• cümə, 29 Mart, 19:19
  • Baku Bakı 14°C

600 ailə Hadruta köçmək istəyir – Prezidentə müraciət edildi

23.01.21 19:00 451
600 ailə Hadruta köçmək istəyir – Prezidentə müraciət edildi
Göyçə mahalı Basarkeçər rayonu (Ermənistan Respublikası Vardenis rayonu) Nərimanlı kəndindən 1988-ci ildə deportasiya edilən – qaçqına çevrilən 600-ə yaxın ailə Qarabağın işğaldan azad edilmiş Hadrut qəsəbəsinə köçmək istəyir.
Kaspi.az xəbər verir ki, bu barədə kənd sakinləri adından Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət olunub.
Nərimanlı kənd sakinlərinin Prezidentə müracətində qeyd edilib ki, erməni vandalizmi nəticəsində doğma yurdlarından qaçqın düşmüş 600-ə yaxın ailə Qarabağa köçmək istəyir:"Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin siyasi və diplomatik arenadakı fəaliyyətinizi, daxili və xarici siyasətinizi dəstəkləyir, rəhbərliyiniz altında Rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm qələbəsini alqışlayırıq. Qarabağda aparılan məskunlaşma, abadlıq işlərinin inkişafı üçün mümkün olanı etmək və Sizin məcburi köçkünlərə məskunlaşmaya münasibətlərini aydınlatmaq üçün etdiyiniz müraciətə söykənərək bütöv bir kənd olaraq dağ Qarabağın Hadrut qəsəbəsinə köçmək, orada yaşamaq istəyimizi bildiririk. 1988-ci il hadisələrində öz torpaqlarından çıxarılmış Nərimanlı kəndi o dövrdə 600 ailə olub, hazırda 1000 ailə civarındadır. Kəndimiz birinci Qarabağ müharibəsində Azərbaycan torpaqları uğrunda 18 şəhid verib, bir igidimiz ölumundən sonra Milli Qəhrəman adına, bir igidimiz isə Azərbaycan Bayrağı ordeninə layiq görülüb. İkinci Qarabağ - Vətən Müharibəsində Nərimanlı kökənli 70 gəncimiz döyüşlərdə iştirak edib, 3 övladımız Şəhid olub, 7 həkimimiz ön cəbhədə çalışıb. Sizin sərəncamlarınızla onlar çoxsaylı orden və medallarla təltif olunublar. Nərimanlı kəndi Talıb Musayev, Səfiyar Musayev kimi şəxsiyyətlər yetirib. Hazırda kəndin insanları əsasən Bakı, Gəncədə məskunlaşsa da digər regionlara və xaricə səpələnib. Bizim Sizdən xahişimiz budur ki, dağ Qarabağın tezliklə məskunlaşması, dərin kökləri olan adət - ənənələrimizin itməməsi, insanlarımızın yadlaşmaması naminə 600-ə yaxın Nərimanlı ailəsinin Hadrut qəsəbəsində məskunlaşmasına sərəncam verəsiniz. İnanırıq ki, bizim dövlətimiz və xalqımız namınə atmaq istədiyimiz bu addım Sizin tərəfinizdən müsbət qarşılanacaq”.
banner

Oxşar Xəbərlər