• cümə, 29 Mart, 13:14
  • Baku Bakı 14°C

60 illik ömrün mənalı anları

12.05.16 15:14 1235
60 illik ömrün mənalı anları
Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir. Bu deyimdə böyük həqiqət var. Bu həqiqət həyatın mənasının yaşanmış illərin uzunluğu ilə deyil, görülmüş işlərin çəkisi, dəyəri, insanlara xidmətin böyüklüyü ilə ölçülməsi deməkdir. Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Müasirimiz - uzun illər dövlət orqanlarında ləyaqətlə xidmət edərək ömrünün 60-cı baharını cəmiyyət, ailə qarşısında alnıaçıq qarşılayan Nizami Fərəcov isə bu xoşbəxtliyə qovuşanlardan biridir.
...Uzun illər Ağsu rayonunda aqrar sahədə rəhbər vəzifələrdə çalışmış, rayonda hörmət-izzət sahibi olan Əskər Fərəcovun ailəsində 1956-cı ildə bir oğlan uşağı dünyaya göz açdı. Böyük külfət sahibi olan Əskər kişi bu övladının adını bütün dövrlərin mütəfəkkir şairi sayılan Nizami Gəncəviyə olan sonsuz sevgisinin şərəfinə Nizami qoydu. Əskər kişinin evində elmə, təhsilə olan ciddi münasibət hələ kiçik yaşlarından balaca Nizamiyə də sirayət etdi. Hələ orta təhsil aldığı elə ilk illərdən balaca Nizaminin əldə etdiyi uğurlar onun gələcəyinə - ləyaqətli bir Azərbaycan vətəndaşı kimi yetişməsinə təminat verirdi. Ömrünü torpağa, halal zəhmətə bağlamış Əskər kişi o biri övladları kimi Nizaminin də həyat yoluna böyük ümidlər bəsləyirdi. Zəngin həyat təcrübəsi olan el ağsaqqalı yanılmamışdı. Nizami orta məktəbi bitirdikdən sonra, atası kimi taleyini kənd təsərrüfatına, aqrar sahəyə bağlayaraq Gəncə şəhərindəki Kənd Təsərrüfatı İnstitutuna daxil oldu. 1978-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək "mühəndis-mexanik" ixtisasına yiyələndi.
Nizami Fərəcovun ilk əmək fəaliyyəti Abşeron rayon Kənd Təsərrüfatı İdarəsinin mühəndis-müfəttiş vəzifəsindən başladı. Elə ilk günlərdən zəhmətsevərliyi, təşəbbüskarlığı, ictimai işlərdə fəallığı ilə fərqlənən Nizami Fərəcov 1981-ci ildə irəli çəkilərək Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi idarəsində, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsində, "Elektromexanikləşdirmə" Trestində, Bakı Quraşdırma, İşəsalma, Sazlama Müəssisəsində, "ASM-2000" Analitik-Sosioloji Mərkəzində rəhbər vəzifələrdə çalışdı. Nizami Fərəcovun bu illərdə Azərbaycanın Tamara Hümbətova, Əhməd Əhmədzadə, Cavid Qurbanov və s. kimi tanınmış simaları ilə birgə çalışması onun həyatına təsirsiz ötüşmədi. Yorulmaq bilmədən əmək fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğul olan Nizami Fərəcovun üç elmi ixtirasına Rusiya paytaxtı Moskvada müəlliflik şəhadətnaməsi verildi. Nizami Fərəcov işlədiyi yer və vəzifələrdən asılı olmayaraq, daim əmək-sevərliyi ilə fərqlənib, mükafatlara layiq görülüb. O, çalışdığı bütün təşkilatlarda gənc kadrların yetişməsində, onların peşəkar mütəxəssis kimi formalaşmasında yaxından iştirak edib.
Nizami Fərəcov gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi işində də daim fəallıq göstərib. Elə ömür-gün yoldaşı, 38 ildir birgə həyat sevincini paylaşdığı Sevinc xanımın atası - 416-cı Taqanroq diviziyasında batareya komandiri kimi Böyük Vətən müharibəsində ad-san qazanmış, Mozdok, Kostroma şəhərləri uğrunda gedən döyüşlərdə rəşadət göstərmiş, Melitopolun, Nikolayevin, Odessanın, nəhayət Berlinin alman faşistlərindən azad edilməsində ön sırada olmuş, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında qəhrəmanlıqlar nümayiş etdirmiş, Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin mənalı ömür yolunun təbliğ olunmasında, onun adının əbədiləşdirilməsində təqdirəlayiq işlər görmüş və bu gün də görməkdədir.
Nümunəvi ailə başçısı olan Nizami Fərəcovun həyat yoldaşı Sevinc xanım 40 ilə yaxındır Rabitə Nazirliyi sistemində təcrübəli mütəxəssis kimi çalışır. Oğlanları tanınmış teleaparıcı-jurnalist , Prezidentin ”Tərəqqi” medalı ilə təltif etdiyi Ayaz Nizami oğlu və Heydər Əliyev adına Sarayın mətbuat katibi Anar Fərəczadə talelərini jurnalistikaya bağlayıblar. Evin sonbeşiyi Azər isə Serbiyada maliyyə mütəxəssis kimi əmək fəaliyyətinə cəlb olunub. Nizami müəllim babalıq sevincini də yaşayır. Onun Nizami, Fərid və Aqşin adlı 3 nəvəsi var .
2004-cü ildən yanğından mühafizə qurumlarında çalışan Nizami Fərəcov nəcib və xeyirxah əmək fəaliyyəti ilə insanlara, cəmiyyətə bu gün də xidmət göstərir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı vəzifəsində çalışan Nizami Fərəcov fərdi söhbətləri, kütləvi informasiya vasitələrində çıxışları, xüsusi ədəbiyyat və reklam məhsullarından istifadə etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması yolları haqqında məqsədyönlü biliklər verməklə gündəlik həyatımız üçün çox dəyərli və vacib olan bir işlə məşğul olur. O, hazırda da yorulmadan, tükənməz həyat şövqü ilə, böyük həvəslə sənayedə, kənd təsərrüfatında, təhsil və səhiyyə müəssisələrində, mülkiyyət formasından asılı olmayaraq digər təşkilatlarda, evlərdə yanğına qarşı təbliğat işi apararaq maddi sərvətlərin, insan həyatının yanğın kimi fövqəladə haldan qorunması, həmçinin iqtisadiyyatımızın normal və fasiləsiz fəaliyyətinin təmin olunması üçün təqdirəlayiq təbliğat işləri aparır.
Hikmət Xudiyev
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər