62 saylı məktəbdə nə baş verir?

62 saylı məktəbdə nə baş verir?

Cəmiyyət
04 Dekabr 2012, 13:27 6685
“Son zamanlar bəzi mətbu qurumlarda, xüsusilə sosial şəbəkələrdə dərc edilən yalan və böhtan xarakterli yazılar məktəb-liseyin fəaliyyətini kölgə altına salır, kollektivimizin əməyini heçə endirir”.

“Azadinform”un məlumatına görə, bu barədə Xalid Quliyev adına 62 saylı məktəb-lisey və onun direktoru Mətanət Cabbarlı barədə mətbuatda gedən yazılarla əlaqədar adıçəkilən məktəbin müəllimləri və Valideyn Müəllim Assosiasiyası tərəfindən yayılan açıqlamada bildirilib: “Biz bu məktəb-liseyin müəllim kollektivi olaraq belə şər, böhtan dolu yazıları ümumən kollektivin şərəf və ləyaqətini aşağılayan əməl kimi qiymətləndiririk. Sosial şəbəkələrdə yerləşdirilən qərəz və heç bir həqiqətə uyuşmayan, yalnız böhtan üstündə qurulan yazılar müəllimli-şagirdli hər birimizin şərəf və ləyaqətini alçaldan məsələdir”.

Açıqlama müəllifləri bildirirlər ki, M.Cabbarlı bu təhsil ocağında fəaliyyətə başladığı gündən bəri yalnız uğurlara imza atılıb. Məktəb-lisey 2009-2010-cu tədris ilində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub: “Məktəbimiz keçən ildən elekton məktəb layihəsinə qoşulub və bu ildən Təhsil Nazirliyi tərəfindən pilot-məktəb adına layiq görülüb. Keçən il TDQK-nın qəbul göstəricilərinə görə “20 ən yaxşi məktəb” siyahısında olub. Məzunlarımızın ali təhsil məktəblərinə qəbul olma faizi ilbəil artır və Bakı şəhərində universitetə daxil olma göstəricisinə görə öncül yerlərdən birini tutur”.

Açıqlamada həmçinin qeyd edilir ki, bu il ümumilikdə Azərbaycanda məzunlar 25 qızıl, 26 gümüş medal qazanıblar ki, onlardan 3 qızıl medal bu məktəb-lisey məzunlarının payına düşüb: “2011-2012-ci il tədris ilində buranın məzunlarının beşi 600-dan çox bal toplayaraq prezident təqaüdçüsü adına layiq görülüb”.

Müraciət müəllifləri həmçinin yazılan böhtanların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasının tərəfdarı olduqlarını bildirirlər: “İnsanları təhqir edən, onların şərəf və ləyaqəti ilə oynayan kəslərin hüquq-mühafizə orqanları qarşısında cavab verməsini istəyirik. Məhz bu səbəbdən hüquq-mühafizə orqanlarına müraciət etmişik və əminik ki, hüquq mühafizə orqanları həqiqəti üzə çıxaracaq, insanların şərəf və ləyaqətini ələ salanların əməllərinə adekvat cavabını verəcək”.