• cümə, 19 Aprel, 13:55
  • Baku Bakı 25°C

7 yaşından pul qazanan sənət fədaisi - Keçmişdəki mən

16.03.19 12:00 1873
7 yaşından pul qazanan sənət fədaisi - Keçmişdəki mən
Zəhmətkeş, xeyirxah, sənət fədaisi kimi tanınıb. Barmaqlarının mazolu zəhmətinin xatirəsidir. Tarını dilləndirmək, kədəri, sevinci notlarla yaşatmaq ona asan başa gəlməyib. Çox qazanıb, amma qazandığını qəpiyinə qədər yaratdığı "Göygöl” ansamblına yatırıb. Çünki məqsədi var idi. Təkcə Bakının yox, Gəncənin də fəxri ola biləcək ansambl yaratmalı idi. Nəinki Bakı və Gəncəyə, ümumilikdə Azərbaycana səs salan "Göygöl”ün yaradıcısının keçmişinə səyahət etdik.

Müsahibimiz görkəmli tarzən, xalq artisti Fikrət Verdiyevdir.

Gəncədə anadan olub. 7 uşaqlı ailənin 6-cı övladıdır. Bacıları olmadığı üçün ev işlərində analarına kömək ediblər: "Anam tək, biz çox idik. Qoçaq qadın idi. Tək olduğu üçün ona kömək etməyə çalışırdıq. Yadımdadır, qardaşım yaxşı yemək bişirirdi. Kim nəyi bacarırdısa, onu edirdi”.
"Gözümü açandan muğam dinləmişəm”
70 illik ömrünün 55 ilini musiqiyə həsr edən tarzən 5 yaşından muğamı dinləyib və sevib: "Bizim ailədə musiqiçi yox idi. Amma mənim uşaqlıqdan muğama meylim var idi. Gözümü açandan muğam dinləmişəm. Evimizdə köhnə radio və Xan əminin, Cabbarın plastinkaları var idi. Xan Şuşinsikinin vurduğu zəngulələri gündə 30 dəfə dinləyirdim. Uşaq idim, bəlkə də muğamın nə olduğunu dərk etmirdim, amma o səsə vurulmuşdum. Taxta qırığı tapıb, üstünə sim bağlayıb tar düzəltmişdim. Ailəm bunu gördü və məni 9 yaşımdan musiqi məktəbinə göndərdi. Yadımdadır, tarda ifa edərkən qolumu silkələyirdim. Qardaşım kəmərlə qolumu bağlamışdı ki, tarda ifa edərkən, tərpənməsin. Musiqiçi olmasalar da, mənim uğur qazanmağım üçün əllərindən gələni edirdilər”.
"İmtahansız qəbul etdilər”
Musiqi məktəbində direktor da həmsöhbətimizin istedadının fərqinə varıb, onu imtahansız məktəbə qəbul edib: "Hər kəs növbə ilə öz məharətini direktora göstərirdi. Mən də növbəmin çatmasını gözləyirdim. Otaqda yekə, qara əşya diqqətimi çəkdi. Katibədən soruşdum ki, bu nədir? Dedi ki, pianodur. Pianonun nə olduğunu bilmirdim. Ayağa qalxdım, bir-bir dillərinə toxundum, bəmi və zili tapdım. Çox qəribə idi, elə oradaca "Cücələrim”i ifa etdim. Səs olduğuna görə müdiriyyət etiraz etdi və dayandım. Növbə mənə çatanda direktor soruşdu ki, pianonu çalan sən idin? Dedim bəli. Soruşdu ki, pianonuz var? Pianonu birinci dəfə gördüyümü deyəndə, direktor təəccübləndi və məni imtahansız qəbul etdilər”.

"Qalib gəlməsəniz, pulu geri alacağam”
Hələ 14 yaşında ömründə Bakı şəhərini görməyən yeniyetmə ilk dəfə böyük kollektivlə Bakıya gəlir. Musiqi-tar dərnəyinə rəhbərlik edən həmsöhbətimiz ilk festivalında birinciliklə mükafatlandırılıb: "1961-ci ildə xəbər gəldi ki, mərhum Əfrasiyab Bədəlbəyli Bakıda uşaq ansambllarının festivalını təşkil edir. Bunu eşidən kimi çox sevindim, dərnəyimizdə 20-22 uşaq vardı, müdirimizə dedim ki, ansamblı yaxşı hazırlamışam, yol pulumuzu verin, gedək, festivalda özümüzü sınayaq. Gördüm ki, nəsə alınmır, pul yoxdur, gəldim atama dedim ki, ay ata, ansamblı festivala aparmalıyam, amma pul yoxdur. Az vəsait tələb olunmurdu. Dedi, nə qədər lazımdır? Dedim ki, 22 nəfərin gedib-qayıtmaq pulu olsa kifayət edər. Atam gülə-gülə dedi ki, nə qədər lazımdırsa, verirəm, amma qalib gəlməsəniz, pulu geri alacağam. (gülür-A.Ə) Atam həm gediş, həm dönüş biletlərimizi aldı, beləliklə, Bakıya gəldik və iki gün burada qaldıq, festivalda iştirak etdik. Festivalda Azərbaycanın hər yerindən gənc istedadlar, ansambllar iştirak edirdi, çox gərgin bir yarış gedirdi və sonda bizim ansambl birinciliyi qazandı”.

"7 yaşımda pul qazanırdım”
F.Verdiyev artıq 16 yaşından rəsmi qaydada işləməyə başlayıb: "Qayıdandan bir az sonra 15-16 yaşlarımda artıq məni işə götürdülər. Hansı ki, o vaxtlar bu yaşlarda heç kimi işə götürmürdülər. Əmək kitabçamı indi də saxlayıram. Daha sonra Qənbər Hüseynli adına Gəncə Şəhər orta-ixtisas Musiqi Məktəbini (Texnikumunu) oxuya-oxuya həm Daşkəsəndə müəllimlik edirdim, həm indiki Samuxda fəaliyyət göstərirdim”.

Rəsmi iş yeri 15 yaşında olsa da, müsahibimiz 7 yaşından pul qazanıb: "Pul qazanmağa 7 yaşımdan başlamışam. Böyük həyətimiz var idi. Orada çiyələk, şaftalını yığırdım və balaca qardaşımla bazarda satırdıq. Evə pul gətirirdim. Öz paltarlarımı özüm alır, anama kömək edərdim. 17 yaşımda Samuxda musiqi məktəbi yox idi. Orada musiqi məktəbinin filialını açdım. Məşhur tələbələrim var idi. 15-16 yaşımdan toylara gedir, çox yaxşı pul qazanırdım”.

"Təhsilimi pula sata bilməzdim”
Respublikada məşhurlaşdığı bir vaxtda müsahibimiz ali təhsilini davam etdirmək üçün Bakıya gəlir: "Konservatoriyada Adil Gəraylının sinfində təhsil alırdım. Düzdür, yaxşı pul qazanan vaxtım idi. Amma təhsilimi pula sata bilməzdim. Tez-tez filarmoniyaya gedir, konsertlərdə iştirak edirdim. O dövrdə Bakıdakı ansamblların konsertinə baxırdım, həvəslənirdim ki, Gəncədə niyə belə ansambl olmasın. Gəncə şəhəri hər zaman Azərbaycanın mədəniyyət mərkəzi olub. Bizim niyə ayrıca ansamblımız olmasın ki?! Bu düşüncələr mənə rahatlıq vermirdi. Yaxşı mənada paxıllığım tuturdu. İkinci kursda oxuyanda "Göygöl” ansamblını yaratdım. Barmaqlarımın mazolu hələ də getməyib. (Əlini göstərir-A.Ə) Ansamblı yaradandan sonra bütün qazancımı ora xərcləyirdim”.

"Dedim a kişi, Afser adlı oxuyan olmaz”
Böyük əziyyət, zəhmətdən sonra ansambla Qarabağdan, Qazaxdan üz tutanlar olub. Müsahibimiz ansambla üzv qəbul edərkən də başına gələn əhvalatları bizimlə bölüşür: "Qarabağdan Vaqif Hüseynov vardı, bir gün o bizə müraciət etdi. Düzünü deyim ki, böyük axın olduğu üçün yer yox idi. Gördüm ki, gözəl "Segah” oxuyur, çox ürəyimə yatdı. Dedim, bəlkə, səni işə götürə bildim. Sən demə, bu "bəlkə” sözünü bir qədər ayrı cür başa düşüb. Çəkinə-çəkinə mənə tərəf yaxınlaşır, dedim nə məsələdir, dedi ki, atam deyir ki, yanı balalı camışımız var, onu aparıb bağlayarsan Fikrət müəllimin qapısına. Dedim, bala, mən səni başa düşdüm nə demək istəyirsən, gəl, belə danışaq, mən özüm bir dənə camış alacam, onu aparıb bağlayarsan camışınızın yanına, olar iki camışınız. Amma bircə xahişim var ki, sən ansamblda yaxşı oxu.

Qazaxdan bir oxuyan var idi. Gördüm yaxşı səsi var. Dedim adın nədir dedi Afser. Dedim a kişi, Afser adlı oxuyan olmaz, get adını dəyiş. 10-15 gündən sonra gəldi ki, dəyişdim adımı Şəhadət qoydum. Şəhadət Ömərov. İndi əməkdar artistdir”.

"Sevincimdən qanad açıb uçmaq istəyirdim”
Müsahibimiz deyir ki, "Göygöl”ün dövlət statusu alması, Heydər Əliyevin adı ilə bağlıdır: "O vaxt Gəncənin birinci katibi hansısa məsələ ilə bağlı rəhmətlik Heydər Əliyevin yanında imiş. Ulu öndər ondan soruşur ki, "Göygöl” ansamblı maaş alırmı, deyir ki, onlar ictimai əsaslarla fəaliyyət göstərirlər. Deyir, necə yəni ictimai əsaslarla? O cür gözəl ansambl maaş almır, bunu niyə mənə demirsiniz? Birinci katib deyir ki, üç aydır Nazirlər Sovetinin sədrinə yazıb göndərmişik, hələ bir xəbər yoxdur. O zamanlar Nazirlər Sovetinin sədri rəhmətlik Əli İsmayılov idi. Bunu deyən kimi, Ulu öndər düyməni basır, Əli müəllimə deyir ki, "Göygöl” ansamblı səni maraqlandırmır? Məsələ dərhal öz həllini tapır. Ansambla 75 nəfərlik ştat ayrılır. Bunu eşidən kimi hansı hisslər keçirdiyimi bir Allah bilir, sevincimdən qanad açıb uçmaq istəyirdim. İlk dəfə idi Bakıdan sonra Azərbaycanın ikinci şəhərində Dövlət Mahnı və Rəqs Ansamblı fəaliyyət göstərməyə başlayırdı”.
"Bəylərlə plov yemirəm ki, bığım yağa batar”
Heydər Əliyev tərəfindən "Göygöl” ansamblına "Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı statusu veriləndən sonra Mədəniyyət Nazirliyi tərəfindən kollektivə 6 aylıq vaxt verilir ki, konsert proqramı ilə hesabat versin, özünü göstərsin. İlk olaraq, ansamblda rəqs sözü olduğu üçün ilk növbədə rəqs qrupu yığmağa başlayır. Gəncədə o vaxt rəqs qrupu yox idi. Bunun üçün müsahibimiz Bakıdan 12 oğlan, 12 qız gətirir. İki il yarım bu uşaqları öz hesabına qoruyub saxlayır. Hətta hesabat konsertinə proqram hazırlamaq üçün korifey bəstəkar Cahangir Cahangirovu Gəncəyə dəvət edir. Bəstəkar 20-25 gün ərzində Gəncədə qalır, sırf "Göygöl” üçün mahnılar yazmağa başlayır: " 20-25 gün Gəncədə qaldı. Bir dəfə Cahangir müəllimdən xahiş etdim ki, özünüz yazdığınız əsərləri bir dəfə müğənnilərlə məşq edin. Həmin vaxt hava isti idi, Cahangir müəllim də möhkəm tərləmişdi, birdən qayıdıb dedi ki, Fikrət, bəylərlə plov yemirəm ki, bığım yağa batar, amma səni o qədər çox istəyirəm ki, ona görə məşqi özüm aparıram”.

"Çadranı sal başına, Xangilə gedirik”
Həmsöhbətimiz həm də Xan Şuşinskinin kürəkənidir. Tanışlıq tarixçəsindən danışarkən deyir ki, həyat yoldaşını görənə qədər, onu heç kim evlənməyə razı sala bilməyib: "Şövkət Ələkbərova ilə bizim ailənin yaxın dostluğu var idi. Konsertə gələndə bizdə qalırdı. Bir gün anam dedi ki, ay Şövkət xanım, bu oğlan evlənmir nə edim? Şövkət xanım dedi ki, Xan Şuşinskinin qızı var, çox yaxşı qızdır. O zaman Bəyimxanımı tanımırdım. Söhbətə fikir vermədim. Sonra Hökumət evində Xanın yanında Bəyimxanımı görəndə ağlıma gəldi ki, bu, həmin qızdır. Oradan çıxan kimi Şövkət xanıma zəng vurdum ki çadranı sal başına, Xan Şuşinskigilə gedirik. (telefon nömrəsi hələ də yadındadır-A.Ə) Qızı almaq lazımdır. Ondan sonra ailə qurduq. Çox gözəl qohumluq başladı. 3 gün toy oldu. Bakının bütün böyük sənətkarları toyumuz idi”.

7 yaşınızda heyranlıqla dinlədiyi Xan Şuşinskinin 23 il sonra kürəkəni olur: "Bilirsiniz ulduzlar nə vaxt barışıb? 1947-ci ildə Xan Şuşinski Gəncədə bizim divar qonşumuzun toyuna dəvət olunur. Anam da həmin vaxt mənə hamilə olub. Orada məclis böyük zallarda olurdu. Kişilər çıxdıqdan sonra qadınlar gəlirdi. Anam yaxşı oynayan olub. Qızıl çox taxırdı deyə, qızıllı Məryəm deyərdilər. Deyir ki çıxdım oynadım gördüm oynadığım yerdə Xan Şuşinski zilə qalxdı. Anam deyib ki bu kişi niyə mən oynadığım yerdə zilə qalxdı? (gülür) Anam bu zildən sonra oyundan çıxıb. Sonra Xan əmiyə deyirdim Xan əmi niyə anam oyanayanda zilə qalxmısınız, gülürdü. Bəzən düşünürəm ki, bu Allahın qismətidir...”

Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, bayağı mahnılarla zövqlərini korlamasınlar: "İnsanın püxtələşməsində elmin çox böyük rolu var. Təhsil alsınlar. Zövqlərini bayağı mahnılarla korlamasınlar. Bizim beynimizə, qanımıza, canımıza hopan mahnılarımız var. Onları araşdırsınlar və dinləsinlər. Bayağı musiqilər məni çox narahat edir. Cavanların beynini yorur, musiqi zövqümüzü korlayırlar. Biz bu sənəti yaşatmalıyıq”.
Məlumat üçün bildirək ki, Fikrət Verdiyevin yaradıcısı olduğu məşhur "Göygöl” ansamblının yaranmasının 50 illiyi tamam olur. Ansamblın onlarla istedadlı gəncin bölgələrdən tapılaraq sənətkar kimi püxtələşməsində böyük rolu olub. Bu gün isə həmin müğənnilərin əksəriyyəti fəxri adlar alıblar.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər