədli film müsabiqəsi elan etdik və yarışmaya başladıq. Birinci müsabiqədə bizə türk dünyasından olan 70 rejissorun filmi göndərildi. 2016-cı il iyulun sonunda layihənin ilkin variantını təşkil etdik. Birinci festivalımıza "5 ölkə, 6 şəhər” şüarı ilə işə başladıq. O zaman festivalın mövzusu türk dünyasının milli-mənəvi dəyərləri idi. Qalib olan filmlərimizi öncə Azərbaycanda, Bakı Dövlət Universitetində nümayiş etdirdik. Həmin il Qırğızıstanın Maraş Universitetinin bir tələbəsinin "Köç” filmi birinci olmuşdu”.
M.Dəmir əlavə etdi ki, kino təbliğat vasitəsi olduğu üçün belə bir addım atmaqla türkdilli dövlətlərin həvəskar kino cameəsinin nümayəndələrini bir yerə cəm etməyə çalışıblar: "Toplumun öz dəyərlərini böyük kütlələrə çatdırması üçün bu da bir vasitədir. Bu il "9 ölkə, 9 şəhər, bir festival” devizi ilə yola çıxmışıq ”.
Türk Dünyası Universitetləri başda olmaqla, incəsənət adamları arasında həyəcan yaradan festivalın qarşıdakı illərdə "Türk Dünyası Film Festivalı”na çevrilməsi gözlənilir.
Qeyd edək ki, oktyabrın 5-də TRT Tepebaşı studiyasında açılış mərasimi baş tutan festival silsiləli şəkildə davam edir. Azərbaycanda isə festivalın layihə tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Mətbuat Şurasıdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər