7 milyard barrelik ehtiyatımız nə vəd edir?
Ötən ilin
sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil
edib. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik
hesabatında deyilir. 2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı
ölkələrdən İranın təsdiqlənmiş neft ehtiyatları 155 milyard 600 milyon barrel,
Rusiyanın 80 milyard barrel, Qazaxıstanın 30 milyard barrel, Türkmənistanın isə
600 milyon barrel olub. Dünyada təsdiq olunmuş neft ehtiyatlarına görə ilk
sırada 302 milyard 809 milyon barrel ilə Venesuela, ikinci yerdə 266 milyard
260 milyon barrellə Səudiyyə Ərəbistanı, üçüncü sırada İran (155,6 milyard
barrel), dördüncü yerdə 147 milyard 223 milyon barrel iləİraq, beşinci
sırada isə 101 milyard 500 milyon barrellə Küveyt qərarlaşıb.
Dünyada
təsdiqlənmiş neft ehtiyatları ən az olan ölkə 198 milyon barrel ilə Belarusdur.
Dünya üzrə təsdiq edilmiş xam neft ehtiyatları 1 trilyon 482 milyard 773 milyon
barrel olub. Bu həcmin 81,9 faizi, yəni 1 trilyon 214 milyard 209 milyon
barreli OPEC-ə üzv ölkələrdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
(OECD) üzrə təsdiq olunmuş neft ehtiyatları 57 milyard 769 milyon barrel,
keçmiş Sovet İttifaqı ölkələrinin ehtiyatları isə 118 milyard 886 milyon
barreldir.
Azərbaycanın
neft ehtiyatlarımızın həcmini optimal hesab etmək olarmı? Ümumiyyətlə, nə qədər
müddətə ehtiyatlarımızın tükənmə ehtimalı var?
İqtisadçı-alim Vüqar Bayramov deyir
ki, Azərbaycanın enerji ehtiyatları kifayət qədərdir: "Azərbaycanın neft
ehtiyatları ilə yanaşı, mavi qaz ehtiyatları var. Təkcə «Şahdəniz-2» yatağının qaz
ehtiyatları 2,1 trilyon kub metrdən çoxdur. Bütövlükdə ölkənin ehtiyatlarını nəzərə alsaq,
Azərbaycanın enerji ehtiyatları kifayət qədər böyükdür. Bu kontekstdən
yanaşdıqda, qeyd olunan rəqəmlər optimal rəqəm hesab olunur. Digər tərəfdən Azərbaycanın
kəşf edilməyən xeyli neft yataqları var. Əslində hələ «Şahdəniz-2» yatağında
neft hasilatı gözlənilirdi. Ancaq indi yatağın ikinci fazasında mavi qaz daha çox
istehsal olunur. Bu yataq cənub qaz dəhlizinin yaranmasına zəmin yaratdı.
Nəzərə almaq lazımdır ki, burada söhbət hələ kəşf edilməyən neft
yataqlarımızdan gedir. Ona görə də
əminliklə demək olar ki, istər mavi qaz,
istərsə də neft yataqlarında kifayət qədər enerji ehtiyatımız var. Azərbaycanın
illik neft hasilatı 38 milyon tondur. İllik neft və mavi qaz hasilatını nəzərə
alsaq, növbəti dövrlər üçün mövcud potensial imkan verəcək ki, neft üzrə
stabil, mavi qaz üzrə artan hasilata malik olacağıq. Çünki Cənub Qaz Dəhlizinin
ikinci fazasının istifadəyə verilməsindən sonra qaz hasilatının 45 milyon kub metrə qədər artması nəzərdə
tutulur. Bu mənada mövcud rəqəm optimal hesab olunur. "Əsrin müqaviləsi”
2050-ci ilə qədər uzadılıb. Qeyd etdiyim kimi, neft hasilatının 35-38 milyon
ton intervalında qorunub saxlanılacağı gözlənilir. Mavi qaz hasilatında isə
artımlar gözlənilir. Bu mənada enerji ehtiyatlarımızın hasilatının növbəti 100 ildə də davam
etdiriləcəyini demək olar”.
Neft araşdırmaları Mərkəzinin rəhbəri, enerji
məsələləri üzrə ekspert İlham Şaban bildirdi
ki, Azərbaycanın neftlə bağlı hər hansı bir öhdəliyi yoxdur: "Amma qaz ixracı
ilə bağlı deyə bilərəm ki, Azərbaycan 25 il müddətində 9 şirkətlə müqavilə
imzalayıb. Yəni bu o deməkdir ki, Azərbaycan bu şirkətlərin hər birinə müxtəlif
həcmdə qaz ixracı ilə bağlı öz üzərinə öhdəlik götürüb. Amma neftlə bağlı hər
hansı bir öhdəliyimiz yoxdur. Ona görə də, hətta neft ehtiyatı tükənsə belə,
hər hansı bir problemin yaranmayacağını
demək olar. OPEC-in açıqladığı həcmlər BP-nin göstərdiyi statistik rəqəmlərlə
üstü-üstə düşür. Ona görə də, ehtiyatlarla bağlı həyəcan keçirməyə ehtiyac
yoxdur. Azərbaycanın neft ehtiyatları eyni templə hasil edilərsə, 25 il bizə
kifayət edə bilər. Ancaq digər tərəfdən, neftin hasilat həcmi getdikcə daha aşağı
səviyyəyə düşür. Hər il neftin hasilat həcmində müəyyən azalmalar müşahidə edilir.
Orta hesabla götürsək, ehtiyatlarımızın
2060-cı ilə qədər bizə kifayət edəcəyi gözlənilir”.
Şəbnəm Mehdizadə