80 il səhnədə olan aktyor - Fotolar
"Hər
dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri
gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”.
Xalq şairi Səməd Vurğunun görkəmli aktyor Ağasadıq Gəraybəyli haqqında söylədiyi
bu fikirlər böyük aktyorun yaradıcılığını vərəqləmək üçün gözəl başlanğıcdır.
Görkəmli teatr xadimi Mehdi Məmmədovun: "Aktyorluq onun alın yazısıydı. 1940-cı
ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də
olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə,
mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi”
- sözləri isə A.Gəraybəylinin insan kimi xarakterini açmağa kömək edir. Böyük
aktyor və gözəl insan – onun haqqında yalnız belə deyirlər.
Aktyor
milli teatrımızın və kinomuzun səhifələrinə qızıl hərflərlə yazılan obrazlar
qalereyası yaradıb. O, 200 müxtəlif rolda səhnəyə çıxıb. Nəriman Nərimanovun
"Nadir şah”, Üzeyir Hacıbəyovun "Arşın mal alan”, Cəfər Cabbarlının "Sevil”,
"Od gəlini”, "1905-ci ildə”, Səməd Vurğunun "Vaqif”, "Həyat”, "Xanlar”, "Fərhad
və Şirin”, Cəlil Məmmədquluzadənin "Ölülər”, Qoqolun "Müfəttiş”, Mirzə İbrahimovun"Həyat”
əsərlərində oynadığı rolların hər biri milli teatrımızın zənginləşməsinə xidmət
edib. Görkəmli aktyor 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət
Akademik Dram Teatrında fəaliyyət göstərib.
11 yaşlı aktyor
Ağasadıq
Gəraybəyli uşaqlığı, gəncliyi, aktyorluq sənətinə sevgisindən maraqla
danışarmış: "1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı
erkən itirdim. Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də
xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin
dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən
qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”.
Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban
baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı:
"Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay
qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib”. Həmin gündən Əlisəttar
kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim
gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə
oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim.
Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis
oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin
sayəsində "Nicat”, sonra "Səfa” həvəskar teatr dərnəklərinə getdim”.
Ağasadıq
Gəraybəyli səhnəyə ilk dəfə 1911-12-ci illərdə Hüseyn Ərəblinskinin truppasında
işləyən rejissor qardaşı Ağayarın köməyi ilə çıxıb. Ona qız rolunu oynamaq
tapşırılanda, ağlayaraq razılaşmaq istəməyib. Qardaşı və Hüseyn Ərəblinski ona
xeyli dil tökdükdən sonra səhnəyə çıxıb. Rolunu oynayıb başa vurandan sonra isə
"bir daha qız rolunda oynamayacağam” - deyib. Elə o ildən balaca aktyor teatra vəsiqə
alıb. A.Gəraybəyli professional səhnəyə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ
Teatrının səhnəsindən başlayır və 1932-ci ilə kimi bu teatrda çalışır.
A.Gəraybəyli
dahi Üzeyir bəyin xeyir-duası ilə sənətə gəlir. Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy
Haqverdiyev, Cəfər Cabbarlı kimi nəhəng şəxsiyyətlərin müasiri olması
Ağasadıq Gəraybəylinin ən böyük xoşbəxtliyi idi: "1921-ci ildə Cəlil Məmmədquluzadənin
"Ölülər” pyesində kefli İsgəndərin monoluqunu söyləyib səhnədən düşəndə məni
yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. "Sənin kimi azərbaycanlılarla
fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna
yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy
günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: "Ailə qurmaq asandır,
ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”. Dahi bəstəkardan söhbət
düşəndə aktyor onu böyük məhəbbətlə anırdı: "Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət,
düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi,
teatrı ilə dünyada tanınsın”.
Dillər əzbərinə çevrilən ifadələr
Ağasadıq
Gəraybəylinin istedadı kino rejissorlarının da diqqətindən yayınmır. Onu ilk dəfə
çəkiliş meydanına yaxın dostu Cəfər Cabbarlı dəvət edir və səssiz "Sevil”
filmində ona Balaş rolu tapşırılır. İzzət Orucovanın Sevili, Ağasadıq Gəraybəylinin
Balaş və Mustafa Mərdanovun Atakişi rolları o qədər güclü təəssürat oyadır ki, bu
səssiz filmin səsləndirilməsinə heç bir ehtiyac duyulmur.
Aktyorun
sonralar çəkildiyi "Ulduzlar sönmür”, "Leyli və Məcnun”, "Fətəli xan”, "Poçt
qutusu”, "Qızmar günəş altında”, "O olmasın, bu olsun”, "Bəxtiyar”, "Bizim küçənin
oğlanları”filmləri kino tariximizin qızın fonduna daxil
edilib.A.Gəraybəylinin ən yadda qalan rolları"Bəxtiyar” filmində
oynadığı klub müdiri Ağabala və"O olmasın, bu olsun”filmindəki Rüstəm
bəy obrazlarıdır. "Bəxtiyar” musiqili filmində aktyor klub müdiri Ağabalanı - mənfi,
daha çox komik obrazı elə məharətlə canlandırır ki, hətta həmin filmdə işlətdiyi
əksər ifadələr tamaşaçıların dilində əzbərə çevrilir.
Bəxtiyar
rolunun ifaçısı Rəşid Behbudov deyərmiş: "Bəxtiyar” filmində çəkiliş
meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o
insan kimi də, aktyor kimi də əsil xarakter nümayiş etdirirdi. Bilirdim ki, o,
bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera
qarşısında deyildi, ekranda görünənlərə real təsvirlər təki baxılırdı”.
A.Gəraybəyli
saysız-hesabsız gözəl və uğurlu rollar ifa etməsinə baxmayaraq, aktyorun ən
böyük sevinci dahi Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında
ekranlaşdırılan "O olmasın, bu olsun” musiqili komediyasındakı Rüstəm bəy
rolu idi. İstedadlı aktyor rolu eləinandırıcı oynamışdı ki, görkəmli
teatr və kino xadimi Adil İsgəndərov: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy
rolunu oynasaydı belə, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı” -
demişdi.
Ömrünün son gününə qədər səhnəyə çıxan
aktyor
A.Gəraybəyli
həm də komedik rolların mahir ifaçısı kimi sevilib. Görkəmli yazıçıSabit
Rəhmanın uzun müddət səhnədən düşməyən və böyük auditoriya toplayan "Xoşbəxtlər”,
"Əliqulu evlənir”, "Nişanlı qız” və s. əsərlərində oynadığı komik obrazlar
tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Həmin əsərlərdə aktyora baş
rollar etibar edilib və böyük sənətkar müəllifin ideyasını tamaşaçılara məharətlə
çatdıra bilib. O illərdə tamaşaçılar bu səhnə əsərlərinə bilet almaq üçün hər
gün uzun növbələrə durarmışlar...
"Mən
hələ məktəbdə oxuyanda Ağasadıq Gəraybəylinin komedik rollarını görmüşəm.
Şekspirin «12-ci gecə»sində, Sabit Rəhmanın «Xoşbəxtlər» əsərlərindəki rolları
çox maraqlı idi. O, yeganə aktyor idi ki, faciə, dram və komediyada oynadığı
rollarda səhnədə bu qədər başqalaşmağı bacarırdı. Demək olar ki, onun oynadığı
bütün rollar uğurlu idi” - deyə Xalq artisri Rafiq Əzimov xatırlayır: "Ağasadıq
Gəraybəyli ömrünün son gününə qədər səhnəyə çıxan nadir aktyorlardandır. Artıq
gözü də görmürdü. Onun arxasınca evə gedib maşınla gətirir, əlindən tutaraq səhnəyə
çıxarırdılar. Çətini səhnəyə çıxana qədər idi. Biz səhnədə qətiyyən onun
gözünün görmədiyini hiss etmirdik. Yaddaşı elə idi ki, bütün nizamları bilirdi
və buna uyğun səhnədə hərəkət edirdi. Bu, sənət sevgisi idi”. R.Əzimov danışır
ki, İlyas Əfəndiyevin «Xurşudbanu Natavan» əsərindəki Knyaz rolunu A.Gəraybəyli
91 yaşında oynayıb: "O, rolunu çox gözəl oynadı. Aktyor səhnəyə daxil olanda
bütün tamaşaçılar ayağa qalxıb onu alqışladılar”.
R.Əzimov
Ağasadıq Gəraybəylinin kinodakı fəaliyyətindən danışaraq oynadığı rolların
tamaşaçıların yaddaşına həmişəlik yazıldığını deyir: "Kinonun səssiz dövründən
tutmuş, ta ömrünün son illərinə qədər bir çox filmlərə çəkilib. Cəfər
Cabbarlının «Sevil» əsərindəki Balaş surəti ona məhz C.Cabbarlının tövsiyəsi ilə
verilib. O, Politexnik Texnikumunda oxuyanda Cəfər Cabbarlı ilə birlikdə təhsil
alıb. Dostluqları da həmin məktəbdən başlayıb. Ağasadıq Gəraybəylinin sevimli
rejissoru Lətif Səfərov idi. «Leyli və Məcnun», «Bəxtiyar», «Görüş» filmlərində
oynadığı rollar həmişə tamaşaçılar üçün yenidir. O heç bir rol oynamasaydı belə,
təkcə «Bəxtiyar» filmindəki Ağabala rolu onun kino aləmindəki ən möhtəşəm rolu
olacaqdı. Lətif Səfərovun çəkdiyi elə bir film yoxdur ki, orada Ağasadıq Gəraybəyli
oynamasın. Bəlkə də rejissor intihar etməsəydi, A.Gəraybəylinin kinoda
yaratdığı rollar daha çox olacaqdı”.
91
il yaşayan Ağasadıq Gəraybəyli bir çox mükafatlara, fəxri adlara,
orden-medallara layiq görülüb. Bu il aktyorun anadan olmasının 120, səhnə fəaliyyətinin
90 illiyi tamam olur.
"Ulu
öndər Heydər Əliyev də Ağasadıq Gəraybəylinin xətrini çox istəyir, sənətini
yüksək qiymətləndirirdi” - deyə R.Əzimov xatırlayır: "Yadımdadır, ulu öndər Milli
Dram Teatrının 100 illik yubileyinə gələndə Ağasadıq Gəraybəyli haqqında çox
gözəl fikirlər səsləndirdi. Ağasadıq Gəraybəyli bu sözlərə layiqli sənətkar
idi. O, Milli Dram Teatrının tarixində yeganə aktyordur ki, 80 il mütəmadi
teatrda çalışıb”.
Təranə Məhərrəmova