• cümə axşamı, 28 mart, 15:09
  • Baku Bakı 16°C

60-dan yuxarı yaşı olanlar üçün musiqi yarışması

23.10.19 09:30 812
60-dan yuxarı yaşı olanlar üçün musiqi yarışması
"Səs 60+” Rusiyada istedadlıların əyləncəli vokal şousudur. Bu yarışma "The Voice Senior Niderland” formatına uyğunlaşmadır. Layihə yaşı 60-dan yuxarı olan şəxslərin özlərini sınaması üçün əlverişli imkan yaradır. Şounun əsas məqsədi təkcə müxtəlif janrlarda oxuyan insanları deyil, həmçinin öz dilində yaxşı oxuyan istedadları bir araya toplamaq və onları geniş auditoriyaya təqdim etməkdir.
Formatın digər bir xüsusiyyəti insanların xarici görkəminə görə deyil, vokal göstəricilərinə görə seçilməsidir. Ona görə də iştirakçılar auditoriya və münsif heyəti qarşısında özlərinin vokal qabiliyyətlərini nümayiş etdirir, eyni zamanda xalq mahnılarını ifa edirlər. Şou iştirakçıları əsasən nə vaxtasa musiqi məktəbini oxuyanlardan, zamanında hansısa ansambllarda çıxıb edib yarıda qoyanlar və sair insanlardan ibarətdir. Bu layihə onlara televiziya auditoriyası qarşısında öz yaradıcılıq istedadlarını nümayiş etdirməyə imkan verir. "Səs 60+” yaşı 60-dan çox olan Rusiyanın bütün vətəndaşları üçün açıqdır. Qonşu Rusiya televiziyalarında efirə gedən bu tip layihələyə baxdıqdan sonra, "o Əjdahadan bizdə niyə yoxdur” sualı ilə ekspertlərimizə müraciət etdik. Bizim ölkəmizdə də uşaq və orta yaş nümayəndələri üçün "Səs Azərbaycan” yarışları keçirilir. Bəs görəsən nə üçün yaşlı nəslin nümayəndələri üçün hər hansı musiqi yarışları keçirilmir? Görəsən yaşlı nəslin nümayəndələrinin asudə zamanlarını səmərəli keçirməsi üçün dövlətin həyata keçirdiyi proqramlara dəstək olaraq prodüserlər belə bir layihə yarada bilərmi?
Tanınmış bəstəkar, xalq artisti Faiq Sücəddinov deyir ki, bu layihə ilkin olaraq İngiltərə televiziyasında nümayiş olunub, ilk nümayişindən də böyük reytinqlər toplayıb: "Əslində "60 +” musiqi yarışı rusların öz ideyaları deyil. Layihənin ideyası çox maraqlıdır. Belə ki, evdə oturan hər bir şəxs, təqaüddə olan insanlar, yaşı 60-ı keçən şəxslər belə bir layihədə özlərini sınaya bilərlər. Azərbaycanda çox istedadlı insanlar var. Hansı ki, bu gün onları heç kim tanımır. Belə müsabiqələr onların özlərini realizə etməsi üçün ən gözəl vasitə ola bilər. Hər hansı müsabiqə keçiriləndə, yalnız paytaxt sakinlərini cəlb etməyə çalışırlar. Yaxşı olardı ki, təkcə paytaxtdan deyil, bölgələrdən də yaşlı nəslin istedadlı nümayəndələri cəlb edilsin. Yekun olaraq səslər paytaxtda eşidilsin. İstedad sahib olan yaşlı nəslin nümayəndələri ilə maraqlı bir layihə həyata keçirmək mümkündür. Hesab edirəm ki, bu layihə böyük maraqla qarşılanar. Müsabiqədə muğam, bəstəkar, xalq mahnıları səslənər. Əsas odur ki, müsabiqədə iştirak edənlər istedadlı olsunlar. Hesab edirəm ki, həmin şəxslər rahatlıqla bu layihədə iştirak edərlər. Çünki 60 yaşdan yuxarı insanlarda kompleks hissi olmur”.
Müsahibimiz dahi Rəşid Behbudovun 74 yaşında belə, mükəmməl səs tembrinə malik olduğunu xatırlatdı: "O, bir dəfə kabinetdə oxudu, dedi baxın görün, səsim yerindədirmi? Amma bu gün yaxşı sənətkarlar oxuyanda görürsən ki, həqiqətən bu səs o səs deyil. Müsabiqədə yaxşı səslər seçilər. Müsabiqəni keçirən insanlardan, təşkilatçılardan çox şey asılıdır. Bəzən görürsən səs yarışları keçirilir, nədənsə onlar məni dəvət etmirlər. Görürsən ki, münsiflər heyətinin üzvləri arasında uzunsaçlılar oturub, guya ekspertdirlər. Belə müsabiqələrə musiqidən anlayışı olanları, bu sənətə canını, ürəyini verən insanları dəvət etmək lazımdır, çox danışanları deyil”.
Xalq artisti Mənsum İbrahimov deyir ki, illər əvvəl belə bir səs yarışması Azərbaycanda da keçirilib: "İllər əvvəl "Qulp” verilişində "Əməkdar artist” müsabiqəsi keçirilirdi. Orada Xanım nənə adlı bir yaşlı ifaçı qalib gəldi. Təəssüflər olsun ki, onun bu qabiliyyəti insanların gülüş obyektinə çevrilmişdi. Elə hesab etmirəm ki, bu gün belə musiqi yarışmaları insanların marağına səbəb olar. 60 yaşından sonra olan insanların bundan sonra musiqi ifaçısı kimi tanınması ona nə fayda verəcək ki? Tutalım, belə bir yarış yenidən keçirildi və 60-dan yuxarı yaş kateqoriyasına məxsus olan vətəndaşlar burada iştirak etdilər. Onlar bu yarışdan nə əldə edəcəklər? Sadəcə olaraq insan öz zamanını əyləncəli keçirəcək, qazancı ancaq bu olacaq”.
Xalq artisti insanların 60 yaşından sonra musiqi təhsillərini artırmasının mənasız olduğunu qeyd etdi: "Ola bilər ki, əyləncə xatirinə belə bir yarış keçirilsin. Ancaq təhsil, musiqi savadının artırılması istiqamətində 60 yaşından sonra müsabiqənin keçirilməsinin tərəfdarı deyiləm. Mən belə müsabiqələri ciddi hesab etmirəm”.
Əməkdar incəsənət xadimi, bəstəkarGövhər Həsənzadə bildirir ki, belə müsabiqələrə birmənalı yanaşır və əyləncə üçün "60+” səs yarışlarını maraqla izləyənlərdən biri olar: "Bu layihəyə normal baxıram. Əgər uşaqlar, yeniyetmələr, böyüklər üçün müsabiqələr keçirilirsə, nə üçün yaşlı istedadlılarımız üçün müsabiqə keçirilməsin? Hesab edirəm ki, bu, tamaşaçılar üçün də çox maraqlı olar. Biz mahnı yarışı adı ilə keçirilən bəzi müsabiqələrdə insanların göstərdikləri açıq-saçıqlıqdan, qeyri-peşəkarlıqdan bezmişik. Hesab edirəm ki, milli-mənəvi dəyərlərimizə xas olan bir formatda yaşlı nəslin nümayəndələri efirə çıxıb, qabiliyyətlərini nümayiş etdirə bilərlər. Mən onları dəstəkləyirəm. Sosial şəbəkələrdən çox az istifadə etdiyim üçün dünyada baş verən belə layihələrdən xəbərsiz oluram. Hesab edirəm ki, bu layihə maraqla qarşılanar”.
Bəstəkar müsabiqələri sevmədiyini, onlardakı şəffaflığa şübhəsinin olduğunu da vurğuladı: "Ölkəmizdə keçirilən səs yarışlarında istedadlı insanlar hər zaman kulis arxasında qalırlar. Mən heç zaman özümdən yaşlı, sanballı insanları qiymətləndirmə və onlara söz demə xarakterinə sahib biri deyiləm. Əgər mən olduğum mənzilə yaşlı adam gələrsə, mütləq ayağa qalxmalıyam. Nə ifa etməsindən asılı olmayaraq, deyə bilmərəm ki, pis oxuyursan. Nə uşaq, nə də yaşlı insanların səs yarışmalarında münsif kimi iştirak edə bilmərəm, çünki orda söz deyə bilmərəm. Əgər maksimum 5 baldırsa, hər kəsə 5 bal verəcəm. Ancaq hesab edirəm ki, bu veriliş əyləncəli və maraqlı olardı. Layihədə təşkilati komitədə iştirak edərəm, musiqilərimdən yetəri qədər istifadə edə bilərlər. Ancaq özümü münsif kimi o layihədə görmürəm”.
Prodüser Vasif Ayan hesab edir ki, belə layihələr bizim tamaşaçılar üçün o qədər də gərəkli deyil: "Ölkəmizdə bir çox müsabiqələr keçirilir. Bunların hər birində yaşlı nəslin nümayəndələri də iştirak edir. Diqqət etsəniz görərsiniz ki, onların çoxu müsabiqədən keçməyiblər. Bəli, səsləri var, özü üçün müəyyən qədər oxuya bilərlər. Ancaq 60-dan sonra peşəkar formada çıxıb televiziyada performans göstərəcək demək deyil. Ona görə yaşlı insanlar bu yarışmalarda növbəti turlara keçə bilməmişdilər. Əgər onların belə bir arzusu vardısa, bunu gənc illərində reallaşdıra, istəklərinə çata bilməyiblərsə, 60-dan sonra gəlib nə edəcəkləri çox maraqlıdır. Əgər kiminsə istedadı varsa, bu yaşa qədər özünü təqdim, sübut edə bilər. 60-dan sonra insanın möhtəşəm səsə sahib olacağı möcüzəvi bir şeydir. Belə bir yarışmanın keçirilməsinin, düşünürəm ki, heç bir effekti olmayacaq. Tutaq ki, ölkəmizdə belə bir yarışma keçirildi və onun qalibi bəlli oldu. O qalib yarışmadan sonra nə edəcək ki, gündəmdə qalsın və Azərbaycan musiqi sahəsinə öz töhfəsini necə verəcək?”
V.Ayan qeyd etdi ki, 40-50 ildir çalışan sənətkarlar indi fəxri ad alır, öz sözlərini deməyə başlayırlar. Bu baxımdan, yarışmaya qatılmaq istəyən yaşlı nəslin nümayəndələri özlərini realizə etmələri üçün bir qədər gec qalıblar. Prodüser zaman-zaman Rusiya televiziyalarının verilişlərini izlədiyini, onların tamaşaçı kütləsinin daha geniş olduğunu bildirdi: "Mənə maraqlıdır ki, bəs onların qalibləri nə edəcək? Demirəm ki, 60 yaşından sonra insanlar ölməlidir. Hətta bir filmdə də qeyd olunur ki, həyat 40 yaşından sonra başlayır. 40 yaşından sonra da insan həyatında və işində çevriliş edə bilər. Ancaq 60 yaş kifayət qədər böyük rəqəmdir. Düşünürəm ki, o yaşda vətəndaşların yarışmalarının keçirilməsi məqsədəuyğun deyil. Bizdə belə bir layihə keçirilərsə, heç bir effekt verməz. 60-dan yuxarı yaşı olan vətəndaşlar üçün daha maraqlı layihələr etmək olar. Alətlərlə bağlı bir layihə olsa, maraqlı ola bilər. Elə fitri istedada malik olan insanlar ola bilər ki, onlar müxtəlif alətlərdə gözəl ifa edə bilər”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər