85 illik tarix
Və
ya yazarların həmişə ehtiyac duyduqları ocaq
"Sovet
İttifaqının süqutundan sonra əksər ölkələrdəki yazıçılar birlikləri dağıldı.
Bizdə isə ulu öndər Heydər Əliyev yazıçıları himayəsinə götürdüyü üçün
Yazıçılar Birliyi yaşadı. Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə
yaşamışıq. Tariximizdə qara səhifələr də, faciəvi illər də olub. Bütün bunlara
baxmayaraq, Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını
qoruyub, yazıçıların müqəddəs ocağı kimi fəaliyyət göstərib, bundan sonra da
göstərəcək”.
Bu fikirləri Azərbaycan
Yazıçılar Birliyinin (AYB) sədri, Xalq
yazıçısı Anar rəhbərlik etdiyi qurumun
85 illik yubiley tədbirində söyləyib. Xalq yazıçısı qeyd edib ki, ölkəmizin
dövlət müstəqilliyinin bərpasından sonra Yazıçılar Birliyi milli ədəbiyyatın,
ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının
formalaşmasında böyük xidmətlər göstərib. Təşkilat bu illər ərzində həmişə
xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin
bir çox qiymətli nümunələri ilə zənginləşdirib.
Xatırladaq ki,
Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan
yazıçılarının I qurultayında yaradılıb. O vaxta qədər Azərbaycan yazıçıları
ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə
Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən,
bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı
dərnəyi" təsis etdiklərini bildiriblər. Həmin ədəbi birlik "İldırım”
adlanırdı. "Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə
formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və
ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri
öz ətrafında birləşdirdi. "Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi
gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. "Maarif və
mədəniyyət” jurnalında, "Kommunist” və "Gənc işçi” qəzetlərində müntəzəm verilən
ədəbi materiallar, "Qızıl qələmlər”, "Oktyabr alovları” almanaxları və
ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət
edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci
ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara
alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti
yarandı. Bakıda ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci
qurultayı (20.XX.1929) çağırıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il
23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən
qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı
yaradıldı."Müzakirə”mizdə AYB-nin keçdiyi yola nəzər salmağa çalışdıq.
Bir işıq ətrafında
"Yazıçılar
Birliyi o təşkilatlarımızdandır ki, uzun bir tarix yaşayıb”-deyən yazıçı İlqar Fəhmi qeyd edir ki, bu
qurum fəaliyyəti ərzində çətinliklər də, problemli anlar da yaşayıb: "Yazıçılar
Birliyi 90-cı illərdə çətin vəziyyətdə olub. Ancaq sevindirici hal odur ki, bir
çox təşkilatlardan və başqa ölkələrdəki eyni qurumlardan fərqli olaraq
Yazıçılar Birliyi öz funksiyasını qoruyub saxlaya bilib. Bunda da bizim
ağsaqqal yazarlarımızın, ziyalılarımızın xidməti böyükdür. Onlar ən gərgin, hətta
ən mübahisəli məqamlara qədər mübarizə aparıblar. 90-cı illərin əvvəllərində
"bu yaradıcı təşkilatların aqibəti necə olacaq” sualı ilə üz-üzə qalanda, onlar
bu təşkilatı çətinliklərin içərisindən çıxarıblar”. Yazıçılar Birliyinin ədəbiyyat
adamlarının həyatındakı roluna gəlincə, İ.Fəhminin fikrincə, burada ümumiləşdirici
amil rol oynayır: "Yazıçılar elə bir sahənin adamlarıdır ki, heç biri hardasa
şair və ya yazıçı işləmir. Yəni yazı əhli hərəsi bir yerdə işləyir və oradan
gündəlik dolanışıqlarını təmin edirlər. Bəziləri mətbuatda, bəziləri tədrisdə,
bəziləri isə aidiyyəti olmayan fərqli sahələrdə çalışırlar. Ancaq bu adamlar
üçün Yazıçılar Birliyi mənəvi tələbatlarını ödəmək üçün əhəmiyyətli rol
oynayır. Əgər insanın içində yaradıcılıq eşqi varsa, onların, mütləq özlərini
ifadə etməyə, toplaşmağa, dərdləşməyə, dövlətə müəyyən mesajları çatdırmağa və
ya öhdəsindən gələ biləcəyi müəyyən mesajları qəbul edən bir ocağa ehtiyacı
olur. Olmasa, çox dağınıq şəkildə fəaliyyət göstərərlər. Bu baxımdan, bu təşkilat
tərəfindən yazarların bir yerə toplaşmağından ötrü imkanla yanaşı, kitabların
çap olunmağı, jurnal və qəzetlərin çapı, təqaüd məsələləri və s. ilə bağlı müəyyən
yardımlar olur. Bunlar, əsasən içində ədəbiyyat yanğısı olanların bir işıq ətrafında
birləşməsinə xidmət edir. Yazıçılar Birliyi də bacardığı qədər bu yükü çəkməyə
çalışır”.
Hər bir qələm adamı üçün ocaq
Şair Baba Vəziroğlu Yazıçılar Birliyini evsiz-eşiksiz adamların evinə
bənzədir: "Yazıçılar Birliyi hər bir qələm adamı üçün bir ailə, bir ocaqdır.
Ola bilsin ki, ora rəhbərlər gəlir-gedir. Amma bu, o qədər önəm daşımır. Ocaq,
ev öz mahiyyətini dəyişmir - ocaq ocaqlığında, ailə ailəliyində qalır.
Yazıçılar Birliyinin üzvü olmaq ailənin üzvü olmaq deməkdir. Ora heç kimə
yazmağı öyrətməyib, heç kimə yazmağı qadağan etməyib - onun belə bir səlahiyyəti
yoxdur. Yazıçılar Birliyi eyni fikirli, eyni düşüncəli, eyni sözə xidmət edən
insanları birləşdirən bir ailədir. O, ailənin hər bir üzvünün problemi barədə də
Yazıçılar İttifaqı daim düşünür, imkanı daxilində onlara kömək edir. Təbii ki,
sovet dövründə olduğu kimi qurumun səlahiyyətləri, imkanları o qədər böyük
deyil. Heç o dövrdəki imkanların yüzdə biri də qalmayıb. Buna baxmayaraq, ailə
ailədir – ailə kasıb da ola bilər, varlı da. Sovet dövründə ailə daha varlı idi
və üzvləri firavan dolanırdılar. İndi ailə büdcəsi kasıblayıb. Təbii ki, bu da
kapitalizmin öz qanunlarıdır. Amma qurum bir tərəfdən azadlıq əldə edib. Tanrı
hər şeyi birdən vermir. Çünki həm varın, həm də azadlığın birdən verilməsi mümkün
deyil. O zaman azadlıq məhdud idi. Yuxarıdan gələn tapşırıqların əsasında əsərlər
yazılırdı, bu əsərləri yazanlara mükafat verilirdi. Sözə baxmayan yazıçılar
bütün imtiyazlardan kənarda qalırdı. O dövr belə idi. İndi azadlıq var,
imkanlar yoxdur. İkisi bir yerdə olmur”. B.Vəziroğlunun fikrincə, Yazıçılar
Birliyinin hazırda qeyd etdiyi 85 illik yubiley böyük bir tarixdir: "Bu,
qocaman bir təşkilatın yubileyidir. İnanıram ki, Birlik uzun illər ömrünü sürəcək.
Hərçənd 90-cı illərdə eyforiyaya uyub onu dağıtmağa cəhd edənlər vardı. Ancaq nəyisə
dağıtmaq istəyəndə əvvəlcə gərək düşünəsən. O dövrdə də bir çox təşkilatlar
dağıdıldı, əvəzində heç nə yaranmadı. Yaxşı ki, zəkalı insanlar Yazıçılar
Birliyini qoruyub saxladılar. Qurum bu gün də nüfuzlu bir təşkilat kimi fəaliyyət
göstərir”.
Daim bir ocağa ehtiyac
Yazıçı Mübariz Örən "85 illik tarix, əhəmiyyətli hadisədir” deyir: "Belə
bir tarix qeyd olunmalıdır. Bu gün Yazıçılar Birliyinin fəaliyyəti lazımlıdır.
Yaxşı, pis fəaliyyəti var. İstənilən halda, bir ocaqdır. Bu ocağın başına kimlərsə
toplaşır, yaradıcılıqla bağlı planlarını bölüşür, dərdləşir, məsləhət alır. Bu
baxımdan yazarların bir ocağa həmişə ehtiyacı var”.
Ədəbi mühitin paytaxtı
Tənqidçi Vaqif Yusifli "Bu 85 ildə Azərbaycan
Yazıçılar Birliyini sözün əsl mənasında bir yaradıcılıq akademiyası, qaynar ədəbi
mühitin "paytaxtı” adlandırmaq olar” deyir: "Azərbaycan Yazıçılar Birliyi müəyyən
struktura, iş prinsipinə malik bir təşkilatdır. Onun rəhbər orqanları
yazıçıların qurultayında açıq, yaxud gizli səsvermə ilə seçilir. İndiyə kimi
Birliyin on iki qurultayı keçirilib (1934, 1954, 1958, 1965, 1971, 1976, 1981,
1986, 1991, 1997, 2004, 2014-cü illərdə). Birliyin fəaliyyət proqramı onun
Nizamnaməsində dolğun əks olunub. Keçən əsrin 70-80-ci illərindən başlayaraq,
Birliyin fəaliyyətini daha da genişləndirmək məqsədilə ayrı-ayrı bölgələrdə
onun filialları açıldı. Vaxtilə "əyalət ədəbiyyatı” deyilən bir ifadə vardı,
rayonlarda yaşayıb-yaradan yazarların yaradıcılığı məhz bu meyarla qiymətləndirilirdi
və bu fikirdə həqiqət olduğu da şəksizdi. Çünki rayonlarda az-çox istedadı olan
şair və nasirlər Bakıya - qaynar ədəbi mühitə can atırdılar. Bölgələrdə isə ədəbi
həyat süst və zəif idi. Lakin filiallar təsis olunduqdan sonra əyalətlərdə də ədəbi
həyat canlanmağa başladı. Bu 85 ildə çətin və əzablı, amma, eyni dərəcədə, şərəfli
bir yol keçmiş bir qurumun-təşkilatın fəaliyyətini izləyərkən ən vacib, ən zəruri
bir faktı qeyd etməyi lazım bilirik - Azərbaycan Yazıçılar Birliyi bu illər ərzində
xalqın mənəvi dünyasının zənginləşməsində, onun bədii-estetik zövqünün
formalaşmasında, vətənpərvərlik tərbiyəsində, bir az geniş kontekstdə götürsək,
Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınmasında və təbliğ edilməsində
misilsiz rol oynayıb”.
Tənqidçi, Yazıçılar Birliyinin ədəbi orqanlarının fəaliyyətini
xüsusi qeyd edir: "1923-cü ildən nəşrə başlayan və "Azərbaycan ədəbiyyatının
güzgüsü” adlandırılan qocaman "Azərbaycan” jurnalının 87 illik nüsxələrini
qoyun qarşınıza... Ədəbiyyatımızın ən parlaq sənət incilərinin ilk müjdəçisi məhz
"Azərbaycan” jurnalı olmuşdur. Əgər Amerika və Avropa ölkələrindən bir azərbaycanşünas
alim Azərbaycan ədəbiyyatı haqqında mükəmməl məlumat almaq istəsə, heç şübhəsiz,
ilk növbədə, "Azərbaycan” jurnalı vasitəsilə buna nail ola bilər. Yazıçılar Birliyinin
nəşrləri içərisində "Ədəbiyyat qəzeti”nin, "Literaturnıy Azerbaydjan” və
"Ulduz” jurnallarının da ədəbiyyatımızın təbliğində mühüm rolu olmuşdur”.
Tənqidçi
qeyd edir ki, hal-hazırda
Azərbaycan Yazıçılar Birliyinin 1500-ə yaxın üzvü var: "Bəlkə də bu rəqəm gözlənildiyindən
artıqdır, amma üzvlərin tən yarısını gənclər - ədəbiyyatın yeni qüvvələri təşkil
edir. Onların içərisində istedadlar az deyil. Yazıçılar Birliyi mövcud olandan
bu günə kimi ədəbi gəncliklə bağlı qayğılarını heç vaxt əsirgəməmişdir. Bu
qayğı qırxıncı-əllinci illərdə Səməd Vurğunun, 60-70-ci illərdə Rəsul Rzanın,
sonrakı onilliklərdə B.Vahabzadənin, N.Xəzrinin, Anarın, Elçinin adı ilə
bağlıdır, amma söhbət Yazıçılar Birliyindən gedirsə, əllinci illərdə
M.İbrahimovun sədrliyi ilə keçirilən "Gənclər günü"ndən tutmuş
cavanların yaradıcılığına həsr olunan onlarla plenumların, konfransların,
müşavirələrin keçirildiyini, onların şeir və nəsr nümunələrini əhatə edən
topluların nəşr edildiyini də unutmaq olmaz”.
21-ci əsr Azərbaycan ədəbiyyatının hadisəsi
Şair Ümid Nəccarinin fikrincə, Yazıcılar
Birliyi illərdir fəaliyyəti sayəsində ədəbi mühiti bacardığı qədər öz ətrafına
toplayıb: "Birlik bir orqan olaraq bacardığı yardımı ədəbiyyat mühitinə göstərir.
Ciddi və professional ədəbiyyatı yürütmək üçün Yazıcılar Birliyinin tərkibində
fəaliyyət göstərən "Ədəbiyyat qəzeti” Azər Turanın dövründə böyük imzaları təqdim
etməyə nail ola bildi. Mən bunu 21-ci əsr Azərbaycan ədəbiyyatının hadisəsi
hesab edirəm və deyə bilərəm ki, bu dövrdə ədəbiyyatın gərgin və sönük
durumunda bu qəzetin əməyi nəticəsində aktiv mühitin şahidi ola bildik. Bu
orqanın fəaliyyətinin gün-gündən güclənməsini arzu edirəm!”
Təranə Məhərrəmova