• çərşənbə axşamı, 19 mart, 15:16
  • Baku Bakı 8°C

80 yaşın cazibəsi - Fotolar

19.05.18 10:00 9985
80 yaşın cazibəsi - Fotolar
Vladimir Vısotskinin axırıncı həyat yoldaşı, fransız aktrisa və müğənnisi Marina Vladi 80 yaşını qeyd edir. Rus mənşəli Marina Polyakova-Baydarova həmişə özünü "fransız pasportlu” rusiyalı hesab edib. Məşhur bardla evlənməzdən əvvəl o, "Qızıl Qlobus” mükafatına namizəd idi və 1963-cü ildə "Quşlar kraliçası” filmində ən yaxşı aktrisa üçün Kann Film Festivalının mükafatına layiq görülmüşdü. Bir müddət heykəltəraşlıqla da məşğul olmuşdu. Ünlü aktrisa bir sıra kitabların müəllifi kimi tanınana qədər səs-küylü sevgi macəraları yaşamışdı. Səksən filmdə çəkilən Marina rus mühacirlərinin qızıdır. Vladi - atasının xatirəsinə götürdüyü təxəllüsdür. O, 1938-ci ildə Parisdən çox da uzaq olmayan Klişi-la-Qarenndə anadan olub. 1915-ci ildə Birinci Dünya müharibəsi cəbhəsinə könüllü yollanan və Fransada qalan, 1919-cu ildə bolşevik inqilabından qaçan opera müğənnisi Vladimir Polyakovun dörd qızından kiçiyi idi. Sənətkar valideynlərin qızları da sənətlə bağlı peşə seçdilər: Marinanın bacısı Odile Versua və Helen Varnier ən yaşlı aktrisalardır, Olga Varen isə televiziya rejissorudur. Əslində, Marinanı 11 yaşı olanda sənətə bacılarından biri gətirib və onunla "Yaz gurultusu” adlı İtaliya filmində tərəf-müqabili olub.

60-cı illərin sonlarında isə bacılar trio yaratdılar - Les Soeurs Poliakoffun üçlüyü - "Sisters Polyakov” - onlar rus xalq mahnılarını səsləndirirdilər. 1966-cı ildən 1967-ci ilə qədər onlar Çexovun "Üç bacılar” əsərini Paris teatrı Ebertonun səhnəsində oynamışdılar.Tilsimlənmiş kişilərRuslar üçün Marina Vladi bu gün də Vladimir Vısotskinin həyat yoldaşıdır. Müğənninin dul qadını bu gün də öz cazibədarlığını qoruyub saxlayıb.Marina Vladinin füsunkarlığının sirrini bir çox məşhurlar açmağa çalışıblar. Sovet İttifaqında 1956-cı ildə "Cadugər qadın” filminin nümayişindən sonra əsil Vladimaniya başladı. Kişilər, rus əsilli gənc bir fransız aktrisaya tilsimlənmiş kimi aşiq oldular. O, kişilərə sehrli təsir göstərə bilirdi."Bütün qadınlar saçlarını uzadıb, onun kimi sarıya boyamışdılar. O, ictimaiyyətin kumiri olmuşdu” - deyə rejissor, yazıçı, ssenarist Aleksandr Stefanoviç xatırlayır: "Möhtəşəm sarışının pərəstişkarları arasında aktyor Vladimir Vısotski də var idi. Onlar 10 ildən sonra görüşdülər. Moskvada, 1967-ci ildə Marina Vladi beynəlxalq film festivalı çərçivəsində Taqanka Teatrını ziyarət edərkən Vısotski artıq SSRİ-də ulduz idi”. Vladi etiraf edib ki, o, aktyorun ehtiraslı, sərsəm oyunundan, xırıltılı səsindən təsirlənib. Həmin axşam səhərə qədər Vısotski Marina üçün mahnılarını oxuyub. Üç ildən sonra isə onlar Moskvanın qeydiyyat şöbəsində rəsmi nikah imzalayıblar. "Onlar mərasimə uyğun olaraq ağ və qara geyimdə gəlməmişdilər. Onlar sadə geyimdə idilər” – deyə Aleksandr Stefanoviç deyib.

Vısotskiyə qədər Vladi iki dəfə evlənib. İlk dəfə 17 yaşında ikən fransız aktyoru Robert Osseyinlə ailə qurub, onların iki oğlu var. Evlilikləri çətin və qısa müddətli olub. Marina Vladi və Robert Osseyin hələ də Fransada əfsanəvi cütlük adlanır.Aktrisanın ikinci evliliyi hava yolları kompaniyasının zəngin sahibi Jan-Klod Bruye ilə baş tutub. Vladi ona bir oğul bəxş edib, amma tezliklə o, yaxtalarını, təyyarələrini və ailəsini tərk edərək gedib. Bir il sonra isə qadın dəmir pərdə arxasında taleyini tapıb. Onun sevgililəri arasında Marcello Mastroani də var idi. 16 yaşlı Marina Vladi rejissorla 1954-cü ildə İtaliyada çəkilən "Sevgi günləri” filmində tanış olur. Həmçinin bu siyahıda 1965-ci ildə "Falstaff” adlı filmin çəkilişlərində tanış olduğu Orson Uels və 1963-cü ildə "Quşlar Kraliçası” filmində taniş olduğu Marko Ferrerinin adlarını çəkmək olar.Marina Vladi 1970-ci ildən 1980-ci ilə qədər - 10 il Vladimir Vısotski ilə evli olub. Marinanın Rusiyadakı həyatı haqqında çox şeylər yazılıb. O cümlədən "Vladimir və ya dayandırılmış uçuş” kitabında o öz həyatını qələmə alıb.

Vısotskinin ölümü Vladiyə pis təsir edir. Ancaq o, özündə yaşamağa güc tapır. 1980-ci ildən sonra qadın Fransaya qayıdır. Ona yalnız dördüncü yoldaşı, onkoloq Leon Şvartsenberq kömək edə bilir. Onlar birlikdə 23 il yaşayırlar, 2003-cü ildə əri xərçəngdən dünyasını dəyişir.

Keçmişi unutmaq üçün

Vısotskinin ölümündən sonra Marina Vladi 2015-ci ildə auksion təşkil edib ərinin qalan əşyalarını satdı. Bunların içərisində onun başqa ərlərinə məxsus olan əşyalar və Jan-Lyuk Qodarın məktubları da var idi. Vladimir Vısotskinin xatirəsinə aid olanların satılması faktı Rusiyada böyük hiddət və qəzəbə səbəb oldu. Lakin satışa çıxarılanların hamısını şair Andrey Qavrilovski - rus biznesmeni alıb Yekaterinburqda Vısotskinin muzeyini açdı. Marina Vladi bu hərəkətlərini keçmişindən azad olub gələcəyini qurmaq istəyi ilə izah etdi.

Hal-hazırda Marina Parisin mərkəzindən azca aralıda yerləşən evində yaşayır, itləri və quşları yemləyir və çox nadir hallarda müsahibələr verir. Son dəfə 2010-cu ildə İrandan Avropaya qaçmaq məcburiyyətində qalan homoseksual cütlük haqqında olan «Bir neçə saatlıq möhlət» tammetrajlı filminə çəkilib. Filmə çox az pul ayrıldığından aktrisa bu filmə pulsuz çəkilirdi. Baxmayaraq ki aktrisa təqaüddə idi və ayda cəmi 600 avro alırdı. «Mənim yaşımda olan qadınların filmə çəkilməsi nadir hallarda olduğundan, bu mənə verilən bir hədiyyədir» - deyən aktrisa özünü çox xoşbəxt hiss edir.

Sevgiyə inanıram
- Hazırda kinoya çəkilirsinizmi?
- Çəkilmirəm. Müntəzəm olaraq teatrlarda çıxış edirəm. Ancaq teatr müəyyən fiziki qüvvə tələb edir. Buna görə mən daimi repertuarda iştirak etmirəm. Buna baxmayaraq, aktiv həyat tərzim var. Sərgilərə, opera quruluşlarına çıxıram. Hətta kimin və ya nəyinsə hüquqlarının müdafiəsi uğrunda müxtəlif aksiyalarda da iştirak edirəm.

- Gününüz necə keçir?
- Mənim yaşımda olan bütün qadınlarda olduğu kimi.

- İdmanla məşğul olursunuzmu? Deyirlər ki, yaşınıza baxmayaraq, siz buna güc və vaxt tapırsınız.
- Mənim evimdə velotrenajor qurulub. Onunla hər gün məşğul oluram, çox gəzirəm.

- Sizin üçün həyatda əsas olan nədir?
- Mənim oğullarım, ev heyvanlarım... Mənim iki itim vardı. Biri 15, o biri 17 il idi ki, yanımda yaşayırdı. Onlardan biri bu yaxınlarda öldü. Ona görə mən çox həyəcan keçirdim.

- Siz Vısotskinin övladları ilə dostluğunuzun alınmamasına heyfsilənirsiniz?
- Onlar balaca olanda buna cəhd etdim. Ancaq nə o vaxt, nə də sonralar alındı. Ancaq bizim normal münasibətimiz var. Xüsusən əgər söhbət Vısotskinin xatirəsindən gedirsə... Onun oğlu Nikita hərdən Parisə gələndə gül alaraq mənimlə söhbət etməyə tələsir. Amma aydındır ki, yaxın münasibətimiz yoxdur. Ayrı-ayrı talelərimiz, maraqlarımız var. Digər tərəfdən, mənim fransız övladlarım Vısotskiyə çox yaxşı münasibət göstəriblər. Hətta onlardan biri gitara ilə oxumağı Volodyaya görə seçib.

- Yarım il əvvəl publika auksionla bağlı hadisəyə çox aqressiv reaksiya verdi. Bəlkə bu, ona görə idi ki, Rusiyada o vaxtdan bəri Vısotskini çox sevirlər. Eləcə də sizi başa düşür və sevirlər?
- Əgər Volodya ilə məni sevsəydilər, o vaxt belə aqressiv olmazdılar.

- Elə isə siz nə üçün Vısotski ilə bağlı olan evi, əşyaları satdınız?
- Mənim satdıqlarım kitablar, rəsm əsərləri, ikonalar, bər-bəzəklər idi və hamısı mənə aid idi. O cümlədən, şəhər kənarındakı ev... Volodyanın axırıncı şeiri, bütün əlyazmaları və bizim yazışmalarımız Rusiyada qaldı. Mən hər şeyi ona görə satdım ki, öz uşaqlarıma və o həyatdan yavaş-yavaş uzaqlaşmağa kömək edim. Kim qocalırsa, başa düşür. Bu o demək deyil ki, mən mübarizə aparmıram. Yox, mən işləyirəm. Ancaq mənim azadlığım, mənim həyat tərzim - bunların hamısı mənim satdığım əmlakın hesabına başa gəlib. Yalnız bu mənə azadlıq verdi. Bu, mənim həyatımda başlıca məqamdır. Mən əvvəllər Volodyaya kömək edirdim. Hətta Fransa kommunist partiyasına daxil oldum ki, məni Sovet İttifaqına buraxsınlar. İkimiz birlikdə Volodyanın azadlığı uğrunda mübarizə aparırdıq. Sovet dövründə Taitiyə və ya Nyu-Yorka getmək mümkün deyildi. Xüsusilə Volodya üçün. Amma biz getdik.

- Siz sevgiyə inanırsınızmı? Bu uzun – illərlə yaşadığınız həyatınızda sevgi sizə nə verdi?
- Sevgiyə inanıram və bilirəm ki, yalnız bircə dəfə sevmək olmaz. Mənim həyatımda dörd ərim, çoxlu sevgilim və üç oğlum olub. Mən onlara görə yaşamışam. Nə vaxt ki yazıram, onlar üçün yazıram. Çünki onlar mənim yanımdadırlar, mənimlə birgədirlər...Rus mətbuatından çevirdiTəranə Məhərrəmova
banner

Oxşar Xəbərlər