«6-nın yerinə 9 desəm, aləm qarışar»

«6-nın yerinə 9 desəm, aləm qarışar»

Mədəniyyət
31 Oktyabr 2012, 16:32 4869
“Hansı rejissorla danışıramsa seriala çəkmək üçün aktyor axtarır. Bu sevindirici bir haldır ki, aktyorların, rejissorların artıq işləri var. Bütün serialların qəhrəmanları Gənc Tamaşaçılar Teatrının aktyorlarıdır». Bu sözləri Gənc Tamaşaçılar Teatrının aktyoru, “Qaynana” serialından Kamil rolunun ifaçısı kimi tanınan Elnur Kərimov «Kaspi»yə müsahibəsində deyib.

- Elnur Kərimov teatr aktyoru kimi daha çox tanınır, yoxsa serial qəhrəmanı kimi?
- Artıq 13 ildir ki, teatrda fəaliyyət göstərirəm. İşlədiyim müddət ərzində kifayət qədər tanınmırdım. Amma seriala çəkildikdən sonra hiss edirəm ki, daha çox tanınmağa başlayıram. Televiziya insanı daha çox tanıdır, əvvəllər məni 5 nəfərdən biri tanıyırdısa, indi 5 nəfərdən hardasa üçü tanıyır.
- “Azərlotoreya”nın uduşlarını aparırdınız. Bu aktyor kimi imicinizə zərər gətirmir ki?
- Əksinə, lotereya oyunu dünyanın hər bir ölkəsində mövcuddur. Azərbaycanda digər ölkələrdən fərqli olaraq canlı şəklində yayımlanır. Artıq 7 ildir ki, “Lotereya” verilişinin aparıcısıyam. Belə verilişin aparıcısı olmaq çətin və məsuliyyətli bir işdir. Tamaşaçıya ekrandan baxarkən asan görünə bilər. Ancaq bu, elə deyil, torbadakı rəqəmlərə diqqətlə baxıb səni televiziya arxasında səbirsizliklə gözləyən tamaşaçılara doğru rəqəmi söyləmək çətindir. Əgər 6-nın yerinə 9 desən aləm dəyişə bilər.
- Belə hal başınıza gəlib?
- Şükürlər olsun, olmayıb, amma 6-nın yerinə 9 demişəm. Onlar bir-birlərinə çox oxşayır, xətlərinin yerini qarışdırmışam, tez də səhvimi düzəltmişəm.

İstedadlı aktyor

- Gənc aktyor kimi bu gün teatrda sizi nələr qane etmir?
- Deyirlər ki, teatr əvvəllər daha yaxşı idi. Yaşlı nəslin aktyorları ilə münasibət qururuq, onlar da söyləyirlər ki, teatrda elə eyni proseslər gedir. İndi teatr binalarımız təmirlidir, bütün standartlara cavab verir, müasir gənclər yetişir, onların da istəklərini nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, binanın Avropa standartlarına cavab verməsi, “hər şey əladır” demək deyil. Səhnəyə çıxan yenə də aktyordur. Aktyor gözəl binada da, təmirsiz binada da həmin aktyordur, yəni onun ifasından çox şey asılıdır.
- Sizcə yaxşı aktyor olmaq üçün İncəsənət Universitetini bitirmək lazımdır?
- İstedad başqa şeydir. İnsan nə qədər istedadlı olsa da savadsızlıq hardasa müəyyən bir məqamda özünü göstərir. Yiyələndiyin peşənin dərinliyinə varmaq insanı tamam başqa səmtə yönəldir. Ola bilər ki, hamı səni tanısın, sən məşhur da ola bilərsən, amma peşəkar səviyyədə, səhnədə danışığında, ictimai bir tədbirdə bu özünü büruzə verəcək. Aktyor səhnədə elə bir vəziyyətə düşə bilər ki, burada yalnız professionallıq köməyinə gələ bilər və çıxış yolu tapar.
- Bu gün Azərbaycan tamaşaçısı nə istəyir?
- Azərbaycan tamaşaçısı köhnə dövrlərdəki tamaşaları, aktyorları istəyir. Belə bir psixologiya var ki, keçmiş aktyorlar qocaldıqdan sonra onlardan sonra teatrın marağı yoxdur, onlarla birlikdə teatr da qocaldı. Bu düşüncə ilə düşünən tamaşaçı çoxdur. Doğrudur, həmin sənətkarların öz yerləri var, onların yerini heç kim verə bilməz. Onlardan da qabaq sənətkarlara daha çox qiymət verilirdi, nəsil dəyişimini tamaşaçı qəbul edə bilmir. İnsanlarımız bu psixologiya ilə teatra maraq göstərmirlər. Azərbaycan teatr aləmində istedadlı gənclər, istedadlı aktyor heyəti Gənc Tamaşaçılar Teatrındadır. Bunu hamı təsdiqləyir. Çox istəyirəm ki, tamaşaçılarımız teatra gəlib, köhnə tamaşalar sindromunu sındırsınlar. Məni bu sözlər narahat edir, yaşlı nəslin nümayəndələri “Azərbaycanda gənc aktyor yoxdur. Yaşar Nuri, Nəsibə Zeynalova kimi aktyorlarımızdan olmayacaq” kimi sözlər deyirlər. O sözü deyən şəxs gördükdə ilk olaraq sorşuram ki, sonuncu dəfə teatra nə zaman gəlmisiniz? Cavabında deyir ki, uzun müddətdir ki, teatra gəlmirəm. Əgər o tamaşaçı teatra gəlmirsə, teatrın daxilində baş verən prosesdən əlbəttə ki, bixəbər olacaq.

Gənclərə şans

- Son zamanlar Gənc Tamaşaçılar Teatrında baş qəhrəmanları siz oynayırsınız. Teatrda bu rolların öhdəsindən gələ biləcək başqa aktyor yoxdurmu?
- Keçən mövsümdən teatrımıza gənc aktyorlar gəlib: Səfa Mehdi, Xəyal Salahov, Vahid Orucoğlu istedadlı gənclərdir. Sadəcə olaraq teatra gələn dövrdə teatrın tərkibində gənc aktyor az idi. Riskə gedib mənə baş rollar həvalə olundu. Mən də öz üzərimdə işlədim, özümü doğrultmağa çalışdım. Teatra gələndə Elşən Rüstəmova dublyor kimi gəlmişəm. Elşən Rüstəmov “Əlibaba və 40 quldur” tamaşasında Əlibaba rolunu oynayırdı. Mənsə “Ələddin” tamaşasında Vəzir obrazını canlandırırdım. “Gənc aktyorlara da riskə getmək lazımdır, onlara bu şans verilməlidir”- deyə düşünürəm. Teatra yeni gələn aktyor səhnədə ilk çıxışı təbii ki, çiy alınacaq, ancaq 2-3 dəfə tamaşanı oynayandan sonra həmin aktyorun hərəkətlərində, oyununda xeyli dəyişikliklər olur. Əvvəllər belə bir qanun var idi ki, əgər teatrda işləməyə başlayacaqdınsa bütün tamaşaları diqqətlə izləməli idin, məşq edilmədən, rejissor hər an səni tamaşaya çağıra bilərdi. Teatra yeni gəldikdə içimizdə qorxu var idi. Oturduğumuz yerdə rejissor deyirdi ki, məsələn, kirpi maketini geyin, səhnədə oyna. “Sözləri bilmirəm və ya necə canlandıraram” sözü ola bilməzdi.

- “Romeo və Culiyetta” yeni quruluşda təqdim olunduqdan sonra, bu birmənalı qarşılanmadı. Klassik əsərə rejissor müdaxiləsi sizin zövqünüzdə idimi?
- Mən rejissorun işinə heç zaman qarışmamışam, çünki onun öz düşüncəsi, öz aspektləri var. Rejissor tamaşaya quruluş verərkən bizimlə məsləhətləşmir. Bizdən tələb olunan odur ki, öz rolumuzun öhdəsindən gələk. Hərdən olurdu ki, öz rolum barədə deyilənlərlə razılaşmırdım. Mirzəağa Mirzəyev mənimlə dublyordur, o oynayanda bu obraz tamam fərqli alınır. Bizim ifalarımız tam fərqli olur, çünki rəqslərdə çox dəyişikliklər etmişəm. Culyettanın mənimlə rəqsi tamam başqadır, Mirzağa ilə tamam başqa. Tamaşa rejissorun adı ilə bağlıdır. Düzdür, səhnədə tamaşaçılarla təmasda aktyor olur, ona görə də çalışıram ki, rejissorun dediyini, öz düşüncəmdəki obrazla ortaq məxrəcə gətirim və o şəkildə tamaşaçılara obrazımı nümayiş etdirim.
- Bu mövsümdən etibarən teatrın baş rejissorluğu Bəhram Osmanova həvalə olunub. Onun teatra gəlişindən nələr gözləyirsiniz?
- Bəhram Osmanov bizim teatra yad bir insan deyil. O, kollektivi Cənnət Səlimovadan qabaq tanıyır və bizim tamaşaları uzun müddətdir ki, hazırlayır. Bəhram Osmanov quruluş verdiyi Əjdər Ola məxsus “Molla Nəsrəddin Əmir Teymurun filləri” tamaşasında mənə 4 obraz həvalə etmişdi. Bundan başqa teatrımızda “Viktoriya”, “Hacı Qara”(bərpa edib) kimi tamaşalara quruluş verib. Bəhram Osmanovun hazırladığı tamaşada aktyorun çiyinlərinə elə də böyük yük düşmür. O, bütün kollektivlə işləyəcəyinə söz verib. Gələn kimi, bütün kollektivi yığdı və aktyorların fikrini öyrəndi, nə kimi dəyişiklər istədiyimizlə maraqlandı.
- Sizcə nəyə görə bizim gənc aktyorlarımız xaricdə tanınmırlar?
- Əhalinin sayı, kütlənin televiziyaya marağı hər ölkədə başqa formadadır. Məsələn, Türkiyənin əhalisi 75 milyondur, bizdə isə 9 milyon. Bizdə serial gedəndə bu seriala 100 min adam baxsa sevinirik. Türkiyədə isə ən azından minimum 1 milyon adam baxır. Göstəricilər tam fərqlidir.
- Sizcə əhalinin sayı tanınmağa mane olur?
- Yox, deməzdim mane olur. Son zamanlar bizdə sosial şəbəkələrə, internet saytlarına maraq güclənib. İnternet saytlarının da dünyada tanınmaqda böyük rolu var. Bizim internet vasitəsilə tamaşalarımızın xarici saytlarda yerləşdirilməsi bir çox vasitələrlə qarşısı alınır. İndi biz çalışırıq ki, tamaşaçılarımzı çəkib internet saytlarında, elə öz səhifəmizdə göstərək. Bizim teatrın internet saytının düzəlməsi də bir az gecikir. Teatra bununla məşğul olan peşəkar insan lazımdır. Tamaşaların reklamı, Azərbaycan teatrında demək olar ki, yox səviyyəsindədir.

Seriallarımız fərqlidir

- Bizdə çəkilən seriallar tamaşaçıları o qədər də qane etmir. Siz necə, çəkilən serialların keyfiyyətindən razısınızmı?
- Biz heç nəyi bəyənmirik, hər şeyin də yaxşısını istəyirik. Elə götürək qonşu Türkiyəni, onlar da yeni serial çəkiminə başlayanda keyfiyyətsiz çəkilib. Ancaq indi Türkiyə serialları dünyanın ən məşhur seriallarından biri hesab olunur, hardansa başlamaq lazımdır. Heç kim birdən-birə yüksək səviyyəli serial çəkmir. Hazırda çəkilən serialları görəndə sevinirəm. Hansı rejissorla danışıramsa seriala çəkmək üçün aktyor axtarır. Bu sevindirici bir haldır ki, aktyorların, rejissorların artıq işləri var. Aktyor avara qalmır, ya da ki, təkcə teatrla kifayətlənmir. Bütün serialların baş qəhrəmanları Gənc Tamaşaçılar Teatrının aktyorlarıdır. İstedadlı cavanlarımız çoxdur. İnsanlar bir az səbrli olsunlar, hər şey düzələcək. Bizim üçün tamaşaçının fikri çox önəmlidir.

- “Qaynana” seriyalında ekran arxasında nələr baş verir?
- İçəri girişdə belə bir söz yazılıb: “Serialın keyfiyyətli olması üçün bu qapıdan girərkən gülərüz olmanız vacibdir”. Yəni əhval-ruhiyyə olanda serial daha yaxşı və keyfiyyətli alınır. Azərbaycanda yeganə olaraq “Qaynana” ilə “Aramızda qalsın” serialları türklərin serial prinsipləri əsasında çəkilir. Onların qurduğu sistemlə işləyir və bunu heç cürə dağıtmaq mümkün deyil.

Xəyalə Rəis