• çərşənbə axşamı, 16 aprel, 12:08
  • Baku Bakı 19°C

70 il Üzeyir bəysiz

28.11.18 10:00 1343
70 il Üzeyir bəysiz
1885-ci ilin sentyabrın 18-də Qarabağ mahalının Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseynin bir oğlu olmuşdu. Bu oğlan sonralar doğma xalqının musiqi tarixinə qiymətli səhifələr yazan Ü.Hacıbəyli idi. Üzeyir hələ çox kiçik yaşlarından özünün musiqiyə sonsuz həvəsi ilə diqqəti cəlb etmişdi. Bir az sonra ailəsi ilə birlikdə Şuşaya köçən Üzeyir, burada onun bədii təəssüratını daha da qüvvətləndirən canlı musiqi həyatı gördü. İkiillik rus-tatar məktəbini Şuşada bitirdikdən sonra 14 yaşlı Üzeyir 1899-cu ildə təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasına daxil olur. Seminariyada oxuyarkən Üzeyir bəy skripka, violoncel və baritonda çalmağı öyrənmişdi. 1904-cü ildə seminariyanı bitirib Hadrutda kənd məktəbində bir il müəllimlik etdikdən sonra Bakıya gələn Hacıbəyli, qızğın fəaliyyətə başlayır. Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix, kimya, rus dili fənlərindən dərs deyirdi. O, həm müəllimlik edir, həm ədəbiyyat və musiqi ilə məşğul olur, həm də mətbuatda məqalə və felyetonlarla çıxışlar edirdi. " Həyat”, "Tərəqqi”, "Həqiqət”, "Yeni İqbal”, "Azərbaycan” qəzetlərində tərcüməçi, felyetonçu və redaktor kimi çalışmışdır.
1908-ci ildə müsəlman Şərqində ilk opera olan "Leyli və Məcnun” operasını yazmaqla, Azərbaycan musiqisində yeni səhifə açdı. Operanın premyerası Hacı Zeynalabdin Tağıyev Teatrında baş tutdu. Tezliklə Ü.Hacıbəylinin yeni operalarının - "Şeyx Sənan”, "Rüstəm və Zöhrab”, "Şah Abbas və Xurşudbanu”, "Əsli və Kərəm”in musiqili komediyaların - "Ər və arvad”, "O olmasın, bu olsun”, "Arşın mal alan” kimi operettaların premyeraları oldu.
1910-cu ildə Ü.Hacıbəyli Moskva Konservatoriyasının professoru İlyinskinin kursuna daxil oldu. 1914-cü ildə Bakıya qayıdaraq yenidən jurnalist fəaliyyəti ilə məşğul olaraq "Yeni İqbal” qəzetinin baş redaktoru və daha sonralar "Azərbaycan” qəzetinin redaktoru kimi fəaliyyət göstərmişdir.
1920-30-cu illərdə o, xalq çalğı alətlərindən ibarət ilk Azərbaycan Dövlət Notlu Orkestrini və ilk Azərbaycan Dövlət Xorunu, ilk musiqi məktəbini yaratmışdır.
Böyük sənətkarın yaradıcılığının zirvəsi olan "Koroğlu” operasının 1937-ci ilin yazında ilk dəfə tamaşaya qoyulması Azərbaycan musiqi sənətinin bayramına çevrildi. Ü.Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvi, 1945-ci ildən Azərbaycan İncəsənəti İnstitutunun direktoru olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Konservatoriyasının direktoru və professoru idi. Azərbaycan Dövlət Himninin musiqisini yaratmaq şərəfi də Ü.Hacıbəyliyə nəsib olmuşdur. Böyük Vətən Müharibəsi illərində bəstəkar bir çox vətənpərvər əsərlərini yaratdı. Bəstəkarın vətənə sonsuz məhəbbəti "Şəfqət bacısı”, "Döyüşçülər marşı”, "Yaxşı yol” kimi mahnılarda gözəl ifadə olunmuşdur.
Həyatının son illərində böyük sənətkar "Firuzə” operası üzərində işləyirdi. Lakin o, bu operanı tamamlaya bilmir. 1948-ci ilin 23 noyabrında dünyasını dəyişdi. Xalqın çox sevdiyi gözəl əsərlər müəllifi, böyük musiqi nəzəriyyəçisi və gənc bəstəkarların tərbiyəçisi, xalqın sədaqətli oğlu Ü.Hacıbəyli ilə son dəfə görüşmək üçün insanlar axın-axın Azərbaycan Elmlər Akademiyasının binasına yığışmışdılar. Azərbaycanın bir çox incəsənət xadimlərinin yetişməsində Ü.Hacıbəylinin rolu əvəzsizdir.
Üzeyir Hacıbəylinin tələbəsi olmuş mərhum bəstəkar Şəfiqə Axundova öz xatirələrindən danışarkən deyirdi: "Üzeyir müəllim olmasaydı, mən də olmazdım. Bugünkü varlığımla, bugünkü uğurlarımla müəllimimə borcluyam. Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi. Yadımdadır, 1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürürdü. Bir gün Ağabacı Rzayeva ilə onun kabinetinə getdik. Göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikilməsi üçün də göstəriş verdi və hətta tapşırdı ki, kostyumun fasonunu Şövkət Məmmədova seçsin. Üzeyir müəllim haqqında çox danışmaq olar. O, əsl insan, mərd adam idi. Biz ondan çox şey öyrəndik. Onun xatirəsi qəlbimizdən silinməzdir”.
Şövkət Məmmədova öz xatirələrindən danışarkən Üzeyir bəy haqqında deyirdi: "Mənim Üzeyirlə, qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bu görüş çox səmimi keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı”.
Bülbül dahi bəstəkarla tanışlığını "Ölməz sənətkar” adlı məqaləsində qeyd etmişdir: "Məni bu böyük bəstəkarla Əbdürrəhim bəy Haqverdiyev, "Əsli və Kərəm” operasında Kərəm rolunda çıxışımın ikinci günü öz iş otağında tanış etdi. O, vaxt Üzeyir bəy musiqi şöbəsinin müdiri idi. Onun gözəl, cazibədar siması, iki tərəfə ayrılmış, azca qıvrım saçları, sadə və mənalı baxışları məni elə heyran etdi ki, gözümü bir an belə onun simasından ayıra bilmədim. Bizim dostluğumuzun əsası ideya birliyidir. Vətənimizə, xalqımıza olan məhəbbətimizin əks-sədasıdır”.
Onun tələbələrindən olan Əşrəf Abbasov Üzeyir bəy haqqında xatirələrini bölüşərkən "İlk görüşüm” adlı məqaləsində dahi bəstəkarı belə xatırlayır: "Yaxşı yadımdadır, çox tərəddüddən sonra Üzeyir bəyin o zaman yaşadığı evinə zəng vurdum. Böyük bəstəkar telefonun dəstəyini özü qaldırıb cavab verdi. Dilim dolaşa-dolaşa özüm haqqında məlumat verən kimi, məni heyrətə gətirdi. Görüşdükdə mənə dedi: "Əşrəf, əsl bəstəkar olmaq üçün ən əvvəl mükəmməl musiqi təhsili almaq lazımdır. Mən sevincimdən bilmirdim ki, nə edim... Üzeyir Hacıbəyli ilə şəxsən tanış olmuşdum”.
Üzeyir Hacıbəyli haqqında nə qədər danışılsa, yazılsa da, yenə də azdır. Böyük bəstəkar, gözəl alim, əvəzedilməz insan Ü.Hacıbəylinin vəfatından 70 il ötür. Həyatda elə insanlar olur ki, onlar aramızdan getdikdən sonra belə, yaşamaqda davam edirlər. Ü.Hacıbəyli xalqın ürəyində daim yaşayır və yaşayacaqdır. Onun xatirəsi daim xalqın qəlbində qalacaq.
Bəyim Dadaşova,
Üzeyir Hacıbəylinin ev muzeyinin kiçik elmi işçisi
banner

Oxşar Xəbərlər