• cümə, 26 Aprel, 09:40
  • Baku Bakı 12°C

65 yaş nədir ki...

14.08.15 16:52 1939
65 yaş nədir ki...
Görkəmli tarixçi-alim, tanınmış publisist Qafar Cəbiyevin çoxaspektli fəaliyyəti ziyalı ömrünün kamilliyindən soraq verir
Elə bir insan yoxdur ki, həyatının müəyyən mərhələlərində bir anlıq da olsa, geri boylanıb keçdiyi ömür yoluna nəzər salmaq, götür-qoy etmək zərurəti duymasın. Xüsusilə insan yaşa dolduqca, kamilləşdikcə buna daha çox ehtiyac hiss edir.
Nədənsə, çoxları bu geri boylanmadan məmnun qalmır, keçdiyi həyat yolundan daim şikayətçi olurlar. Yola saldığı illərdə ciddi nailiyyətə imza ata bilməmələrindən gileylənirlər. Maraqlısı odur ki, çox zaman da bunun günahını özlərində deyil, zamanda, taledə axtarmağa çalışırlar. Əslində belə insanlar özlərini bəxtin, taleyin ümidinə buraxanlar, əllərini zəhmətə bulamaq istəməyən, yaxud da həyatın müəyyən yolayrıclarında doğru-düzgün istiqamət seçə bilməyənlərdir.
Lakin daim zəhmətlə yaşayan, çalışan, işinə, peşəsinə candan bağlı olan insanlar həyatının hansı mərtəbəsindən baxırlarsa baxsınlar, geridə kifayət qədər uğurlar, nailiyyətlər olduğunu görə bilirlər. Əslində belələrini də iki yerə ayırmaq olar: birincilər tək özü üçün qazananlar, ikincilər isə həm özü, həm də cəmiyyətə qazandıranlardır. Bax, bu ikinci kateqoriyaya aid olanlar özlərini daha xoşbəxt hiss edə bilirlər. Çünki kamil insan həm də ətrafı, yaşadığı eli-obası, cəmiyyəti, ölkəsi, xalqı, dövləti üçün yaşayır, öz çiyinlərini daim böyük yüklərin altına verə bilir.
Cəmiyyətimizin ehtiyacı olan belə fədakar insanlardan, əsl ziyalılardan biri də tarix elmləri doktoru, professor, Əməkdar jurnalist, Milli Televizya və Radio Şurasının sədr müavini Qafar Cəbiyevdir.
Qafar müəllim bir neçə ağır peşənin yükünü öz üzərinə məharətlə götürə bilən və bir ömrə üç uğurlu insan taleyini sığışdıra bilən ziyalılarımızdandır: tarixçi-alim, pedaqoq, jurnalist və yüksək çinli dövlət məmuru. Bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, Qafar müəllim məmurluqdan alimliyə deyil, məhz alimlikdən məmurluğa yüksələnlərdəndir. Bunu vurğulamağı ona görə zəruri hesab etdik ki, bəzən məmurluğundan sui-istifadə edib alim olanlar da az deyil. Lakin şükür Allaha ki, son vaxtlar elmimizin başında duranlar bu cür tendensiyanın qarşısının alınması istiqamətində ciddi addımlar atırlar.
Əslində yuxarıda qeyd etdiyim bir ömürdə üç insanın taleyini yaşamaq ifadəsini heç də təsadüfən işlətmədim. Bu gün Qafar müəllimin əsas iş yeri MTRŞ sədrinin müavini vəzifəsi olsa da, ictimaiyyət onu Azərbaycanın qədim tarixi ilə bağlı sanballı və dərin elmi araşdırmaların müəllifi kimi də yaxşı tanıyır. O, ölkə ərazisində aparılan bir sıra ciddi arxeoloji qazıntıların ekspedisiya rəhbəri olmuş və bu gün də eyni misssiyanı davam etdirməkdədir. Məsələn, yaxın illərdə Ağsu rayonu ərazisində onun rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş tapıntılar xalqımızın qədim və zəngin tarixə və zəngin mədəni irsə malik olduğunu bir daha təsdiq edən faktlar kimi mühüm əhəmiyyət kəsb edir. Onun son illər Girdiman tarixinə dair elmi ictimaiyyətə təqdim etdiyi çox ciddi araşdırmalar və onların nəticələri Azərbaycan tarix elmində yenilikdir. Onun hasil etmiş olduğu elmi nəticələr erməni tarixçilərinin və onların havadarlarının Qafqaz Albaniyası tarixini saxtalaşdırmaq cəhdlərinə tutarlı cavabdır. Əslində Qafar Cəbiyevin tarixçi alim olaraq çoxillik zəhməti bir məqalənin çərçivəsinə sığacaq səviyyədə deyil. Bir faktı qeyd etmək kifayətdir ki, onun bu istiqamətdəki araşdırmalarının nəticələri barədə 10 monoqrafiya, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalə nəşr olunmuş, xarici ölkələrdə keçirilmiş konfranslarda məruzələri dinlənilmişdir.
Tarixçi alim kimi, Q.Cəbiyev hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Azərbaycan Müəllimlər İnstitutunun ictimai əsaslarla kafedra müdiridir. O, 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Q.Cəbiyevin yaradıcılığının jurnalistika istiqaməti də kifayət qədər məhsuldardır. O, hələ partiya işində çalışdığı gənclik illərindən publisistikaya meyil etmiş və ömrü boyu da yazı-pozudan əl çəkməmişdir. Q.Cəbiyev aktiv bir ziyalı kimi cəmiyyət həyatında baş verən hadisələr, proseslər, ölkənin qarşısında duran problemlər, əldə olunmuş nailiyyətlər barədə vaxtaşırı öz sözünü demiş, mövqeyini ortaya qoymağı bacarmışdır. Q.Cəbiyev 1974-1981-ci illərdə İsmayıllı Rayon Partiya Komitəsində təlimatçı, rayon qəzetində şöbə müdiri, baş redaktor müavini, 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri kimi məsul vəzifələrdə çalışıb. Həmçinin ölkədə nəşr olunan digər çoxsaylı media orqanlarında da öz sanballı məqalələri ilə çıxış etmişdir.
Publisistikasının mütəmadi hesabatını verən Q.Cəbiyev bu səpkidə növbəti kitabı olan “Yazılan qalacaq”da yazmağın onun üçün bir növ mənəvi tələbat olduğunu deyir: “Yaxşı bir şey görəndə də, haradasa neqativ hallarla üzləşəndə də sakit dayana bilmirəm. Ölkəmizin, dövlətimizin gündən-günə, ildən-ilə daha da inkişaf edərək qüdrətlənməsi məni qəlbən sevindirir. Mən bir qələm sahibi olaraq bu uğurları həm xaricdə, həm də ölkə daxilində bacardığım qədər təbliğ etməyi özümə borc bilirəm”.
Məhz bu mövqeyinin nəticəsidir ki, Q.Cəbiyev cəmiyyətdə peşəkar qələm sahibi kimi də nüfuz sahibidir. Bu mənada Q.Cəbiyev “Mənim də imzam var imzalar içində” deməyə haqqı çatan ziyalılarımızdandır. Onun publisistikası yüksək dəyərini ona mütəmadi olaraq verilən mükafatlarla da qazanıb. Belə ki, o, “Qızıl qələm”, “Humay” mükafatı laureatı, Azərbaycan Respublikasının Əməkdar jurnalistidir.
Q.Cəbiyev, xeyli müddətdir ki, MTRŞ-nin üzvü, sədr müavini kimi məsul dövlət vəzifəsini tutur. O, ölkədə teleradio yayımı sahəsinin tənzimlənməsində tələbkar bir məmur kimi də tanınır.
Göründüyü kimi, Q.Cəbiyev həyatı boyu bir sahədə deyil, bir neçə istiqamətdə səmərəli fəaliyyət göstərmiş, məhsuldar yaradıcılıq ortaya qoymuşdur. Beləliklə də, o, həm məmur, həm alim, həm də jurnalist kimi daim öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Bu günlərdə Q.Cəbiyevin yaradıcılığının 45, ömür yolçuluğunun isə 65 ili tamam olur. Əslində yaradıcı insan üçün bu yaş heç nədir. Bu gün Qafar müəllimin müəllimləri belə, yorulmadan çalışır, ciddi yaradıcılıq nümunələri ortaya qoyurlar. Bu mənada Q.Cəbiyevi hələ qarşıda daha böyük yaradıcı fəaliyyətin gözlədiyi şübhəsizdir. Çünki onun buna həm həvəsi, həm də enerjisi var.
Biz də bu mənada görkəmli alim-ziyalımızı, səmimi və tələbkar iş yoldaşımızı təbrik edir, ona can sağlığı, uzun və sağlam ömür, yaradıcılığında yeni uğurlar arzulayırıq.
Təvəkkül Dadaşov,
Milli Televiziya və Radio Şurasının
Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər