AZE | RUS | ENG |


55-ci ilin yeni il gecəsini unuda bilməyən Edita Pyexa

55-ci ilin yeni il gecəsini unuda bilməyən Edita Pyexa
“San Sanıç otağa girib “Müslüm Maqomayevi harda gizlətmisən” dedi

Edita Pyexanın Azərbaycanda da pərəstişkarları az deyil. Bakıda dəfələrlə konsertlərdə çıxış edib. Müslüm Maqomayev, Polad Bülbüloğlu ilə yaxın dostluq münasibətləri olub. Rusiya mətbuatı müğənninin 80 illik yubileyinə həsr etdiyi məqalələrində onu "Əfsanə” adlandırır. Müğənni «Komsomolskaya pravda» qəzetinə əlamətlərə inanıb-inanmadığı və ulu nənə kimi özünü necə hiss etməsi barədə danışıb. 
 
- Edita Stanislavovna, siz Leninqrad universitetinə oxumağa gedərkən nə vaxtsa ulduz olacağınızı təxmin edirdinizmi?
- Anlamırdım belə. Yadımdadır, mən yataqxanada yaşayırdım, təhsil korpusuna gəlib çıxmaq üçün Birja körpüsünü keçmək lazım gəlirdi. Hər səhər şaxtada, drap palto və kapron corablarla dərsə tələsirdim. Allaha şükür ki, donmamışam. 

- Demək, müğənnilik heç ağlınızdan belə keçmədi?
- Əvvəla, mən «ulduz» sözünü heç də sevmirəm. Xalqın sevimli müğənnisi olmaq mənim ürəyimdəndir. Əgər daha dəqiq desəm – publikanın sevimlisi. Mənim xüsusi pərəstişkarlarım var ki, onlar həmişə zalı doldururlar. Qənaət etdikləri pula bilet alıb konsertlərimə qulaq asmaq üçün bir şəhərdən başqa şəhərə gəlirlər, təsəvvür edirsiniz? Görünür ki, yaxşı qoruyucu mələyim var və o, məni əlləri üzərində aparır. 

- Bu necə ola bilər, siz oxumağı sevirdiniz, ancaq müəllim olmağı arzulayırdınız?
- Anam oxumağı xoşlayırdı və mən də sevirdim. İbtidai sinifdə olarkən xorda çıxış edirdim. Daha sonra liseyin xorunda oxumağa başladım. Bizim pedaqoji liseydəki xorumuzun dirijorunun soyadı Şurko idi. Necə oldusa o dedi: «Pyexa, sən çox uzağa gedəcəksən. Yaxşı oxuyursan və artist olacaqsan». Mən ona baxdım və «ağlınızı itiribsiniz, mən müəllim olacağam»  dedim. Ancaq onun sözləri həyata keçdi, mən artist oldum. 

- Belə çıxır ki, o, sizin taleyinizi qabaqcadan görüb?
- Təkcə o, yox. Təhsil dalınca Sovet İttifaqından gedəndə anam vağzalda göz yaşlarını silərək «sən qayıtmayacaqsan, bu, sənin taleyindir. Sən orada həmişəlik qalacaqsan»  dedi. Bax, anam da hər şeyi qabaqcadan görürdü. Demək bu, taledir. Tale! Anam Vıborq mədəniyyət sarayında mənim konsertimə baxmağa gələndə xoşbəxt idi. Bütün konsert boyu göz yaşlarını silirdi. O, rus dilini bilmirdi və nə barədə oxuduğumu başa düşmürdü. Ancaq sevinirdi ki, belə bir səhnədə oxuyuram, mənə güllər verir, alqışlayırlar. Bu, bizim axırıncıdan əvvəlki görüşümüz idi.

- Bunu necə başa düşək?
- Anamda ağ qan xəstəliyi var idi. Başqa şəhərdə yaşayan oğlunun yanına getdi. Soyuq havada vağzala çıxdığı üçün xəstələndi. Ancaq mən onunla vidalaşmağa vaxt tapdım. Gecəyə bir saat qalmış Varşavaya çatdım. Sonra saat yarım taksi ilə xəstəxananın yerləşdiyi Vruslava şəhərinə özümü çatdırdım. Növbətçi həkim «o, artıq bir həftədir ki, özündə deyil»  deyəndə, mən göz yaşları içində «onu öpmək istəyirəm, o başa düşəcək ki, bu mənəm, çünki o, məni gözləyir»  dedim. Biz palataya daxil olduq. Həkim «bax, ordadır. Onun çarpayısı küncdədir» deyərək, anamı mənə göstərdi. Mən ona baxdım. Anam çarpayıda oturmuşdu və «Edita»  deyib, pıçıldadı. Həkim heyrətdən az qaldı ki, yıxılsın. Axı o, bir həftə idi ki, qalxmadan uzanırdı.

- Həqiqətən o, sizi gözləyirmiş… 
- Onun ölüm günü biz stol arxasında oturmuşduq. Birdən hay-küy düşdü. Sanki giriş qapısı öz-özünə açıldı. Mən boylandım, qapı yerində idi. Başa düşmədim... Səhər saat 5 idi. Özüm də bilmədən xəstəxanaya zəng vurdum. Həkim «Beş dəqiqə əvvəl ananız vəfat etdi»  dedi. 

- İntuisiya…
- Məndə sadəcə, emosionallıq yüksəkdir. Əgər ağlayıramsa, bu, hönkürtü ilə və uzun müddət davam edir. Əgər sevinirəmsə, günəşin özünə qədər sıçramaq istəyirəm. Əgər səhnəyə çıxıramsa, hər şeyi unuduram. Bir dəfə mən yalnız 3 mahnı oxuya bildim, daha bacarmadım. Məni səhnədən apardılar. Təcili yardım çağırdılar. Temperaturum 40-a qədər yüksəlmişdi. Bax, belə həyat qrafikim var. Bax, bu il artıq 60 ildir ki, «şumlayıram». 

- Heyrətamizdir! Deyirlər ki, ölkəmizdəki artistlər təqaüdlə dolana bilmir və işləməyə məcburdurlar. 
- Mənim iki təqaüdüm var. Kemerovada şaxtaçılar üçün çıxış etmişəm. Deyirlər ki, mənim atam 20 il yerin altında vaxt keçirib. 37 yaşında ölüb. Qardaşım da 6 il şaxtada işləyib. O da 17 yaşında vəfat edib. Anam ərə gedənə qədər şaxtada 6 il çeşidləyici işləyib. Konsertimə Aman Tuleev gələrək çoxlu güllər gətirdi. Budur, orada yenidən çıxış edəndə bilirdim ki, məni Kuzbasın fəxri şaxtaçı tituluna layiq görüblər. İndi mənim təqaüdüm SSRİ Xalq artistinin aldığı məvacibə bərabərdir – 17 min. Fəxri şaxtaçı kimi atama, qardaşıma və anama görə də – 25 min. Mənə bəs edir. 

- Siz bu gün estradada baş verənləri izləyirsinizmi?
- Mən ki, musiqi tənqidçisi deyiləm. Mən öz-özümü izləyirəm. Peterburqdakı yubiley konsertimdə mənə əvvəldən inanan publikanı pərişan etməməyim haqqında düşünürəm. Nə danışmaq, səhnəyə necə çıxmaq – bütün bunlar gecələr yuxuma girir. Psixologiyada buna "Sənə quruluş verirəm”  deyirlər. Mən bütün bunları fikrən özümdə yaşayıram. 

- Siz həmişə deyirsiniz ki, işi sona çatdırmağı xoşlayırsınız. Bu, çox nadir xüsusiyyətdir.  
- Bəs necə. Mən axı, Polşaya gedənə qədər fransız məktəbində oxumuşam. Biz heç nəyi qeyd etmirdik. Yadda saxlayır və müəllimin dərsindən sonra təkrarlayırdıq. Bizi isə küncə qoymaqla və barmaqlarımıza xətkeşlə vurmaqla cəzalandırırdılar. Çox ağrılı idi. Sonra biz Polşaya gəldik. Mən polyak dilini pis bilirdim, sonda öyrəndim. Sonra SSRİ-yə gəldim və rus dilində pis danışırdım. Ancaq mən bütün maneələri adladım. Hazırda fransız, polyak, alman və rus dillərini bilirəm. Mənim həyatım bu maneələrdən qaçmaqdır. Əgər nəsə xoşuma gəlmirsə, bunu yenə də vicdanla edirəm. 

- Sizin Polşada anabir ögey qardaşınız var. Ünsiyyətiniz varmı? 
- Məktəbdən sonra o, polis işləyirdi. Mən onu qonaq çağırdım. O, «mən kommunistlərin yanına gəlmirəm»  dedi. O, həmişə hesab edirdi ki, ruslar polşalıları istismar edirlər. O, atam kimi savadsız idi və heç nə bilmirdi. Mən ona pul göndərə bilsəydim çox sevinərdim. Amma o, mənimlə ünsiyyət qurmaq istəmir. Ona görə də mən pulu anamın qəbrinə nəzarət üçün keşişə göndərirəm. Keşiş deyir ki, həmin pula kilsənin damını təmir etdirib. 

- Siz artıq ulu nənəsiniz. Yaşla əlaqədar bu söz sizi qorxutmurmu?
- ……. Ona görə yox ki, mən qocalıram, ona görə ki, mən fəxr edirəm ki, belə güclüyəm və hətta, 80 yaşında da heç kimin köməyi olmadan səhnəyə çıxa bilirəm, mən yaşımla fəxr edirəm. Bütün bunlara rəğmən, 55-ci ilin yeni il gecəsini – ilk dəfə Leninqrad Konservatoriyasının səhnəsinə çıxdığım günü heç vaxt unuda bilmirəm: boğazlı köynəkdə, qış çəkmələrində. Daha sonra yataqxanada bayramı qeyd etdik. Hamısı mehriban idi. Səmimi şənlənirdik. Sonra öz ansamblımızı «Dostluq» adlandırdıq. 

- Elə o vaxt sizin San Sanıçla məhəbbətiniz başlamışdı?
- Bu sevgi mənim bütün həyatımı müəyyənləşdirdi. Təəssüf ki, hissləri qorumaq mümkün olmadı. Çoxlu qarşılıqlı incikliklər yarandı. Bronevski çox qısqanc idi, həmkarlarımla dostluq əlaqələrimi qəbul edə bilmirdi. Aramızda böyük sevgi  olsa da,  ayrılığa mane ola bilmədi. Daha sonra iki dəfə də nikahda xoşbəxtlik tapmağa çalışdım. Bilmirəm, mistikadır, ya yox, şəxsi həyatım alınmadı. Çoxları mənim Aleksandr Bronevski ilə nikaha geyindiyim qara paltarı günahlandırır. O vaxt ağ paltar üçün pul tapa bilmədik. Onda bizi xəbərdar etmişdilər ki, bu cür ittifaq uzun sürməyəcək. Ancaq bu cür fikirlər bizi o qədər də maraqlandırmırdı. 

- O vaxtdan bəri sizin şəxsi həyatınız haqqında çox danışırlar. 
- Mən həyatda ən çox sevgi sarıdan iztirab çəkmişəm. Şaxtaçı qəsəbəsində böyümüşəm. Orada hər şeylə maraqlanan gözlərdən heç nəyi gizlətmək mümkün deyildi. Əgər məni hansısa cavan bir oğlan ötürsəydi, qonşular bu barədə həftə boyunca danışacaqdılar. Anam da «siz nə etdiniz, öpüşdünüz»  soruşurdu. Mən isə «yox, öpüşmədik, mən ki, bilirəm bu günahdır»  deyirdim. Anam həyatı boyu atama xəyanət etmədi. O, katolik qanunlarına çox əməl edirdi. Mən pop ulduzu Madonnanın müsahibəsində də oxumuşam ki, katolik tərbiyəsi ona çox mane olub. Mən isə başqa cür idim, bir qədər köhnə fikirli böyümüşdüm. Kişilər mənim haqqımda «necə də əlçatmazdır, özünü qiymətə mindirir»  deyirdilər. Mən həqiqətən də intim münasibətlərdə kifayət qədər qapalı idim, yalnız qəlbimə yaxın olan insanla münasibət qura bilərdim. Ansamblın rəhbəri San Sanıç məndən 6 yaş böyük idi. O, arxamca çox gəldi və nə vaxtsa ailə qurmaq lazım olduğunu mənə anlatdı.  

- Yəqin siz də onu qısqanırdınız?
- Bronevski özünün hədsiz qısqanclığı ilə mənim bütün hisslərimi öldürürdü. Bir dəfə Müslüm Maqomayevlə Kann festivalına getdik. San Sanıç mənə heç nə demədən viza düzəldib sanki məni cinayət üstündə tutacaqmış kimi arxamca Parisə gəldi. Gecə yarısı o, alpinist kimi düz divarla yuxarı dırmaşaraq mənim otağıma düşdü və «Maqomayev harada gizlənib?» - deyə soruşdu. Bu, bizim 20 illik birgə yaşayışımızdan sonra idi. Mən zamanla başa düşdüm ki, sevmək hələ xəyanət etməmək demək deyil. Ancaq onun öz həyatında da bu cür anlar çox idi. Mən bütün bunları üzə vurmurdum. Yoxsa biz 20 il sonra yox, daha tez ayrıla bilərdik. Tamaşaçılar da bizim ən yaxşı mahnılarımızın çoxundan məhrum olardı. Ancaq münasibətlərimiz əvvəlki etibarlılığını itirmişdi. Biz 3 il ayrı-ayrı otaqlarda, hərəmiz öz həyatımızı yaşadıq. Mən onun sonsuz macəralarına dözməyərək, yenidən həyat qurmağı qərara aldım və KQB polkovniki Şestakovla tanışlığımdan sonra San Sanıça «mən səndən ayrılıram və ərə gedirəm» dedim. O, sarsıldı və ağladı. Düzdür, sonra o da ailə qurdu. Ancaq ürəyində tromb olduğu üçün çox yaşamadı. Ən dəhşətlisi bilirsiniz nədir? İndi başa düşürəm ki, mən gərək özümü qurban verib ondan uzaqlaşmayaydım. Onda onun həyatını qoruya bilərdim. İkinci ərim yaraşıqlı idi və başqa qadınların arxasınca qaçmırdı. Bunu kişi ləyaqəti üçün alçaqlıq hesab edirdi. Ancaq onun gözləri həmişə araq stəkanı arxasınca gəzirdi. Elə bu da onu bitirdi. 

- Sizin üçüncü ailə həyatınız da gözəl başlamışdı. 
- Polyakovla biz iki il telefonda bir-birimizə «siz» deyərək danışdıq. Sonra o, «xoşuma gəlirsiniz» etirafını etdi. Ailə həyatımızın ilk günlərində o, mənə özümü qadın kimi hiss etmək imkanı verdi. Ancaq bir neçə il əvvəl münasibətlərimizdə nəsə anlaşılmazlıq yarandı. Biz dalaşmadan ayrıldıq. Yəqin ki, biz tamam fərqli insanlar idik. Bir-birimizi niyə incitməli idik? Baxmayaraq ki, mən həmişə «Sevmək heç vaxt gec deyil»  deyərək oxuyuram, ancaq başa düşürəm ki, şəxsi həyatda yox, daha çox səhnədə xoşbəxt olmuşam. 
 
Rus mətbuatından çevirdi
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN