• cümə, 26 Aprel, 14:33
  • Baku Bakı 23°C

6 ay yaşadıq...

23.04.15 06:52 1467
6 ay yaşadıq...
Rusiyada VVAQ şöbələrinə internet vasitəsilə ərizə vermək mümkünləşib. Ölkədə “Vətəndaşların vəziyyəti aktları haqqında” qanunun aprelin 1-dən qüvvəyə minməsi artıq nikahın qeydiyyatını da onlayn həyata keçirməyə imkan yaradıb. Onlayn xidmət insanların vaxtına qənaət etməyə yönəlib. Belə ki, artıq sevgililər VVAQ şöbələrinin qarşısında növbəyə durmağa, nikahlarını qeydiyyata salmağa çox vaxt sərf etməyəcəklər. Eyni zamanda, kimin nikahda bəxti gətirmirsə, boşanmasını da bu qayda ilə rəsmiləşdirə bilər. İnternetlə həmçinin uşağın doğumu, ölümü və ya atalığın bərpası qeydiyyata alınacaq. Belə ki, kompüterin qarşısında oturub 3-4 dəqiqə vaxt sərf etməklə və ya əlindəki mobil telefonla bütün bürokratik əngəlləri adlamaq mümkün olacaq. Məsələn, əgər əvvəllər vətəndaşlar VVAQ şöbələrinə ərizə, pasportun surəti, dövlət vergisini ödəmələri haqqında qəbz təqdim edirdilərsə, indi həmin sənədlərin surətini elektron imza ilə göndərmək mümkündür. VVAQ şöbəsinə ərizəni ixtisaslaşmış elektron imza ilə, məhkəməyə isə adi elektron imza ilə yazıb vermək mümkün olacaq.
Rusiyada aparılan statistikaya görə, ötən il ölkədə nikahların sayı azalıb. Boşanmaların sayı isə əksinə, artıb. Psixoloqlar isə məsələnin psixoloji anlarına diqqət çəkirlər. Belə ki, VVAQ şöbəsinə gedilən yolda tərəflərin canlı görüşü zamanı mübahisə edən ər-arvad münasibətlərini aydınlaşdıra, hətta barışa bilərdilər. İndi isə Rusiyada: “Texnologiyalar rusiyalıları bu cür imkandan məhrum etməyə və ayrılıqları sürətləndirməyə başlayıb” - deyə narahatlıq keçirirlər.
Rusiya Demoqrafiya İnstitutunun direktoru Anatoliy Vişnevski isə hesab edir ki, əgər insanlar ayrılmağa qərar veriblərsə, onların qarşısını heç nə ala bilməz: “Sovet dövründə belə bir dönəm vardı. Ər-arvad ayrılmaqları haqqında qəzetdə elan verirdilər. Bu, indiki kimi ailəni saxlamağa kömək etmirdi”.
Rusiyada həmçinin məhkəmə vasitəsilə onlayn boşanmanı həyata keçirən ayrı-ayrı şirkətlər də fəaliyyət göstərir. Belə ki, onlayn boşanma nikahın ləğvi ilə bağlı ən əlverişli və sərfəli onlayn xidmət sayılır. Şirkətlər öz elanlarında: “Nikahın ləğvi üzrə bizim ixtisaslaşmış-hüquqi xidmətimiz bütün Rusiya üzrə işləyir. Biz müştərilərə xidməti daha sadə və uyğun üsullar, az səy və xərclə həyata keçiririk”- deyə bildirirlər. Əlavə edirlər ki, indiyə qədər heç bir məhkəmə onların müştərilərinin boşanmaları ilə bağlı müraciəti rədd etməyib: “Ona görə biz sizə 100 faiz təminat veririk. Siz məhkəmənin qərarını da onlayn qaydada alacaqsınız”.
11 min 700 ailə üzrə boşanma
Qeyd edək ki, Azərbaycanda da boşanmaların sayı ilbəil artır. Belə ki, statistikaya görə, 2014-cü ildə 11 min 700 ailə üzrə boşanma qeydə alınıb. 2012-ci ildə boşanma faktlarının sayı 11 min idisə, 2011-ci ildə bu rəqəm 10 min 700, 2010-cu ildə isə 8900 olub. Evlənənlərə gəlincə, ötən il rəsmi nikah bağlayanların sayı da 2012-ci ildəkindən çoxdur. Ötən il 86,3 min nikah qeydə alınıb, 2012-ci ildə bu rəqəm 78 min 480 olub. Rəqəmlərdən görünür ki, hər il ölkədə bağlanan nikahların təxminən 13-14 faizi qədər boşanma faktı qeydə alınır. Tərəflərin bir-birini başa düşməməsi, xırda bir məsələyə görə geniş müzakirələr təşkil etməsi, qadın hüquqlarının tapdalanması, xəyanət və s. kimi amillərin son nəticəsi boşanma ilə sonuclanır. Tərəflər əksər hallarda boşanmaqla hər şeyi həll edə biləcəklərini düşünürlər. Lakin boşandıqdan sonra yarana biləcək çətinliklər qərar qəbul edərkən bəzi hallarda arxa planda qalmalı olur. Psixoloqlar bildirirlər ki, boşanmalar azyaşlılara da təsirsiz ötüşmür. Ata-anası boşanan azyaşlıların həyat səviyyəsi, düşüncələri yaşıdlarından fərqlənir.
“Gənclər bir-birlərinə güzəştə getmək istəmirlər, ailədə baş verən çətinlikləri danışıqlar yolu ilə həll etməyi düşünmürlər”- deyən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, bu tendensiya aidiyyəti orqanlar üçün “SOS” siqnalı olmalıdır.
İnsanlar o vaxt boşanırlar ki...
Hərçənd ki, yaxın vaxtlara qədər ölkədəki boşanmalarda və bağlanan nikahlarda elektron xidmət rol oynamayıb. Necə deyərlər, hər iki proses sovet dövründə olduğu kimi həyata keçiilib. Ancaq artıq ölkəmizdə Ədliyyə Nazirliyinin xidmətinə nikahın pozulması və bağlanması ilə bağlı müraciətdə elektron qayda tətbiq edilib. Həmçinin ASAN Xidmət də bu sferada əhaliyə xidmət göstərir. Bəs elektron xidmətin insanların nikaha girməsi və ailələrin nikah bağlamasında hansı rolu var? Rusiyadakı psixoloqların gileyinə bizdə də əsas varmı?
Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı artıq bizdə boşanma və evlənmə ilə bağlı müraciətlərin onlayn həyata keçirildiyini bildirdi: “Bizdə prosesdə yalnız ərizə qəbulu həyata keçirilir. Yəqin ki, bu prosesdən sonra insanlar müvafiq qurumlara dəvət edilərək onlarla söhbət edilir. Ümumiyyətlə, dünyanın hər yerində boşanma qərarı verən insanlarla psixoloqlar söhbət edir, məsələni araşdırmağa çalışırlar”. Psixoloqun sözlərinə görə, tərəflər boşanmaq üçün onlayn müraciət edəndə belə, dərhal onların müraciətini həyata keçirmirlər. Belə ki, ilkin mərhələdə sənədləri elektron qaydada göndərmək olar: “Əgər müddət qoyulursa, ola bilər ki, həmin müddətdə onlar barışsınlar. Kimsə orada məsləhət versə ki, gedin, barışın, bu, onsuz da heç nəyi dəyişmir. Yəni kiminsə məsləhəti ilə heç kim barışmır. Əgər onların məsələhətinə kimsə qulaq asacaqsa, əlbəttə, onda üz-üzə görüşmək vacib olardı. Bəzən kimsə boşanmağa qərar verir. Ancaq müraciət edəndə hiss edirsən ki, boşanmaq istəmir. Adamlar da var ki, faktiki ayrı yaşayırlar. Onların boşanma üçün ərizə verməyə vaxtları olmursa, elektron qaydada müraciət onların işini asanlaşdırır”. Psixoloq hesab edir ki, prosedur sadəcə olaraq prosesi asanlaşdırmaq və vaxt itkisini azalmaq məqsədi daşıyır: “İnsanlar o vaxt boşanırlar ki, artıq ortada heç nə qalmır – nə xətir-hörmət, nə qarşılıqlı anlaşma. İnsanların qərarları ilə sənədləşmə arasında bağlılıq yoxdur. İndi insanlar, xüsusən gənclər qərar verəndə heç kəsin fikrini dinləmirlər”.
Texnikanı tətbiq etmək əvəzinə
Sosioloq Əhməd Qəşəmoğlunun isə boşanma və nikahla bağlı müraciətlərin elektron qaydada həyata keçirilməsinə münasibəti fərqlidir. Onun fikrincə, Rusiya və Qərbdə hansı yeniliklər həyata keçirilirsə, biz onları təkrar etməməliyik. Belə ki, bizim həyatımızda ailə institutu həmişə fərqli rol oynayıb. Mədəniyyətimizdə və tariximizdə də ailənin öz yeri var: “Ümumiyyətlə, bəşəriyyət yaxınlarda o qərara gələcək ki, ailə məsələlərinə daha çox diqqət vermək lazımdır. Yəni bu məsələlərə indiki kimi dırnaqarası baxmaq olmaz. Bu cür taleyüklü məsələləri yeni texnologiyaların köməyi ilə həyata keçirməyə ehtiyac yoxdur”. Sosioloq hesab edir ki, bu sahədə onlayn xidmət ailə institutunun dağılmasına birbaşa xidmət edən məsələlərdən biridir: “Mənə elə gəlir ki, bu işi həyata keçirmək üçün texnikanı tətbiq etmək əvəzinə, ailənin barışmasına xidmət edən yeni xidmət yaradılmalıdır. Biz ailənin müdafiə sisteminə daha çox xidmət etməliyik, nəinki onun dağılmasına rəvac verən məsələlərə. Bunun üçün təbliğati proqramlar həyata keçirilməli, media məsələni diqqətdə saxlamalıdır. Ailə dağılmalarının qarşısı bütün vasitələrlə alınmalıdır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər