80 illik ömrün mənalı və şərəfli yolu
Həyat qəribə paradokslarla doludur. Bəzən sənin sadədən də sadə
tanıdığın bir insanın keçdiyi həyat yolu, əmək fəaliyyəti ilə tanış olduqda, onun insanpərvərliyinə,
yaradıcılıq və təşkilatçılıq qabiliyyətinə, içindəki Vətən, ocaq sevgisinə
heyran qalırsan. O anda düşünürsən: "Bu qədər enerji, güc bu insanda
hardandır?” Və onu gec tanıdığına sadəcə,
təəssüf edirsən. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin məşhur misraları yada
düşür: "Yaşamaq yanmaqdır, yanasan gərək..."
Etiraf edək ki, çoxları yanaraq yaşamırlar, yaşayaraq yanırlar.
Yanaraq yaşamağı Tanrı hər kəsə nəsib etmir. Və heç şübhəsiz ki, belələri
Tanrının ən xoşbəxt bəndələrindəndir. Düşünürəm ki, bu yazımın qəhrəmanı
Cəmaləddin Zeynalov məhz bu cür - ömrü boyu Vətənə, xalqa xidmət etmək amalı
ilə yanaraq yaşayan insanlardandır.
Əslində onunla ilk tanışlığımız keçən ilin iyul ayında Ağsu rayon
Veteranlar Təşkilatının dəvətilə qatıldığım gözəl auralı konfransda oldu.
Şirvanın gözəl guşələrindən olan Ağsuda ilk dəfə idi olurdum. Hər
dəfə yanından keçib nəhəng ilan kimi dağların
ətrafında qıvrılan yüksək dolaylardan yaşıllığın ağuşunda xumarlanan şəhəri
heyranlıqla seyr etmişdim. Mərkəzdə isə olmamışdım. Düzü, buna görə özümü
qınadım da. Şəhər o qədər gözəl, adamları o qədər qonaqpərvər, istiqanlı idilər
ki, "Hər dəfə sadəcə yanından ötüb keçdiyim bu şəhəri indiyəcən nədən ziyarət
etmədin?” sualına özümdən cavab almaq istədim. Əslində, bu istiqanlılıq bizim millətə,
xalqımıza xas olan xarakterik bir xüsusiyyətdir.
Anamız Azərbaycanın hər guşəsi, hər daşı, hər qarışı gözəldir. Ağsuda olarkən də bunu aydınca hiss
etdim. Şəhərdə qəribə, sadə bir gözəllik vardı. Hər tərəf səliqə-sahmanlı,
tərtəmiz idi. Yolkənarı binalar, evlər, dam örtükləri elə bil indicə təmir
olunmuşdu. Ulu öndərimiz Heydər Azərbaycanın
bütün bölgələrinə qayğı və diqqət göstərmişdir. İndi də bu missiyanı cənab
Prezidentimiz İlham Əliyev davam etdirir. Bu gün də o qayğını möhtərəm
Prezidentimizin sayəsində hiss etdim. Heç şübhəsiz ki, bütün bunlar cənab Prezidentin
hər il bölgələrə ayırdığı vəsaitin doğru-düzgün sərf olunmasının nəticəsidir.
Rayon İcra Aparatının başçısı Ənvər Seyidəliyevin də burda xüsusi əməyini qeyd
etmək yerinə düşərdi.
Yuxarıda qeyd etdiyim kimi, mən Ağsuya dəvət olunmuş bir neçə
jurnalistdən biri idim. Biz Ağsu rayon Veteranlar Təşkilatının keçirdiyi IX
konfransa dəvət olunmuşduq.
Cəmaləddin Zeynalovu da orda tanıdım.
Konfrans saat on birdə
H.Əliyev Mərkəzində başladı.
Konfransı giriş sözü ilə tədbirin əsas təşkilatçısı olan Ağsu rayon
Veteranlar Təşkilatının sədri olan Cəmaləddin Zeynalıov açdı.
Elə o zaman Cəmaləddin
müəllimin necə qonaqpərvər, sadə, gözəl bir şəxsiyyət olduğunu gördüm.
Cəmaləddin müəllimin bu ahıl
yaşında olan iş qabiliyyətinə, həyat dolu enerjisinə heyran qaldım. O qədər
sadə insandır ki, bunu sözlə ifadə etmək çətindir. Bunun üçün gərək Cəmaləddin
müəllimin özünü tanıyasan. Əslində, belə insanları Tanrının qəlbinə mərhəmət ,
işıq bəxş etdiyi fədai adlandırmaq daha
doğru olardı.
O, uzun müddət yüksək vəzifələrdə - partiya və komsomol
təşkilatlarında çalışıb. Həyatını,
gəncliyini sırf partiya və komsomol işlərinə, xalqın maariflənməsinə sərf edib.
Yuxusuz gecələr, yaşadığı həyəcanlar çox olub. Bəzən səhərə qədər
yatmayıb, yeni layihələr, təkliflər üzərində işləyib. Məqsədinə nail olub.
Kiməsə əl uzadıb, kömək edib. Bu çətin yolda həyatın hər üzünü görüb: mərdini
də, namərdini də. Xeyrini də, şərini də. Anlayanı da, anlamayanı da. Amma
yıxılmayıb, həmişə ayaqda durub.
Yaşının bu çağında isə yenə də ayaqdadır. Yenə də Vətənə ləyaqətlə
xidmətdədir. Onun həyatı bir çox gənc kadrlara bir nümunə, örnəkdir.
Deyirlər, hər bir insanın müsbət və mənfi aurası olur. Bunu
psixoloqlar da sübut edib. İnsan var ki, ağzını açıb danışanda onunla söhbət etdiyinə
peşman olursan. Nə ki mənfi enerjisi var ötürür sənə. İnsan da var ki, onu
görəndə bütün dərd-sərin, problemlərin yadından çıxır. Mübaliğəsiz və tam
səmimi deyim ki, Cəmaləddin müəllimi tanıyandan sonra, onunla hər dəfə
həmsöhbət olduqda, bu hissləri yaşayıram. Yəqin ki, onu tanıyanlar da mənim
dediklərimi təsdiq edərlər.
Gəlin öncə bu gözəl şəxsiyyətin, dəyərli ziyalımız Cəmaləddin
müəllimin keçdiyi həyat yoluna qısa bir ekskurs edək.
Cəmaləddin Atamalı oğlu Zeynalov 1938-ci ilin fevral ayının 3-də Ağsu
rayonunun Kəndoba kəndində anadan olmuşdur.
C.A.Zeynalov orta məktəbi bitirdikdən sonra, 1957-ci ildə Xalq
Təsərrüfatı İnstitutuna daxil olaraq 1961-ci ildə institutu bitirərək iqtisadçı
ixtisası almışdır. İlk əmək fəaliyyətinə «Azərkəndtexnika» Birliyinin Ağsu
rayon şöbəsində baş iqtisadçı işləməklə başlamışdır. Həmin ildə Ağsu rayon
Komsomol Komitəsinin ştatdankənar katibi seçilmişdir. Bu iş onda komsomol işinə
həvəsi artırmışdı. Yüksək təşkilatçılıq qabiliyyətini hiss edən rayon
rəhbərliyi, onu daha yüksək vəzifəyə irəli çəkmiş, Ağsu rayon Komsomol
Komitəsinin birinci katibi seçmişlər. Komsomol Komitəsinə rəhbərlik etdiyi
dövrdə gənclərin təsərrüfatın müxtəlif sahələrində qazandıqları nailiyyətlərə
görə, Azərbaycan LKGİMK-nın Keçici Qırmızı bayrağına layiq görülmüşdür.
Ağsu rayon Partiya Komitəsində xeyli müddət işlədikdən sonra onu
1966-cı ilin fevral ayından etibarən rayonun yeni təşkil olunmuş «Komsomol»
kolxozuna sədr vəzifəsinə seçmişlər. Bu vəzifədə 1971-ci ilin fevral ayına kimi
işləmişdir. Sədr işlədiyi dövrdə kolxoz rayonun ən qabaqcıl təsərrüfatlarından
biri olmaqla, bir neçə dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
iştirakçısı olmuşdur.
C.A.Zeynalov Ədliyyə Nazirliyi nəzdində ixtisasartırma kursu keçərək
1971-1974-cü illərdə Ağsu rayon Kənd Təsərrüfatı idarəsində baş hüquq
məsləhətçisi işləmişdir. 1974-1978-ci illərdə Ağsu rayon Sovxozlar birliyinin
plan şöbəsinə rəhbərlik edərək, həmin təşkilatda baş iqtisadçı vəzifəsində
işləmişdir. 1979-1985-ci illərdə onu daha yüksək vəzifəyə məsləhət bilərək,
Ağsu rayon Süd Emalı Zavoduna direktor təyin etmişlər. Həmin dövrdə rayonun
maldarlıq sahəsi yüksək səviyyədə inkişaf edərək, rayon süd istehsalına görə,
Azərbaycan KPMK-nin və Nazirlər Sovetinin Keçici Qırmızı bayrağına layiq
görülmüşdür.
Ömrünün çoxunu öz ixtisası üzrə işləyən Cəmaləddin Zeynalov
1985-1999-cu ilə kimi Ağsu rayon Aqrar Sənaye Birliyində aparıcı mütəxəssis
kimi fəaliyyət göstərmişdir. Eyni zamanda, 1996-1999-cu ilə kimi Ağsu rayon
Aqrar Sənaye Birliyi üzrə Yeni Azərbaycan Partiyası ilk təşkilatının sədri
olmuş, YAP ilk təşkilatlarının yaradılmasında xüsusi fəallıq göstərmişdir.
1988-ci ildə "Əmək Veteranı” fəxri adına layiq görülərək, "Əmək
Veteranı” medalı ilə təltif edilmişdir. 1999-cu ildə yaşa görə təqaüdə
çıxmışdır. 2005-ci ildən etibarən dövlət qulluqçusu kimi təqaüd alır. 2008-ci
ilin mart ayından rayon müharibə, əmək, silahlı qüvvələr və hüquq mühafizə
orqanları veteranları şurasına sədr seçilmişdir. Ağsu rayon İcra Hakimiyyətinin
qərarları ilə gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində,
veteranların hüquqlarının müdafiə olunmasında və rayon veteranlar şurasındakı
xüsusi fəaliyyətinə görə fəxri fərmanlara layiq görülmüşdür. Ağsu rayon
Veteranları Şurasının VI, VII, VIII və IX konfransları onu yenidən rayon
Veteranlar Şurasının sədri seçmişdir.
Veteranlara göstərilən diqqət və qayğıya görə respublika veteran
təşkilatı onu «Veteran həmrəyliyi» medalı ilə təltif etmişdir. Bundan əlavə, C.Zeynalovun
fəaliyyəti yüksək qiymətləndirilərək,
2017-ci ildə "Həzi Aslanov-100” medalı ilə təltif edilmişdir. C.A.Zeynalov bir
sıra fəxri diplomlara da layiq görülmüşdür.
C.A.Zeynalov şuraya rəhbərlik etdiyi dövrdə onun fəaliyyətini
gücləndirmiş, veteranların dəqiq siyahısı dürüstləşdirilmiş, daimi
komissiyaların fəaliyyətinə nəzarət gücləndirilmişdir. Rayon Veteranlar Şurası
veteranlara daima diqqət və qayğı göstərməklə, onlarla yaxın təmasda olur,
veteranların hüquqlarının qorunması sahəsində, gənclərdə vətəndaşlıq və
vətənpərvərlik ruhunun yüksəldilməsində çox işlər görür. Respublika Veteranlar
Şurası onun fəaliyyətindən yüksək səviyyədə razılıq edir. C.A.Zeynalov
ailəlidir, altı övladının hamısı ali təhsillidir. Müxtəlif peşəyə sahibdirlər.
C.Zeynalovun 18 nəvəsi və 8 nəticəsi var.
Cəmaləddin Atamalı oğlu Zeynalovun 3 fevral 2018-ci il tarixdə 80
yaşı tamam olub. Onu ad günü münasibətilə təbrik edir, uzun ömür, möhkəm
cansağlığı arzulayırıq.
Südabə SƏRVİ
Yazıçı-jurnalist, Prezident mükafatçısı