• şənbə, 27 Aprel, 08:02
  • Baku Bakı 12°C

6 noyabr - Televiziya və Radio İşçiləri Günüdür

06.11.13 07:41 3884
6 noyabr - Televiziya və Radio İşçiləri Günüdür
Danılmaz faktdır ki, bu gün televizor evimizin sadəcə qiymətli, maraqlı əşyası deyil, həm də həyatımızın vacib atributlarından biridir. Günümüzün hansısa saatlarında mütləq televiziya verilişlərinə baxmalı oluruq. Sevdiyimiz proqramlar da var. Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. İstər radionun, istərsə də televiziyanın ixtirasından uzun illər keçsə də, "sehrli qutu" öz sirrini saxlayır, mavi ekranın cazibəsi davam edir. Dünyada ilk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. 1939-cu ildə ABŞ mühəndisləri tərəfindən televiziya ötürücü trupkası ixtira edilmişdir. Avropada yalnız ötən əsrin 50-ci illərindən başlayaraq televiziya geniş yayılmışdır.
Respublikamızda radio 1926-cı ilin noyabrın 6-da fəaliyyətə başlayıb, televiziya isə 1956-cı il fevralın 14-də "Bakı" studiyası adı ilə efirə çıxıb. Sovet dövründə yalnız bir Azərbaycan televiziya və radiosu fəaliyyət göstərirdi. Sonralar əlavə olaraq bura "Araz" radiostansiyası da qoşuldu. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra müstəqil teleradio şirkətlərinin sayı da artdı. Təkcə paytaxtda deyil, bölgələrdə də televiziya kanalları fəaliyyətə başladı. Ölkə miqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən kənarda da özünə tamaşaçı auditoriyası toplayıb. Radionu da, televiziyanı da insanlar ilk dəfə heyrətlə qarşılayaraq onu "sehrli qutu" adlandırıblar.
Mərkəzi televiziyanın ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) nəzdində fəaliyyət göstərən iki müstəqil kanal - "İdman-Azərbaycan", "Mədəniyyət" kanalları artıq tamaşaçılar tərəfindən maraqla izlənilir. O cümlədən, ATV, ANS, İTV, "Xəzər", "Lider", "Space" televiziya kanallarının da öz tamaşaçıları formalaşıb. Gəncə, Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət göstərən televiziya kanalları öz işlərini dünya standartları səviyyəsində qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi də fəaliyyət göstərir. Bundan başqa, xaricdə azərbaycandilli televiziya kanalları da mövcuddur: ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz TV-ləri var.
Paytaxt və bölgələrdə yaradılan bütün kanalların qaynaqlandığı, mənbələrinə söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu gün də "Qızıl Fondun"dan müntəzəm istifadə etdiyi ana televiziyamız "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir.
AzTV-nin maddi-texniki bazası xeyli dərəcədə dəyişib və modernləşdirilib. Bütün studiyalar və montaj otaqları rəqəmsal avadanlıqlarla təchiz olunub. HD-səyyar televiziya stansiyaları alınıb. Hətta nəqliyyat vasitələri də yenilənib və müasirləşdirilib. Televiziya proqramlarının Avropa ölkələrində keyfiyyətlə yayımı təmin edilib. "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.
Ötən illər ərzində AzTV-də mövzu dairəsi də kifayət qədər geniş və rəngarəng olan müxtəlif veriliş və proqramlarla müşahidə edilir: "Xəbərlər", "Günün nəbzi", "Həftə", "Parlament həftəsi", "Əsas məsələ", "Şəxsən siz", "Unudulmayanlar", "Sələflər, xələflər", "Ədəbi abidələr", "Oğuznamə", "Tərəf-müqabil", "Ovqat", "Səadət", "Əsgər anı", "Azərbaycan Respublikasına xidmət edirəm", "Əbədiyyət", "Mən azərbaycanlıyam", "Azərbaycan, yurdum mənim", "Səhər", "Bizim planet", "Yada düşər xatirələr", "Kənd saatı", "Yurd yeri" və s.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı, eləcə də AzTV-nin təşkilatçılığı ilə Bakıda muğam televiziya müsabiqələri keçirildi. Müsabiqə iştirakçılarının istedadını SMS-lər deyil, peşəkar musiqiçi və xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirdi. Bu müsabiqələr zamanı bütün nüanslar - ifaçıların oxuduqları muğam parçalarından, qəzəllərdən tutmuş danışıqlarına, geyimlərinə qədər hər məqam nəzərə alındı. Muğam müsabiqələri ölkə daxilində və xaricində böyük tamaşaçı marağına, rəğbətinə səbəb oldu. Bunu həm Heydər Əliyev Fonduna, həm də AzTV-nin elektron ünvanına gələn məktublar da təsdiq etdi. Bu il müsabiqə yenə də davam etdirildi. «Muğam müsabiqəsi-2013»ün sorağı təkcə Bakıdan və onun rayonlarından deyil, həm də Qarabağdan, Abşerondan və Naxçıvandan gəldi. Bu gün müsabiqə iştirakçılarının qala konsertində televiziya və radio işçiləri həm də öz bayramlarını təntənə ilə qeyd edəcəklər.
AzTV-də xalq yazıçısı Anar "Poeziya", görkəmli alim Vasim Məmmədəliyev "Haqqın dərgahı", Milli Məclisin deputatı, tanınmış filoloq Nizami Cəfərov "Azərbaycan dili", tarixçi-alim Kərim Şükürov "Azərbaycan tarixi" verilişlərini aparırlar.
Son illərdə AzTV-nin studiyalarında maraqlı teletamaşalar da çəkilib. Vaxtilə geniş populyarlıq qazanmış "Evləri köndələn yar" tamaşasının (ssenari müəllifi Anar) ikinci hissəsi də çəkildi. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə rejissor Ramiz Həsənoğlu "Mürafiə vəkilləri"nə ekran həyatı verdi. Milli serialların çəkilməsi də müntəzəm davam edir. Ənvər Seyidovun qələmə aldığı "Gürzə", "Ünvansız eşq" (quruluşçu rejissor Məhərrəm Bədirzadə) kimi seriallar tamaşaçılara təqdim edilib. Dövlət başçısının sərəncamına əsasən, serialların çəkilməsinə ayrılan maddi vəsait burada çalışanların da iş üslubuna yeni sürət gətirib. Növbəti ildən geniş fəaliyyət proqramının həyata keçirilməsi nəzərdə tutulub.
2006-cı ildən 2012-ci ilədək "Telefilm" Yaradıcılıq Birliyi 200-dək sənədli film çəkib. Bu filmlərin arasında "Ermənilər. Riyakarlığın anatomiyası", "Tarixin izi ilə... Yaqub Mahmudov", "Zəngəzur", "Sumqayıt salnaməsi", "Tərcümeyi-hal: Bəkir Nəbiyev", "Bəstəkar Ramiz Mirişli", "Tarzən Ramiz Quliyev", "Elturan Avalov". "Molla Pənah Vaqif", "Aşiqlər", "Şamaxı abidələri", "Vaxt gözləmir", "Möcüzələr adasının sakini" və s. göstərmək olar.
Ədəbi dram verilişləri redaksiyası da həmişəki kimi sənədli filmlər çəkməkdə ənənəsini uğurla davam etdirir. Bu redaksiyanın əməkdaşları tərəfindən ekran həyatı almış "Şərqdə doğan günəş", "Mirzə Cəlil möcüzəsi", "Naxçıvanın baharı", "Böyük yolun adamı", "Bir ömrün xatirəsi" adlı sənədli filmlər tamaşaçılar tərəfindən maraqla izlənilib.
Azərbaycan televiziya məkanının ən təzə mavi ekranı "Mədəniyyət" kanalıdır. Barlı-bəhrəli, qocaman bir ağacın - AzTV-nin çəmənində göyərən bu pöhrənin yenilikləri çoxdur. Mədəniyyət aləmində baş verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar, yubileylər, görüşlər bu kanalda hazırlanan müxtəlif verilişlərdə əhatəli şəkildə əks olunur. "Buta" mədəniyyət xəbərləri", "Xəbər var", "Teatr", "Xatırlanan ömürlər", "Mühazirə", "Mahnı qanadlarında", "Dünya rəqsləri", "Dünya kino inciləri" və s. verilişlər artıq tamaşaçıların diqqətini çəkib. Bu kanalda dünya kinosunun və musiqisinin ən dəyərli nümunələri təqdim olunur. Yeni kanalda ədəbiyyatşünas Kamal Abdulla "Sözün sirri", kulturoloq Fuad Məmmədov "İdrak", yazıçı-publisist Akif Əli "Zaman və məkan", Füzuli Bayat "Klassik irsimizdən" verilişlərinin aparıcılarıdırlar. AzTV və "Mədəniyyət" telekanallarında yayılan proqram və verilişlər müxtəlif mövzuları əhatə edir və rəngarəngdir. Ən təqdirəlayiq hal da odur ki, bu kanalların efiri öz sahəsinin peşəkarı olan sənətkarların ixtiyarındadır.
"İdman-Azərbaycan" telekanalının obyekti məlumdur. Yarandığı gündən ölkədə və xaricdə keçirilən beynəlxalq və yerli yarışların, turnirlərin əksəriyyətini yayımlayır. İdmanın müxtəlif növləri üzrə keçirilən yarışlardan canlı reportajlar, maraqlı proqramlar da nümayiş etdirilir. Bu gün "İdman-Azərbaycan" gənclərin sevimli kanalına çevrilib. Onlar "sehrli qutu"nun vasitəsilə Nyu-Yorkda, İstanbulda, Romada, Parisdə, Londonda, Madriddə, Tokioda, Münhendə, Moskvada, Pekində keçirilən müxtəlif idman yarışlarından xəbər tuturlar. Bu kanalın yayım hüdudu təkcə bölgələrimizi deyil, Cənubi Qafqazı, Yaxın və Orta Şərq ölkələrini ustalıqla əhatə edir.
"İdman Azərbaycan" telekanalı idmanın bütün növlərinin təbliğində mühüm və əhəmiyyətli rol oynayır. Bu kanalda futbol, basketbol, voleybol, gimnastika, güləş, boks, avtomobil yürüşü ("Formula-1") və s. idman növlərinə aid olan bir çox görüş və türnirlər tamaşaçılara təqdim olunur. Kanalın hazırladığı "İdman xəbər", "Çempionlar klubu", "Arena", "Ən güclü" , "Futbol gecəsi", "İdman tarixi", "İdman - sağlamlığın rəhnidir", "Olimp", "İdman ensiklopediyası", "Şahmat klubu" kimi verilişlər böyük maraq doğurur. Kanal bu il futbol üzrə Avropa və qadınlar arasında dünya çempionatlarının final mərhələlərini nümayiş etdirdi. Bir faktı da diqqətə çatdıraq ki, "İdman Azərbaycan" telekanalı Çempionlar Liqası, Avroliqa, Premyer-Liqa oyunlarının, İngiltərə, İspaniya və İtaliya çempionatlarının yayım hüququna malikdir. London Olimpiadasında çıxış edən idmançılarımızın aldığı qızıl, gümüş və bürünc medallarının sevincini böyük coşqu və fərəhlə azakeşlərə çatdırmaq qisməti də AzTV və "İdman Azərbaycan"a nəsib oldu.
6 noyabr həm də radio işçilərinin bayramıdır. Televiziyada aparılan islahatlar bu sahədə də müşahidə olunur. Ötən ilin əvvəlindən milli radiomuz tam şəkildə kompyuterləşməyə və servis xidmətinə keçib. Azərbaycan radiosunun "Lirika dəftəri"ndən, "Bulaq", "Muğam saatı", "Elm və həyat", "Radio teatrı" kimi veriliş və proqramları neçə nəslin sevimlisi olub.
Hazırda "Gəl səhərim", "Bağçada güllər", "Addım-addım", "Ustad nəfəsi", "Kino səltənəti", "Xeyrə qənşər", "Şah misralar", "Nağıl axşamı". "Ünvanımız Azərbaycandır", "Vətən sənə oğul dedi", "Yadigar səslər", "Duyğu yarpaqları", "Sabaha pəncərə" və s. verilişlər dinləyicilərə təqdim edilir.
Azərbaycan efirində 72-ci yaşına qədəm qoyan Beynəlxalq radio da fəaliyyət göstərir. Bu radio türk, ərəb, fars, erməni, ləzgi, talış, kürd və gürcü dillərində verilişlər yayımlayır. Beynəlxalq radio uzun illərdir ki, "Cənubi Azərbaycan" redaksiyası vasitəsilə bütün dünyaya səpələnmiş soydaşlarımız üçün vahid ünvana çevrilib.
Azərbaycan radiosu böyük xəzinəyə malikdir. Radionun səsyazma evinə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Niyazi adına Simfonik Orkestr, Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri, Vaqif Mustafazadə adına "Sevil" Vokal İnstrumental Ansamblı, Cahangir Cahangirov adına Xor, Əfsər Cavanşirov adına Uşaq Xoru daxildir.
Bir məsələni də qeyd etmək lazımdır ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC həmişə dövlətçiliyin, milli-mənəvi dəyərlərin keşiyində dayanıb. Təqdim etdiyi verilişlər əxlaqımıza, mənəvi dəyərlərimizə, adət-ənənəmizə, milli düşüncəmizə söykənib. Yüngül şoulardan, şit, zövqsüz, əsəbgətirici söhbətlərdən uzaq olub. Maarifçilik əsas ideyasıdır. Elə bu uğurlu fəaliyyətinə görədir ki, AzTV 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə "Avropa keyfiyyəti" medalına layiq görülüb. Eləcə də Avropa Biznes Assambleyası 2010-cu ildə Azərbaycan televiziyasını "Teleradio yayım sahəsində ən yaxşı şirkət" mükafatına təqdim edib. Ötən ilin mayında AzTV-də yayımlanan "Sovet imperiyasının gizlinləri, Ariqoryanın işi" adlı üçhissəli sənədli filmə görə Mədəniyyət və Turizm Nazirliyinin, "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və "Humay" Milli Mükafatı Akademiyasının təsis etdiyi "Humay" mükafatını alıb. Burada çalışan əməkdaşların əksəriyyəti ölkə başçısının sərəncamına əsasən müxtəlif fəxri adlara, mükafatlara, Prezident təqaüdünə və s. təltiflərə layiq görülüb. Ötən il mərkəzi televiziyanın ünvanına bir şad xəbər də qanadlandı. Oktyabrın sonlarında Kiyevdə keçirilən "TEFİ-Sodrujestvo"nun I beynəlxalq festivalında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC tərəfindən çəkilən "Toğrul Nərimanbəyov" və "Eyni səma altında" filmləri mükafata layiq görülüb.
Dahi və təkrarolunmaz müğənni Müslüm Maqomayevin həyat və yaradılıcılığına həsr olunan "Əlvida və salam, Bakı" sənədli televiziya filmi - "TEFİ-Sodrujestvo", "Musiqi xəzinəsi" verilişi isə "Humay" mükafatlarını alıb.
Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında televiziya rəhbərliyinin, yaradıcı heyətin xüsusi əməyi vardır. Şübhəsiz, son illər aparılan islahatlar da öz bəhrəsini verib. Tamaşaçı kimi bizim üçün də xoşdur ki, ana televiziyamız öz ənənəsinə sadiqliyi ilə seçilir, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində yorulmadan axtarışlar aparır. Təqdim olunan hər bir verilişdə dilimizin saflığı qorunur, maarifçilik aşılanır, vətənpərvərlik məhəbbəti təsirli şəkildə tamaşaçının ruhuna hopur!
6 noyabr Televiziya və Radio İşçiləri Günüdür. Bu münasibətlə bütün elektron KİV-də çalışan həmkarlarımızı ürəkdən təbrik edir, onlara çətin və şərəfli işlərində yeni uğurlar arzulayırıq. Qoy möcüzəli «qutu»nun minbir sehri tamaşaçılarını həmişə öz cazibəsində saxlaya bilsin.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər