55 illik ömür karvanı
Qarşımda bir "Ömür karvanı” var. Əməkdar jurnalist
Akif Təvəkküloğlunun 55 illik "Ömür karvanı”. Vərəqləyirəm... Ötüb-keçənlər,
yadda qalanlar, unudulmayanlar, xatirələr, təəssüratlar, bütün bunların bədii-publisistik
ovqatı, eyni zamanda poetik misralar, şeirlər toplanıb kitabda. Hörmətli millət
vəkili, akademik Nizami Cəfərov da ürəklə ön söz yazıb Akifin "Ömür karvanı”na.
Amma Nizami müəllimin sözü olmasın, doğrudan, heç mən də Akifin bədii
yaradıcılıqla məşğul olduğunu bilmirdim. Düşünürdüm ki, mənim tanıdığım Akif,
sadəcə, uzun illər ciddi televiziya proqramlarının aparıcısı olub,
televiziyadan sonra isə Milli Məclisin mətbuat
xidmətinin rəhbəridir, rəsmi adamdır...
Məncə, Akif Təvəkküloğlu elə insanların da göz
yaddaşında daha çox Azərbaycan televiziyasının səlis nitqli, aydın diksiyalı,
xoş sima aparıcılarından biri kimi qalıb. Və inanmıram, kimsə o simanı
xatırlamasın. Çünki Akifin vaxtında telekanalların sayı az idi, elə aparıcıları
da barmaqla saymaq olardı. O isə televiziyada müxtəlif ictimai-siyasi verilişlərin,
"Xəbərlər”in, "Həftə” analitik informasiya proqramının aparıcısı, həm də düz 5
il bu proqramın rəhbəri olub...
****
Akif jurnalistikaya başqa sahədən gəlib. Bakı Dövlət
Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsini bitirib – fərqlənmə
diplomu ilə. Sən demə, hələ İmişlidə yaşadığı illərdə yazı-pozuları da varmış,
amma üzə çıxarmayıb. Tələbəlik illərində də fəal, zirək olub, ikinci kursda
fakültə komsomol təşkilatının katibi seçilib. Universiteti bitirəndən sonra 5
il Kitab Palatasında filial müdiri, şöbə müdiri vəzifələrində çalışıb. Sonra
"ömür karvan”ı onu "Molla Nəsrəddin" jurnalına gətirib. Şair Baba Vəziroğlunun
dəvətilə burada şöbə müdiri işləyib. Lakin jurnalın ömrü çox qısa olub. Yol bu
dəfə Akifi elə dostu Baba Vəziroğlu ilə birgə Azərbaycan televiziyasına gətirir,
1991-ci ildə. Baba Vəziroğlu "Bakı studiyası”na rəhbər, Akif isə şöbə müdiri təyin
edilir. Onun televiziyaya gəlişinə ən çox sevinən, rəhmətlik atası Təvəkkül
kişi olur. Hər dəfə televiziyada tələbələri görəndə "bircə mənim də oğlum tələbə
olsaydı, onu televiziyada görsəydim...” deyən atası. Onda Akif hələ orta məktəbdə
oxuyurmuş. Atasının arzusu isə çin olur, oğlunu nəinki bir-iki dəfə, hətta uzun
illər ölkənin birinci televiziyasının ekranında görür...
Akif Təvəkküloğlu 2006-cı ilə qədər televiziyada
işlədi və özü dediyi kimi, "burada missiyasını başa vurub” getdi. İndi həmin
illəri belə dəyərləndirir: "Çətin dövrlərdə işlədim, indiki müasir avadanlıq, şərait
yox idi, amma uğurlu oldu, istədiyim kimi işləyə bildim. Televiziya bir qırmızı
xətt kimi keçdi ömrümdən...”. Amma AzTV-dən uzağa getmədi, Milli Məclisə getdi,
mətbuat xidmətinin rəhbəri təyin edildi, dövlət qulluqçusu oldu. Sonralar özü də etiraf edəcəkdi: "Bu, mənə böyük etimad idi”. Və etimadı
doğrultdu, yeni işində də məsuliyyətli oldu, fərqləndi,
özü ilə Milli Məclisin mətbuat xidmətinin fəaliyyətinə bir qaynarlıq, bir
canlanma gətirdi. Qanunverici orqanla ayrı-ayrı mətbuat xidmətləri arasında
möhkəm, səmimi bir mənəvi körpü yaratdı. Müsahibələrində "yenə televiziyadayam,
mətbuatdayam, özümü çox yaxşı hiss edirəm” dedi. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar jurnalist”
fəxri adına layiq görüldü, 2017-ci ildə jurnalistlər üçün tikilən binada ona da
mənzil verildi. Sevincini belə bölüşdü: "55 illik yubileyimin ən böyük hədiyyəsini
cənab Prezident İlham Əliyevdən aldım. Çox minnətdaram, bu, işimə verilən çox
gözəl qiymətdir...”
****
Akif AzTV-də işləyəndə onunla eyni otaqda əyləşirdik,
"Həftə” analitik informasiya proqramının qrupu üçün ayrılan otaqda. Cəmi üç nəfər
idik: o, mən, bir də hər zaman minnətdarlıqla xatırladığım, işinin peşəkarı, cəfakeş
rejissor, gözəl insan Rafiq Fəttahov (Rafiq müəllim indi təqaüddədir, Allah
ömür versin). O boyda proqramın yükü, demək olar ki, üçümüzün çiynində idi.
Akif çox məsuliyyətli idi, "Həftə”nin ciddiyyətini, məsuliyyətini yaxşı başa
düşürdü. Bundan başqa, bəzi canlı yayımların, ekspromt xəbər buraxılışlarının
aparıcısı kimi də həmişə "start”da olardı...
Akifin canıyananlığı, valideynlərinə diqqəti, ailəsinə
bağlılığı həmişə diqqətimi çəkirdi. Gün ərzində neçə dəfə rayona, anasına zəng
vurur, hər dəfə də valideynlərini təkidlə Bakıya çağırırdı, amma onları heç cür
razı sala bilmirdi. Səbəbini mənə danışdığı gün isə özümə gələ bilməmişdim,
doğrudan da, "ağlayanın bir dərdi, gülənin min dərdi” varmış, deyə düşünmüşdüm.
Əslində, Akif ağrısını dilə gətirən, problemini qarşısındakı insana ötürən biri
deyil, kədərini gizlətməyi bacarır. Amma həmin gün danışmışdı və kövrəlmişdi, məni
də kövrəltmişdi. Onda bilmişdim ki, bir neçə ilə əvvəl ailəsi, valideynləri çox
böyük faciə yaşayıb. 20 yaşlı bacısı və qardaşı, bacısının qucağındakı körpəsi, xalası oğlu və xalası
qızı eyni avtomobil qəzasında həyatlarını itirib. Eyni gündə bir evdən 5 əziz insan torpağa verilib... Akifgil iki bacı, iki qardaş
imiş. "Ayrılıq olan yerdə hər şey ağrılıdır, dözülməzdi. Anamgil qəbirləri
qoyub Bakıya gələ bilmir, onları heç cür yola gətirə bilmirəm”. Akif belə demişdi. Heç atasının ölümündən sonra da
anası Suğra xalanı yola gətirə bilmədi. İndi də hər həftə sonu İmişliyə gedir,
anasına, bacısına baş çəkir... Bir dəfə Akif özü də "Xəbərlər”in çəkiliş qrupu
ilə Binə hava limanına xarici qonaqları qarşılamağa gedəndə avtomobil qəzasına
düşmüşdü. Həmin gün axşam saat 8-də isə ana xəbəri aparmalı idi. Özünü ələ alıb
oxumuşdu xəbərləri. Sonra studiyadan birbaşa xəstəxanaya aparmışdılar onu, əməliyyat
olunmuşdu və şükür Allaha, hər şey yaxşı qurtarmışdı. Onda Akif yenə də özündən
çox, atasını-anasını fikirləşmişdi, hadisəni, təcili əməliyyat olunmasını gizlətmişdi
onlardan...
****
"Üst-üstə götürəndə, 55 ilimin ağrılı-acılı günləri
daha çoxdur. Amma mən onların hamısını "olacaq”, "tale, qismət, alın yazısı”
kimi qəbul edirəm. Çalışıram, ürəyimdə yara açmasın, yoxsa yaşamaq olmaz, axı
doğmalarım var, mənsiz onların halı necə olar?” deyir. Yəqin elə buna görə də həmişə
nikbindir. Həddən artıq gülərüz
insandır. Ən çətin anlarda, ən qayğılı vaxtlarda da heç nə üzündəki təbəssümə
qalib gələ bilmir. Özü dediyi kimi, həyatın daha çox xoşbəxt üzünü insanlara
göstərmək istəyir. "Gözəl bir
ailənin başçısı olduğum üçün çox xoşbəxtəm, uğur açarım ailəmdi, taleyimdən
razıyam, ailəmdən, övladlarımdan razıyam” deyir. Oğulları Turalla Pərvizi qoşa
qanadı hesab edir. İndi gəlinləri, nəvələri də bu sıraya qoşulub. Bir nəfərin
isə "Ömür karvanı”nında çox məxsusi yeri var. Bu, həyat yoldaşı Sevda
xanımdır...
Çiçək açıb çöl-çəmənlər gülməsə,
Bülbül bağda cəh-cəh vurub ötməsə,
Bütün dünya harayıma yetməsə,
Təkcə sənin varlığın yetər mənə...
Sevda xanımı yaxşı tanıdığım üçün
onu da gözəl bilirəm ki, Akifin xoşbəxtliyində, uğurlarında onun danılmaz rolu
var. "Hər uğurlu kişinin arxasında bir uğurlu qadın dayanır” misalı...
Akifin səmimiliyi də "Ömür karvanı”nı ilk səhifəsindən
son sətrinə qədər izləyir. Hər birimizin əzizi olan Azərbaycan əsgərinə
ünvanlanan "Əsgər balama” şeiri isə kitabdakı şeirlərin gözüdür. Sən demə,
"Ömür karvanı”nın yola çıxmasına səbəb də elə bu şeir olub. 2016-cı ilin Aprel
hadisələri vaxtı bir dəstə vətənpərvər gənc Şəhidlər Xiyabanının qarşısında
Prezident, Ali Baş Komandan İlham Əliyevə həmrəylik aksiyası keçirir. Akif həmin
aksiyadan təsirlənərək bu şeiri yazır, onda öz oğlu da əsgər imiş. Milli Məclisin
mətbuat xidmətinin əməkdaşı, jurnalist Qərənfil Mansurova təsadüfən şeiri
Akifin stolunun üstündə görür, çap etmək adı ilə götürür və müəllifdən xəbərsiz
sayta verir... Və Akif yalnız dostlarının zəngindən sonra bundan xəbər tutur...
Bir əlində bayrağım,
Canında ruhum, qanım.
İrəli, mərd aslanım!
Dayanıbdı arxanda,
Ucadan uca dağım,
Ali Baş Komandanım!..
Bəstəkar Eldar Mansurov bu şeirə musiqi də bəstələyib...
Hər an yada düşürsən,
Şıltaq, dəcəl uşaqlığım.
Kaş yenidən gələydin sən,
Ey bəxtəvər uşaqlığım...
Bu, 55
illik "Ömür karvanı”nın yolçusu, "Allahın istəkli bəndəsi” Akif Təvəkküloğlunun
artıq çox uzaqlarda qalan uşaqlıq illərinə xiffətidir. Və o öz nisgilini
"Çinarla görüş”də də gizlədə bilmir:
Yaman qocalmısan, sən də mənim tək,
Gördüm bu halını, kövrəltdi məni...
Bacarsan, zamanı geriyə bir çək,
Bu gündən dünənə aparım səni...
Amma özü də yaxşı bilir ki, geriyə dönmək
mümkünsüzdür. O səbəbdən də "Dünya, saxla əmanəti” deyir və "Daha yaxşı yaşamaq
istəyi” ilə "Ömür karvanının halallıq yolu”na davam edir...
Yaxşı olmaq sözdə olmur, bilirəm,
Yaxşı, ya pis əməldədir, bilirəm.
Heç birisi unudulmur, bilirəm,
Tanrı, məni yaxşılardan elə sən...
Dekabrın 1-i isə "Tanrının yaxşılarından olmaq istəyən”
Akif Təvəkküloğlunun "Ömür karvanı”nın ilk günüdür. 55-ci dəfədir ki, ömür bu
gündən başlanır...
55... Gözəl rəqəm, gözəl qiymət, əlamətdar yubiley!
Davamı gəlsin!..
Firuzə NADİR