• cümə, 29 Mart, 00:28
  • Baku Bakı 7°C

80 illik ömrün mənalı və şərəfli yolu

14.02.18 09:45 927
80 illik ömrün mənalı və şərəfli yolu
Həyat qəribə paradokslarla doludur. Bəzən sənin sadədən də sadə tanıdığın bir insanın keçdiyi həyat yolu, əmək fəaliyyəti ilə tanış olduqda, onun insanpərvərliyinə, yaradıcılıq və təşkilatçılıq qabiliyyətinə, içindəki Vətən, ocaq sevgisinə heyran qalırsan. O anda düşünürsən: "Bu qədər enerji, güc bu insanda hardandır?” Və onu gec tanıdığına sadəcə, təəssüf edirsən. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin məşhur misraları yada düşür: "Yaşamaq yanmaqdır, yanasan gərək..."
Etiraf edək ki, çoxları yanaraq yaşamırlar, yaşayaraq yanırlar. Yanaraq yaşamağı Tanrı hər kəsə nəsib etmir. Və heç şübhəsiz ki, belələri Tanrının ən xoşbəxt bəndələrindəndir. Düşünürəm ki, bu yazımın qəhrəmanı Cəmaləddin Zeynalov məhz bu cür - ömrü boyu Vətənə, xalqa xidmət etmək amalı ilə yanaraq yaşayan insanlardandır.
Əslində onunla ilk tanışlığımız keçən ilin iyul ayında Ağsu rayon Veteranlar Təşkilatının dəvətilə qatıldığım gözəl auralı konfransda oldu.
Şirvanın gözəl guşələrindən olan Ağsuda ilk dəfə idi olurdum. Hər dəfə yanından keçib nəhəng ilan kimi dağların ətrafında qıvrılan yüksək dolaylardan yaşıllığın ağuşunda xumarlanan şəhəri heyranlıqla seyr etmişdim. Mərkəzdə isə olmamışdım. Düzü, buna görə özümü qınadım da. Şəhər o qədər gözəl, adamları o qədər qonaqpərvər, istiqanlı idilər ki, "Hər dəfə sadəcə yanından ötüb keçdiyim bu şəhəri indiyəcən nədən ziyarət etmədin?” sualına özümdən cavab almaq istədim. Əslində, bu istiqanlılıq bizim millətə, xalqımıza xas olan xarakterik bir xüsusiyyətdir.
Anamız Azərbaycanın hər guşəsi, hər daşı, hər qarışı gözəldir. Ağsuda olarkən də bunu aydınca hiss etdim. Şəhərdə qəribə, sadə bir gözəllik vardı. Hər tərəf səliqə-sahmanlı, tərtəmiz idi. Yolkənarı binalar, evlər, dam örtükləri elə bil indicə təmir olunmuşdu. Ulu öndərimiz Heydər Azərbaycanın bütün bölgələrinə qayğı və diqqət göstərmişdir. İndi də bu missiyanı cənab Prezidentimiz İlham Əliyev davam etdirir. Bu gün də o qayğını möhtərəm Prezidentimizin sayəsində hiss etdim. Heç şübhəsiz ki, bütün bunlar cənab Prezidentin hər il bölgələrə ayırdığı vəsaitin doğru-düzgün sərf olunmasının nəticəsidir. Rayon İcra Aparatının başçısı Ənvər Seyidəliyevin də burda xüsusi əməyini qeyd etmək yerinə düşərdi.
Yuxarıda qeyd etdiyim kimi, mən Ağsuya dəvət olunmuş bir neçə jurnalistdən biri idim. Biz Ağsu rayon Veteranlar Təşkilatının keçirdiyi IX konfransa dəvət olunmuşduq.
Cəmaləddin Zeynalovu da orda tanıdım.
Konfrans saat on birdə H.Əliyev Mərkəzində başladı.
Konfransı giriş sözü ilə tədbirin əsas təşkilatçısı olan Ağsu rayon Veteranlar Təşkilatının sədri olan Cəmaləddin Zeynalıov açdı.
Elə o zaman Cəmaləddin müəllimin necə qonaqpərvər, sadə, gözəl bir şəxsiyyət olduğunu gördüm.
Cəmaləddin müəllimin bu ahıl yaşında olan iş qabiliyyətinə, həyat dolu enerjisinə heyran qaldım. O qədər sadə insandır ki, bunu sözlə ifadə etmək çətindir. Bunun üçün gərək Cəmaləddin müəllimin özünü tanıyasan. Əslində, belə insanları Tanrının qəlbinə mərhəmət , işıq bəxş etdiyi fədai adlandırmaq daha doğru olardı.
O, uzun müddət yüksək vəzifələrdə - partiya və komsomol təşkilatlarında çalışıb. Həyatını, gəncliyini sırf partiya və komsomol işlərinə, xalqın maariflənməsinə sərf edib. Yuxusuz gecələr, yaşadığı həyəcanlar çox olub. Bəzən səhərə qədər yatmayıb, yeni layihələr, təkliflər üzərində işləyib. Məqsədinə nail olub. Kiməsə əl uzadıb, kömək edib. Bu çətin yolda həyatın hər üzünü görüb: mərdini də, namərdini də. Xeyrini də, şərini də. Anlayanı da, anlamayanı da. Amma yıxılmayıb, həmişə ayaqda durub.
Yaşının bu çağında isə yenə də ayaqdadır. Yenə də Vətənə ləyaqətlə xidmətdədir. Onun həyatı bir çox gənc kadrlara bir nümunə, örnəkdir.
Deyirlər, hər bir insanın müsbət və mənfi aurası olur. Bunu psixoloqlar da sübut edib. İnsan var ki, ağzını açıb danışanda onunla söhbət etdiyinə peşman olursan. Nə ki mənfi enerjisi var ötürür sənə. İnsan da var ki, onu görəndə bütün dərd-sərin, problemlərin yadından çıxır. Mübaliğəsiz və tam səmimi deyim ki, Cəmaləddin müəllimi tanıyandan sonra, onunla hər dəfə həmsöhbət olduqda, bu hissləri yaşayıram. Yəqin ki, onu tanıyanlar da mənim dediklərimi təsdiq edərlər.
Gəlin öncə bu gözəl şəxsiyyətin, dəyərli ziyalımız Cəmaləddin müəllimin keçdiyi həyat yoluna qısa bir ekskurs edək.
Cəmaləddin Atamalı oğlu Zeynalov 1938-ci ilin fevral ayının 3-də Ağsu rayonunun Kəndoba kəndində anadan olmuşdur.
C.A.Zeynalov orta məktəbi bitirdikdən sonra, 1957-ci ildə Xalq Təsərrüfatı İnstitutuna daxil olaraq 1961-ci ildə institutu bitirərək iqtisadçı ixtisası almışdır. İlk əmək fəaliyyətinə «Azərkəndtexnika» Birliyinin Ağsu rayon şöbəsində baş iqtisadçı işləməklə başlamışdır. Həmin ildə Ağsu rayon Komsomol Komitəsinin ştatdankənar katibi seçilmişdir. Bu iş onda komsomol işinə həvəsi artırmışdı. Yüksək təşkilatçılıq qabiliyyətini hiss edən rayon rəhbərliyi, onu daha yüksək vəzifəyə irəli çəkmiş, Ağsu rayon Komsomol Komitəsinin birinci katibi seçmişlər. Komsomol Komitəsinə rəhbərlik etdiyi dövrdə gənclərin təsərrüfatın müxtəlif sahələrində qazandıqları nailiyyətlərə görə, Azərbaycan LKGİMK-nın Keçici Qırmızı bayrağına layiq görülmüşdür.
Ağsu rayon Partiya Komitəsində xeyli müddət işlədikdən sonra onu 1966-cı ilin fevral ayından etibarən rayonun yeni təşkil olunmuş «Komsomol» kolxozuna sədr vəzifəsinə seçmişlər. Bu vəzifədə 1971-ci ilin fevral ayına kimi işləmişdir. Sədr işlədiyi dövrdə kolxoz rayonun ən qabaqcıl təsərrüfatlarından biri olmaqla, bir neçə dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuşdur.
C.A.Zeynalov Ədliyyə Nazirliyi nəzdində ixtisasartırma kursu keçərək 1971-1974-cü illərdə Ağsu rayon Kənd Təsərrüfatı idarəsində baş hüquq məsləhətçisi işləmişdir. 1974-1978-ci illərdə Ağsu rayon Sovxozlar birliyinin plan şöbəsinə rəhbərlik edərək, həmin təşkilatda baş iqtisadçı vəzifəsində işləmişdir. 1979-1985-ci illərdə onu daha yüksək vəzifəyə məsləhət bilərək, Ağsu rayon Süd Emalı Zavoduna direktor təyin etmişlər. Həmin dövrdə rayonun maldarlıq sahəsi yüksək səviyyədə inkişaf edərək, rayon süd istehsalına görə, Azərbaycan KPMK-nin və Nazirlər Sovetinin Keçici Qırmızı bayrağına layiq görülmüşdür.
Ömrünün çoxunu öz ixtisası üzrə işləyən Cəmaləddin Zeynalov 1985-1999-cu ilə kimi Ağsu rayon Aqrar Sənaye Birliyində aparıcı mütəxəssis kimi fəaliyyət göstərmişdir. Eyni zamanda, 1996-1999-cu ilə kimi Ağsu rayon Aqrar Sənaye Birliyi üzrə Yeni Azərbaycan Partiyası ilk təşkilatının sədri olmuş, YAP ilk təşkilatlarının yaradılmasında xüsusi fəallıq göstərmişdir.
1988-ci ildə "Əmək Veteranı” fəxri adına layiq görülərək, "Əmək Veteranı” medalı ilə təltif edilmişdir. 1999-cu ildə yaşa görə təqaüdə çıxmışdır. 2005-ci ildən etibarən dövlət qulluqçusu kimi təqaüd alır. 2008-ci ilin mart ayından rayon müharibə, əmək, silahlı qüvvələr və hüquq mühafizə orqanları veteranları şurasına sədr seçilmişdir. Ağsu rayon İcra Hakimiyyətinin qərarları ilə gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində, veteranların hüquqlarının müdafiə olunmasında və rayon veteranlar şurasındakı xüsusi fəaliyyətinə görə fəxri fərmanlara layiq görülmüşdür. Ağsu rayon Veteranları Şurasının VI, VII, VIII və IX konfransları onu yenidən rayon Veteranlar Şurasının sədri seçmişdir.
Veteranlara göstərilən diqqət və qayğıya görə respublika veteran təşkilatı onu «Veteran həmrəyliyi» medalı ilə təltif etmişdir. Bundan əlavə, C.Zeynalovun fəaliyyəti yüksək qiymətləndirilərək, 2017-ci ildə "Həzi Aslanov-100” medalı ilə təltif edilmişdir. C.A.Zeynalov bir sıra fəxri diplomlara da layiq görülmüşdür.
C.A.Zeynalov şuraya rəhbərlik etdiyi dövrdə onun fəaliyyətini gücləndirmiş, veteranların dəqiq siyahısı dürüstləşdirilmiş, daimi komissiyaların fəaliyyətinə nəzarət gücləndirilmişdir. Rayon Veteranlar Şurası veteranlara daima diqqət və qayğı göstərməklə, onlarla yaxın təmasda olur, veteranların hüquqlarının qorunması sahəsində, gənclərdə vətəndaşlıq və vətənpərvərlik ruhunun yüksəldilməsində çox işlər görür. Respublika Veteranlar Şurası onun fəaliyyətindən yüksək səviyyədə razılıq edir. C.A.Zeynalov ailəlidir, altı övladının hamısı ali təhsillidir. Müxtəlif peşəyə sahibdirlər. C.Zeynalovun 18 nəvəsi və 8 nəticəsi var.
Cəmaləddin Atamalı oğlu Zeynalovun 3 fevral 2018-ci il tarixdə 80 yaşı tamam olub. Onu ad günü münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Südabə SƏRVİ
Yazıçı-jurnalist, Prezident mükafatçısı
banner

Oxşar Xəbərlər