• çərşənbə axşamı, 16 aprel, 12:19
  • Baku Bakı 19°C

7 min illik tarixi və mədəniyyəti olan Kastamonu - Fotolar

30.01.18 11:31 1307
7 min illik tarixi və mədəniyyəti olan Kastamonu - Fotolar
TürkiyəninKastamonu şəhəriTÜRKSOY tərəfindən 2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Ötən il isə Qazaxıstan Respublikasının Türkistan vilayəti bu statusu daşıyırdı. Bu il həmin missiya 7 min illik tarixi və mədəniyyəti olan qədim Kastamonuya həvalə edilib. Bu münasibətlə adıçəkilən şəhərdə bu günlərdə təntənəli mərasimi keçirildi. Mərasimdə iştirak etmək üçün Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan və Qaqauziyadan olan mətbuat nümayəndələri Kastamonuya dəvət olunmuşdu.

Tədbirdə Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri professor Dr. Numan Kurtulmuş, TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Türkmənistanın Ankara səfiri İşankuli Amanlıyev, Kastamonu valisi Yaşar Karadeniz, Kastamonu bələdiyyə başçısı Tahsin Babaş, Türkiyə Böyük Millət Məclisinin üzvləri, siyasi partiya, qeyri-hökumət təşkilatları, ictimai qurumların nümayəndələri iştirak edirdi.
"Qədim və gözəl şəhərimizi dünyaya daha yaxından tanıdacağıq”
Yanvarın 24-də Numan Kurtulmuş türkdilli ölkələrin, eləcə də yerli mətbuatın nümayəndələrini, TÜRKSOY-un mənsublarını, eyni zamanda Kastamonu millət vəkillərini və valini işgüzar səhər yeməyinə dəvət etdi. Türkdilli ölkələrin nümayəndələri bir süfrə arxasında, bir ailə ortamında Kastamonunun mədəniyyət paytaxtı elan olunmasını müzakirə edib, şəhərin əlverişli coğrafi mövqeyindən danışdılar. Daha sonra məclis mətbuat konfransı şəklində davam etdi. Nazir mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
Türkiyənin mədəniyyət və turizm naziri bildirdi ki, Kastomonu ölkənin ən gözəl şəhərlərindən biridir və bu şəhərin mədəniyyət paytaxtı elan olunması heç də təsadüfi deyil: "Avropa Birliyi tərəfindən periodik olaraq hər il seçilən şəhərlər mədəniyyət paytaxtı elan edilir. Seçilən şəhərin mədəni yaşamı və inkişafını təqdim etmək üçün bu ən gözəl fürsətdir. Biz isə bu layihə çərçivəsində tanınmış şəhərlərimizi deyil, ərazisi kiçik olan, ancaq reklamına və tanıdılmasına ehtiyac duyulan əraziləri seçirik. Kastamonu da belə yerlərdən biridir. Bilirsiniz ki, bu layihənin təşəbbüskarı TÜRKSOY-dur. TÜRKSOY bir növ, türk dünyasının YUNESKO-sudur. Bu günə qədər bu və ya digər layihələr çərçivəsində möhtəşəm tədbirlər keçirib. Türk dünyası ölkələrindəki xüsusi əhəmiyyəti olan şəhərlərin paytaxt seçilməsini TÜRKSOY həyata keçirir. Azərbaycanın Şəki şəhəri də daxil olmaqla, bu günədək altı şəhər türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu, fövqəladə vacib bir addımdır. Biz il ərzində Kastamonuya jurnalistlər, idmançılar, musiqiçilər və elm xadimlərini dəvət edəcəyik. Bunun nəticəsində Kastamonu kimi qədim və gözəl şəhərimizi dünyaya daha yaxından tanıdacağıq”.
"Biz eyni millətin övladlarıyıq”
Nazir vurğuladı ki, Kastamonu 7 min illik tarixi və mədəniyyəti olan qədim şəhərdir. Müsəlman türklərin bura gəlib məskunlaşması isə 900 il əvvəl olub. Ona görə də Kastamonunun mədəniyyət paytaxtı elan olunması onun haqqıdır: "Layihə, şəhərlərin önə çıxarılaraq əvvəlcə türk, sonra bütün dünyaya tandılması məqsədi daşıyır. Bir il ərzində şəhərin mədəniyyətini, musiqisini və digər ənənələrini nümayiş etdirmək üçün silsilə proqramlar hazırlanıb. Həm ölkələr öz mədəniyyətlərini tanıtmış olacaq, həm də bir-birlərini daha yaxından tanımaq üçün imkan əldə edəcəklər. Nazirlik olaraq bu şəhərin tanıdılmasına dəstək olacağıq. Beynəlxalq aləmdə Kastamonunun, eləcə də Türkiyə mədəniyyətinin tanıdılması üçün bir çox işlər həyata keçirəcəyik”.

Jurnalistlərlə bir masa ətrafında əyləşən nazir azərbaycanlı jurnalistlərin də suallarını cavablandırdı. Bildirdi ki, Azərbaycan və Türkiyə dövlətləri bir-birinə çox bağlıdır. Onlar kağız üstündə iki fərqli dövlət olsalar da, eyni millətin övladlarıdır: "Bunu tarixin bütün zamanlarında Azərbaycan və Türkiyə xalqları öz həyatlarında qarşılıqlı olaraq hiss ediblər. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibətilə bizim üzərimizə hansı vəzifələr düşərsə, onları həyata keçirməyə hər zaman hazırıq. 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak birliklərindən xilas etməsini fəxrlə xatırlayırıq. Bu il qarşılıqlı tədbirlərin təşkili üçün Türkiyə tərəfi olaraq hər cür dəstək verməyə çalışacağıq. Xalq Cümhuriyyətinin 100 illiyini Türkiyədə ən yüksək səviyyədə qeyd etmək, xatırlamaq bizim də vəzifəmizdir. Eyni zamanda, bilirik ki, Azərbaycan da 2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümünü coşğulu şəkildə qeyd edəcək”.

Mətbuat nümayəndələri ilə görüşdən sonra qonaqlar mərasimin rəsmi hissəsini izləmək üçün Kastamonu Bələdiyyəsinin nikah və konfrans salonuna toplaşdılar. Vali Yaşar Karadeniz, millət vəkilləri, Kastamonu bələdiyyə başkanı Tahsin Babaş, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və siyasi partiya təmsilçiləri də burada idi.
Kastamonunun tarixi qədim daş dövrünə dayanır
Tədbirdə çıxışlardan əvvəl Kastamonu şəhərinin və TÜRKSOY-un təqdimat filmləri nümayiş olundu. Sonra Mədəniyyət və Turizm Nazirliyi Ankara Türk Dünyası Musiqi Toplumu tərəfindən konsert verildi. Konsertdə türk dünyasına məxsus bir-birindən dəyərli əsərlər səsləndirildi. Daha sonra Kastamonu Bələdiyyəsi Xalq Oyunları Komandası "Sepetçioğlu” oyununu nümayiş etdirdi. Kastamonu Universitetində təhsil alan türkdilli ölkələrdən olan tələbələr bu oyunun bir parçası oldular.

Rəsmi açılışda ilk olaraq TÜRKSOY-un baş katibi Düsen Kaseinovçıxış etdi. Bildirdi ki, Kastamonunun böyük mədəniyyəti, tarixi və adət-ənənələri var. Bu şəhər öz ənənələrinə, tarixinə hər zaman sadiqdir: "Kastamonunun mədəniyyət paytaxtı seçilməsi nazir Numan Kurtulmuşun sayəsində baş tutub. O, bu məsələyə xüsusi önəm verir. Bu layihə TÜRKSOY üçün çox qiymətlidir. Mənəvi və mədəniyyət baxımından keçirilən tədbirlər şəhərin tarixinə keçmişdə olduğu kimi qızıl hərflərlə yazılacaq. TÜRKSOY qurulmasının 25-ci ilini qeyd edir. Bu mənada, böyük təcrübəsi olan bur qurum il boyu Kastamonunun yanında olacaq”.
Kastamonu bələdiyyə başçısı Tahsin Babaş da çıxışında Kastamonunun qədim şəhər olduğunu və onun tanıdılmasının vacibliyini qeyd etdi: "Kastamonu tarixi zənginlikləri olan bir yerdir. Bəlkə ola bilər ki, çox tanıdılmamışdır, adı kifayət qədər eşidilməmişdir. İnanıram ki, bundan sonra siz və bütün dünya onun adını daha çox eşidəcək. Tarixi daş dövrünə dayanan Kastamonu şəhəri qədim türk yurdudur. Kastamonu Çobanoğlu, Candaroğlu kimi Osmanlıya sancaqlıq etmiş bir şəhərdir”.
"2018-ci ili çox yaxşı dəyərləndirməliyik”
Daha sonra vali Yaşar Karadeniz Kastamonunun tarixin süzgəcindən keçərək bu günümüzə ən gözəl şəkildə gəlib çıxdığını vurğuladı: "Kastamonunun mədəniyyət paytaxtı elan olunmasıyla işimiz bitməyib. Xüsusilə, 2018-ci ili çox yaxşı dəyərləndirməliyik və ən böyük mənfimiz olan tanıtım çatışmazlığını ortadan qaldırmağa çalışmalıyıq. Tanıtım üçün buradakı fəaliyyətlərimizi yaxşı planlamalı və bu fəaliyyətlərin həm Türkiyəyə, həm türk dünyasına, həm də bütün dünyaya yaxşı bir şəkildə yayılmasını təmin etməliyik”.
Mərasimin sonunda mədəniyyət və turizm naziri Numan Kurtulmuş bildirdi ki, bu layihə türk dünyasında mədəni əməkdaşlığı artırmaq, türk mədəniyyətinin yayılmasını, mədəniyyət sahəsində qarşılıqlı fikir mübadiləsini, eləcə də ölkələrin bir-birinə yaxınlaşmasını təmin etmək məqsədi daşıyır: "Ümid edirəm ki, daha da güclənərək, türk dünyasının bir mədəni quruluşu olaraq üzv ölkələrin xalqlarını, gənclərini, dillərini, könüllərini bir-birinə bağlamağa davam edən əhəmiyyətli bir layihə olacaq. Kastamonunun türk dünyası ilə dərin, köklü əlaqələri var”.
Qeyd edək ki, mərasimdə Azərbaycanı "Kaspi” və "Şərq” qəzetləri, APA informasiya agentliyi təmsil edirdi.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər