• çərşənbə axşamı, 19 mart, 09:54
  • Baku Bakı 8°C

6 illik dostluğun payı: sevgi dolu ailə - Ailə

21.09.18 11:00 2598
6 illik dostluğun payı: sevgi dolu ailə - Ailə
Bu günlərdə bir-birini tanımaqlarının 8 ili tamam oldu. Onun 6 ilini dost olublar, iki ildir ki, həm ailədirlər, həm də bir-birlərinin dostu, sirdaşı.
"Ailə” rubrikamızın budəfəki qonaqları İT mütəxəssisi Səfər Səfərov və xanımı, İR mütəxəssisi Mədinə Səfərovadır.

Tanışlıqları işlə bağlı olub. Eyni iş mərkəzində yerləşən fərqli şirkətlərdə çalışırmışlar və şirkətlər arasında əməkdaşlıq olduğu üçün istər-istəməz onlar da qarşılaşırmışlar. Mədinədən fərqli olaraq, Səfər ünsiyyətcil olmasa da, qısa zamanda dostlaşırlar.

Bir ay keçmədi, dostlaşdıq

Mədinə deyir ki, Səfərin özünü hamıdan uzaq saxlamağı onun diqqətini çəkirmiş: "Səfərgilin şirkəti bizim şirkətə xidmət göstərirdi. Ona görə, iş əlaqəsi ümumi olaraq var idi, amma Səfər özünü hamıdan uzaqda saxlayırdı. Çətinlikləri sevən adam olduğum üçün onun bizimlə ünsiyyət qurmamağı mənə maraqlı gəlirdi. Əməkdaşlıq olduğuna görə, onların şirkətinin işçiləri ilə bizim işçilər bir yol gedirdik, söhbətimiz olurdu. Mən çalışırdım elə mövzular açım ki, Səfərə maraqlı olsun. Beləcə, ünsiyyətimiz yarandı, heç bir ay keçmədən dostlaşdıq”.

Səfər deyir ki, dostluğun sevgiyə çevrilməsindən 2 ay öncə onlar ayrılmaq, dostluğu bitirmək qərarı verirlər: "2 ay ərzində bir-birimizə səbəblər gətirirdik ki, nəyə görə birlikdə ola bilmərik... Ya dostluq bitməli, ya da başqa formaya keçməli idi”.

Mədinə bildirdi ki, bu dostluq var ikən, onların şəxsi həyatında kiminsə olması bir az çətin məsələ idi: "Həyatımızda kimsə olsaydı və əks cinsin yaxın dost olduğunu desəydik, inanmıram ki, bu, müsbət qarşılanardı. İki ay mübahisə etdik və sonda dedik ki, dostluğa son verək, hərə öz həyatını yaşasın. Bu qərarı verdik, dostluğumuzu bitirdik, amma sabah gördük ki, yenə bir yerdəyik” (gülür).


Xəbərin var ki, ətrafda hamı bizi sevgili bilir?

Mədinə deyir ki, dost olduqları müddətdə onun tanışları arasında Səfəri kim görsə "sən korsan, görmürsən, o səni sevir?” – sualını verirmiş. O isə "biz dostuq” deyib, gülüb keçirmiş. Belə-belə, 6 il söhbəti uzadır, lakin bir gün sözgəlişi Səfərə deyir: "Xəbərin var ki, ətrafda hamı bizi sevgili bilir?” O da "düz deyirlər də, sən məni görmürsən” cavabını verir. Və beləcə, dostluqları sevgiyə çevrilir. 4 ay sonra nişan olur, sonra da toy.

"Dostluqdanyaranan sevgidahamöhkəm olur” kimi bir fikir var, onlar bununla nəinki razılaşırlar, hətta evlənmək üçün uyğun adam tapmadığını deyən tanışlarına "uzun müddət dostluq etdiyin, adam varsa, ən yaxşı namizəd odur” məsləhətini də verirlər. Səfərə görə bu cür evliliklərdə səni çox "sürpriz” gözləmir, evləndiyin adamı çox yaxşı tanıyırsan: "Heç nə sənə sürpriz olmur, o insan illərlə tanıdığın bir şəxs olur. Sadəcə, sevgili olanda onu yeni bir tərəfdən tanımağa başlayırsan. Amma insan həmin insandır. Və dostluq sevgiyə çevriləndə hansı addımı atdığını bilirsən. Biri var ki, tam olaraq tanımadığın bir insanla görüşməyə başlayırsan, nəyi isə münasibətdən sonra kəşf edirsən. Amma biri də var, hər şeyi bilirsən, bütün riskləri ölçürsən. Ailə qurmaq "sonra yaxşı olmasa, boşanaram” kimi asan bir şey deyil. Ailə qurmaq qərarını davamlı, ömürlük olmaq istəyi ilə verirsən”.


Səfər isə çəkinmədən deyərdi ki, almıram

Səfər çox ünsiyyətcil olmadığı və soyuqqanlı olduğu üçün Mədinə düşünürmüş ki, o, insanpərvər deyil. Dost olduqdan sonra isə əksini görür: "Bir xanım iş yoldaşım vardı, bəzən işdə əks cinsin nümayəndələrinə şokolad, dondurma aldırmağa çalışırdı, oğlanlar da bunu edirdilər. Səfər isə çəkinmədən deyirdi ki, almıram. Bu cür davranmağı məndə belə təəssürat yaradırdı ki, insanpərvər, diqqətcil adam deyil. Mən özüm hər kəsə qarşı diqqətli insanam, qarşımdakılardan da məhz bunu görmədiyim üçün məyus ola bilərəm. Dost olduğumuz müddətdə isə tamam başqa cür olduğunu gördüm. Bir dəfə yanında hansısa kitabı axtardığımı dedim, ad günümdə onu almışdı. İstəyin bir il onun yadında qalır, istədiyin bir şeyi edir. İndiyə kimi bu, belədir. Hətta dost olduğumuz müddətdə bəzən küsürdük, onda da diqqətindən qalmırdı, nə isə xahiş etsəydim, çətin olsa da, edəcəkdi”.

Səfər isə dostluq müddətində Mədinənin açıq sözlü olmasını, sözləri bəzəyib-düzəmədən dediyini kəşf edir və buna öyrəşir: "Bəzən insanlar hansısa irad bildirmək istəyəndə müəyyən bəzək verirlər, şirinlik qatırlar. Amma Mədinə elə deyil, fikrini açıq şəkildə deyir. Sən bunu niyə belə edirsən? Sən bunu filan şeyə görə düz etmədin və s. İlk vaxtlar fikirləşirdim ki, adam belə açıq şəkildə, çəkinmədən iradlarını deyə bilməz. Mən də o cür iradlara cavab verməyə söz tapmırdım. İndi də elədir”.


Bu məsələyə dostum kimi yanaş

Evləndikdən sonra da dostluqları davam edir. Hətta bəzən xanımının xoşuna gəlməyəcək söhbət etmək istəyəndə, Səfər, "bu məsələyə dostum kimi yanaş” deyir: "Hərdən lazım olur ki, hansısa məsələyə 3-cü bir şəxs baxsın, fikir bildirsin. Ona görə, hərdən deyirəm ki, buna dostum kimi bax, məsələni dostum kimi ona danışıram. Söhbət bitəndə isə deyirəm ki, indi həyat yoldaşı roluna qayıda bilərsən (gülür)”.

Dost olduqları müddətdə dalaşıb, küsülü qaldıqları vaxtlar olsa da, evləndikləri 2 il müddətində heç vaxt davaları olmayıb. Mədinə bunu, dostluğun gücü ilə əlaqələndirir: "Ailə həyatı qurandan sonra dedim ki, Səfərdən başqası ilə evlənə bilməzdim. Tanımadığın, dost olmadığın insanla sevgili olanda, adam münasibətdə daha eqoist olur, özünü daha önə çəkir, "sən mənim üçün onu-bunu etməlisən” deyə bilir. Amma dost olandan sonra evdə olan hansısa problemi böyütməyə çalışmırsan. Biz 2 ildir evliyik, hələ dava etməmişik. Hansısa müzakirəli məsələ olursa, oturub danışırıq. Tanıdığım bir çox ailələr yeni qurulanda cütlüklər evliliyin ilk 4-5 ayında hər biri özünü göstərməyə çalışır, öz sözlərini yeridir ki, qarşısındakı onun dediyi kimi etsin. Bir-birinə güzəştə getmirlər. Bir çox ailələr üçün ailənin oturuşması vaxt aparır, bizdə isə dostluq bu məsələni həll etmişdi”.
Qısqanclığa ehtiyac yoxdur

Və qısqanclıq hissi onlardan uzaqdır. Mədinə Səfərə inandığı üçün buna əsas görmür: "İnam yoxdursa, ailənin uzunömürlü olmasından söhbət gedə bilməz. Qısqancsınızsa, övladınız da varsa, bu, uşaq üçün də ziyanlıdır. Qısqanclığa ehtiyac yoxdur. Bu, o demək deyil ki, hər şeyi içində saxlayıb reaksiya verməməlisən. Sadəcə olaraq, kiminlə və niyə evləndiyini bilməli, qarşındakı insana inanmalısan”.

Səfər isə qısqanclığı əlavə stress adlandırdı: "Nəyə görə mehriban olmayaq ki? Stressə nə ehtiyac var?”

Evli cütlüklər çox zaman "həyat yoldaşımın sosial şəbəkə profilinin parolunu bilirəm” deyirlər. Mədinə və Səfər buna da ehtiyac görməyiblər. Mədinə deyir ki, bir insandan əmin olmaq üçün sosial şəbəkə profilinə nəzarət etmək heç də doğru üsul sayılmaz: "Məncə, özündən əmin olmayan insan qısqanır. İnsan nə isə etmək istəsə, bunun üçün min üsul var, sosial şəbəkədə etməyə bilər. Belə bir hal olsa, istər-istəməz adama pis təsir edər, amma oturub ancaq belə halın olma ehtimalını düşünsən, özünü mənfiliklə yükləyərsən. Hələ qarşındakına da bir mesaj ötürürsən ki, onsuz da pissən və sən xəyanət edə bilərsən”.

Səfər deyir ki, Mədinənin sosial şəbəkə profilinin parolunu istəmək ağlından keçməyib: "Sosial şəbəkə profilini izləməklə arxayın olmaq illüziyadır. Orda hər şey qaydasında olsa belə, insan xəyanət etmək istəsə, bunun üsulları çoxdur. Mən bir az soyuqqanlı insan kimi həm də bütün riskləri ölçürəm (gülür). Əgər, xəyanətə gedirsənsə, sən riskləri ölçməlisən. Bunu etsən, ailəni itirə bilərsən. Bunu düşünüb, sonra hansısa qərar verə bilərsən”.


Mənə görə, ev yığışdırmaq qadın işidir

Ev işlərinə gəlincə, Mədinə Səfərdən bu cəhətdən kömək istəmir, deyir ki, uşaqla bağlı kömək etsə, yetər: "Mənim atam çox erkən yaşlarından tək yaşayıb deyə, özü özünə qulluq edirdi. Valideynlərimlə yaşayanda nadir hallarda ev işlərini görərdim. Anam düşünürdü ki, ərə getmək istəmirəm, çünki atam kimi hər şeyi bacaran və özü edən birisini tapa bilmərəm. Ailə quranda Səfərlə qərarlaşdıq ki, o, mənə uşaq olanda kömək edəcək. Uşaqla bağlı nə lazımdırsa, bacarmasa da, soruşur, edir, gözəl də alınır. Mən hamilə olanda bir neçə dəfə ev işini görməyə də köməyi dəyib. Mənə görə, ev yığışdırmaq qadın işidir. Bir-iki dəfə ehtiyac olanda hansısa işi etmək olar, amma mən oturum, o durub evdə nə isə iş görsə, özümü narahat hiss edərəm.”

Səfər deyir ki, mətbəx xanımın zonası olduğu üçün o tərəfə qarışmır, hətta Mədinə evdə olmayanda özünə nəsə hazırlamaq üçün belə mətbəxə keçmir: "Mətbəx qabiliyyətim var, amma evə Mədinədən tez gəlsəm, heç nə hazırlamıram. Bəlkə, soyuducuda nəsə olanda, isidib yeyə də bilərəm. Amma adətən, yemək üçün Mədinəni gözləyirəm. Süfrədə ailəvi oturub yeməyin tərəfdarıyam”.


Həftə sonunu bütün gün bir yerdə olmağa çalışırıq

Həftənin 5 günü işdə olurlar və şənbə-bazarı adətən, bir yerdə keçirirlər. Mədinə deyir ki, hər zaman bu rejimi qorumağa çalışırlar: "Bir rəfiqəm var, onun ailəsi mənim üçün nümunədir. Onlar 5 gün işləyirlər, amma şənbə-bazar evdə olurlar. Bu adət mənim çox xoşuma gəldi və öz ailəmizdə onu tətbiq etdik. Biz də həftə sonunu bütün gün bir yerdə olmağa çalışırıq. Gəzirik, evdə oluruq, bir yerdə qonaq gedirik”.

Mədinə deyir ki, uşaq doğulan ərəfədə Səfər xəstəxanada onun yanında qalırmış: "Uşaq doğulanda Səfər 2 gecə xəstəxanada mənim yanımda qaldı. İşdən sonra gec də olsa, gəlirdi, səhər 5-də evə qayıdır, hazırlaşıb işə gedirdi. Xəstəxana işçiləri şokda idi. Gəlib gülə-gülə deyirdilər ki, yoldaşın yoxdur? Yazıq 12-də gəlir, 5-də gedir”.

Ana olmağa hazırlaşdığı ərəfədə etdikləri fotosessiya da maraqlı idi. Hətta bir çox adamın risk edəcəyi bir şey deyildi. Mədinə deyir ki, həyatlarının bu gözəl dönəminin belə tərzdə yadda qalmasını istəyiblər: "Bəlkə də uşaq böyüyəndə, heç bunu bəyənməyəcək, amma biz bunu etdik. Bu, həyatımızın gözəl anı idi, istədik ki, belə yadda qalsın”.

Onlara görə, ailəni möhkəm edən hörmət və səbirdir. Deyirlər ki, nişanlarında gələn-gedən "səbirli olun” deyirmiş, onlar da hamının niyə belə dediklərini düşünürmüşlər. Evlənəndən bir-iki ay sonra bunu başa düşüblər və indi onlar yeni ailə quran tanışlarına səbirli olmağı məsləhət gördüklərini deyirlər.

Uşaqla, onun tərbiyəsi ilə hər ikisi məşğul olur. Deyirlər ki, uşaq tərbiyəsi ilə bağlı fərqli kitablar oxuyurlar. Sovet dövründən qalma və müasir yanaşmaların hamısını oxuyub, özlərinə yararlı olan ortaq bir tərbiyə üsulu çıxarırlar.

Aygün Asimqızı







banner

Oxşar Xəbərlər