• cümə, 19 Aprel, 20:29
  • Baku Bakı 24°C

“81-ci ildən ağzıma göbələk dəyməyib” – Mən gənc olarkən

20.05.14 10:27 2465
“81-ci ildən ağzıma göbələk dəyməyib” – Mən gənc olarkən
Hələ 10 yaşındaykən ailə vəziyyətləri ilə əlaqədar pul qazanmağa başlayır. Daha sonra 18 yaşından etibarən tuneldə bərkidiçi, qazmaçı kimi ağır işlərdə çalışır. Üç illik hərbi xidmətini də əziyyətsiz keçirmir. Vyetnama döyüş xidmətinə göndərilir, Hind Okeanı, Efiopiya, Polşada olur. Tələbəlik illəri də azadlıq hərəkatına düşdüyündən deyir ki, heç tələbəliyinin də “dadını çıxara” bilmir. Müsahibimiz 1992-1993-cü illərdə Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışan, 2000-ci ildən isə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası qeyri-hökumət təşkilatının icraiyyə komitəsinin sədri olan Sahib Məmmədovdur. S.Məmmədov həm də Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin, Azərbaycan Hüquqşünaslar Konfederasiyası idarə heyətinin üzvüdür. 15-dən artıq kitab və tədris vəsaitinin, 10 tədqiqatın müəllifidir. Bir sıra beynəlxalq konfranslarda məruzəçi, spiker və iştirakçı qismində iştirak edib.
10 yaşından işə başlayır

1962-ci ildə Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində anadan olan Sahib Məmmədov ailədə 6 uşaq olduqlarını deyir. Atasının 65 yaşında dünyaya gələn ailənin ən kiçik övladı olan müsahibimiz 4 yaşında atasını itirir. Ələtdə və Ucar rayonunun Müsüslü kəndində evləri olduğundan uşaqlığı həm şəhər, həm də kənd mühitində keçir. Orta məktəbi kənddə oxuyan S.Məmmədov hər yay tətilində Ələtdəki evlərində qalır. Atası olmadığından uşaqlığı o qədər də rəvan keçməyən hüquq müdafiəçisi deyir ki, balaca vaxtı çox istəsə də, velosipedi olmayıb.
Orta məktəbi yaxşı oxuyan S.Məmmədovun qiymətləri nadincliyi ucbatından tez-tez “kəsilirmiş”: “Amma etiraf edim ki, riyaziyyatdan çox zəif idim və orta məktəbi sözügedən fəndən halal üçümlə bitirdim. Pəncərə şüşəsi qırmırdım, siqaret çəkmirdim, dava etmirdim, sadəcə, haqsızlığa qarşı sakit qala bilmirdim, etirazımı bildirirdim. Bu da müəllimlərin xoşuna gəlmirdi. Yaşım 50-ni keçsə də, hələ də uşaqlıqdan qalan bu xüsusiyyət məni tərk etməyib. Yenə etiraz etməyi sevirəm”.
Hələ orta məktəbdə oxuyarkən pul qazanmağa başlayan müsahibimiz 3-4-cü sinifdən həyətlərindəki meyvələri yolun kənarında satırmış. Bununla da məktəbli forması, dəftərxana ləvazimatlarının alınması üçün ailələrinə kömək edirmiş.
Göbələk əhvalatı

Orta məktəbi bitirəndən sonra sənədlərini indiki Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsinə verir. Ancaq müsabiqədən keçə bilmir və boş qalmamaq üçün 19 nömrəli Şəhər Peşə Təhsili Məktəbində qaynaqçı peşəsi üzrə təhsil almağa başlayır. Bir il ərzində qaynaqçı peşəsinin dərinliklərinə yiyələnir və peşə məktəbini bitirdikdən sonra Bakı Tunel Tikinti İdarəsində işə başlayır. Buradan da Şimali Qafqazda Elbrus dağlarının ətəyində, Kabarda-Balkariyada SSRİ Nüvə Tədqiqatları İnstitutunun sifarişi ilə tikilən rəsədxananın tikintisində işləməyə göndərilir. Əmək fəaliyyətini rəsədxananın tunelində, yer altında və yüksək dağ şəraitində gerçəkləşdirdiyindən əməkhaqqına əlavələr də alır. İşlədiyi ilk illərlə bağlı maraqlı xatirələrini danışan həmsöhbətimiz balkarların onları iməcliyə apardıqlarını deyir: “Oradan qayıdanda göbələk yığıb gətirdik. Xaçmazdan olan dostlarımızdan biri göbələyi qızartdı, üzərinə yumurta vurdu və biz onu ləzzətlə yedik. Bu zaman balkarlardan biri içəri keçdi və göbələk yediyimizi gördü. Dedi ki, göbələk yığdığımız yerdə zəhərli göbələklər çoxdur. Biz necə göbələk yığdığımızı təsvir etdikdə, yediyimizin zəhərli göbələk olduğunu bildirdi. Xaçmazdan olan dostumuz isə qonşularındakı ailənin gözlərinin qarşısında göbələkdən zəhərlənib can verdiklərini danışdı, zəhərlənmənin necə baş verdiyini bizə izah etdi. Öyrəndik ki, əvvəl qarında küt ağrılar başlayır, sonra qızdırma olur, tər gəlir. Dedilər ki, 6-7 saat ərzində zəhərlənmə özünü göstərməlidir. Bir azdan hamımızda həmin əlamətlər özünü göstərməyə başladı. Həmin 6-7 saatı necə keçirdiyimizi bilmədik. O vaxt mən dedim ki, əgər sağ qalsam, bir də göbələk yeməyəcəyəm. Sən demə, yediyimiz zəhərli göbələk deyilmiş, sadəcə qorxumuzdan halımız dəyişmişdi. Təsəvvür edin, həmin vaxtdan - 81-ci ildən indiyə qədər ağzıma göbələk dəyməyib”.
“Polşanın prezidenti gəmimizi təmir etdi”

Ağır iş həyatından sonra 19 yaşından başlayaraq üç illik əsgərliyini Sakit Okeanın hərbi dəniz donanmasında çəkən S.Məmmədov orada 6 ay xidmət etdikdən sonra Vyetnama döyüş xidmətinə göndərilir. Burada 55 dərəcədən aşağı olmayan isti və amerikanların kimyəvi silahlardan istifadə etməsi digər əsgərlər kimi onun üçün də çətinlik yaradır. Oradan Hind Okeanına, Efiopiyaya, Polşaya göndərilir. Həmin dövrdə Polşada hərbi vəziyyət idi. S.Məmmədov o vaxt hərbi gəmiləri təmir etmək üçün bir elektrik-çilingərinin oraya gəldiyini deyir: “Sonradan həmin elektrik çilingəri Lex Valensa Polşanın prezidenti və Nobel mükafatı laureatı oldu”.
Həm Vyetnamda, həm də Polşada olanda antisovet təbliğatının çox güclü təsiri altına düşürlər: “Gəmidə həm komsomol təşkilat katibi, həm gəminin divar qəzetinin redaktoru, həm təbliğatçı, həm siyasi təlimlər üzrə rəhbərin müavini idim. Vyetnamda başa düşdüm ki, əslində SSRİ Əfqanıstana beynəlmiləl borc yerinə yetirməyə deyil, işğalçı siyasəti yürütməyə gedib. Daha sonra Polşada da anladım ki, sosializm çox çürük bir sistemdir”.
“Mənə heç “2” də düşmürdü”

Ağır hərbi xidmət illərini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olur. Coğrafiya fakültəsində oxuduğu dövrdə istehsalatdan ayrılmır, tuneldə işləyir. Oxuduğu 5 il müddətində təhsilinə çəkdiyi bütün xərcləri bir dəftərçəyə qeyd edən həmsöhbətimiz dəftər-kitab, yol pulu da daxil 5 il ərzində cəmi 320 rubl pul xərcləyir: “Bir imtahanda belə nə tapşırıldım, nə də pulum çıxdı. O vaxt çox yaxşı müəllimlərimiz var idi. Indiki baş nazirin müavini, millət vəkili Əli Əhmədov da bizə dərs deyirdi. Auditoriyanın biliyinə bələd olduğundan, bizdən heç nə soruşmamış qiymət kitabçamıza məqbul yazdığını heç vaxt unutmaram”.
Tələbəlik illəri ilə bağlı maraqlı bir əhvalatı da bizimlə bölüşən S.Məmmədov orta məktəbdə olduğu kimi ali məktəbdə də riyaziyyatı yaxşı oxumadığını deyir: “Ali riyaziyyatdan dərs deyən Sabir müəllimin imtahanına hazırlaşırdıq. “Ali riyaziyyat kursu” adlı kitab var idi. Əzbərçi olmasam da, ömrümdə bir dəfə mən o kitabı başdan ayağa əzbərlədim. Törəmə, inteqral düsturlarını əzbərdən bilirdim, şəkillərini çəkirdim, amma söhbətin nədən getdiyindən xəbərsiz idim. Qeyd edim ki, Sabir müəllim bir dəfə mənim geyimimə görə üstümə acıqlanmışdı. İdman stilində geyindiyimə görə geyimimi bəyənmirdi. Qorxurdum ki, məni imtahandan “kəsəcək”, üstəlik, biliyim də yox idi. Nə sual verdisə, çox yüksək səviyyədə cavablandırdım. Sonda həddindən artıq elementar bir məsələ verdi, həll edə bilmədim. Sabir müəllim təəccübləndi ki, “bu qədər çətin şeyi bildin, sənə “5” vermək istəyirdim, amma məsələbni həll edə bilmədiyinə görə “4” verəcəm”. Doğrusu, mənə heç “2” də düşmürdü. Çünki cavab verdiklərimin heç birinin mahiyyətini anlamamışdım”.
“Universitetdən qovulmağıma az qalmışdı”

Universitet illərində qiymətlərinin “4”, “5”olduğunu deyən S.Məmmədovun tələbəlik illərinin sonrakı dövrləri azadlıq hərəkatına düşdüyündən işlədiyi Bakı Tunel Tikinti İdarəsndə fəhlə hərəkatının lideri olur: “Tələbəliyimin ikinci hissəsi hərəkat dövrünə düşdü. Toplantılarda iştirak etdiyimə görə universitet rektoru Yəhya müəllimə mənimlə bağlı milis idarəsindən təqdimat verilmişdi. İndiki Yasamal rayonunun polis rəisi Ocaqov məni yanına çağırdı və soruşdu ki, “Sən nədən narazısan?”. O vaxt “Oqanyok” jurnalı, “Orqumentı i faktı” qəzeti çıxırdı və Sovet dövründəki hadisələr haqqında yazırdı. Bu mətbu nəşrləri əldə etmək çətin idi. Milis rəisinin stolunun üstündə gözümə “Oqonyok” jurnalı sataşdı. Dedim ki, “siz milis idarəsinin rəisisiniz “Oqonyok” jurnalı tapıb oxuya bilirsiniz, amma mən tapmıram”. Hazırcavab olmağım milis rəisinin xoşuna gəldi və mənə heç bir cəza tətbiq etmədilər. Amma universitetdən qovulmağımla bağlı təqdimat qüvvəsində qalırdı. Yəhya müəllim kimi bir insanın sayəsində universitetdən qovulmadım. O, var-gücü ilə çalışıb məni universitetdə saxladı. Çünki özü də hərəkat iştirakçısı idi”.
“800 Sibir düşbərəsini 1 saata bükürdük”

Müsahibimiz tələbəlikdə Metro Tikinti İdarəsinin hər cür şəraiti olan fəhlə yataqxanasında qalır. Dediyinə görə, yataqxanada ən təmiz otaq onların otağı olub: “Hərbi dəniz donanmasında xidmət etdiyimə görə səliqə-sahmana öyrəşmişdim. Qeyd edim ki, gəmidə hərənin öz yeri var idi və hər gün dörd dəfə oranı sabunla yumalı idik. Bizim yuduğumuz sahəyə barmaq çəkirdilər, əgər toz olsaydı, bizə böyük cəza verilərdi. Gəmidə ən qiymətli şey içməli su idi. Buna görə indi də açıq su görəndə ürəyim sıxılır, bu, mənə pis təsir edir. Tələbəlikdə kimsə suyu açıq qoyanda mən həmin adamla mütləq dava etməli idim”.
Yaxşı qazanmalarına baxmayaraq, yeməklərini restoranda deyil, özləri hazırlayırmış: “Gəmidə “Kayut-kampaniya”da (zabit heyətinin qidalandığı və istirahət etdiyi yer) xidmət edirdim, həm də qidalanma işinə baxırdım. Dəniz məhsullarından da çox gözəl yeməklər bişirirdim. Assistentimlə birlikdə 800 Sibir düşbərəsini bir saata bükürdük. Birinin də içərisinə istiot qoyurduq. Bu, dəniz adəti idi. Kimin bəxtinə düşər, düşər”.
“Hinduşka, mal əti sousu, lobya bişirərdik”

S.Məmmədov yerin altında işlədiklərinə görə yüksək maaş aldıqları deyir: “Müəllim 130-140 rubl alırdısa, bizim maaşımız 1000 rubla yaxın idi. Buna görə pulumuzu yığıb kənara da qoya bilirdik. O vaxt yığıb banka əmanət qoyduğum pulun son qalığını keçən il Kapital Bankdan aldım. İlk mənzilimi də tuneldə işlədiyim pulla almışam. Yaxşı qazandığımıza görə yeyib-içməyimiz də həmişə yaxşı olurdu. Tez-tez hinduşka, mal əti sousu, lobya məhsulları, kartof qızartmasının müxtəlif növlərini hazırlayardıq. Pulum olsa da, çox nadir hallarda restorana gedərdim. Həm təhsil alıb, həm işlədiyimə görə istirahətə vaxtım olmurdu. Boş vaxt tapan kimi Nərimanov kinoteatrına hind kinolarına baxar, muzeylərə gedərdik. Bir də volleyboyla məşğul olurdum”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər