• çərşənbə axşamı, 19 mart, 15:57
  • Baku Bakı 8°C

600 minədək insanı əhatə edən artım

11.02.19 19:16 1939
600 minədək insanı əhatə edən artım
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığı üçün ölkədə sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərilməsi, maaşların təxminən 7 dəfə, pensiyaların 10 dəfədən çox artırılması, həmçinin ötən illər ərzində 3100-dən çox məktəb, 640-dan artıq xəstəxananın tikilib və ya təmir edilərək vətəndaşların istifadəsinə verilməsi, bölgələrdə 43 Olimpiya İdman Mərkəzinin yaradılması buna əyani misaldır. 2003-cü ildən indiyə qədər ötən müddət ərzində görülən işlər sayəsində Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5,4 faiz, işsizlik 5 faiz səviyyəsinə enib. Beləliklə də Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə qədər endirməyi bacaran dünyanın 29 ölkəsi sırasına daxil olub. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilib. 2019-cu il üçün "Doing Business” hesabatında Azərbaycanınreytinqi 57-ci yerdən 32-ci sıraya qalxaraq 25 pillə irəliləyib. Vətəndaşların sağlamlığının qorunması üçün hər il təxminən 5 milyona yaxın insanın dövlət xətti ilə pulsuz tibbi müayinədən keçirilməsi, indiyə qədər ölkədə 2 milyona yaxın, təkcə ötən il isə 118 min daimi yeni iş yerinin yaradılması da sosial siyasətin uğurlarındandır.

Sosial sahədə atılan addımlardan biri də davamlı olaraq minimum aylıq əmək haqqının artırılmasıdır. Məlumat üçün bildirək ki, minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri hesab edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Azərbaycanda da vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi, xüsusən də minimum əmək haqqının artırılması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

Cari il fevralın 8-də dövlət başçısı İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə daha bir sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.
Sözügedən Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Onu da əlavə edək ki, 2004-cü illə müqayisədə minimum əmək haqqı 6,5 dəfə artaraq 2018-ci ildə 130 manat təşkil edib. Yeni sərəncamla minimum aylıq əməkhaqqının məbləği əhəmiyyətli dərəcə artıb və minimum aylıq əmək haqqı yaşayış minimumu ilə bərabərləşib, orta əmək haqqının 33 faizini təşkil edib. Belə ki, ölkə üzrə minimum aylıq əmək haqqı 130 manat, yaşayış minimumu 180 manat, ehtiyac meyarı 143 manat idi. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Beləliklə minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Bununla yanaşı, ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə də minimum aylıq əmək haqqının yenidən artırılacağı gözləniləndir.

Əlbəttə ki, bütün bu reallıqlar, atılan addımlar təqdirəlayiqdir, sevindirici haldır. Amma əfsuslar olsun ki, Qubad İbadoğlu, Natiq Cəfərli kimi özlərini ekspert adlandıranlar öz fərziyyələri ilə bu addıma da qara yaxmağa çalışırlar. Onlar dövlət başçısının sərəncam imzaladığı vaxtdan indiyə qədər sosial şəbəkələrdə statuslar paylaşır, ağa qara rəng qatmaq üçün hər vasitəyə əl atırlar. Birmənalı olaraq bu hərəkətlər təəssüf doğurur. Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyevbildirib ki, bəzi şəxslərin gətirdiyi arqumentlər zəifdir. O qeyd edib ki, Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. M.Quliyevin fikrincə, bu sərəncam Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinə diqqət və qayğısının əyani göstəricisidir. Deputat deyib ki, ölkəmizdə əməkhaqları, yaşayış minimumu, pensiya müavinətləri, hər il artırılsa da, bu məbləğlər indiki artımla müqayisədə o qədər də çox olmayıb.

M.Quliyev bildirib ki, bütün dünyada əməkhaqqının, pensiyaların, müavinətlərin artırılması inflyasiya və yaxud da orta əməkhaqqının indeksasiyası ilə bağlı aparılır. Onun sözlərinə görə, bu, o qədər də böyük rəqəm olmur: "Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 8-də imzaladığı sərəncamla minimum aylıq əməkhaqqının birdən-birə 38,4 faiz artırılması olduqca önəmli məsələdir. Bu, əhalimizin çox böyük təbəqəsini əhatə edəcək. Sərəncama əsasən, büdcədən maliyyələşən təşkilatlarda çalışan 450 min nəfər, eləcə də qeyri-dövlət sektorunda çalışan 150 min nəfər daxil olmaqla, ən azı 600 min nəfərin əməkhaqqı artırılacaq. Bu, bir tərəfdən əhalinin sosial rifahının güclənməsinə xidmət edəcək, eyni zamanda, sosial sığorta haqlarının artmasına gətirib çıxaracaq ki, gələcəkdə pensiya təminatı daha da yaxşılaşacaq. Sərəncamın digər mühüm əhəmiyyəti isə odur ki, qeyri-leqal məşğulluq aradan qaldırılacaq, əmək müqavilələrinin bağlanılmasına stimul veriləcək. Bütün parametrlərdən baxsaq, bu sərəncam Prezident İlham Əliyevin dəfələrlə söylədiyi kimi, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində vətəndaş amili dayandığını bir daha təsdiqləyir”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması olduqca önəmli bir addımdır". Onun sözlərinə görə Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq minimum əməkhaqqı ilə yaşayış minimumunun həcmi bərabərləşir: "Yaşayış minimumu rəqəmi bir nəfər üçün istehlak səbətinə uyğun olaraq minimum hesablanır. Minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması 600 min insana şamil olunacaq və buna görə əlavə olaraq 400 milyon manat ayrılacaq. Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır".

Komitə sədri vurğulayıb ki, müvafiq sərəncam bir daha Prezident İlham Əliyevin xalqa diqqət və qayğısının bariz nümunəsidir: "Xalqımız bu addıma görə cənab Prezidentə minnətdarlığını bildirir. Mən illərlə sosial siyasətlə məşğul olan biri kimi bu addımın çox önəmli olduğunu qeyd edirəm. Digər tərəfdən, bu sərəncam orta aylıq əməkhaqqının artmasına da təsir göstərəcək və digər göstəricilərdə özünü büruzə verəcək".
Milli Məclisin deputatı Bəxtiyar Əliyev də deyib ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir. Dövlət başçısı tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması ilə bağlı imzalanan sərəncam da bu siyasətin davamıdır. Deputat vurğulayıb ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının əməkhaqlarının artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər bu kimi məsələlərlə bağlı sərəncamlar imzalayır: "Minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam bir daha onu göstərir ki, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatında öndə Azərbaycan vətəndaşının sosial rifahı dayanır və həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edir".

B.Əliyev əlavə edib ki, bu inkişaf Azərbaycan vətəndaşının həm təhlükəsizliyinin təmin edilməsinə, həm də onun sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib".
Alpər İSMAYIL
banner

Oxşar Xəbərlər