“8-ci sinifdən tək yaşamışam” - Uğur hekayəsi
8-ci sinifdə oxuyandan sonra
tək yaşamalı olur. Valideynləri xaricə
köçür, o isə burda məktəbi davam etməli və necə işləməklə bağlı fikirləşməli,
planlar qurmalı imiş. Və o müddətdən doğru yararlana bilir. Hələ 9-10-cu sinifdə
oxuyandan artıq öz işini qurmağı bacarır. Lakin sonra ali təhsil alır və o istiqamətdə
davam etmək istəyir. Bu istiqamətdə də uğurlu olmağı bacarır. Müsahibimiz SOCAR
istiqrazlarının təkrar bazarı üzrə market-meyker olan "PSG Kapital İnvestisiya
Şirkəti” QSC-nin rəhbəri Şahin Rəcəbovdur.
-
İndi olduğunuz yerə sizi gətirən bir başlanğıc yəqin ki, var. Ona görə elə lap əvvəldən
başlayaq.
-
Düşünürəm ki, karyeradan danışırıqsa, bunun başlanğıcını elə məktəb illərindən
götürmək olar. Mən 8-ci sinifdə oxuyandan demək olar ki, tək yaşamışam.
Valideynlərim xaricə köçmüşdülər, mən isə burda tək qaldım. Xalam yaxınlıqda
qalırdı, nə isə lazım olanda gəlib-gedirdi, amma tək yaşayırdım. Valideynlərimlə
ona görə getmədim ki, həm məktəbi davam etməli idim, həm də necə işləyəcəyimi
fikirləşməli idim. Artıq 9-10-cu sinifdə sadə bir işlə başladım, internet klub
açdım. Ora bir nəfər yaxın adamı qoydum, özüm isə sahibi oldum. Özümü bir növ
şirkət rəhbəri kimi hiss edirdim (Gülür- A.A.). İş davam edirdi, mən məktəbi
bitirib İqtisad Universitetinin maliyyə və kredit fakültəsinə qəbul oldum. Tələbə
vaxtı isə artıq başqa bizneslərə də maraq göstərdim. Mağazalar götürüb işlədirdim.
Evdən asılı olmamaq, öz ayağım üstə durmaq üçün çalışırdım. Universitetin ilk
kurslarında qrup yoldaşlarım xaricdə təhsil almaq istədiklərini, buna görə də
İELTS-ə hazırlaşdıqlarını bildirdilər. Dedilər, sən də bizə qoşul. Mən də
hazırlığa başladım. Londonda təhsil almaq istəyirdim. Birinci öz yığdığım vəsaitlə
və valideynlərin köməyi ilə Londonda müəyyən kurslara getdim. Sonra artıq orda
universitet təhsili almaq barədə ciddi qərar aldım. Qrup yoldaşlarım Xaricdə Təhsil
üzrə Dövlət Proqramını məsləhət gördülər. Sənədlərimi verdim və 3-4 universitetə
qəbul oldum, amma mənim məqsədim Londonda oxumaq idi. Ona görə seçimim "London
Metropolitan Business Scool” oldu.
Londonda oxumağa başlayandan sonra isə
xaricdə təhsillə bağlı mənə çox adam müraciət edirdi. Qayda-qanunları öyrənmək
üçün kömək etməyimi istəyirdilər. Hamıya şifahi şəkildə izah edirdim, amma
sonra qərara gəldim ki, xaricdə təhsil mərkəzi yaradım, professional şəkildə
yardım edim. O vaxt belə mərkəzlər az idi. Dostumla mən birini açdıq. O kurs
indiyə kimi fəaliyyət göstərir.
-
Adətən, oğlanlar tək qalanda dərsdən yayınmalar ola bilir, nəinki sistemli həyat
qurmaq...
- Tək qoymaq məsələsinə yəqin ki, lap
aşağı yaşlardan başlanmalıdır. Hələ mən balaca olanda atam tez-tez Rusiyaya
gedib-gəlirdi. Evdə onu az görürdüm, buna görə bir az sərbəst böyümüşəm. Amma həmişə
dərslərimlə maraqlanırdı, hədiyyə alanda mənə məktəbdə lazım olacaq şeylərə
üstünlük verirdi. Velosiped, kompüter və s. istəyəndə deyirdi ki, dərslərini
yaxşı oxu, alacam. Bir növ qarşıma məqsəd qoyurdu. Məqsədlərə çatmaq üçün də
oxumaq vacib idi. Təbii ki, cavan oğlanlar kimi mən də futbol oynayırdım,
dostlarımla vaxt keçirirdim. Yəni, bütün gün kitabla yatmırdım. Amma tək qalmaq
mənə vaxtı düzgün bölməyi, problemlərimi həll etməyi öyrətdi. 20-30 il heç vaxt
tək qalmayan, yeməyi, paltarı hazır edilən adam birdən tək qalmağa məcbur
olanda, vəziyyətdən çıxmaq ona çətin olar.
-
9-10-cu sinifdə biznes qurmağınızı yada salanda səhv və düzləri heç fikirləşirsiniz?
Çünki təcrübəsiz vaxtlar idi.
- Çox şeyi səhv
edirdim (Gülür – A.A). Amma o səhvlər mənə çox şey öyrətdi. Məsələn, internet
klubu açanda yaxın adamı kluba menecer qoymuşdum, onun dost-tanışı gəlib
kompüterdə otururdu, ödəniş isə olunmurdu. Yaxud mənim 20-30 nəfər öz
dost-tanışım yığışıb gəlirdi, ödəniş etmirdi. Amma Avropada belə halla rastlaşa
bilməzsən. Kim hara gedirsə, öz hesabını ödəyir. Klub qazanmalı idi, ona görə
yavaş-yavaş bu yanaşmanı ortadan qaldırdıq. Belə səhvlər təbii ki, olurdu və təcrübə
sayəsində də aradan qaldırılırdı.
-
Dediniz ki, xaricdə təhsil mərkəziniz bu gün də fəaliyyət göstərir. Amma
karyeranızı sonra başqa müəssisələrdə davam etdirmisiniz. Kursda niyə davam etmədiniz?
- Mən İngiltərədə təhsil aldığım müddətdə
kursa bir nəfər qoyduq, işləri o idarə edirdi. İngiltərədən qayıdandan sonra
bir-iki il işin başına özüm keçdim. Mərkəzlə bağlı hədəfimiz böyük idi. Hansısa
tanınmış xarici universitetin bir fakültəsinin diplomunu vermək istəyirdik. Müəllimlər
ordan gəlib dərs keçsin, distant təhsil də olsun və s. Yəni insanlarımız xaricə
getmədən xarici universitet təhsili alsınlar. Fikirləşirəm ki, bu, hazırda da
yaxşı biznes istiqaməti ola bilər. Lakin sonra planlarım dəyişdi. Çünki ali təhsili
qiymətli kağızlar sahəsində almışdım və o istiqamətdə davam etmək istəyirdim.
Dövlət Proqramı ilə xaricdə təhsil alanları dövlət qulluğuna imtahan vermədən
işə götürürdülər. Mənim də CV-im Dövlət Qulluğuna Qəbul Komissiyasında idi. Uyğun vakansiyalar
olanda onlar bizə təklif edirdilər. Mənə Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsində
çalışmaq təklifi gəldi. Düşündüm ki, kursla başqası məşğul olsa, daha yaxşı
olar. Çünki öz ixtisasım üzrə təkmilləşmək istəyirdim. Komitədə iki il
çalışdım, məsləhətçi kimi başladım, sonra baş məsləhətçi oldum. Amma sonra öyrəndiklərimi
özəl sektorda tətbiq etmək qərarına gəldim. "AzFinance Investment Company”
investisiya şirkətindən təklif aldım və xarici bazarlara investisiya
departamentinin müdiri vəzifəsinə getdim. 2 il orda işləyəndən sonra təklif gəldi
ki, PSG şirkətinə direktor axtarılır. Mən də bu sahədə departament müdiri idim,
fikirləşdim ki, direktor olaraq çalışa bilərəm və gəldim.
-
Sizə görə rəhbər şəxs hansı bacarıq və keyfiyyətlərə sahib olmalıdır?
- Hansı sahədə fəaliyyət göstərən şirkətin
rəhbəri olmasına baxır. Elə istiqamətli şirkət ola bilər ki, rəhbər daim
ictimaiyyət qarşısında olmalı, çıxışlar etməlidir. Bu zaman auditoriya
qarşısında çıxış etmək məharəti yüksək olmalıdır. Bəzən isə vəziyyət elə olur
ki, rəhbərə dair bir tələb və keyfiyyət ön planda olmur. Bu daha çox xarici
şirkətlərdə olur. Məsələn, "Facebook” şirkətinin sahibi Mark Zukerberq.
İdeyanın sahibi odur, şirkəti qurub və rəhbər də özüdür. Markdan yaxşı menecerlər
var, amma onlarda o cür ideya yoxdur. İdeya sahibi olan rəhbərin yerinə başqa
adam gəlsə, iş axsaya bilər. Amma elə bizneslər var ki, orda rəhbəri dəyişmək
heç bir problem yaratmır. Saat kimi işləyir, hansısa detalı dəyişirsən, yenə
işləyir. İdealın isə hansının olduğunu demək çətindir.
-
İş nə qədər çox olsa da, təmkinini qoruyan, gərginliyə düşüb emosional
davranmayan rəhbər olduğunuzu dedilər. Bu xarakterdən irəli gəlir, yoxsa təcrübədən
yaranıb?
- Əsəbiləşmək, emosiyalara qapılmaq,
hansısa işçiyə kobud söz demək mənə görə rəhbərə yaraşmayan keyfiyyətlərdir.
-
Rəhbər şəxslər ümumi təcrübədə nə görsələr, özləri rəhbər olanda da onları tətbiq
edirlər. Çalışdığınız iş yerlərində gördüyünüz nələri rəhbər olaraq bu gün tətbiq
edirsiniz?
- Hamı planla işləməlidir. İşçi şirkətin
aylıq, illik, ümumi planını bilməlidir. Şirkətin planı iki cür olmalıdır. Biri
yazıb harasa göndərmək üçün, biri də daxili biznes planı. İşçilər hamısı onu
görməli, şirkətin gələcəyi ilə bağlı planları bilməlidir. İşçilər özlərini şirkətin
sahibi kimi hiss etməlidir. Hətta bir çox xarici şirkətlərdə çalışanlara səhm
payı da verirlər. Bu, işçilərə daha effektiv işləməyə stimul verir.
İşçiyə tapşırığı dəqiq vermək lazımdır.
Nə istədiyini işçiyə dəqiq izah etməsən, ondan istədiyini də ala bilməzsən.
Bir də işçinin özünü təkmilləşdirməsinə
şərait yaratmaq lazımdır. Məsələn, harasa göndərəcəyin bir materialı işçi
hazırlayıb gətirib. Təbii ki, direktor ehtiyac olanda o materialın üstündə işləyir,
lazım olan qaydaya salıb göndərir. Şirkət rəhbərləri özləri düzəltdikləri
formanı bəzən sonradan işçiyə göstərmirlər. Amma bu, düzgün deyil. İşçi ideal
işləyibsə, desin ki yaxşı idi, olduğu kimi göndərdik, amma özü düzəliş edibsə,
bunu göstərməlidir ki, işçi daha yaxşı variantı görsün, öyrənsin.
- Şirkətdə
və ümumilikdə necə bir rejim qurmusunuz?
- Elə bir sistem qurmuşam ki, mən
olmasam da, işdə ləngimələr olmur. Şirkətdə bir komanda var və hər kəsin özünün
məsuliyyəti var. Ona görə də sistem saat kimi işləyir.
-
Bu rejimlə ailəyə, övladınıza vaxt ayıra bilirsiniz?
- Ailəm mənim üçün ən vacib prioritetlərdən
biridir və hər zaman çalışıram ki, günlük planımı qurarkən həyat yoldaşım və
oğluma da vaxt ayıra bilim. Lakin oğlumun mənə ayırmağa vaxtı olmur (Gülür-
A.A). Çünki səhər 8-dən axşam 7-ə kimi bağçada olur ki, bağça mühiti də körpənin
cəmiyyətdə fərd olaraq formalaşmasında və inkişaf etməsində mühüm rol oynayır.
Ona görə mən də mümkün qədər evə tez getməyə çalışıram. Biz əsasən həftə
sonları birlikdə vaxt keçiririk.
-
Maraqlıdır, valideynlərinizin sizə o vaxt verdiyi azadlığı siz öz övladınıza verərsiniz?
- Vermək istəyirəm. Amma çox çətindir,
bir uşaq olanda adam istəyir ki, hər şey ideal olsun. Həyat yoldaşımla birlikdə
çalışırıq ki, uşaq sağlam mühitdə böyüsün və fikirləşməsin ki, onun istədiyi hər
şey olacaq. Sözə qulaq asmalı, mədəni olmalı, nəyisə ağlamaqla, qışqırmaqla əldə
etməyəcəyini bilməli, mübarizə aparmağı bacarmalıdır və həyatda əldə etdiklərinin
qədrini bilməlidir.
-
Valideynlərinizin uşağa yanaşması necə idi? Bundan heç danışmadıq...
- Bizdə əsəbiləşmək, qışqırmaq kimi şeylər
olmayıb. Səhvim olanda bunu sakit şəkildə deyiblər. Bir az fərqli ailə olub.
Tez-tez Rusiyaya gedib-gəlirdilər deyə, bəlkə Avropa tipli ailə olmuşuq. Mənə
izah edirdilər ki, düz olmağı üçün nəyi necə etməliyəm. Daim maraqlanırdılar.
-
Ənənəvi sualımız: uğurun sirri sizə görə nədədir?
- Məncə, burda sirr yoxdur. İnsan gərək
düzgün olsun, hamıdan ağıllı olduğunu düşünməsin. Ailə və dostların etibarını
qazanmaq və onu itirməmək üçün əlindən gələni
etsin. Çünki hara getsə, insana ilk növbədə ailəsi və dostları dəstək
olur.
Aygün Asimqızı