• cümə, 29 Mart, 14:46
  • Baku Bakı 14°C

6 manatdan 155 manata qədər

13.06.17 13:00 3584
6 manatdan 155 manata qədər
"Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir”. Bu ifadə amerikalı alim Benjamin Franklinə aiddir. Bu prizmadan yanaşsaq, hər kəs istirahətə müəyyən qədər vaxt ayırmalıdır. Hər fəsildə istirahət etmək mümkün olsa da, insan daha çox yayda istirahətə ehtiyac duyur və vaxtına və "cib”inə uyğun istirahət növünü seçir.
Əvvəllər ölkəmizin əhalisi daha çox xarici ölkələrdə istirahətə meyl etsələr də, son illər yerli turizm xidmətlərindən yararlananların sayı artıb. Bunun bir səbəbi manatın məzənnəsinin düşməsidirsə, digər tərəfdən də ölkədə turizm inkişaf edir. Azərbaycana gələn turistlərin sayında dəfələrlə artım olması da bunu əyani şəkildə göstərir. Bəs ölkəmizdə bir nəfərin bir günlük istirahəti neçəyə başa gəlir? Bu sualla ölkədə yerləşən müxtəlif turizm obyektlərinə müştəri qismində müraciət etdik. Ən çox istirahət etmək istəyənlər avqust ayında olduğu üçün biz də bu zaman kəsiyi üçün təyin edilən qiymətlərlə maraqlandıq.
Günü 90, 40, 10-15 manatla Şəki gəzintisi...
İlk olaraq Şəkidən başlayaq. O Şəkidən ki, sakinlərinin yumor hissi bir tərəfə, paxlavasının, pitisinin dadı damaqdan getmir. "Sheki Palace” otelindən bildirdilər ki, onlarda bir nəfərlik otaq yoxdur. İki nəfər üçün nəzərdə tutulan standart otaqda qala bilərik. Otağın qiyməti 90 manatdır. Bu ödənişi etməklə yalnız səhər yeməyi və SPA mərkəzinin xidmətindən yararlanmaq mümkündür. Axşam və günorta yeməyi daxil olan menyu yoxdur.
Şəki Narın Qala İstirahət Mərkəzində də standart kotejlər iki nəfərlikdir. Kotejin qiyməti 50 manatdır. Qiymətə yalnız səhər yeməyi daxildir. Günorta və axşam yeməyi daxil olan paket yoxdur. Bildirildi ki, restoranda seçilən menyudan asılı olaraq günorta və axşam yeməyinin xərci dəyişə bilir. Ümumi təcrübəyə əsaslanaraq, dedilər ki, ən çoxu 40 manat gedər.
Bundan başqa, Şəkidə həyət evlərinin bir çoxunun qapısı turistlərin üzünə açıqdır. Müxtəlif qiymətə öz evini qonaqlara verənlər var. Məsələn, bütöv kirayənlənməsi 70 manata olan evlər var. 4 nəfər qrupla getdikdə, bir gün üçün adambaşına 10-15 manat ödəniş etməklə qalmaq olar.
Cənub bölgələrində 6 manatdan başlayan istirahət...
"Uzunömürlülərin diyarı” adlanan Lerikə səfər etmək istəyənlər də az olmur. Burada da yerinə görə fərqli qiymətə xidmətdən yararlanmaq olar. "Lerik Relax” Turizm və İstirahət Mərkəzində də standart 2 nəfərlik otaqlar var. Bu otaqları bir gün götürmək üçün 80 manat ödəmənməlidir. Qiymətə səhər yeməyi, oteldə qalmaq, hovuz və "Aqua park”dan istifadə, əyləncə yerlərinə giriş və s daxildir. Əlavə nə isə sifariş verilsə, ödənişli olacaq.
Amma burada gün ərzində 3 dəfə qidalanmaq üçün paket də var. Neçə gün qalacağından asılı olaraq qiymət dəyişir. Bir nəfər əgər 1-2 gün qalacaqsa, gündəlik 70, 3-4 gün qalacaqsa, 65 manat ödəyəcək. Ən güzəştli variant bir həftə və daha çox qalanlar üçün tətbiq olunur. Belə ki, əgər gündə 3 dəfə qidalanma olan paketi seçsəniz, bir günə 50 manat ödəyəcəksiniz. Bu qiymətə oteldə qalmaq, 3 dəfə yeməklə yanaşı, "Aqua park”, hovuz, əyləncə yerlərindən istifadə daxildir.
Lerikdə yerləşən Cənub Turizm İstirahət Mərkəzində hazırda standart otaqların qiyməti 60 manatdır. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Başqa xidmətlərdən yararlanmaq üçün əlavə ödəniş etmək lazımdır. Lakin avqust ayı üçün bu qiymət 80 manat olacaq. Bildirildi ki, günorta və axşam yeməyi daxil olan paket yoxdur. Bəzi yeməklərin qiymətlərini də öyrəndik. Belə ki, kabablar 5 manat, toyuq kababı 3 manatdır. 20 manat toyuq, 25 manat quzu sacıdır.
Saymaqla bitməyəcək qədər turistləri cəlb edən maraqlı tərəfləri olan Lənkəranda yerləşən Palıdlı Sahil İstirahət Mərkəzində standart boş otağın qiyməti 50 manatdır. Qiymət yalnız otaq üçündür. Əgər bir nəfər otağı tək götürsə, səhər yeməyi də daxil edilir. Günorta və axşam yeməyi də əlavə olunanda qiymətin üzərinə 10 manat gəlir. 60 manata həm qalmaq, həm yemək.
Lənkəranda da ev şəraitində qalmaq istəyənlər üçün imkanlar var. Müxtəlif qiymətə evlər təqdim olur. Qidalanma olmadan bir nəfərin ev şəraitində qalması üçün 6 manata da yer tapmaq olur. Amma qiymətlər yerinə görə dəyişir.
Qaxda bir gün...
Gözəl təbiəti olan Qax rayonunda istirahət etmək istəyənlər "El Resort Hotel”i seçsələr və indidən qeydiyyatdan keçsələr, qiymətdə güzəşt olur. Bir nəfər bir günə 128 manat ödəməklə həm oteldə səhər yeməyi və həm də SPA mərkəzlərinin xidmətlərindən istifadə edə bilər. Əgər günorta və axşam yeməyinin də paketə daxil olmasını istəyirsinizsə, bunun üçün 25 manat ödəmək lazım olacaq. Yox, əgər tək günorta və ya axşam yeməyinin daxil olmasını istəsəniz 15 manat ödəməlisiniz.
"Səngər Qala” İstirahət Mərkəzində isə 2 nəfərlik standart otağın qiyməti 80 manatdır. Bu qiymətə yalnız səhər yeməyi daxildir.
Bu bölgəmizdə də evlərini turistlərə təqdim edənlərin xidmətindən yararlanmaq mümkündür. Bir otağının günlük kirayəsi 20-30 manata olan evlər var. Bəzilərində qiymətə səhər yeməyi də daxil olur. Bir həftədən artıq qalanda 5 manat endirim də edilir.
Qusarda bir günlük istirahət 155 manata
"Şimal qapısı” adlandırılan Qusar istirahət etmək üçün Şahdağ Turizm Mərkəzində iş günləri və həftə sonu üçün qiymətlər fərqlidir. Bir nəfərin bir gün istirahət etməsi üçün həftə içi qiymət 135, şənbə və bazar günləri 155 manatdır. Bu qiymətə səhər yeməyi, SPA xidməti, internet, bank xidmətləri və ƏDV daxildir. Əgər nahar və axşam yeməyini də oteldə yemək istəsəniz, əlavə 50 manat ödəməlisiniz.
"PARK QUSAR” Ailəvi İstirahət Mərkəzində standart 2 nəfərlik kotejlərin qiyməti minimum 80 manatdır. Qiymətə yalnız səhər yeməyi daxildir. Əksər xidmətlər ödənişlidir. Günorta və axşam yeməyi isə ümumilikdə restoranda 20-30 manata başa gəlir. Adam çox olanda güzəşt də edilir.
Qusarda, Şahdağın ətəyində mənzərəli bir məkanda yerləşən "SUVAR” Dağ Turizm Mərkəzində 2 nəfərlik kotejin qiyməti 50 manatdır. Bir gün qalanlar üçün bu qiymətə sadəcə gecələmək xidməti daxildir. Əgər 2-3 gün qalsanız, səhər yeməyi də əlavə edilir. Ümumilikdə isə menyuda qiymətlərin münasib olduğu bildirildi. Dedilər ki, kabablar 5, salatlar 2, kənd toyuğu 15 manatadır.
Qusarda bir otağını günlük 25-30 manata turistlərə verən ev sahibləri var. Hətta səhər, günorta və axşam yeməkləri də təqdim edilən evlər də tapmaq mümkündür.
Qəbələdə bir günlük gecələmə qiyməti 20-125 manat arasında dəyişir
Tarixiliyi ilə yanaşı, əsrarəngiz təbiəti, inkişaf etmiş infrastrukturu və bir çox digər özəllikləri turistlərin diqqətini Qəbələyəyönəldir. Burada da fərqli qiymətlər təklif edilir. Əgər seçim "Qafqaz Resort" Hotel olarsa, burada bir nəfərin bir gün qalması üçün qiymət 125 manatdır. Qiymətə səhər yeməyi, hovuz, türk hamamı, buxar hamamı, sauna və idman zalı daxildir. Günorta və axşam yeməyi daxil olan paket yoxdur.
Qəbələdə yerləşən "Duyma" İstirahət və Sağlamlıq Mərkəzində 2 nəfərlik standart otaqların qiyməti 70 manatdır. Bu qiymətə səhər yeməyi daxildir. 3 dəfə qidalanma paketini seçənlər bir gün üçün 60 manat ödəməlidirlər. Bir həftədən artıq qalanda bu 55 manat olur.
Qəbələdə də evlərdə qalmaq üçün şərait var. Bir otağın kirayəsi 20 manata olan yerlər tapmaq olar. Amma evlərin ortalama kirayə qiyməti 40-50 manatdan başlayır.
Mingəçevir, Quba, Altıağacda "Cənnət Bağı”
"Cənnət Bağı” Şirkətlər Qrupundan isə Quba, Mingəçevir və Altıağacda istirahət qiymətləri ilə maraqlandıq.
"Cənnət Bağı” – Quba-da standart iki nəfərlik otağın qiyməti 80 manatdır.
Mingəçevirdə "Ağsaray Deluxe Hotel"də otaq iki nəfərlik olsa da, 3 nəfərin də qalması mümkündür. Otağın qiyməti 90 manatdır.
"Cənnət Bağı” – Altıağac-da da standart otaq iki nəfərlikdir. Amma 3 nəfərin də qalması mümkündür. Qiymət 90 manatdır.
Bu üç məkandan hansını seçsəniz, oteldəki qiymətə səhər yeməyi, açıq və qapalı hovuzdan istifadə, fitnes daxil olacaq. Günorta və axşam yeməyi daxil olan bir paket yoxdur. Amma axşam yeməyini razılaşdırdıqda 17-20 manat arası olur.
Göründüyü kimi, müxtəlif regionlarda yerləşən istirahət mərkəzlərində ən müxtəlif qiymətlərə təkliflər var. Hər kəs cibinə müvafiq seçimlər edə bilər.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər