• cümə axşamı, 28 mart, 15:32
  • Baku Bakı 16°C

8 avqust Beynəlxalq Oftalmologiya Günüdür

08.08.18 11:57 496
8 avqust Beynəlxalq Oftalmologiya Günüdür
8 avqust – Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını ilk dəfə 2004-cü il avqustun 8-də qeyd ediblər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
AZƏRTACxəbər verir ki, Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsini yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.
Artıq on dörd ildir ki, qeyd edilən bu gün təbabətin bu sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması xəstələrə yüksəkixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı da yaradır.
Beynəlxalq Oftalmologiya Günündə diqqət oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir.
Avqustun 8-də dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinələr və əməliyyatlar həyata keçirirlər.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə 180 milyona yaxın insan görmə funksiyasının pozulmasından əziyyət çəkir. Xüsusi olaraq qeyd olunur ki, görmə funksiyasını itirən insanların 82 faizi 50-dən yuxarı yaş qrupuna daxildir. Görmə funksiyasının pozulmasından əziyyət çəkənlərin 19 milyonunu uşaqlar təşkil edir.
Azərbaycanda gənc oftalmoloqların hazırlanması və oftalmologiyanın inkişafına Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər