• cümə, 26 Aprel, 17:46
  • Baku Bakı 23°C

85 yaşlı qəzetin mürəkkəb, mübarizələrlə zəngin yolu

30.11.16 14:52 1589
85 yaşlı qəzetin mürəkkəb, mübarizələrlə zəngin yolu
1875-ci il iyul ayının 22-də böyük jurnalist, alim, ictimai xadim və maarifçi Həsən bəy Zərdabi tərəfindən Azərbaycan milli mətbuatının əsasını qoymuş "Əkinçi” qəzeti nəşrə başladı. O vaxt Azərbaycandakı mövcud həyatın işığını parlaq ayna kimi əks etdirmək vəzifəsini qarşısına qoymuş qəzet nəşr olunmağa başladığı gündən əkinçiliyin, maarifçiliyin, mədəniyyətin, mənəviyyatın təbliğində və inkişafında özünəməxsus rol oynamışdır. "Əkinçi” xalqımızın mənəvi və mədəni tarixinə də şərəfli səhifələr yazmış, XIX yüzilliyin yetmişinci illərindəki Azərbaycan elminin bədii və fəlsəfi fikrinin güzgüsü olmuşdur. Qəzetin naşiri öz dövründə xalqına, millətinə fayda verə biləcək çox işlərə ümidlə baxırdı, bütün bunların hamısından daha çox isə zaman-zaman onu bütövlükdə xalqa, onun tarixi mənafeyinə, tərəqqisinə, mübarizəsinə xidmət edən, ictimai zülmə, haqsızlığa və rəzalətə qarşı çevrilə bilən bir mətbuat orqanı yaratmaq məsələsi düşündürürdü.
Bir həqiqəti də nəzərə almaq lazımdır ki, o dövrdə Azərbaycan dilində hər hansı bir kitab, yaxud qəzet çap eləmək üçün vəsait, mətbəə tapmaq çətin, çap senzurasından icazə almaq isə bunlardan da çətin idi. Həsən bəy Zərdabi məhz belə bir şəraitdə öz ana dilində qəzet nəşr eləmək fikrinə düşür və çox çətinliklə də olsa 1875-ci il iyul ayının 22-də bu ideyanı həyata keçirməyə müvəffəq olur.
Təəssüf ki, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin Bakı Real Məktəbindən çıxarılması və Bakıdan uzaqlaşdırılması ilə "Əkinçi” 1877-ci ilin 29 sentyabrında öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Lakin Azərbaycan milli mətbuatının ilk qaranquşu sayılan "Əkinçi” bağlansa da, mədəniyyət salnaməmizdə silinməz izlər qoydu. Bu izlər sonradan bir-birinin ardınca nəşr olunmağa başlayan milli mətbuatımızın müxtəlif nümunələri ilə daha da hamarlaşdırıldı, genişləndirildi. Yeni yaradılan hər bir milli mətbu orqan öz sələfinin ənənələrini yaşadaraq, xalqın gözünü açmağa, onları maarifləndirməyə, mədəni səviyyələrini artırmağa xidmət etdi.
"Əkinçi”dən başlanan işıqlı yol ötən əsrin otuzuncu illərində respublikamızda ilk rayon qəzetlərinin nəşrə başlamasına istiqamət verdi. Bu gün "Şərurun səsi” adlanan qəzet də 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşdü.
Qəzetin ilk adı "Pambığa doğru” olmuşdur. Naxçıvan şəhərinin sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi kimi qəzetin ilk saylarından fəaliyyət göstəriblər. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər, redaktor vəzifəsinə Qarabağlar kənd sakini Nemət Əhmədov təyin edilir. Həmin illərdə qəzetlərin vaxtlı-vaxtında və lazımi səviyyədə çıxması üçün mətbəələrin təşkili, onların maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Ona görə də 1932-ci ildə Azərbaycanın 32 rayonunda, eyni zamanda Şərurda mətbəə təşkil olundu və o vaxta qədər "Şərq qapısı”nın mətbəəsində çap olunan rayon qəzeti özünün istifadəsində olunan avadanlıqlardan istifadə etməyə başladı.
İxtisaslı kadrlar çatışmadığından fəhlə-kəndli müxbirlərin qəzetçilik hazırlıqlarına da ciddi diqqət yetirilirdi. Belə müxbirlərdən İsa Xudiyev və Əbülfəz Abbasquliyev redaksiyada məsul katib və ədəbi işçi vəzifələrini tuturdular. Sonralar ayrı-ayrı vaxtlarda qəzetə Yengicə kənd sakinləri Xəlil Məhərrəmov və Novruz Nəcəfov, Mahmudkənddən olan Hüseynqulu Ağayev və Həsən Hüseynov, çomaxturlu Ələşrəf Tahirov, Yuxarı Daşarx kənd sakini Hüseyn Əbdülhüseynov və başqaları redaktorluq etmişlər. Rayon qəzeti bu redaktorların rəhbərliyi ilə 1954-cü ilədək "Pambığa doğru”, həmin vaxtdan 1959-cu il iyulun 31-dək "Noraşen kolxozçusu” adı ilə nəşr olunmuşdur. 1959-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişi ilə bir neçə müttəfiq respublikada, eyni zamanda Azərbaycanda da rayon qəzetlərinin fəaliyyəti dayandırılmışdır. 1966-cı ildə yenidən bərpa olunan Şərur rayon qəzeti "İşıqlı yol” adı ilə nəşr olunmağa başlamışdır.
"İşıqlı yol”un ilk redaktoru Azərbaycan Dövlət Universitetinin (indiki BDU) məzunu Jəfər Məmmədov (1966-1969-cu illər) olmuşdur. Sonra ayrı-ayrı illərdə Nəriman Nəcəfov (1969-cu il), Rafiq Həsənov (1969-1970-ci illər), yenidən Hüseyn Əbdülhüseynov (1970-1979-cu illər) və Mikayıl Əliyev (1979-1992-ci illər) qəzetə redaktorluq etmişlər.
Rayon qəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz sələflərinin ənənələrini davam etdirmiş və oxuculara bir-birindən maraqlı nömrələr çatdırmağa səy göstərmişdir. Qəzetdə dərc olunan maraqlı oçerklər, felyetonlar, reportajlar və operativ xəbərlər oxucularla yanaşı, redaksiya ilə əməkdaşlıq edən ziyalı və fəhlə-kəndli müxbirlərin də sayının gündən-günə artmasına səbəb olurdu. "İşıqlı yol” (indiki "Şərurun səsi”) yetmişinci illərdə Azərbaycanda bəlkə də yeganə rayon qəzeti idi ki, 10 mindən artıq tirajla nəşr olunurdu. Muxtar respublika rayonları arasında ilk dəfə olaraq Şərur rayon qəzetinin nəzdində yaradılmış və ötən il 45 yaşını qeyd etdiyimiz "Şərur” Ədəbi Birliyi də bu bölgədə yazıb-yaradan ədəbi qüvvələrin bir yerə toplanmasında və onların yaradıcılıqlarının istiqamətləndirilməsində müstəsna əhəmiyyətə malik olmuşdur. Ədəbi birliyin ilk rəhbəri Altay Tağızadə olub. 30 ilə yaxındır ki, birliyə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Maarif əlaçısı, Prezident mükafatçısı İbrahim Yusifoğlu rəhbərlik edir. Fəxrlə demək olar ki, akademik İsa Həbibbəyli, Azərbaycan MEA-nın müxbir üzvü Muxtar İmanlı, Əməkdar elm xadimi, professor Kamran Əliyev, professorlar Akif İmanlı, Sona Vəliyeva, fəlsəfə doktorları Seyfəddin Eyvazov, Əbülfəz Əzimli, Vaqif Məmmədov, Vahid Rzayev, tanınmış şairlərdən Əhməd Sədərəkli, Budaq Təhməz, İnqilab Orxan, Rafiq Oday, Kəmaləddin Qədim, Allahverdi Aqil, Telman Ağrıdağ, Teymur Əliyev və onlarca başqaları ilk məqalələrini və araşdırmalarını, poeziya nümunələrini "Şərur” Ədəbi Birliyinin üzvü kimi bu rayon qəzetində çap etdirmişlər.
Bu gün uzun illər Şərur rayon qəzetinin əməkdaşı olmuş, təkcə rayonumuzda deyil, respublika səviyyəsində öz dəyərli yazıları ilə tanınmış və artıq dünyalarını dəyişmiş unudulmaz qələm dostlarımız Çingiz Nağıyevi, Nəriman Nəcəfovu, Məmməd Abdullayevi, İslam Əliyevi, Məmməd Vəliyevi, Cəfər Əliyevi və digər iti qələm sahiblərini xatırlamamaq mümkün deyildir. Onların yaradıcılıqları mətbuata qədəm basan hər bir gənc jurnalist üçün əsl təcrübə məktəbidir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr ərzində bütün sahələr kimi mətbuatın da inkişafını, yüksək ixtisaslı jurnalist kadrların hazırlanması məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Bu diqqət və qayğı Şərur rayon qəzetini də əhatə etmişdir. Belə ki, əvvəllər kadr çatışmazlığı ilə rastlaşan "Şərurun səsi” yetmişinci illərdə tamamilə ali təhsilli jurnalist kadrları, ixtisaslı nəşriyyat işçiləri ilə komplektləşdirilmişdir. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi həmin illərdə BDU-da ayrıca jurnalistika fakültəsinin fəaliyyətə başlaması (1969-cu ildən), qiyabi fəaliyyət göstərən Jurnalist Sənətkarlığı İnstitutunun yaradılması, redaksiya və mətbəələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Mərkəzi Komitə tərəfindən bir neçə mühüm qərarın qəbul edilməsi bu sahəyə olan diqqət və qayğının təzahürü idi.
Əlbəttə, işlərimizin həmişə rəvan getdiyini söyləmək çətindir. "Şərurun səsi” qəzeti üçün ən çətin dövrlər 1988-1993-cü illərdə olmuşdur. Xüsusilə 1990-cı ilin Qanlı Yanvarı bizim kollektiv üçün də sərt həqiqətləri meydana çıxardı, kommunist rejiminin qanlı mahiyyətini aşkarladı və xalqımızın tarixi nicat gününə hazır olmasının zəruriliyini anlatdı. O günlər rayondakı hərbi komendantın sərt senzurasına baxmayaraq, törədilmiş vəhşiliklər oxuculara çatdırılır, cinayətkarlar lənətlənirdi.
Sədərəkdə hərbi əməliyyatların başlanması ilə qəzetimizdə müharibə xronikası geniş yer tutdu, hər nömrədə cəbhədən operativ məlumatlar dərc olundu, döyüşçülərimiz qələbəyə ruhlandırıldı. Kəsəsi, həmin dövrlər buraxılan "Şərurun səsi” qəzetinin nüsxələri, sözün həqiqi mənasında, barıt qoxusu verirdi.
Bu faciələrin dalğasında hakimiyyətə gələn təcrübəsiz, ziyankar AXC-Müsavat rəhbərliyi rayonun yeganə qəzeti olan "Şərurun səsi”nə təzyiq etməyə başladılar. Belə şəraitdə öz ənənəsinə sadiq qalaraq yenə də düzü-düz, əyrini-əyri yazan "Şərurun səsi”nə təzyiqlər gündən-günə artırdı. Həmin illəri xatırlayanlar yaxşı bilirlər ki, məhz bu səbəblərdən vaxt olub ki, həftələrlə redaksiya və mətbəə işçiləri gündüzlər deyil, məhz gecələr işləməyə məcbur olub və öz sevimli oxucuları ilə vaxtaşırı görüşə biliblər.
Həmin vaxtlar respublikada nəşr olunan bütün mətbu orqanların vəziyyəti demək olar ki, acınacaqlı idi. Mətbuata dövlət səviyyəsində qayğı göstərilmirdi. Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət dəyişdi, təzyiqlərə son qoyuldu, qəzetlərə qayğı və diqqət dövlət səviyyəsində həyata keçirilməyə başladı, jurnalistlərə tam sərbəstlik verildi, senzura aradan qaldırıldı. Ulu öndərimizin Azərbaycan Milli Mətbuatının 125 illiyi ilə bağlı 2000-ci ilin mart ayında imzaladığı Fərman bir daha göstərdi ki, ölkəmizin taleyüklü məsələlərinin həlli ilə gecə-gündüz çalışan respublika rəhbəri tariximizin bu səhifəsinin də bütün dünyaya bəyan edilməsi naminə ciddi səy göstərir.
Bunun da nəticəsi olaraq, bu gün yazıb-yaratmaq, oxucuların tələbini ödəyə biləcək mətbu orqan ərsəyə gətirmək üçün hər cür şəraitimiz vardır. Bunun müqabilində kollektivimiz çalışır ki, qəzet hər şeydən əvvəl yeniliyin aynası olsun, onun hər səhifəsində yeni həyatın, yeni insanın isti nəfəsi duyulsun. Biz işimizi həmişə məhz bu səpgidə qurmağa çalışırıq. Bundan sonra da əzəmətli quruculuq proqramları, həlli vacib problemlər, torpaqlarımızın azadlığı uğrunda mübarizə, müstəqilliyimizdən qaynaqlanan daha xoş günlər bu qocaman rayon qəzetinin dəyişməz hədəfi, önəm verdiyi mövzular olacaq.
Mürəkkəb, mübarizələrlə dolu tarixi dövrlərdən keçib gəlmiş 85 yaşlı qəzet rayon həyatının acılı-şirinli günlərinin güzgüsünə çevrilmişdir. Demokratik mətbuat quruculuğuna sivil jurnalistika təcrübəsi ilə qoşulan "Şərurun səsi” həftəlik nəşr kimi öz dəyərli ənənələrini ləyaqətlə qoruyub saxlamağa çalışacaq, rayon ictimaiyyətinin rəsmi tribunası rolunu uğurla davam etdirəcək, oxucu kütləsi arasında nüfuzunu daha da artıracaqdır. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq…
Elman Məmmədov (Telmanoğlu),
"Şərurun səsi” qəzetinin redaktoru,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi
banner

Oxşar Xəbərlər