70 il Üzeyir bəysiz
1885-ci ilin sentyabrın
18-də Qarabağ mahalının Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseynin bir oğlu
olmuşdu. Bu oğlan sonralar doğma xalqının musiqi tarixinə qiymətli səhifələr
yazan Ü.Hacıbəyli idi. Üzeyir hələ çox kiçik yaşlarından özünün musiqiyə sonsuz
həvəsi ilə diqqəti cəlb etmişdi. Bir az sonra ailəsi ilə birlikdə Şuşaya köçən
Üzeyir, burada onun bədii təəssüratını daha da qüvvətləndirən canlı musiqi həyatı
gördü. İkiillik rus-tatar məktəbini Şuşada bitirdikdən sonra 14 yaşlı Üzeyir
1899-cu ildə təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasına daxil
olur. Seminariyada oxuyarkən Üzeyir bəy skripka, violoncel və baritonda çalmağı
öyrənmişdi. 1904-cü ildə seminariyanı bitirib Hadrutda kənd məktəbində bir il
müəllimlik etdikdən sonra Bakıya gələn Hacıbəyli, qızğın fəaliyyətə başlayır. Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix, kimya, rus
dili fənlərindən dərs deyirdi. O, həm müəllimlik edir, həm ədəbiyyat və musiqi
ilə məşğul olur, həm də mətbuatda məqalə və felyetonlarla çıxışlar edirdi. " Həyat”,
"Tərəqqi”, "Həqiqət”, "Yeni İqbal”, "Azərbaycan” qəzetlərində tərcüməçi,
felyetonçu və redaktor kimi çalışmışdır.
1908-ci ildə müsəlman
Şərqində ilk opera olan "Leyli və Məcnun” operasını yazmaqla, Azərbaycan
musiqisində yeni səhifə açdı. Operanın premyerası Hacı Zeynalabdin Tağıyev
Teatrında baş tutdu. Tezliklə Ü.Hacıbəylinin yeni operalarının - "Şeyx Sənan”, "Rüstəm və Zöhrab”, "Şah Abbas və
Xurşudbanu”, "Əsli və Kərəm”in musiqili komediyaların - "Ər və arvad”, "O
olmasın, bu olsun”, "Arşın mal alan” kimi operettaların premyeraları oldu.
1910-cu ildə Ü.Hacıbəyli
Moskva Konservatoriyasının
professoru İlyinskinin kursuna daxil oldu. 1914-cü ildə Bakıya qayıdaraq yenidən
jurnalist fəaliyyəti ilə məşğul olaraq "Yeni İqbal” qəzetinin baş redaktoru və daha sonralar "Azərbaycan” qəzetinin
redaktoru kimi fəaliyyət göstərmişdir.
1920-30-cu illərdə o,
xalq çalğı alətlərindən ibarət ilk Azərbaycan Dövlət Notlu Orkestrini və ilk Azərbaycan Dövlət Xorunu, ilk musiqi məktəbini
yaratmışdır.
Böyük sənətkarın
yaradıcılığının zirvəsi olan "Koroğlu” operasının 1937-ci ilin yazında ilk dəfə
tamaşaya qoyulması Azərbaycan musiqi sənətinin bayramına çevrildi. Ü.Hacıbəyli
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvi, 1945-ci ildən Azərbaycan İncəsənəti
İnstitutunun direktoru olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Konservatoriyasının
direktoru və professoru idi. Azərbaycan Dövlət Himninin musiqisini yaratmaq şərəfi
də Ü.Hacıbəyliyə nəsib olmuşdur. Böyük Vətən Müharibəsi illərində bəstəkar bir
çox vətənpərvər əsərlərini yaratdı. Bəstəkarın vətənə sonsuz məhəbbəti "Şəfqət
bacısı”, "Döyüşçülər marşı”, "Yaxşı yol” kimi mahnılarda gözəl ifadə
olunmuşdur.
Həyatının son illərində
böyük sənətkar "Firuzə” operası üzərində işləyirdi. Lakin o, bu operanı
tamamlaya bilmir. 1948-ci ilin 23 noyabrında dünyasını dəyişdi. Xalqın çox
sevdiyi gözəl əsərlər müəllifi, böyük musiqi nəzəriyyəçisi və gənc bəstəkarların
tərbiyəçisi, xalqın sədaqətli oğlu Ü.Hacıbəyli ilə son dəfə görüşmək üçün
insanlar axın-axın Azərbaycan Elmlər Akademiyasının binasına yığışmışdılar. Azərbaycanın
bir çox incəsənət xadimlərinin yetişməsində Ü.Hacıbəylinin rolu əvəzsizdir.
Üzeyir Hacıbəylinin tələbəsi
olmuş mərhum bəstəkar Şəfiqə Axundova öz xatirələrindən danışarkən deyirdi:
"Üzeyir müəllim olmasaydı, mən də olmazdım. Bugünkü varlığımla, bugünkü
uğurlarımla müəllimimə borcluyam. Üzeyir müəllim çox mehriban, səmimi,
qayğıkeş, böyük ürəkli bir insan idi. Yadımdadır, 1944-cü ildə Zaqafqaziya
musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürürdü.
Bir gün Ağabacı Rzayeva ilə onun kabinetinə getdik. Göstəriş verdi ki, bizi
palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikilməsi üçün də göstəriş
verdi və hətta tapşırdı ki, kostyumun fasonunu Şövkət Məmmədova seçsin. Üzeyir
müəllim haqqında çox danışmaq olar. O, əsl insan, mərd adam idi. Biz ondan çox
şey öyrəndik. Onun xatirəsi qəlbimizdən silinməzdir”.
Şövkət Məmmədova öz
xatirələrindən danışarkən Üzeyir bəy haqqında deyirdi: "Mənim Üzeyirlə, qəlbimdə
dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bu görüş çox səmimi keçdi. Vəsait
olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi, dərhal təklif etdi ki, tamaşa təşkil edib,
toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər
qəlbimdə kök saldı”.
Bülbül dahi bəstəkarla
tanışlığını "Ölməz sənətkar” adlı məqaləsində qeyd etmişdir: "Məni bu böyük bəstəkarla
Əbdürrəhim bəy Haqverdiyev, "Əsli və Kərəm” operasında Kərəm rolunda çıxışımın
ikinci günü öz iş otağında tanış etdi.
O, vaxt Üzeyir bəy musiqi şöbəsinin müdiri idi. Onun gözəl, cazibədar siması,
iki tərəfə ayrılmış, azca qıvrım saçları, sadə və mənalı baxışları məni elə heyran
etdi ki, gözümü bir an belə onun simasından ayıra bilmədim. Bizim dostluğumuzun
əsası ideya birliyidir. Vətənimizə, xalqımıza olan məhəbbətimizin əks-sədasıdır”.
Onun tələbələrindən
olan Əşrəf Abbasov Üzeyir bəy haqqında xatirələrini bölüşərkən "İlk görüşüm”
adlı məqaləsində dahi bəstəkarı belə xatırlayır: "Yaxşı yadımdadır, çox tərəddüddən
sonra Üzeyir bəyin o zaman yaşadığı evinə zəng vurdum. Böyük bəstəkar telefonun
dəstəyini özü qaldırıb cavab verdi. Dilim dolaşa-dolaşa özüm haqqında məlumat
verən kimi, məni heyrətə gətirdi. Görüşdükdə mənə dedi: "Əşrəf, əsl bəstəkar olmaq üçün ən əvvəl mükəmməl
musiqi təhsili almaq lazımdır. Mən sevincimdən bilmirdim ki, nə edim... Üzeyir
Hacıbəyli ilə şəxsən tanış olmuşdum”.
Üzeyir Hacıbəyli haqqında nə qədər danışılsa,
yazılsa da, yenə də azdır. Böyük bəstəkar, gözəl alim, əvəzedilməz insan
Ü.Hacıbəylinin vəfatından 70 il ötür. Həyatda elə insanlar olur ki, onlar
aramızdan getdikdən sonra belə, yaşamaqda davam edirlər. Ü.Hacıbəyli xalqın ürəyində
daim yaşayır və yaşayacaqdır. Onun xatirəsi daim xalqın qəlbində qalacaq.
Bəyim Dadaşova,
Üzeyir Hacıbəylinin ev muzeyinin
kiçik elmi işçisi