7 min illik tarixi və mədəniyyəti olan Kastamonu - Fotolar
TürkiyəninKastamonu şəhəriTÜRKSOY tərəfindən
2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Ötən il isə
Qazaxıstan Respublikasının Türkistan vilayəti bu statusu daşıyırdı. Bu il həmin
missiya 7 min illik tarixi və mədəniyyəti olan qədim Kastamonuya həvalə edilib.
Bu münasibətlə adıçəkilən şəhərdə bu günlərdə təntənəli mərasimi keçirildi. Mərasimdə
iştirak etmək üçün Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Tatarıstan və Qaqauziyadan olan mətbuat nümayəndələri Kastamonuya dəvət olunmuşdu.
Tədbirdə Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm
naziri professor Dr. Numan Kurtulmuş, TÜRKSOY-un baş katibi, professor Düsen
Kaseinov, Türkmənistanın Ankara səfiri İşankuli Amanlıyev, Kastamonu valisi
Yaşar Karadeniz, Kastamonu bələdiyyə başçısı Tahsin Babaş, Türkiyə Böyük Millət
Məclisinin üzvləri, siyasi partiya, qeyri-hökumət təşkilatları, ictimai qurumların
nümayəndələri iştirak edirdi.
"Qədim
və gözəl şəhərimizi dünyaya daha yaxından tanıdacağıq”
Yanvarın 24-də Numan Kurtulmuş türkdilli ölkələrin,
eləcə də yerli mətbuatın nümayəndələrini, TÜRKSOY-un mənsublarını, eyni zamanda
Kastamonu millət vəkillərini və valini işgüzar səhər yeməyinə dəvət etdi.
Türkdilli ölkələrin nümayəndələri bir süfrə arxasında, bir ailə ortamında
Kastamonunun mədəniyyət paytaxtı elan olunmasını müzakirə edib, şəhərin əlverişli
coğrafi mövqeyindən danışdılar. Daha sonra məclis mətbuat konfransı şəklində
davam etdi. Nazir mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
Türkiyənin mədəniyyət və turizm naziri bildirdi ki,
Kastomonu ölkənin ən gözəl şəhərlərindən biridir və bu şəhərin mədəniyyət
paytaxtı elan olunması heç də təsadüfi deyil: "Avropa Birliyi tərəfindən
periodik olaraq hər il seçilən şəhərlər mədəniyyət paytaxtı elan edilir. Seçilən
şəhərin mədəni yaşamı və inkişafını təqdim etmək üçün bu ən gözəl fürsətdir.
Biz isə bu layihə çərçivəsində tanınmış şəhərlərimizi deyil, ərazisi kiçik
olan, ancaq reklamına və tanıdılmasına ehtiyac duyulan əraziləri seçirik.
Kastamonu da belə yerlərdən biridir. Bilirsiniz ki, bu layihənin təşəbbüskarı
TÜRKSOY-dur. TÜRKSOY bir növ, türk dünyasının YUNESKO-sudur. Bu günə qədər bu və
ya digər layihələr çərçivəsində möhtəşəm tədbirlər keçirib. Türk dünyası ölkələrindəki
xüsusi əhəmiyyəti olan şəhərlərin paytaxt seçilməsini TÜRKSOY həyata keçirir.
Azərbaycanın Şəki şəhəri də daxil olmaqla, bu günədək altı şəhər türk dünyasının
mədəniyyət paytaxtı elan olunub. Bu, fövqəladə vacib bir addımdır. Biz il ərzində
Kastamonuya jurnalistlər, idmançılar, musiqiçilər və elm xadimlərini dəvət edəcəyik.
Bunun nəticəsində Kastamonu kimi qədim və gözəl şəhərimizi dünyaya daha
yaxından tanıdacağıq”.
"Biz eyni millətin övladlarıyıq”
Nazir vurğuladı ki, Kastamonu 7 min illik tarixi və
mədəniyyəti olan qədim şəhərdir. Müsəlman türklərin bura gəlib məskunlaşması isə
900 il əvvəl olub. Ona görə də Kastamonunun mədəniyyət paytaxtı elan olunması
onun haqqıdır: "Layihə, şəhərlərin önə çıxarılaraq əvvəlcə türk, sonra bütün
dünyaya tandılması məqsədi daşıyır. Bir il ərzində şəhərin mədəniyyətini,
musiqisini və digər ənənələrini nümayiş etdirmək üçün silsilə proqramlar hazırlanıb. Həm ölkələr öz mədəniyyətlərini
tanıtmış olacaq, həm də bir-birlərini daha yaxından tanımaq üçün imkan əldə edəcəklər.
Nazirlik olaraq bu şəhərin tanıdılmasına dəstək olacağıq. Beynəlxalq aləmdə
Kastamonunun, eləcə də Türkiyə mədəniyyətinin tanıdılması üçün bir çox işlər həyata
keçirəcəyik”.
Jurnalistlərlə bir masa ətrafında əyləşən nazir azərbaycanlı
jurnalistlərin də suallarını cavablandırdı. Bildirdi ki, Azərbaycan və Türkiyə
dövlətləri bir-birinə çox bağlıdır. Onlar kağız üstündə iki fərqli dövlət olsalar
da, eyni millətin övladlarıdır: "Bunu tarixin bütün zamanlarında Azərbaycan və
Türkiyə xalqları öz həyatlarında qarşılıqlı olaraq hiss ediblər. 2018-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibətilə bizim
üzərimizə hansı vəzifələr düşərsə, onları həyata keçirməyə hər zaman hazırıq. 1918-ci
ildə Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak birliklərindən xilas etməsini
fəxrlə xatırlayırıq. Bu il qarşılıqlı tədbirlərin təşkili üçün Türkiyə tərəfi
olaraq hər cür dəstək verməyə çalışacağıq. Xalq Cümhuriyyətinin 100 illiyini
Türkiyədə ən yüksək səviyyədə qeyd etmək, xatırlamaq bizim də vəzifəmizdir.
Eyni zamanda, bilirik ki, Azərbaycan da 2023-cü ildə Türkiyənin müstəqilliyinin
100-cü ildönümünü coşğulu şəkildə qeyd edəcək”.
Mətbuat nümayəndələri ilə görüşdən sonra qonaqlar mərasimin
rəsmi hissəsini izləmək üçün Kastamonu Bələdiyyəsinin nikah və konfrans
salonuna toplaşdılar. Vali Yaşar Karadeniz, millət vəkilləri, Kastamonu bələdiyyə
başkanı Tahsin Babaş, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və siyasi partiya təmsilçiləri
də burada idi.
Kastamonunun tarixi qədim daş dövrünə dayanır
Tədbirdə çıxışlardan əvvəl Kastamonu şəhərinin və
TÜRKSOY-un təqdimat filmləri nümayiş olundu. Sonra Mədəniyyət və Turizm
Nazirliyi Ankara Türk Dünyası Musiqi Toplumu tərəfindən konsert verildi.
Konsertdə türk dünyasına məxsus bir-birindən dəyərli əsərlər səsləndirildi.
Daha sonra Kastamonu Bələdiyyəsi Xalq Oyunları Komandası "Sepetçioğlu” oyununu nümayiş
etdirdi. Kastamonu Universitetində təhsil alan türkdilli ölkələrdən olan tələbələr
bu oyunun bir parçası oldular.
Rəsmi açılışda ilk olaraq TÜRKSOY-un baş katibi
Düsen Kaseinovçıxış etdi. Bildirdi ki, Kastamonunun böyük mədəniyyəti,
tarixi və adət-ənənələri var. Bu şəhər öz ənənələrinə, tarixinə hər zaman
sadiqdir: "Kastamonunun mədəniyyət paytaxtı seçilməsi nazir Numan Kurtulmuşun
sayəsində baş tutub. O, bu məsələyə xüsusi önəm verir. Bu layihə TÜRKSOY üçün
çox qiymətlidir. Mənəvi və mədəniyyət baxımından keçirilən tədbirlər şəhərin
tarixinə keçmişdə olduğu kimi qızıl hərflərlə
yazılacaq. TÜRKSOY qurulmasının 25-ci ilini qeyd edir. Bu mənada, böyük təcrübəsi
olan bur qurum il boyu Kastamonunun yanında olacaq”.
Kastamonu bələdiyyə başçısı Tahsin Babaş da
çıxışında Kastamonunun qədim şəhər olduğunu və onun tanıdılmasının vacibliyini
qeyd etdi: "Kastamonu tarixi zənginlikləri olan bir yerdir. Bəlkə ola bilər ki,
çox tanıdılmamışdır, adı kifayət qədər eşidilməmişdir. İnanıram ki, bundan
sonra siz və bütün dünya onun adını daha çox eşidəcək. Tarixi daş dövrünə
dayanan Kastamonu şəhəri qədim türk yurdudur. Kastamonu Çobanoğlu, Candaroğlu
kimi Osmanlıya sancaqlıq etmiş bir şəhərdir”.
"2018-ci ili çox yaxşı dəyərləndirməliyik”
Daha sonra vali Yaşar Karadeniz Kastamonunun
tarixin süzgəcindən keçərək bu günümüzə ən gözəl şəkildə gəlib çıxdığını
vurğuladı: "Kastamonunun mədəniyyət paytaxtı elan olunmasıyla işimiz bitməyib.
Xüsusilə, 2018-ci ili çox yaxşı dəyərləndirməliyik və ən böyük mənfimiz olan
tanıtım çatışmazlığını ortadan qaldırmağa çalışmalıyıq. Tanıtım üçün buradakı fəaliyyətlərimizi
yaxşı planlamalı və bu fəaliyyətlərin həm Türkiyəyə, həm türk dünyasına, həm də
bütün dünyaya yaxşı bir şəkildə yayılmasını təmin etməliyik”.
Mərasimin sonunda mədəniyyət və turizm naziri Numan
Kurtulmuş bildirdi ki, bu layihə türk dünyasında mədəni əməkdaşlığı artırmaq, türk
mədəniyyətinin yayılmasını, mədəniyyət sahəsində qarşılıqlı fikir mübadiləsini,
eləcə də ölkələrin bir-birinə yaxınlaşmasını təmin etmək məqsədi daşıyır: "Ümid
edirəm ki, daha da güclənərək, türk dünyasının bir mədəni quruluşu olaraq üzv
ölkələrin xalqlarını, gənclərini, dillərini, könüllərini bir-birinə bağlamağa
davam edən əhəmiyyətli bir layihə olacaq. Kastamonunun türk dünyası ilə dərin,
köklü əlaqələri var”.
Qeyd edək ki, mərasimdə Azərbaycanı "Kaspi” və "Şərq”
qəzetləri, APA informasiya agentliyi təmsil edirdi.
Xəyalə Rəis