“75 il hədər getməyib”
"Mən gəncliyimdə o qədər də ləng
işləməmişəm. Özümə görə çox cəhd göstərmişəm. Bütün həyatım boyu belə işləmişəm.
Amma daha çox işlər görmək olardı...” Jurnalistlərin müəllimi Cahangir Məmmədlini
yubileyi münasibətilə çalışdığı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə
təbrikə gedəndə əllərində gül dəstəsi yubilyarla görüşməyə gələnlər çox idi.
Sevincdən kövrəlmişdi. Zarafat deyil, 75 yaşını qeyd edir. Neçə-neçə jurnalist
nəslinin yetişməsində əməyi olub. Jurnalistikamızın tarixindən, mərhələlərindən,
janrlarından bəhs edən kitabların, dərsliklərin müəllifidir. Peşəkar qələmi ilə
ərsəyə gələn məqalələr tez-tez ciddi mətbuat orqanlarının səhifələrində yer
alır. Jurnalistika adına keçirilən bütün nüfuzlu tədbirlərin yuxarı başında
yeri var. Beləcə, hər gün saçını ağartdığı, yaşını qocaltdığı universitetin
pillələri ilə qalxıb dekanı olduğu fakültəyə, dərs dediyi auditoriyalara tələsir.
Tələbələr auditoriyanı onsuz təsəvvür edə bilmədikləri kimi, özü də həyatını
ömrünü-gününü həsr etdiyi universitetsiz təsəvvür edə bilmir. "Mən Kamçatkadan Bakı Dövlət Universitetinə gəlmişəm.
Jurnalistikaya o qədər həvəsim var idi ki, Kamçatkada "Tixookeanskaya pravda” adlı
qəzetə yazı yazırdım. Qaydalara görə, SSRİ-də jurnalistika fakültəsinə qəbul
olunan abituriyentin mütləq praktik yazıları olmalı idi. Bakıya gəldim və universitetə
qəbul olundum. Əlaçı təqaüdü almaqdan ötrü yaxşı oxumağa çalışırdım. Buna görə
10 manat çox pul verirdilər. Başqa tələbələr 35 manat alanda mən çalışıb sona qədər
45 manat aldım. O da bir stimul oldu”,- deyə Cahangir müəllim xatırlayır: "Universiteti
bitirəndə Şirməmməd Hüseynov məni burda saxladı. Elə dövlət imtahanını verəndə
sədrə "burada qərar qəbul edin, bu gənci universitetdə saxlayaq” təklifini
verdi. O vaxtdan mən bu universitetdə çalışıram”.
C.Məmmədli həyatının sonrakı mərhələlərində də cəhdlə çalışıb. "İnsan
özünü qurmaq üçün çalışmalıdır” sözlərini həyat şüarına çevirib: "Özünüqurma
yollarında bəlkə bir az lənglik, bir az tənbəllik etmişəm, ancaq bütövlükdə
namizədlik işi yazmışam, doktorluq müdafiə etmişəm. Elmi əsərlərimin sayı xeyli
çoxdur, kitablarım, dərsliklərim var. Belə baxanda 75 il o qədər də hədər getməyib.
Amma o qədər çox işlər görmək olardı ki... Bax, onlar adamı bir balaca narahat
edir”. Cahangir müəllimin bir neçə nəsil tələbənin yetişməsində əməyi olub.
KİV-in müxtəlif orqanlarında çalışan tələbələrinin
uğurları onu həmişə fərəhləndirir. Vaxtilə dərs dediyi tələbələri ölkənin hər
yerində çalışır. Aralarında xarici ölkələrdə işləyənləri də var. "Sovet dövründə
jurnalistikanı bitirmiş tələbələrimiz indi yaşlaşıblar. Düzünü deyim ki, onlar
adamı daha çox axtarırlar” deyərək, sevincini gizlətmir: "O vaxt bir ənənə var
idi - müəllimlə yenidən təmasda olmaq marağı güclü idi. Məsələn, «Azərbaycan»,
«Xalq qəzeti», «Respublika» qəzetlərinin redaktorlarından tutmuş müxbirlərinədək
- əksəriyyəti bizim institutun tələbələri olublar. Onlar mənimlə rastlaşanda elə
bil çox əziz adamlarını görürlər. Müasir tələbələrin xarakteri bir az fərqlidir.
Onlar daha çox internet dünyasına meyllidirlər. Gözlərini telefondan ayıra
bilmirlər. Amma bütün bunlarla yanaşı, onların da içindən dünya miqyasında peşəkar
jurnalist kimi tanınanlar çıxır”.
"Dünənki və bugünkü tələbələri
heç vaxt ayırmaram”
C.Məmmədli jurnalistikada yüksək tələb olan peşəkarlığın artırılması yolunda istiqamətlərə də toxunur: "Dünənki jurnalistlər, tələbələr peşəkarlığa daha çox meylli idilər. Məsələn, dünənki tələbələr bədii ədəbiyyatla jurnalistikaya eyni səviyyədə yanaşırdılar. Amma bu gün bədii ədəbiyyata meyl azalıb. Bax, bu azalma jurnalistikanın peşəkarlıq keyfiyyətində özünü göstərir. Dünənki tələbələrimizin ədəbiyyata meyli məni onlara bir az çox bağlayırdı. Çünki mən də ədəbiyyata meylli olmuşam və mənim üçün ən əziz kitablar ədəbiyyatla bağlıdır. Amma bütövlükdə, dünənki və bugünkü tələbələri heç vaxt ayırmaram. Hər dəfə onlar məni görəndə öz əzizləri kimi qəbul edirlər”. Cahangir müəllim bəzən sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərlə də qarşılaşır. Buna isə böyüklük nümunəsi və səbir göstərərək dözümlü yanaşır: "Məni tənqid də edirlər. Bəzən tənqidin tonunu da həddən artıq edirlər. Amma mən bütün bunlara görə də onlara minnətdaram. İstər nöqsanları qabardıb bir az da artıq şəkildə üzə qoyan, istərsə də məni tərifləyənlərin hamısı mənim üçün əzizdir. Adam öz balasına necə fərq qoya bilər? Mən də onlara heç bir fərq qoya bilmirəm”. C.Məmmədlinin sürətlə yeniləşən dövrdə, eləcə də ciddi jurnalistikaya münasibətin dəyişdiyi bir vaxtda çalışan media işçilərinə, eləcə də "mən jurnalistəm” iddiasında olan hər kəsə ustad tövsiyəsi var: "Bu gün böyük bir gənc nəsil yetişir. Azərbaycanı dünyada tanıdan, bəlkə dünəndən də artıq tanıdan bir gənclik var. Çünki o gənclik internet dünyasına meyllidir və onlar saytlarla, hər gün yeniləşən informasiya texnologiyaları xətilə Azərbaycanı, özlərini, milli-mənəvi dəyərlərimizi daha çox dünyaya tanıda bilirlər. Ona görə onlara çox minnətdarıq! Dünənki ilə bugünkünün fərqi budur. Amma bu internet dünyasının bəzi narahatlıqları da var: onlar bu vərdişdən əl çəkə bilmirlər. Görünür, texnika imkan vermir. Məsləhətim budur ki, informasiya texnologiyası nə qədər artırsa artsın, Qərb dünyası nə qədər bizə cəzbedici görünürsə görünsün, hər şeyi Qərbə qurban vermək olmaz. Qərbin ancaq ən yaxşı keyfiyyətlərini götürmək lazımdır”. Bizim tarixən davam edən milli ənənələrimizin, milli dəyərlərimizin olduğunu vurğulayan C.Məmmədli deyir ki, bu dəyərləri heç nəyə qurban vermək olmaz. Çünki qloballaşan dünyada öz milli keyfiyyətlərini saxlamaq və onu qorumaq, zənginləşdirmək hər xalqın işi olmayacaq: "İndidən görünür ki, çox çətin olacaq. O proses başlayıb. Xalqların, millətlərin milli keyfiyyətlərini əlindən almaq istəyən çox böyük qüvvələr var. Biz o qüvvələrin qarşısında çox ehtiyatlı olmalıyıq”. Ölkəmizin gərgin və çətin bir geosiyasi regionda yerləşdiyini qeyd edən C.Məmmədli regionda özümüzü qorumaq üçün böyük işlər görməli olduğumuzu söyləyir. Belə ki, ölkə prezidenti İlham Əliyev belə bir geosiyasi vəziyyətdə ölkəni qorumaq prinsipini yeridir: "Türkiyə-Rusiya münasibətləri gərgin hala çatır və bizim prezident Azərbaycanı idarə edir, ölkənin mövqeyini, ideallarını qoruyur... Erməni lobbisi dünyanın hər yerində Azərbaycan əleyhinə ciddi kampaniya aparır. Bunun qarşısında dayanmaq çətindir. Mediamız da bunu həmişə nəzərə almalı, belə məqamlarda prezidentimizin arxasında dayanmalı, ona dəstək olmalıdır”.
"Yazılı jurnalistika öz missiyasını heç vaxt bitirə bilməz”
Cahangir müəllim xüsusən gənc jurnalistlərə bütövlükdə milli-mənəvi dəyərlərimizə
ehtiyatla yanaşmağı, onların itmə təhlükəsini hər an hiss etmələrini və bu dəyərləri
mətbuatda daima qorumalarını tövsiyə edir: "Yeni texnologiyaya çox uymaq olmaz.
Nə qədər əhəmiyyətli olsa da, onlardan da mühüm olan nəsnələr var. Texnologiyalar
Azərbaycanı dünyaya tanıtdırır, ancaq bütün bunların içində bir vətəndaşlıq
keyfiyyəti olmalıdır. Amma mənim narahat olduğum vətəndaşlığa media sistemində
olan münasibətdir”.
Ustad jurnalist son dövrlər genişlənməkdə olan internet mediasının ənənəvi
medianı sıradan çıxara biləcəyi ilə bağlı səslənən fikirlərə də toxundu: "Birmənalı
şəkildə deyirəm ki, yazılı jurnalistika öz missiyasını heç vaxt bitirə bilməz.
Çünki onun çox böyük, geniş oxucu kütləsi var. Fikir verin, bütün dünyada
kitaba münasibət müəyyən dərəcədə öləzimişdi. İndi kitaba bir qayıdış var. Arada
ki, bir balaca ədəbiyyat ləngidi deyə, informasiya siyasəti, yeni texnologiya,
internet mediası ortaya gəldi. Teleqraf sətirləri daha maraqlı oldu insanlar
üçün. İndi bu barədə düşünməyə başlayıblar. Yeni texnologiyanın qarşısında print
jurnalistika hələ özünü çox qoruyacaq. Məsələn «Vaşinqton post» qəzeti 4 il bundan
əvvəl qəzetin bütövlükdə elektron versiyasına keçəcəyini elan etmişdi. Amma qəzetin
alındığını və satıldığını görüb, keçə bilmir. Çünki qəzet qoxusunu, kağız
qoxusunu heç nə əvəz edə bilməyəcək. Bu baxımdan, çap mediasının nə zamansa
ortadan çıxacağına inanmıram”.Cahangir müəllimlə çox söhbətləşdik. Həyatdan, jurnalistikanın bu günündən, keçmişindən danışdıq. "Gənclik bilsəydi ki, bu dünya belə gəlib keçməyəcək, bir qocalıq çağı da var, onda bir az da işlərini sürətləndirər, heç bir işini sonraya saxlamazdı. Qocalıq da bacarsaydı çox iş görərdi, lakin bacarmır axı” - desə də, əli işdən, ürəyi insanlara sevgidən soyumayıb. Hələ görmədiyi işləri həyata keçirməyə vaxtı da çoxdur... Təki sağlıq olsun!
Təranə Məhərrəmova