80 ildir ki, yazmaqla məşğulam
Con Piter Berqer cari ilin ilk
günlərində vəfatı ilə dünya ədəbiyyatında səs-küyə səbəb olmuş və İngiltərə oxucularını
kədərə qərq etmişdi. Onun ölümü uzun müddətdir davam edən xəstəlik səbəbindən gözlənilən
olsa da, asan qəbul edilməmişdi. 91 yaşında dünyasını dəyişən Berqer İngiltərə
və dünya ədəbiyyatında tənqidi məqalələri ilə nüfuz qazanmış rəssam, yazar, ədəbi
tənqidçidir. Yarım əsrdən çox Fransada yaşayıb, buranı ilham mənbəyi hesab
edib, ona dünya şöhrəti gətirən romanını burada yazmış olsa da, 1972-ci ildə
"Man Booker” mükafatını ingilis yazar kimi alıb. Ona bu nüfuzlu mükafatı "G.”
romanı qazandırıb. BBC silsilələrinin uğurlu ssenaristi Con Piterin radioda
işlədiyi illərdə şahidlik etdiyi həyat hekayələri onun roman və esselərinin
əsas mövzusu olub. Müharibə, mühacirət, əsarət, miqrasiya kimi mövzuları
dəfələrlə həm də olduqca uğurla işləmiş yazar başqalarını tənqid etməklə
yanaşı, həm də tənqidə açıq və dözümlü olub.
Rus dili və ədəbiyyatına dərin marağı
ilə tanınan Berqerdə bu sevgini ikinci xanımı, övladları Katya və Ceykobun
anası Anya Bostok oyadıb.
Berqer dünya ədəbiyyatında "Zəmanəmizin
rəssamı” ("A painter of our time”), "Kral: küçə əhvalatı” ("King: A street
story”), "A-dan X-a” ("From A to X”), "Zanbaq və bayraq” ("Lilac and flag”),
"Qoyanın sonuncu tablosu” ("Goya’s last portrait”), "Yaranın səhifələri”
("Pages of wound”) və s. hekayə və şeir toplularının müəllifi kimi tanınır.
Yazarın "Guardian” dərgisində yayımlanmış məqaləsini təqdim edirik.
Hardasa 80 ildir ki, yazmaqla məşğulam.
İşim-gücüm yazmaqdır. Əvvəllər məktublar, sonra şeirlər, müsahibələr,
söhbətlər, ondan sonra isə hekayələr və esselər, kitablarla əlləşirdim və indi
də yaradıcı qeydlərimi yazıram. Yazmaq bir məşğuliyyətdən daha çox məna ehtiva
edir, mənimçün həyati əhəmiyyət daşıyır. Ətrafımda yaşanan münasibətlərə, baş
verən hadisələrə, insanlara daha çox məna qazandırır, tutduğu yola davam etməyə
cəsarətləndirir. Yaza bilmək həyatıma məna qatır. Yazmaq kökləri
düşündüyünüzdən daha dərinlərə uzanan bir şeyin tumurcuğudur. Yazıyla
qarşılıqlı, ikili münasibətimizin bir ünsiyyət yolu var – dil. Elə buradakı bir
neçə qeydin reallaşmasına da dil kömək edib.
Bu yazıda bir dildən başqa bir dilə
tərcümə prosesini analiz etmək istəyirəm. Müasir dönəmdə tərcümə prosesi əksər
hallarda texniki iş kimi qəbul edilir. Təbii ki, mən ədəbi tərcümələrdən
danışıram – yəni, şəxsi təcrübələr, düşüncələr, duyğular hesabına qələmə alınan
mətnlərin tərcüməsindən yola çıxıram. Niyə bu prosesi texniki iş adlandırıram?!
Çünki müasir dövrdə ədəbi mətnlərin tərcüməsi ilə məşğul olanlardan nə tələb
edildiyini bilirəm. Tərcüməçi bir dildə yazılmış mətnin söz və ifadələrini
götürüb, başqa bir səhifədə başqa bir dildəki qarşılığını yazır. Buna hərfi,
texniki tərcümə kimi bir çox təriflər verilir. Sonra başqa biri – bu, adətən,
redaktor olur, ya da bədii tərcüməçi – ikinci dilə çevrilmiş söz və ifadələri
həmin dilin qrammatik, semantik qaydalarına uyğunlaşdıraraq, mənayla uzlaşan
mətnə çevirir. İş bununla bitirmi?! Əlbəttə ki, yox. Bir də üçüncü adamın əli
dəyir xammala. Yekun mətni ana mətnin səsinə, ahənginə uyğunlaşdırmaq
məsuliyyətini üzərinə götürmüş adam mətnə tamamilə yeni forma verir. Bəs, bu
ahəngi hər zaman təmin etmək olurmu? Yox. Əksər tərcümə prosesi bu üsulla
irəliləyir və nəticələr təbii ki, ədəbiyyat üçün olduqca dəyərlidir. Amma
ikinci sinif keyfiyyətindədir.
Niyə? Çünki tərcümə iki dil arasındakı
ikitərəfli, qarşılıqlı münasibətin nəticəsi deyil, üçlü münasibətin tərəfidir.
Bu üçbucağın üçüncü tərəfi əsas mətnin yazıya köçürülməsi üçün sərf edilmiş söz
və ifadələrinin arxasında yatan mənadır. Əsl tərcümə tərcüməçiyə əsas mətnin
yazılmasında istifadə olunan elementlərin ana dildə ifadə etdiyi mənalara tam
bələd olmaq şərti qoyur. Tərcüməçi əsas mətnin sözlərini, ifadələrini, ehtiva
etdiyi mənanı anlamaq üçün bunları yazdıran səbəblərə, baxış bucağına və
təcrübəyə vaqif olmalı, ifadələrin görünən tərəflərini deşib-keçərək, mətni
dəfələrlə dönə-dönə oxumalıdır. Bu mərhələdə hələ ki, sadəcə oxucu olan
tərcüməçi təkrar mütaliə nəticəsində topladıqlarını, tapdıqlarını ikinci dilə
tərcümə edərkən meydana gələcək mətnin əsas fonuna yerləşdirməlidir. Bundan
sonra onun tərcüməçi kimi işi başlayır. Belə ki, artıq əsas hədəf əsas dilin
ifadə edilməyi gözləyən duyğu və düşüncələrinin öz qarşılığını tapmasının
təminidir. Qarşılığın həqiqətən də, nəzərdə tutulan fikri ifadə etdiyinə hər
iki dilin oxucusunu inandıra bilmək peşəkarlıq göstəricisidir.
Bu prosesi başdan-sona izləyərkən, dərk
edirik ki, dilin "söz yığını” kimi qəbul
edilməsi yolverilməzdir. Böyük və əziyyətli iş prosesindən keçib, bir neçə mərhələdə
cilalanan dil bu qədər bəsitləşdirilə bilməz. Hətta bu dildə yazılmış əsərlərin
hamısının cəmi də dilin əsl mahiyyətini dəyərləndirmək üçün kafi sayılmaz.
Danışılan, ümumişlək dilin fizionomiyası, hərfi və vizual funksiyaları
linqvistik bir bədən kimi təsəvvür edilir, dilin canlı olduğunu sübut edir.
Amma bu varlığın ifadə edilə bilən tərəfləri, üzləri ilə yanaşı, ifadə edilə
bilinməyən tərəfləri də var.
"Ana dili” ifadəsinin hərfi baxımdan ən
yaxşı qarşılığı rus dilindədir. Məsələn, bir çox dillərdə işlənən "ana dili”
ifadəsi hərfi mənada insanın eşitdiyi və danışdığı ilk dillə uyğunlaşmır.
Uşağın anası başqa dildə də danışa bilər, və ya fərd uşaqlıqdan anasının yox,
yaxın çevrəsinin ən çox istifadə etdiyi dili mənimsəyə bilər. Amma rus dilində
işlənən "radnoy yazık” ifadəsi hərfi və semantik baxımdan dilin öhdəlikləri və funksiyaları ilə birə-bir
uyğunlaşır. "Ən yaxın”, "ən doğma”, "ən sevilən” dil mənası verən bu birləşmə,
həqiqətən də, insanın ilk dilinin, ilk eşitdiyi dilin mahiyyətini ortaya qoyur.
Bir ana dilinin içində dünyanın digər
insanlarının danışdığı bütün "ana dillər” mövcuddur. Başqa bir dillə açıqlamalı
olsaq, bütün ana dillər bəşəridir. Noam Çomski çox mükəmməl izahlarla sübut
edib ki, dünyadakı bütün işlək və qeyri-işlək dillər bəlli ortaq köklərə və
oxşar inkişaf proseduralarına malikdir. Yəni, ünsiyyət vasitəsi kimi istifadə
etdiyiniz dil digər bütün dillərlə – işarət dili, jest və mimikaların dili,
davranış dili və s. – birbaşa bağlıdır. Mən yazanda görüntüsü olanların mətnini
yaratmağa, görünəni sözlərlə çəkməyə çalışıram. Çünki özümü bu cür ifadə etmək
mənim ana dilimin təməlindədir.
Sözlər, terminlər, ifadə və birləşmələr
aid olduqları dildən ayrılıb, onun tələblərinə əməl etmədən sadə etiketlər kimi
də istifadə oluna bilərlər. Bu zaman onlar təsirsiz olurlar. Akronimlərin
təkrarlanaraq istifadə olunması bunun ən sadə nümunəsidir. Məsələn, çağdaş
dövrün siyasi dilində ana dilin hansısa ciddi bir hissəsindən ayrılaraq,
istifadə olunan sözlər saysız-hesabsızdır. Bu təsirsiz hissəciklərin vasitəsilə
"söz kəndirbazlığı” etməyə çalışanlar onların təsirsiz olduğu, hafizədən qısa
zamanda insanlarda dözülməz bir laqeydlik hissi yaratdığı ilə barışmalıdırlar.
Mən özümü tanıyandan, illərdir ki, yazıram.
Məni yazmağa sövq edən qəlbimdə danışılmağa, deyilməyə, eşidilməyə ehtiyacı
olan şeylərin baş qaldırmasıdır. Bilirəm ki, onlardan danışmasam, ölmək, yox
olmaq təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar. Ona görə də özümü yazardan çox,
boşluqları dolduran adam kimi təqdim edirəm.
Bir neçə sətir yazandan sonra sözlərin aid
olduqları dildəki yerlərinə, formalarına qayıtmasına "icazə verirəm”. Və budur
onlar elə həmin dəqiqə əsas köməyi ilə birləşərək məna qazandıqları, məna
ziddiyyəti yaşadıqları, bir məcaz, ritm yaxınlığı, səs təkrarı yaratdıqları
sözlərlə birləşir və ya qruplaşırlar.
Sanki aralarındakı söhbəti eşidirəm. Onlar üçün təsis etdiyim rolları
ölçüb-biçir, öz aralarında bu rola kimin daha yaxşı uyğunlaşacağını müzakirəyə
çıxarırlar. Onları dinləyə-dinləyə sətirləri səliqəyə salır, bəzi sözləri
dəyişdirir və yenidən təqdimata verirəm. Yeni bir söhbət başlayır. Bu proses
təsdiq, razılıq mırıltıları gələnə kimi davam edir. Sonra yeni paraqrafa
başlayıram.
Yeni bir söhbət açılar…
...Başqaları məni istədikləri kimi
təqdim, görmək istədikləri yazar kimi təsvir edə bilərlər. Özümdən soruşsanız,
əclafın yekəsiyəm. Yəqin ki, siz də həyatınızda ən böyük əclafın kim olduğunu,
kimin layiq olduğu yerdə durmadığını təxmin edə bilirsiniz elə deyil? Sözlər də
bunun öhdəsindən gələ bilir…
Mənbə:
"The Guardian”
İngilis
dilindən tərcümə edən: Elcan SALMANQIZI