• cümə, 29 Mart, 08:47
  • Baku Bakı 5°C

7-ci sinifdən pul qazanan biznesmen - Biznes

06.03.20 10:45 4864
7-ci sinifdən pul qazanan biznesmen - Biznes
Rəfat Mirzəyev: "Daha keyfiyyətli və ekoloji təmiz məhsulları ölkəyə gətirməyi qarşıma məqsəd qoymuşam”
Onun uğur sirri məqsəd və hədəflərinin olması, çalışqanlığı, təmkinli davranmağıdır. Deyir ki, elə bir insan yoxdur ki, qarşısına məqsəd qoysun, bu istiqamətdə çalışsın, səy göstərsin, amma ona çatmasın. Ona görə, bu mümkün deyil. Məqsədinə çatmayıbsansa, deməli, ürəkdən istəməyibsən və çalışmayıbsan.

Müsahibimiz181 yaşı olan, dünyada 64 ölkəsində fəaliyyət göstərən Fransanın SEMIN şirkətinin, dünyanın 72 ölkəsində fəaliyyət göstərən "Vulli” şirkətinin Azərbaycandakı nümayəndəsi, MIRZALI Group-un rəhbəri, "Joyful” uşaq bağçasının sahibi, memar, biznesmen Rəfat Mirzəyevdir.

Karyerasını pillə-pillə qurub. 6-cı sinifdən artıq ictimai fəaliyyətlə məşğul olaraq, həmyaşıdlarından seçilib. Deyir ki, elə uşaqlıqdan ailədən pul almaq ona qəribə gəlib: "Məktəbdə oxuyarkən ictimai fəaliyyətə başladım. O vaxt məşhur "Şəkər villası” qəzeti çıxırdı. Məktəblilərin ən çox oxuduğu qəzet idi. Qəzetdə müsabiqələr təşkil edilirdi. Kim zəng edib cavab verirdisə, o qalib olurdu. Orada dəfələrlə qalib olub, hədiyyələr qazanırdım. Yay tətili ərəfəsində isə qəzetin hazırlanma prosesində iştirak edirdim, qonorar alırdım. 7-ci sinifdə oxuyarkən "Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin” uşaqları ilə birlikdə tədbirdə iştirak etdik və həmin tədbirdə bu təşkilata marağım oyandı və onlara qoşuldum. Təşkilatı Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova yaratmışdı. Uşaqların mühiti, bir-birləri ilə münasibəti, onlara keçirilən dərslər maraqlı oldu və məni cəlb etdi. Təşkilatın nəzdində "Liderlik məktəbi” var idi, hansı ki o məktəbdə biz hər bazar yığışaraq tanınmış şəxslərlə görüşürdük. İctimai fəallıq məktəb həyatında da öz təsirini göstərdi. Ondan sonra UNICEF-lə sıx işləyirdim. UNICEF-in ölkədə apardığı bir çox sosial layihələrdə iştirak etdik. O dövrdə çadır düşərgələri var idi, orada məcburi köçkünlər yaşayırdı. Onlarla görüşür, uşaqlarla müxtəlif mövzularda söhbətlər aparır, onların həyatını demək olar ki, yaşayırdıq. Əlilliyi olan uşaqların yaşadığı və ya təhsil aldığı müəssisələrə gedərək, onlara əllərimizlə yemək yedirirdik, asudə vaxtlarımızı birgə keçirirdik”.


- 6-cı sinifdən ictimai fəaliyyətlə məşğul olubsunuz. 7-ci sinifdə artıq layihələrdə iştirak edirdiniz. Ümumiyyətlə, uşaqlıqda könüllü kimi işləmək sizə sonrakı həyatınızda nə verdi?
- Ziyalı ailədə böyümüşəm. Anam həm də məktəbdə müəlliməm idi. Biz təşkilata qardaşımla birlikdə gedirdik və ailəmiz, düşüncələrimizin, həyatımızın, nitq qabiliyyətimizin müsbət mənada dəyişdiyini gördükdə, əlbəttə, bizi dəstəkləyirdilər. İctimai həyat mənə yaxın dostlar verdi, qısa zamanda tez qərar qəbul etməyi, özünü təsdiq etməyi, liderlik bacarıqlarını öyrətdi. Hansı ki, bugünkü iş həyatımda o liderlik bacarıqları köməyimə çatır. Daha sonra 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə, memarlıq fakültəsinə qəbul oldum.

- Memarlıqdan biznesə necə gəldiniz?
- Uşaqlıqdan memarlığa marağım var idi. 1-ci kursdan işləməyə başladım. Az məvacib alsam da, həm pul qazanır, həm də təcrübə toplayırdım. Tələbə idim, düşünürdüm ki, ali təhsil almaq yaşıma çatmışamsa, evdən pul almağım düzgün deyil. Tələbəlik illərində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər üzrə idarəsində təcrübəçi kimi çalışmışam. Daha sonra cəbhə bölgəsində hərbi xidmətimi başa vurduqdan sonra, "Körpü-Bina-Tikinti” MMC-də 3 il memar kimi işlədim. Sevdiyim sahə olsa da, oturaq və saat rejimi olan iş məni yorurdu. Daha sonra başqa şirkətdə istehsalat sahəsində idarəçi kimi çalışmağa başladım. Biznesi məhz orada öyrəndim. 1 ildən sonra şirkətdən ayrıldım, fərdi şəkildə işləməyə başladım. Uşaqlıqdan həmyaşıdlarımdan fərqli olaraq, hamının maraq göstərdiyi yox, özümə maraqlı gələn işlərə, həm də pul qazanmağa meyilli olmuşam.


- Nə üçün özünüzü uşaqlıqdan pul qazanmağa kökləmişdiniz. Səbəbi varmı?
- Uşaq olanda kompüter, planşetlər yox idi. Özümə geyim almaq istəyirdim, deyirdim ki, ata, mən bu şalvarı almaq istəyirəm. Şalvar 10 manatdırsa, atam mənə 5 manat verirdi. Deyirdim axı 5 manatla almaq mümkün deyil. Cavab verirdi ki, sən də 5 manatlıq şalvar al. Əslində, o, məni pula alışdırmaq istəmirdi. Ondan sonra qəzetdən qonorar aldıqda, düşünürdüm ki, atam 5 manat verəndə, 5 manat da mən üzərinə əlavə edim, istədiyimi alım. Cəmiyyətlə ayaqlaşmaq üçün özüm də qazanmaq istəyirdim, ailəm pul verirdisə, çalışırdım üzərinə də özüm də pul qoyum.

- Deyirlər çətinlik insanı mübariz və məqsədli edir. Komfort zona isə tənbəlləşdirir. "Ayaqlaşmaq” üçün yollar axtarıbsınız və bu sizi biznesmen edib ...
- Elə bir insan yoxdur ki, qarşısına məqsəd qoysun, bu istiqamətdə çalışsın, səy göstərsin, amma ona çatmasın. Bu mümkün deyil. Məqsədinə çatmayıbsansa, deməli, ürəkdən istəməyibsən və çalışmayıbsan. Məsələn, telefon almaq istəyirəm. Mən bunu əldə etmək üçün hər variantı düşünürəm. Ola bilər ki, dostumdan borc alım, ya kreditə girirəm, ya nələrisə satıb, pulumun çatmayanını düzəldib alıram. İnsan əgər hədəf qoyubsa, ona çatmaq üçün əlindən gələni edir. Mən də hansısa addım atmaq istəyəndə, fikirləşirəm ki, filan işi görüm. Baxıram ki, maliyyəm ona uyğun deyil. O maliyyəni əldə etmək üçün yollar axtarıram. Hədəf qoyulanda ona çatmaq olur. Amma sadəcə pul qazanmaq üçün işlədikdə, iş getmir. Həmin pulun dəyərini, əhəmiyyətini bilmirsən. Davamlı pul qazana bilmək üçün mütləq hədəfin olmalıdır.


- İdarəçilik sahəsində işləyərkən yaxşı gəliriniz olduğu halda, tam fərqli sahəyə, ticarətə yönəldiniz. Üstəlik, bu yolda ilk iki cəhd uğurlu alınmayıb. Ailənizin reaksiyası necə oldu?
- Atam icazə vermirdi. Deyirdi ki, normal işin, maaşın var. Özünü çətinliyə salma, problemlərin çox olacaq. Çünki ticarət risklidir və sən uduza bilərsən. Atam dedi ki, nəyə ehtiyacın varsa, mən kömək edim, amma öz işində qal və ya gəl mənim şirkətimdə çalış. Amma mən özümün artıq şəxsi biznesimi qurmağa hazırlamışdım. Qarşımda məqsədim var idi. Maliyyəm yox idi. Dostumdan borc götürdüm, bankdan kredit aldım, maşınımı, kompüterimi, telefonumu satdım. Son qəpiyimə qədər xərclədim. Düzdür, çətinliklə qarşılaşdım. İlk biznesə 26 yaşımda başladım, Çindən divar kağızı yapışqanları gətirirdim. Mal gəlib çatana qədər ölkədə birinci devalvasiya oldu. Kargo şirkətləri də dollarla işləyirdi. Hesab tamam dəyişdi. Pulum düzəlmədi, malımı çıxara bilmirdim. Kargo şirkəti güzəşt etdi. Pulun bir qismini ödədim, bir qismini isə satandan sonra ödədim. Borclarımı da vermək lazım idi. Buna görə, növbəti dəfə risk etdim və sifariş verdim. O mal gələndə ikinci devalvasiya oldu. İkinci devalvasiyanı görəndə dedim ki, artıq bu, mənim qismətimdir, alınmayacaq. Sadəcə borclarım gözümün qarşısına gəldi. Ona görə dedim ki, irəli getməliyəm. Əsas məqsəd borclarımı qaytarmaq idi. Satışımız artdı, təzədən sifarişlərimi artırdım. Çindən sonra Avropa mallarına kökləndim. İdarəçi işlədiyim zaman bir firma ilə tanış oldum. Onlar mənə ekoloji təmiz məhsulla, digər məhsulların fərqini göstərəndə, qəti olaraq Avropaya yönəlmək qərarına gəldim. Məqsədim ekoloji təmiz məhsulları ölkəyə gətirməkdir. İstanbulda, Dubayda, Almaniyada, Fransada, Çində, Rusiyada beynəlxalq sərgilərdə iştirak etmişəm. 181 yaşı olan, 64 ölkədə çalışan Fransa şirkətinin Azərbaycandakı nümayəndəsiyəm. Şirkətin prezidenti Fransa prezidentinin müşaviridir. Bu şirkətlə işləyirəm, ölkəyə divar kağızı yapışqanları və ekoloji təmiz divar kağızları gətiririk. Hansı ki, bunlar sırf tibb müəssislərində, uşaq bağçalarında istifadə edilən kağızlardır.


- Bazarda rəqiblərinizlə necə rəqabət aparırsınız?
- Məhsullarımızın keyfiyyətindən əminəm. Məhsullarımız fərqli, keyfiyyəti yüksək olduğu üçün heç kimlə rəqabət aparmağıma ehtiyac yoxdur. Çünki qeyd etdiyim kimi, sırf tibb müəssisələrində və uşaq bağçalarında istifadə edilən ekoloji təmiz və antibakterial divar kağızları gətirirəm. "Jiquli” də, "Mercedes” də avtomobildir və ikisi də eyni yolu gedir. Birində komfortla gedirsən, digərində yox. Mən məhsulumun keyfiyyətinə arxayınam. Düzdür, qiymətlər ucuz deyil, Avropa qiymətidir. Amma müştərilərim artıq məhsullarımı tanıyır. O sahədə demək olar ki, rəqibimiz yoxdur. Azərbaycana SEMIN şirkətinin 7 adda məhsulunu gətirirəm. Mən ticarətdə daha çox pul qazanmaqla deyil, keyfiyyətli məhsulla tanınmağa çalışıram. Tikinti sahəsində Fransa, Polşa, Almaniya ilə işləyirəm. Həmçinin Azərbaycanla yanaşı Türkiyə bazarına da daxil olmuşam. Fransa şirkəti olan SEMIN-in iki adlı məhsul ilə Türkiyədə də işləyirəm.

- 7-ci sinifdən işləmək istəyən biri kimi "Azərbaycanda iş tapmaq çətindir” deyənlərə nə deyərdiniz?
- İşləmək istəyən üçün iş həmişə var. Mən işə başlayanda işimlə paralel, ikinci, üçüncü iş axtarırdım. 21 yaşımda əmək haqqımı yığıb, fotoaparat aldım və fotoqraf cəlb etdim. Onu nişan, toy, ad günlərinə göndərirdim. Oradan da qazanırdım. İş çoxdur, işləmək istəyən yoxdur. Bu gün gənclər istəyir ki, ilk işlərində yüksək maaş alsınlar və aldıqları ilk məvaciblə də telefon əldə etsinlər. Mən fikirləşirdim ki, əldə etdiyim vəsaitin müəyyən qismini özümə xərcləməklə, qalanını başqa işə xərcləyim və növbəti gəlir yerimi qurum. Gənclər işdən qaçmamalı, qarşılarına hədəf qoymalıdırlar. Əmək haqqı ilə yanaşı təcrübə qazanmalıdırlar. Çünki sonrakı dövrlərdə bizə yüksək əmək haqqını təcrübə gətirəcək.


- Rəfat bəy, tikintidən sonra uşaq bağçası ideyası necə yarandı?
- Öz övladıma bağça tapmaqda çətinlik çəkirdim. 4 bağça dəyişdim. "Bağçam Uşaq Şəbəkəsi”nin rəhbəri olan dostumla danışdıq və digər dostlarımla birlikdə investisiya cəlb edərək, "Joyful” uşaq bağçasını açdıq. Bu sahədə də keyfiyyətli xidmət göstərmək üçün bağça sahəsində böyük təcrübəsi olan "Bağçam Uşaq Şəbəkəsi”nin üzvü kimi fəaliyyət göstəririk. Həmçinin, övladımın getdiyi 4 bağçada görmək istədiyim müsbət cəhətləri də öz bağçamızda tətbiq etdik. Bundan əlavə, bu gün təəssüf ki, uşaq mağazalarında çoxçeşidli məhsullar olsa da, keyfiyyətli məhsullar azdır. Mən yenə də çalışdım ki, ölkəmizə keyfiyyətli uşaq oyuncaqları gətirim. Bu sahədə araşdırma apardım, Fransada məşhur olan, dünyanın 72 ölkəsində fəaliyyət göstərən "Vulli” şirkətinin oyuncaqlarını gətirirəm.
- "Jiraff” məhsullarının əhəmiyyəti nədir?
- 0-1 yaşında uşağa nə lazımdırsa, istehsal olunur. Əsas oyuncaq "Sofhie” adlı zürafədir. Bu təbii kauçuk ağacının südündən hazırlamış məhsuldur. Uşaqlarda 5 hissiyyat orqanını stimullaşdırır. Görməni, motorikani, eşitməni, spesifik dadı olduğu üçün dadbilməni stimullaşdırır, ən əsas, diş çıxaran uşaqların damağını sakitləşdirir. Üzərindəki boya da qida boyasıdır və tam təhlükəsizdir. Bir çox dünyaca məşhurlar öz övladları üçün ondan alırlar. Mən də bunu Azərbaycan bazarına gətirdim.


- Dediniz ki, öz valideyniniz sizə az pul verirdi, o üsulu uşağınıza da tətbiq edəcəksiniz?
- Bəli, ona öz bacarıqları ilə pul qazandırmağı aşılayacağam. Oğlum yaxşı rəsmlər çəkir. Çalışacağam ki, ona öz rəsmləri ilə pul qazanmağın yolunu öyrədim. Əməyin istismarı kimi deyil, onun istedadını önə çıxararaq, gələcək həyata hazırlayacağam. Uşaq öyrəşməsin ki, atam pul qazanıb mənim üçün hər şeyi edəcək. Çünki hər bir insan öz ayağının üzərində durmağı bacarmalı, yaxşı təhsil almalı, sağlam həyat tərzi sürməli və öz biliyinə arxayın olaraq, əmək fəaliyyəti ilə məşğul olmalıdır.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər