• cümə axşamı, 28 mart, 13:11
  • Baku Bakı 16°C

70 yaşlı bənzəyiş

24.06.15 20:13 2286
70 yaşlı bənzəyiş
Bu yaxınlarda Hüseynbala Mirələmovun özünün atası ilə bağlı yazdığı bir uşaqlıq xatirəsini oxudum. Deyirdi ki, rəhmətlik atam Fazil kişi məni yanına salıb dərs ləvazimatı almaq üçün dükan-bazarı gəzdirirdi. Böyük bazarda atamın tanışlarından biri ondan soruşdu:
- Fazil kişi, hara belə, bu uşağı istidə niyə yanına salıb gəzdirirsən?
- Sentyabr yaxınlaşır, Hüseynbala bu il birinci sinfə gedəcək. Pal-paltar, canta-manta alıram.
Kişi istehza ilə gülərək:
- Gözlə, sənin oğlun oxuyub nazir olaçaq. Əşşi, uşağı bu istidə inçitmə, nə məktəb bazlıqdı…
Üstündən 60 ildən artıq vaxt keçir, amma o kişinin sözlərini unuda bilmirəm…
Mən bilmirəm, həddindən çox hörmət bəslədiyim Hüseynbala Mirələmov o istehzanı niyə unuda bilməyib, o sözlərdəki istehza niyə onu elə ağrıdıb?.. Bircə onu bilirəm ki, oxşar hadisələrdən çoxsaylısını mən də yaşamışam. Bəzən yaxşı oxuduğumu eşidən tanış-biliş bir az sadə və kasıb insan olan atama – Ay kişi, kasıb adamsan, bu qız niyə müəllim yanına-zada gedir… Oxuda biləcəksən ki??? Yalandan usagı incitmə… Bakı hara, sən hara???? – deyirdilər… Uşaq qəlbimlə içimdə bir şeylər çiliklənsə də, taleyin kasıb şilləsini qəbul etmiş bir ailədən olsam da bircə kəlmə deyirdim: “Baxarsız indi…”
Hüseynbala müəllim yazısında deyirdi ki, şükürlər olsun ki, 1988-1992- ci illərdə Mən Azərbaycan Dövlət Yanaçaq Komitəsinin sədrinin birinci müavini, bir ildən artıq isə sədri(naziri) əvəz etdim. Amma o kişinin sözlərini unuda bilmədim.
Mən də Bakıya gəlib burda oxuya biləcəyimi, sonra, o yerlər üçün burnumun ucu göynəsə də institutu bitirəndən sonra burda qalmağı qərarlaşdırdım… “Bakı hara, siz hara?” – deyə düşünənləri yanıltmaq üçün… İllər keçdi. Mən atama istehza ilə yanaşan o insanlarla birər-birər üzləşdim… Hamısına Bakıda oxuyduğumu, yaşadığımı, buraların hər yerinə çox kirayələr dəyişmə səbəbi ilə tanış olduğumu, mənə bəzən hər hansı bir məsləhət xarakterli də olsa işləri düşə biləcəyini, onlara kömək etmək gücündə olduğumu, bunun üçün bəzən boyumdan böyük işlərə qatışmağımı göstərdim də… Bəzən iş adamın başını qatanda çox açı çəkdiyim o günləri unuduram da… Amma o özündən müştəbehlərin bəy nəvəsi olan atama istehzasını heç unuda bilmirəm… Eynən Hüseynbala müəllim kimi…
Hüseynbala Mirələmov ədəbiyyatda mühəndis qəlbi və yazıçı qələmi arasında güclü melodik qaynaq yarada bilmiş nümayəndədir. …Mən də texniki ali təhsildən jurnalistikaya sürətli və alayarımçıq bir keçid eləmişdim. Eynilə atalarımıza olunan istehza kimi Hüseynbala müəllimlə burada da özümə bənzərlik tapdım…
20 ilə yaxındır çalışdığım Milli Məclis Aparatının inzibati binasında ən azından komitə iclasları və plenar sessiyalar zamanı onunla üz-üzə gəlirik… O, Milli Məclisin deputatıdır, mən isə işçisi… Burada da var o bənzərlikdən…
O daim, xeyirdə-şərdə görünən insandır. Kollektivin ən sıravi bir üzvünün də xeyir işlərində tost deyir, qol götürüb oynayır, gülür… Allah şər qismət eləməsin… Mən də belə yerlərdən qalmıram… Bir az burada da bənzəyiş gördüm…
O, Yeni Azərbaycan Partiyasının yarandığı ilk günlərdən bir əsgər kimi partiyanın sıralarındadır. Bu gün partiyada Bakının ən böyük rayonlarından biri olan Xətai payon təşkilatının sədridir. Təşkilatın yerləşdiyi binanın qarşısında həmişə onu gözləyən insanlar var. Hüseynbala müəllim hər vaxt bu partiyanın məfkurəsini daşıyan insanların yanındadır, köməyindədir... Mən də Yeni Azərbaycan Partiyasının sıravi üzvüyəm...
Hüseynbala Mirələmov haqqında yazmaq istəyim burdan yarandı… Yoxsa, hansısa məşhur filosof deyib ki, “hər cür müqayisə qüsurludur”. Müqayisə etməyə cəsarətim olmazdı ki... Əsərlərini sevə-sevə oxuduğum bu insanın mükəmməl bir yazıçı, Milli Məclisin deputatı, Respublikanın “Əməkdar mühəndis”i, tanınmış pedaqoq, dövlətçilik məfkurəsi güclü olan bir siyasətçi olduğunu bilməmiş deyildim ki… Cəsarət etməzdim bəlkə də… Özümü onunla müqayisə edirəm kimi bir görüntü yaradacağımdan qorxmazdımmı?
Hüseynbala müəllim respublikanın qaz təsərrüfatı sənayesində tanınan, seçilən, həyatının az qala mənim yaşım qədər dönəmini bu sahəyə həsr edən bir mütəxəssisdir. Texnika elmlər doktorudur, professordur. Azərbaycan Dövlət Neft Akademiyasında “Neftin, qazın saxlanması və nəqli” kafedrasının müdiridir, bu qocaman elm ocağında İxtisaslaşdırılmış doktorluq dissertasiyaları Şurasının sədridir. İstehsal prosesində əldə etdiyi təcrübəni böyük bir şövqlə tələbələrinə öyrədən istedadlı pedaqoqdur. Onlarla elmi əsərin, monoqrafiyaların müəllifidir. Bir an belə qələmi əlində yerə qoymayan məhsuldar bir yazıçıdır. Müəllifi olduğu onlarla hekayə, povest, roman və dram əsərlərini oxucular hər dəfə eyni intizarla gözləyirlər. O, öz oxucusunu sevən yazıçıdır. Heç nəyin qoxusunu bir-birinə qatışdırmayan bir nasirdir. Onun “Görkəmli adamların həyatı” silsiləsindən ulu öndər Heydər Əliyevin, onun xanımı, böyük oftalmoloq-alim Zərifə Əliyevanın, Prezident İlham Əliyevin həyat və fəaliyyətlərinə həsr etdiyi trilogiyalar, eləcə də 50-dən artıq kitab və publisistik əsərlər dünyanın bir çox dillərinə tərcümə edilib, böyük rəğbətlə qarşılanıb. Özündə milli təəssübkeşlik, vətənpərvərlik kimi ali dəyərləri və nəcib duyğuları əks etdirən “Xəcalət”, “Miras”, “Gəncə qapıları” və “Sonuncu fateh” əsərləri əsasında hazırlanan tamaşalar bu gün Azərbaycan Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrlarının repertuarındadır, tamaşaçıları anşlaqla bir yerə toplanan tamaşalardır. Vətənpərvər alim, məhsuldar yazıçı, fəal ictimai xadim kimi beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycanı uğurla təmsil edən bir insandır.
Mən necə onunla özümü müqayisə edərəm???
Mən sadəcə bənzəyiş tapdım... Biri dağın başında, biri dərənin dibində olan iki daşın tərkib oxşarlığı kimi bir bənzəyiş... Uşaqlığı ilə bağlı xatirəsi də məni elə silkələdi ki, bütün insanlar kimi yaşadığım taleyin 70 yaşı olduğunu gördüm… Qəlbimizdə xəbis insanların xisləti ilə vurulan eyni yaralar, eyni ağrılar gördüm…
Hüseynbala müəllimin “Gəlinlik paltarı”, “Gecə bənövşələri”, “Xəcalət” kitablarından biri həmişə baş ucumdadır. Mütalimə cox güvənirəm. Mən klassikləri də oxumuşam, cağdaşları da… Füzulidən, Nəsimidən tutmus, Salam Sarvana qədər, Mirzə Fətəlidən tutmuş, Elxan Elatlıya qədər… Oxuduğum hər bir şairə, hər bir nasirə, hər bir publisistə böyük hörmətim var. Hüseynbala müəllimin əsərlərində taleyimdən qoparılan parçalar gördüm… Xoşbəxtlikdən çalışdığım Milli Məclis Aparatının inzibati binasında tez-tez üz-üzə gəlirik… Ondan soruşduğum ilk və ənənəvi sual belə olur: “Hüseynbala müəllim, təzə nə isə var?..” Sevimli yazıçım mənim çox yaxşı bir oxucusu olduğumu bilirdi, amma talelərimizdə oxşarlıq axtardığımı bilmirdi…
Bəli, Hüseynbala Mirələmovun çörəyini qələmdən çıxaran bir insana bənzəyişi varmış... Ən azından, mən buna əminəm...
Hüseynbala müəllimin bu günlərdə 70 yaşı tamam olacaq. İnanmağım gəlmir... Axı əsərlərini oxuyanda onun gənc bir insanın qələmindən çıxmış olduğunu düşünürsən... Zəhmətsevər, sevilən, xeyirxahlığı ilə insanların könlündə özünə taxt quran yazıçımıza bu gənclik şövqünün daim onunla olmasını arzu edirəm... Bu bənzətmələrə görə məni bağışlasın...
Qərənfil Mansurova,
Jurnalist
banner

Oxşar Xəbərlər